Əhməd Ağaoğlu ilə həyat yoldaşı Sitarə xanımın 5 övladı vardı. Sürəyya xanım ailənin böyük övladı idi, 4-ü - Sürəyya, Əbdürrəhman, Səməd və Gültəkin atalarının soyadı ilə tanınırlar. Ailənin üçüncü qızı Gültəkin Ağaoğlu Türkiyənin tanınmış pediatrlarından olub. Yalnız ailənin ikinci uşağı olan Tezer (Təzə – Ə.Ağaoğlu anası Təzəxanımın adını ikinci qızına qoymuşdu) xanım ərinin cərrah Nimet Taşkıranın soyadına keçmişdi. Təzəxanımın Tezer adlanmasının maraqlı tarixçəsi var. “Atasının yaxın dostlarından tanınmış şair və diplomat Abdülhak Hamitin "Taze Tezer olsun!" deməsi nəticəsində "Tezer" adını almışdı” (Demir, Meryem (2021). "Tezer Taşkıran ve Türk kadını". Dokuz Eylül Üniversitesi Sosyal Bilimler Enstitüsü yüksek lisans tezi). Amma atası Malta sürgünündən yazdığı məktublarında qızına “Taze” deyə xitab edirdi.
Tezer Taşkıran 1907-ci ildə Şuşada (bəzi mənbələrdə Bakı) doğulub. Tezer valideynləri ilə birlikdə 1910-cu ildə Türkiyəyə köçüblər. Orta təhsilini İstanbulda Bəzmi-Aləm qız liseyində alıb. 1924-cü ildə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) Fəlsəfə bölümündə ali təhsilini başa vurub. 1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Taşkıranla ailə qurur.
Tanınmış tədqiqatçı Abid Tahirli
“Türkiyədə iz qoyan azərbaycanlı bacılar” adlı məqaləsində yazırdı (24.01. 2016, https://modern.az/news/94600/):
“İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində vaxtilə rast gəldiyim bir xəbər diqqətimi dərhal çəkmiş və onun izinə düşmüşdüm. "Tarihde iz burakan üç kızkardeş" adlı həmin yazıda (01.11.2007) bildirilirdi ki, 2007-ci il noyabr ayının 3-də İstanbuldakı Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi Türkiyənin ictimai həyatında iz buraxan lider qadınlarından vəkil Sürəyya Ağaoğlu, maarif xadimi Tezər Taşkıran - Ağaoğlu və doktor Gültəkin Ağaoğlu bacılarının şərəfinə bir tədbir keçiriləcək. Adlı-sanlı bacıların həyat hekayələrinə həsr olunmuş təqdimatla bağlı xəbərdə həmçinin məlumat verilirdi ki, artıq xeyli müddətdir Ağaoğlu varisləri tərəfindən 2002-ci ildə Vəqfə bağışlanan 5 minə yaxın şəxsi mənşəli sənədin kataloqunun hazırlanması üzərində işlər davam etdirilir”.
A.Tahirli məqaləsində məlumat verir ki, "Avukat Süreyya Ağaoğlu. Bir ömür böyle geçti". Arşiv kataloqu. 1898-1992” adlanan və nadir sənədlərin toplandığı dəyərli kitab-kataloqa (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) "Ön söz" yazan prof.dr. Bəkir Kamal Ataman bu barədə bəhs edərkən fikrini belə ifadə edib:
"Ailənin şəcərəsi Osmanlı imperatorluğundan bu günədək Türkiyənin ictimai həyatına çox böyük töhfə vermiş bir ailə ilə tanışlığa vəsilə oldu".
Tezer Taşkıran da bacısı Sürəyya kimi Türkiyə siyasi tarixində bir çox ilklərə imza atmışdı.
Türkiyə universitetləri tarixində fəlsəfə təhsili alan ilk qız tələbələrdən biri idi. 1925-ci ildə İstanbul Universitetinin Ədəbiyyat şöbəsinin fəlsəfə bölməsini bitirib.
