Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.
Verilişdə səsləndirilən fikirlərin qısa tezisini təqdim edirik:
- Vaşinqtonda üçtərəfli görüşə D.Trampın Nobel mükafatına iddialı olması barədə don geyindirmək mövzunun səthi tərəfidir. D.Trampın beyni Ukrayna qədər bəlkə də İran mövzusu ilə məşğuldur. D.Tramp Yaxın Şərqi öz bildiyi kimi qurmaq istəyir. Təbii ki, əsas “skripka” İsrailin əlində olacaq. ABŞ ərəb dövlətlərini də əlindən buraxmaq istəmir. Çünki ərəb dövlətləri ilə artıq trilyon dollarlıq iqtisadi layihələrdən söhbət gedir. Ərəb dövlətlərinin daxilindəki ziddiyyətlərə girişmək, orada xaotik vəziyyət yaratmaq D.Trampın maraqlarına uyğun deyil. Ərəb dövlətləri ilə təmasını nə qədər azaltsa, ABŞ-ın bir o qədər xeyrinədir. Ərəb dövlətləri ilə İsrail arasında müəyyən balans yaratmalı, qarşılıqlı asılılıq sistemi qurmalıdır. Qəzza, Livan və s. mövzulara D.Trampın mövqeyi də bununla əlaqədardır. D.Trampın anlamına görə İran da onun dediyi həddə olmalıdır. İranın da davranışı proqnozlaşdırılan və idarə olunan olmalıdır. Ərəb dövlətləri ilə əlaqəni azaltmaq şərti ilə əsas diqqəti İrana yönəltmək.
Bu istiqamətdə D.Trampın bütün diqqəti İranın şimalına yönəlib:
1. Bu vaxta qədər İranın şimalı, Cənubi Qafqaz Rusiyanın təsir zonası hesab olunurdu. Artıq Rusiya bu regionda xeyli zəifləyib.
2. İran mövzusu D.Trampla V.Putin arasında müzakirə mövzusudur. Bu artıq hər iki tərəfdən bəyan olunandır. Razılaşmadıqları iş çoxdur. Ümumi razılaşma yoxdur. Amma istənilən anda D.Tramp V.Putinlə İran mövzusunu da müzakirə edib, müəyyən razılıq əldə edə bilər.
3. V.Putin B.Netanyahu ilə də əlaqədədir və V.Putinin yaxın zamanlarda B.Netanyahudan ehtiyacı daha da artacaq. Söhbət Ukrayna və s. digər münasibətlərdən getmir. II Dünya müharibəsində SSRİ-nin əldə etdiyi qələbəni Rusiyanın əlindən alırlar. ABŞ özünü qələbənin sahibi hesab edir, Avropa dövlətləri ABŞ-ı xilaskar kimi tanıyırlar. O dövrdə müharibədə iştirak etməyən Çin indi Rusiyanın zəifliyindən, ondan asılılığından istifadə edib II Dünya Müharibəsində də özünün qalib rolunun təbliğinə başlayıb. Sentyabr ayında onunla bağlı Çində böyük tədbir keçiriləcək, D.Trampla yanaşı V.Putin də iştirak edəcək. II Dünya Müharibəsində qələbəni yalnız SSRİ qazanıb. Əlbəttə, İranda filmlər var ki, II Dünya Müharibəsini məhz İran udub. Yəni İranın gopologiyasının ölçüsü yoxdur.
II Dünya Müharibəsində qələbəni SSRİ-nin qazanmasında Putinin ən yaxşı silahdaşı yəhudilər, Netanyahu ola bilər.
Belə kontekstdə D.Tramp İrana şimaldan girişmək istəyir, Ermənistan vasitəsilə İrana hərbi süngüsünü göstərəcək. Ermənistan ərazisi vasitəsilə ABŞ İrana ayrı cür də artıq təzyiq etdi. İranda hələ ayılmayıblar ki, onlar “Tramp koridoru” işə düşəndən sonra Ermənistanla necə əlaqə saxlayacaqlar. Bu prizmadan Ermənistan Rusiya üçün artıq yol göstərib. Rusiya da keçmiş Moskva-Tehran marşrutunu işə salmağa çalışırdı. İndi artıq “Tramp koridoru” ilə bağlı Ermənistanla ABŞ arasında sənəd imzalananda bu imkan bağlandı. Ona görə N.Paşinyan dərhal Rusiyaya Azərbaycanın Qazax rayonundan İcevan rayonuna, oradan Razdana və Razdandan da Naxçıvana qədər keçmiş yoldan istifadəni göstərdi. Naxçıvandan artıq Rusiya, İrana, Türkiyəyə də gedə bilər, Türkiyə və İran vasitəsilə Yaxın Şərq ölkələrinə də çıxa bilər. Əslində N.Paşinyan V.Putinin qarşısında səmimidir və bu marşrutu bildirdi. İran üçün belə marşrut deməyib. “Tramp koridoru”nun tikintisi başlanan andan İran o yoldan istifadə edə bilməyəcək. Bu artıq ABŞ-ın İrana gücünü göstərməsidir. İrana göstərdiyi güc nümunələrindən biridir.
