Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


21.07.2024  11:07 

“Türk ocaqları”nın yaranmasında azərbaycanlıların rolu - II yazı





A+  A-

“Türk ocaqları” Cümhuriyyətin ilk illərində I Dünya müharibəsi zamanı dayandırılan fəaliyyətini bərpa edir. Dövlət-Ocaq münasibətlərində yaxınlaşmanın başladığı dövr artıq Əhməd Ağaoğlu (1868-1939) ön plana çıxır. Osmanlı siyasətində tanınan Ağaoğlu yeni Türkiyənin də öndə gələn simalarından birinə çevrilməyi bacarmış barmaqla sayılacaq siyasətçilərdən biri idi.

Ümumiyyətlə, “Türkiyə siyasi yaşamında ön plana çıxan Azərbaycan türkləri arasından Əhməd Ağaoğlunun adı ilk sırada anılmaqdadır. Ağaoğlu 1908-ci ildən sonra Türkiyədə siyasi həyatının bir parçası halına gəlmişdir” (”1830-1930 Yılları Arasında Çeşitli Nedenlerden Türkiye’ye Göç Etmiş Azerbaycan Türkleri. səh.154).

“Onun türkçü ideologiyasının tərəfdarı olmasında Əli bəy Hüseynzadənin dərin təsiri olmuşdur. Zira özü Avropadakı təhsili və elmi fəaliyyəti zamanı islamçı xətdə idi. Bunda da onun Avropada olarkən Cəmaləddin Əfqani ilə tanışlığı göstərilir. 1911-ci ildə Ağaoğlu Türk Yurdu Dərnəyinin başında dururdu. 1912-ci ildən “İttihad və Tərəqqi”nin Ümumi Məclisi üzvlüyünə gətirilən Ağaoğlu bu tarixdən həm İttihad, həm də Cümhuriyyət dövrü siyasi həyatının dəyişməz siması halına gəldi. Bu siyasi həyatına çoxlu türk ziyalısı kimi üçillik Malta sürgünü (1919-1921) də daxildir” (Sakal F., Ağaoğlu Ahmet Bey, Ankara 1999, s. 29.)

1908-ci ildə İstanbula yerləşən Ağaoğlu Osmanlı ziyalılarına yad bir şəxs deyildi. Parisdə nəşr olunan “Gənc Türk” qəzetinin baş yazarı olmuş Ağaoğlu İstanbulda çıxan “Tercüman-i hakikat” qəzetinin redaktoru idi. Avropa təhsili aldığı üçün Türkiyədə işsiz qalmadı, əvvəlcə məktəb müfəttişi, sonra Süleymaniyyə Kitabxanasının müdiri olur. 1909-cu ildə artıq İstanbul Universitetində Türk tarixi professoru idi. 1912-ci ildə universitetdən çıxıb “İttihad-i Tərəqqi”yə qoşulub, partiyanın İdarə heyətinin üzvü seçilir.

Bununla da Ağaoğlunun Türkiyənin siyasi həyatında yüksəlişi başladı. Afyon Karahisar bölgəsindən 6 illiyinə Osmanlının qanunverici orqanının - Məclis-i Məbusanın deputatı olur. Bu zaman onun adı artıq “Türkçülük axını”nın öndə gələnləri Əli bəy Hüseynzadə, Yusuf Akçura, İsmayıl bəy Qaspralı, Mehmet Emin Yurdakul və Ziya Gökalp ilə birlikdə çəkilirdi.



“Ağaoğlu Fuat Saleh, Ahmet Ferid, Mehmet Emin, Hamidullah Sübhi və Halim Sabit ilə birlikdə “Türk Ocaqları”nın da qurucusu oldu. Məhz Ağaoğlunun evində təməlləri atılan “Türk yurdu” jurnalının da baş yazarına çevrildi” (Heşimova, Azerbaycan mühacireti, s. 56-5).

“Türk ocaqları”nın 1924-cü il aprelin 23-25-də keçirilən qurultayında təşkilatın lideri Hemdullah Sübhi Tanrıövərin təklifi ilə “türkçülükdə əhəmiyyətli rolu olan” Əhməd Ağaoğlu qurultayın sədri seçildi (Üstel, Füsun (2010), İmparatorluktan Ulus Devlete Türk Milliyetçiliği: Türk Ocakları”, səh. 145-161)

Əhməd Ağaoğlu həmin vaxt Türkiyə siyasətinin nüfuzlu isimlərindən biri olduğu siyasi dairələrdə qəbul olunurdu. Füsun Üstel “İmparatorluktan Ulus Devlete Türk Milliyetçiliği: Türk ocakları (1912-1932)” kitabında yazır: “Savaş səbəbi ilə fəaliyyətini dayandıran “Türk ocaqları” 1924-cü ildə Ağaoğlu və Hamdullah Sübhi liderliyində təkrar fəaliyyətə başlamışdır. Yusuf Akçuranın iştirakı ilə ocaqların əsasında duran Hars Heyəti üzvlüyünə seçilmişdi. Bu heyət daha sonra Türkiyənin Türk Tarix və Dil qurumlarının təməllərini təşkil edəcək struktura çevrilmişdi (s.159).



1931-ci il martın 12-də “Türk ocaqları” əsasında Türk Tarix Heyəti adlı bir qurum yaradılmış, “Türk ocaqları” bağlandıqdan sonra bu qurum Türk Tarixi Tədqiq Cəmiyyəti adı altında fəaliyyətə başlamışdı. “Cəmiyyət 1932-ci il iyulun 2-11 tarixində öz qurultayını keçirmiş və Cümhuriyyətin türk tarixi tezisinin formalaşmasında öncül rol oynamışdı. Beləcə Əhməd Ağaoğlu 1921-ci ildə Konstitusiya çalışmalarına töhfə verən və Türkiyənin ilk hüquqçular nəslinin formalaşdırılmasından sonra türk tarixi anlayışının memarları arasında yerini alıb” (Behar B. E., İktidar ve Tarih: Türkiye’de Resmi Tarih Tezinin Oluşumu (1929-1937), İstanbul 2003, s. 139).

1935-ci ildə Türk Tarixi Tədqiq Cəmiyyətinin adı Türk Tarix Qurumuna çevriləndə cəmiyyətin 1932-ci ildən rəhbər heyətinin üzvü olan Ağaoğlu qurumun ilk tarix qurultayının təşkilatçısı olmuş və orda “İbtidai Türk Aile Hukuku ile Hind-Avrupa Aile Hukuk Arasında Mukayese” adlı bilidirişlə çıxış etmişdir” ( Çoker F., Türk Tarih Kurumu Kuruluş amacı ve Çalışmaları, Ankara 1983, s. 216).



Tanrıövər Ağaoğlunu qurultayın sədrliyinə təsadüfən təklif etməmişdi. Ə.Ağaoğlu “Türk Ocaqları” cəmiyyətinin fəaliyyətinin 29 dekabr 1922-ci ildə yenidən bərpasında, 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalının da yenidən fəaliyyətə başlamasında rol almışdı. 1924-cü ildə “Türk ocaqları”nın müharibədən sonrakı ilk qurultayında Ə.Ağaoğlunun təşkilatın Mərkəzi Heyətinə üzv seçilməsi həm də ocaqlar-dövlət münasibətləri kontekstində idi. Cümhuriyyət millətçiliyi dövlət siyasəti səviyyəsinə qaldırmışdı. 1925-ci ildən “Türk ocaqları” Atatürk hökumətinin “Cümhuriyyət devrimlərinin müdafiəçisi, qoruyucusu, müasirləşmə düşüncəsi və türkləşdirmə siyasəti”nin bir parçasına çevrilmişdi.

* * *

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanı tərk etməyə məcbur olan ictimai-siyasi xadimlərin Türkiyədə həm siyasi mühacir kimi fəaliyyətinə, həm də Türkiyənin ictimai-siyasi həyatında rol almasına başlıca dəstəyi də “Türk ocaqları” göstərirdi. 1931-ci ildə “Türk ocaqları”nın ikinci dəfə bağlanması azərbaycanlı mühacirlərə böyük zərbə oldu.