Anadoluda lisey səviyyəsində dərs deyən ilk qadın müəllimdir - Ankara Oğlan Liseyində “Bir kişi məktəbinə təyin edilən ilk qadın müəllim” olmuşdu ("Yunus Zeyrek, Fuat Azgırla Mülakat, Bizim Ahıska Dergisi, 07.11.2011).
1933-cü ildə ÇAPA Qız Müəllimlər Liseyində ilk qadın direktor olub. 1937-ci ildə Türk Maarif Cəmiyyəti Kollecinin direktoru təyin edilib.
Türkiyənin ilk Milli Kitabxanaya Yardım Cəmiyyətinin ilk sədri olub.
Universitetli Qadınlar Cəmiyyətini uzun müddət sədri olub.
Yardımsevənlər Cəmiyyətinin qurucu üzvü idi.
T.Taşkıran bir çox kitabların müəllifidir. Türkiyədə ilk fəlsəfə kitabını yazan qadın idi. 1928-ci ildə Tezer, "Suri ve Tatbiki Mantık" adlı liseylər üçün məntiq kitabı yazır. Bu kitabla tanış olan Atatürk Tezerlə görüşüb, onu təbrik edir. Həmin kitaba görə Tezer, Təhsil Nazirliyi tərəfindən mükafatlandırılır.
“Bu kitab öz sahəsində ilk dərs kitablarındandır. Böyük bir boşluğu aradan qaldırdığı səbəbi ilə həm birbaşa Atatürk tərəfindən təbrik edilmiş, həm də Milli Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışdı” (Günseli Naymansoy, "Tezer Taşkıran: Türk felsefesinin öncülerinden" -"Naymansoy Tezer Taşkıran`ı araştırdı". Milli İrade Gazetesi. 21 Ekim 2018)
T.Taşkıran yüzlərlə məqalənin, 12 kitabın "Stüart Mill" (filosofun həyat və yaradıcılığı haqqında), "Suçlu çocuklarımız", "Türk əxlaqının prinsipləri", "Qadın hüquqları", "Vətəndaşın əl kitabı" və digər kitabların da müəllifidir.
Türkiyə parlamentinin ilk qadın millət vəkili
Tezer xanım 1930-cu ilin aprelində anası Sitarə xanım və böyük bacısı Sürəyya xanımla birlikdə Xalq Firqəsinin CHP-nin üzvü olmuşdu. Həmin il avqustun 12-də Ə.Ağaoğlu Fethi Okyarla birlikdə Atatürkün istəyi ilə CHP-dən çıxaraq Sərbəst Cümhuriyyət Partiyası (SCP) qurmuşdu. Yeni partiyanın ömrü cəmi 3 ay sürdü və 1930-cu il noyabrın 17-də qapadıldı (Atatürk Döneminde Düşünürlerin Gözüyle Kemalizm ve Türk İnkılabı" (PDF), Çetin, Yetkin (2004). Atatürk’ün Vatana İhanetle Suçlandığı S.C.F. Olayı. İstanbul: Otopsi Yayınları. ss. 267-273. ISBN 9789758410453).
SCP bağlandıqdan sonra Ə.Ağaoğlu bir daha CHP-yə qayıtmadı. T.Taşkıran isə CHP-də üst məqamlara çatmışdı. 1941-ci ildə prezident və CHP lideri İsmət İnönü onu partiyasının seçki siyahısına salmışdı.
1943-cü ildə VII çağırış Türkiyə Böyük Millət Məclisinə Kastomonudan millət vəkili seçilən T.Taşkıran VIII və IX çağırışlarda (1946-1954) Qarsdan parlamentin deputatı olur ("TÜRK PARLAMENTO TARİHİ TBMM - IX. DÖNEM 1950 - 1954 VII. CİLT" (PDF). 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi əldə edərək, Qarsdan növbəti dəfə deputat seçilir. Deyilənlərə görə, həmin vaxtlar Qarsda doğulan qız uşaqlarının əksəriyyətinə onun şərəfinəTezer adı qoyulmuşdu.
Qeyd edək ki, 1914-ci ildə Osmanlı Məclis-i Məbusanında Afyondan deputat olan atası Ə.Ağaoğlu da 1923-cü ildə II çağırış Türkiyə Böyük Millət Məclisində Qarsdan millət vəkili seçilmişdi.
1950-ci ildə CHP-nin siyahısı ilə Qarsdan millət vəkili seçilsə də, 1950-ci ildə CHP-dən istefa verib, siyasi fəaliyyətini müstəqil deputat kimi davam etdirir. Qardaşı Səməd Ağaoğlu isə Manisadan Demokrat Partiyasının siyahısı ilə parlamentin üzvü olmuşdu. Bacı və qardaş fərqli partiyaların deputatları kimi parlamentdə təmsil olunurdular.
Səməd Ağaoğlu iqtidarı ələ almış DP-nin ağır toplarından sayılır, hökumətdə mühüm postlar tuturdu.
1954-cü ildə qardaşının üzvü olduğu DP-yə keçən Tezer bu partiyanın siyahısından parlamentin X və XI çağırışlarında Qarsdan millət vəkili olmaq cəhdləri uğursuz nəticələnir. Halbuki CHP-nin siyahısı ilə Qarsdan iki dəfə deputat mandatı ala bilmişdi. O zaman Qarsda CHP yerli şöbəsi hədsiz güclü idi və şöbəyə azərbaycanlılar rəhbərlik edirdilər. DP isə türk siyasi həyatında müəyyən qədər siyasi islamçılığı, daha doğrusu, siyasi sünniliyi bərpa edən partiya idi. Əsasən şiə olan Qars azərbaycanlıları üçün DP-nin siyasi sünnilik ideolgiyası, Osmanlı keçmişinə xitabları yad idi.
Tezer böyük bacısı Sürəyya kimi Türkiyədə vətəndaş cəmiyyətinin imkişafında, insan haqları və azadlıqları, qadın hüquqlarının müdafiə sahəsində xüsusi rol oynamışdı. Onun “Cumhuriyetin 50. Yılında Türk Kadınının Hakları” kitabı dolayısı ilə Ağaoğlu ailəsinin qızlarının bu sahədə mübarizə tarixçəsidir. “Ağaoğlu qızları Türkiyənin inkişafına mühüm töhfələr vermiş Cümhuriyyət qadınlarıdır” (Milli İrade, “Naymansoy Tezer Taşkıran’ı araştırdı”21.10.2018).
17 iyun 1935-ci il tarixli “Akşam” qəzetinə müsahibəsində o, qadının hər şeydən əvvəl evinin qadını olmasından tərəfdarı kimi çxış edirdi:
”Mən şəxsən iş qadınıyam. Günün mühüm bir qismini işdə keçirirəm. Fəqət ailəmi, övladımı göz ardı etmək ağlımdan da keçməz. Özümdən bəhs etməyimin səbəbi ən yaxın, ən bildiyim misalı göstərmək üçündür. Bir qadın istərsə, həm mükəmməl iş qadını, eyni zamanda mükəmməl ev qadını ola bilər. Hər iki yükü bərabər daşımaq mümkündür. Bir qadının evinə son dərəcə bağlı olması üçün mütləq işə getməməsi, bütün vaxtını evində keçirməsi vacib deyil”. (16 .05.2022 Teleqraf.com https://teleqraf.com/news/toplum/326835.html).
Tezer Taşkıran 4 may 1979-cu ildə İstanbulda vəfat edib. Türkiyədə onun xatirəsi əbədiləşdirilərək vaxtilə dərs dediyi məktəblərdən birinə onun adı verilib. İstanbulun Tuzla rayonunda 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.
P.S. Yazıda Ağaoğlular barədə Türkiyə və Azərbaycanda dərc olunmuş kitab və məqalələrdən istifadə edilib.
Q. Bayramov, C.Quliyev
P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.
Xəbər 2898 dəfə oxunub.