ABŞ-ın İrana qarşı “qamçı və qoğal” siyasətinin qoğal tərəfi isə Azərbaycan üzərindən qurulub. İran Azərbaycan vasitəsilə ABŞ-la danışa, iqtisadi əlaqələr qura, sanksiyalar götürülə bilər. Şərt ancaq Azərbaycan üzərindən əlaqələrin qurulmasıdır.
Sizə bir fakt açım: 2000-ci illərin əvvəllərində mən Bakıda ABŞ və İran səfirlikləri arasında iki il ABŞ-İran münasibətlərinin normallaşması üzrə danışıqlar aparmışam. Təfərrüatı böyükdür, qismət olarsa yazarıq. ABŞ təşəbbüs göstərərək bu prosesi məndən xahiş etdi. Çünki mən o dövrdə regional tədbir keçirmək planımı mətbuatda açıqlamışdım. ABŞ səfirliyinin ictimai-siyasi məsələlər üzrə müşaviri Devid Uiddom ofisimə gəldi və razılaşdıq. Onların tam niyyətini öyrəndikdən sonra İran səfiri ilə görüşdüm. O zaman səfir Əhəd Qəzayi idi. İranın cavabları yubatması ucbatından danışıqlar iki il davam etdi. Əfşar Süleymaninin dövründə son cavab aldım. Mən çox az adamlardanam təsdiq edə bilərəm ki, ABŞ-ın İrana münasibəti səmimidir. İran isə hamıya, ABŞ-a qarşı da cığaldır, əyridir, kələkbazdır.
İran İslam inqilabının mahiyyəti, ABŞ-ın “ağ inqilab”a, yəni SSRİ-yə meyllənməsinə görə şahı müvəqqəti cəzalandırmaq fikrindən ötrü İslam inqilabına rəvac verdi. ABŞ-ın şahı devirmək fikri yox idi. Şahı müvəqqəti uzaqlaşdırdı və qaytaracaqdı. İslam inqilabı barədə qeyd etmək istəmirəm, bəzi fikirləri bildirmişəm. İmam Xomeyniyə Nəcəfdə heç bir təhlükə yox idi, dərsini deyirdi, rahatlığı və hər şeyi də var idi. Fikirləri mətbuata gec çatır deyə ABŞ-la danışıq nəticəsində onu Parisin yanında yarı boşalmış bir qəsəbəyə gətirdilər. Altı ay ərzində mətbuatla işini gördü və sonra da İrana gətirdilər. Nəcəfdən Xomeynini heç kəs qovmayıb, qovmaq fikridə də yox idi və mümkün də deyildi.
Əziz soydaşlarımız.
Siz bununla da baş verənlərdə Azərbaycan Prezidentinin nüfuzunu gördünüz.
Azərbaycan Prezidentinin nüfuzu onun həm də azərbaycanlı olmasına söykənir. Azərbaycan xalqının dünya miqyasında hörmətini, İ.Əliyevin davranış manerasını gördünüz, ABŞ-ın Azərbaycana böyük hədiyyə verməsi də məhz Azərbaycan Prezidentinin layiq olduğu yeri göstərmək idi.
Həm İran kontekstində, həm də ümumilikdə Yaxın Şərqdə gedən proseslərdə Azərbaycanın sağlamlaşdırıcı, barışdırıcı, faydalı rolu artıq genişlənir. İlk İran kontekstində çalışmaq lazımdır ki, Siz azərbaycanlıların faydalı rolu görünsün. İranın sonu nüvəsiz, raketsiz, PUA-sız, mübahisəli ərazilərsiz İrandır. Belə olan halda İran tam azad iqtisadi inkişaf yoluna qədəm qoyacaq. Bunun da ən uğurlu yolu Azərbaycan vasitəsilə Qərb iqtisadiyyatına qoşulmaqdır. Əgər İran yubadacaqsa, razı olmayacaqsa təbii ki, nüvəsiz, raketsiz, PUA-sız İranın ərazi problemləri daha kəskin həll olunacaq, iqtisadi inkişafı da limitlənmiş olacaq. Ona görə Siz soydaşlarımızın davranışından çox şey asılıdır.