Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.04.2017  10:08 

“ASAN” mənə ÇƏTİN gəldi





A+  A-

“ASAN” – bu söz ifadə forması kimi asan oxunur və dilə yatımlıdır, əgər ona qoşulan - “xidmət” xidmət olsa, “ASAN xidmət” söz birləşməsi də adama çətin gəlməz. Ötən gün isə “ASAN” mənə sözün bütün mənalarında ÇƏTİN gəldi.
Bu xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd dövlət orqanları tərəfindən göstərilən xidmətlərin “bir mərkəzdə” vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək, vətəndaşların əlavə xərclərini və vaxt itkisini azaltmaq, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olmaq, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşma formalaşmasına, yəni ölkədə dövlət qulluqçu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət etmək, operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə nail olmaqdırsa, o zaman bunun əksi ilə qarşılaşanda təəccüb və təəssüf hissi insanda bütün digər hisləri önləyir, “ASAN”da çətinə düşür.
“ASAN xidmətin” analoji forması olan “Ədliyyə Evi” 2012-ci ilin sentyabrında qonşu Gürcüstanda yaradılıb, yəni bizdən əvvəl. Ondan əvvəl isə Kanada və İngiltərədə belə mərkəzləşdirilmiş xidmət sahəsi fəaliyyət göstərirdi. Amma sözügedən ölkələrdə bu tipli qurumlara o qədər də önəm verilmir, həm də sadə bir səbəblə. Bu, bizdən fərqli olaraq, həmin ölkələrdə bütün növ sənədləşmənin aidiyyəti qurumlarda da problemsiz, asan və rahat həlli ilə bağlıdır.
Düzdür, ölkəmizin “ASAN” modeli bir çox özəllikləri və yenilikləri ilə fərqlənir. Bu, həqiqətdir. Əcnəbi və yerli ekspertlər hesab edirlər ki, ölkənin rəsmi idarələrində korrupsiya, süni bürokratizm, süründürməçiliyin qarşısını almaq üçün bu, həm də olduqca ideal xidmət növüdür. Ölkə vətəndaşları da bunu bu sayaq düşünür. Amma düşünmək hələ reallığın nə özü, nə də özəyi deyil, şübhə ilə həqiqətin qarşılığına oxşar bir şeydir.
“ASAN xidmət”i başqa ölkələrin analoji xidmət mərkəzləri ilə müqayisə etmək fikrində deyiləm. Amma bir məsələdə Gürcüstanın “Ədliyyə Evi”nə həsəd aparmaya bilmirsən. Daxil olan məlumatlara görə, burada sənədləşdirmə o qədər sürətli və sistemli şəkildə aparılır ki, hətta vətəndaş maşınından çıxmadan da bunu həll edə bilir. Əgər, qonşu ölkədə müştəriləri 10 dəqiqədən artıq gözlətmək (müstəsna hallarda 15 dəqiqə də ola bilər) qəti qadağandırsa, bizdə bu, deyəsən limitsiz olduğundan, hətta saatları da ötə bilər. Ötən gün özüm bu “növbəli limit labirintində” çaş-baş qalmasaydım, inanmazdım.
Vergi ödəyicisi olaraq “ASAN sertifikat” almaq üçün 1 saylı “ASAN xidmət” mərkəzinə gəldim. Girişdəki “ruçnoy” yoxlama-buraxılış mərhələsini birtəhər adlayıb içəri daxil oldum və saat 09:53-də elektron növbəyə yazıldım. Növbədə 46-cı (E046) idim. Saat 10:00-da sənədlərin qəbuluna start verildi. Bir nəfərin qəbulu bəzən 30 dəqiqədən də artıq vaxt aparırdı. Saat 12:20-də 30-cu müştəri pəncərəyə (üç pəncərədə xidmət göstərilirdi) yaxınlaşdı. Əslində, bu rəqəm daha yüksək olmalıydı, əgər …növbədənkənar “ASAN” müdaxilələr, “tanış-biliş oyunu” olmasaydı. Manitorda 9-cudan sonra “yeni” 1-ci müştərinin, 29-cudan sonra “yepyeni” 9-cu… müştərinin ortaya çıxması adi hal almışdı. Nöbə gözləyənlərdən isə heç kəs buna etiraz etmirdi. Sanki, elə belə də olmalıymış. Elə bil, hamı ürəyində matəm suitasının “ASAN” pərdəsinə köklənmişdi. Birilərindən fərqli olaraq, təbii ki, buna etirazımı bildirdim. Haqqın qəsb olunmasına dözmək rəzalətdən savayı bir şey deyil, məncə. Buna şərait yaradan “ASAN” işçilərdən birinin məntiqi isə heyrətedici idi: “…Bir-iki nəfər öz işçilərimizdir, növbə tutub iş otaqlarında növbələrini gözləyirlər, vaxt çatanda pəncərəyə yaxınlaşırlar…”. Bu da yalanın “ASAN” növü. Özü fərqində olmasa da, əslində onun söylədikləri yalanın təkcə kvadratı deyil, həm də kubu idi. Bu, məsələnin bir tərəfi, deyək ki, olan şeydir, yəni elimizin köhnəlməyən “adətidir”. O biri tərəfi isə tamam tragikomikdir. Bu “ASAN” adam hələ də bilmir ki, dövlət qulluqçusu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz və bu, qanunla yasaqdır. Azərbaycan Respublikasının qanunlarına görə, dövlət qulluqçuları, nazirlər, İcra Hakimiyyəti rəhbərliyində təmsil olunanlar, parlament üzvləri və bir çox başqa kateqoriyadan olan şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilik həmin şəxslərə yalnız pedaqoji, yaradıcılıq və elmi fəaliyyətlə məşğul olmağa imkan verir. Hətta, pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlı məsələdə də mütləq yuxarı orqanın, yaxud vəzifəli şəxsin razılığı olmalıdır.
Aşağı müstəvidə etirazımın nəticə vermədiyini görüb, yuxarı mərtəbəyə - direktor Labidə Batıyevanın qəbuluna getdim. Narazılığımı ona bildirdim. Xanım Batıyeva söylədi ki, şəxsən özü gecikənlərdən iki nəfərinə növbələrinə bərpa (?!) olunmaları üçün göstəriş verib… Baş verənlərdən xəbərsiz olduğunu, tezliklə aşağıya enib məsələ ilə yerində tanış olacağını bildirdi. Bir saata yaxın vaxt ötdü, lakin nə xanım direktor aşağı endi, nə də məsələ həllini tapdı. Yəni, həmən elə həmən oldu – “ASAN” dəyirman öz işindəydi… Təqribən, saat 12:10-da “sistemin işləmədiyi” üzə çıxdı və bu hal fasilələrlə bir neçə dəfə təkrarlandı. Artıq, sözün bütün mənalarında bezdim – “ASAN”ın bu sayaq bazarlığından “taqəti-səbrim tükəndi”. Bir anlığa mənə elə gəldi ki, imunitetim olduqca aşağıdır və asanlıqla “ASAN” virusa yoluxa bilərəm. O səbəbdən də saat 12:40-da oranı tərk etdim.
Çölə çıxdım. Hara gedəcəyimin fərqində belə deyildim. Yolun uzanmasını, həm də çox uzanmasını istəyirdim. Düşünürdüm ki, bəlkə bu sayaq “ASAN”ın mənfi aurasından qurtula bildim... Amma mümkün olmadı. Gecənin tən yarısına kimi “ASAN” kabus başımın üzərində dövrə vurdu. Gözlərimi sübhün aydınlığına isə “ASAN” mərəzlə açdım. Sertifikat əvəzinə alacağım bu oldu.
Bilmirəm, bəlkə sabah, yaxud da o biri gün – hər nə qədər ÇƏTİN olsa da, yolumu bir də “ASAN”a salmalıyam. Bu gün isə yəqin ki, ona bitişik “Qrand Hospitala”a olacaq yolum.

Vasif Hüseynov


Xəbər 6915 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +