Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.
Xəzərnews.az xəbər verir ki, bu münasibətlə noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində toplantı keçirilib.
Mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq yeni Ekspert şurasının yaradılması zərurətindən danışıb. Qeyd edib ki, kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac var idi: “Düşünürük ki, bu fəaliyyət sahənin peşəkarları üçün də vacibdir”.
Daha sonra Mədəniyyət Nazirliyinin təqdimatında bildirib ki, nazirliyin kollegiyasının müvafiq qərarı ilə Ekspert şurasının tərkibi və əsasnaməsi müəyyən edilib. İctimai əsaslarla fəaliyyət göstərəcək şuranın məqsədi dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərin, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir.
Şura tərəfindən qiymətləndirmə əsərin uşaqlar üçün zərərli informasiya olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhvə verməsi, mövzusunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılır.
Bildirildi ki, səlahiyyət müddəti iki il olan şura müvafiq sahə üzrə mütəxəssislərdən və ekspertlərdən ibarət tərkibdə formalaşdırılır. İclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. İclaslar onlayn keçirilə bilər. Iclas vaxtı sadə səs çoxluğu ilə iclas üzvləri tərəfindən müəyyən olunur.
Ekspert şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik yaradılır. Katiblik şuranın iclaslarını təşkil edir. Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və bu əsasnamənin tələblərinə uyğunluğunu yoxlayır. İclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verir. İclasın gündəliyini, protokolunu tərtib edir və imzalanmaq üçün üzvlərə təqdim edir. Müraciətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir.
Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib layihələr də Ekspert şurasının rəyi əsasında müəyyən olunacaq.
Toplantıda daha sonra Ekspert şurası üzvlərinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.
Xəbər 891 dəfə oxunub.