Türkiyə tarixçiləri ocaqların bağlanmasını iki fərqli səbəblə izah edirlər:

1. Daxili siyasət. Təkpartiyalı dönəmdə vətəndaş cəmiyyəti institutlarının nəzarətə alınması.

Cümhuriyyət dövründə millətçiliyin dövlət siyasəti olması və CHP-nin proqramında yer alması dövlət-ocaq bütünləşməsini bərabərində gətirmişdi. Vaxt keçdikcə geniş mədəniyyət fəaliyyətləri və ictimaiyyətlə birbaşa əlaqələri bütün qüvvələri vahid bir mərkəzdə cəmləşdirmək istəyən və mümkün müxalifət mərkəzlərini ləğv etmək qərarına gələn CHP hökuməti bu qurumu artıq təhdid olaraq görürdü. Beləliklə, bir sıra türk tarixçiləri “Türk ocaqları”nın qapadılması daxili siyasətlə - Atatürkün bu qurumu hakim CHP-yə rəqib görməsi ilə əlaqələndirirlər. “Türk ocaqları”nın strukturlarının partiyaya verilməsi ilə CHP böyük və hazır bir kütləvi təşkilat olacaqdı. 1930-cu ildə “Türk ocaqları”nın Türkiyə üzrə 260-dan artıq şöbəsi, 30 mindən artıq üzvü vardı (Sebahattin Şimşir. “Azerbaycan’ın istiklal mücadelesi”).

2. Xarici siyasət. SSRİ faktoru. “Türk ocaqları”nın bağlanması Sovet İttifaqını qıcıqlandırmaqdan çəkinən Ankaranın 30-cu illərin əvvəlində “türklük” anlayışının “siyasi sərhədlər hüduduna çıxması”na qarşı yeni siyasəti əlaqələndirilir. 1931-ci ildə Türkiyə xarici işlər naziri Tövfik Rüştinin və SSRİ-nin xarici işlər üzrə xalq komissarı Maksim Litvinovun Moskva və Ankaraya müvafiq səfərlərindən sonra azərbaycanlı mühacirlərin Türkiyədə Sovet İttifaqı əleyhinə təbliğatı dayandırıldı, faktiki olaraqsa azərbaycanlı mühacirlərin Türkiyədəki siyasi fəaliyyəti qapadıldı. Daha sonra Türkiyə hökuməti onları ölkədən çıxarmağa başladı.

Belə də demək olar ki, “Türk ocaqları”nın bağlanması azərbaycanlı siyasi mühacirlərin fəaliyyəti ilə birbaşa bağlı olub.

1912-1931-ci illərdə “Türk ocaqları”nın fasiləsiz sədri olan, “Ocaqların başbuğu” sayılan Hamdullah Suphi Tanrıöver Türkiyədə çoxpartiyalı dövrün başlamasından sonra yenidən hərəkətə keçdi, onun liderliyində 1949-cu il mayın 10-da təşkilat İstanbulda yenidən açıldı və dövlətlə üzvi bağlar bərpa edildi.

Lakin ötən əsrin 50 illərindən sonrakı 30 ildə hərbi çevrilişlər Türkiyə siyasətinə zərbələr vurduğu kimi, “Türk ocaqları”nın da keçmiş güc və nüfuzunun bərpasına mane oldu. Digər tərəfdən ocaqlar artıq bütün Türkiyəni əhatə etmirdi, maliyyəsi yox idi və siyasi konyunktura dəyişmiş, dövlətin ideoloji dərnəyə ehtiyacı qalmamışdı. Azərbaycanlı mühacirlər həmin 1949-cu ildə artıq Türkiyədə Rəsulzadənın fəxri sədrliyi, Həmid Atamanın sədrliyi ilə ilk diaspor təşkilatlarını - Azərbaycan Mədəniyyət Cəmiyyətini (Kültür Dərnəyinin) qurmuşdular.

“Türk ocaqları”nın varlığı yaradıldığı gündən - 1912-ci il martın 15-dən Hamdullah Suphi Tanrıöverlə - son Osmanlı Meclis-i Mebusanın, sonralar I, II, III, VII, VIII və IX çağırış Türkiyə Böyük Millət Məclisinin millət vəkili, iki dəfə milli təhsil naziri, 1931-ci ildə Ocaqlar qapadıldıqdan sonra 13 il Buxarestdə səfir olmuş “Cümhuriyyət xətibi” adlanan bu dövlət adamı ilə bağlı idi. “Ocaqların başbuğu”nun 1966-cı ildə vəfatı ilə “Türk ocaqları” da sönmüş kimi oldu. Belə demək mümkündürsə, günümüzdə “Türk ocaqları”ndan yalnız məşhur adı qalıb, Türkiyənin siyasi həyatındasa rolu görünmür.

Q.Bayramov

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.

Xəbər 4092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +