Türkiyənin heyrətamiz sahilyanı Qara dəniz bölgəsi CNN Travel-in səyahət həvəskarlarına fərqli perspektivlər təqdim etmək üçün dərc etdiyi 2024-cü ildə “Ziyarət Ediləcək Ən Yaxşı Yerlər” illik siyahısında yer alıb. Türkiyənin şimalında, aypara formalı Qara dəniz bölgəsi və onun sahilləri özünəməxsus coğrafiyası və iqlimi, tarixi yerləri, gizli marşrutları və ləzzətli çayı ilə təriflənir.
Türkiyənin təbiət və tarix marşrutu
Yamyaşıl dağ və yamacları, mavi dənizli sahil xətti ilə Türkiyənin Qara dəniz bölgəsi zəngin mədəni irsi, təbii gözəllikləri və müxtəlif fəaliyyətləri ilə kəşf edilməyi gözləyən ölkənin gizli incilərindən biridir. Qara dənizin dolama sahil xətti Türkiyənin ən mənzərəli yollarından bəzilərinə sahib olması ilə diqqət çəkir.
Bölgənin uzun sahilləri boyunca səyahət həm də qədim istehkamları, unikal çimərlikləri və limanın yanındakı sakit balıqçı kəndlərini araşdırmaq fürsəti təqdim edir. Macəra həvəskarlarını üçün ideal marşrut olan Qara dəniz zümrüd meşələri, dramatik şəlalələri və inanılmaz yaylaları, rafting, trekkinq, alpinizm və qayayadırmanma kimi müxtəlif idman növləri ilə də turistləri özünə cəlb edir.
Qədim dövrlərdən bəri müxtəlif sivilizasiyaların və mədəniyyətlərin məskəni olan Qara dəniz bölgəsi zəngin tarixə və mədəni irsə malikdir. Ərazidə 4-cü əsrdə Trabzonda qurulan və Məryəmə həsr olunmuş Sümela Manastırı, dəniz səviyyəsindən 750 metr hündürlükdə Rizedəki Zil qalası, Milli Mübarizə şəhəri Samsundakı Bandırma Gəmi Muzeyi (Bandırma Gemi Müzesi) və Altınpost əfsanəsinin mənşəyi Ordunun Yason burnu da daxil olmaqla mütləq görülməli bir neçə tarixi yer var.
Buludlarla örtülmüş yaylaları və kənd həyatı ilə diqqət çəkən Qara dəniz bölgəsi həm də füsunkar kiçik şəhərləri ilə məşhurdur. Buna misal, Karabükün UNESCO-nun Dünya İrsi Saytına daxil olan bölgəsi Safranbolu, Ənənəvi Türk şəhər memarlığını günümüzə qədər qoruyub saxlayan tarixi evləri ilə Kastamonu, Bolunun Cittaslow istiqamətləri olan Mudurnu və Göynük və heyrətamiz təbii gözəlliyi ilə Amasranı nümunə göstərmək olar.
Qara dəniz kulinariya macərası
Qara dəniz bölgəsinin yağışlı iqlimi və münbit torpağı da bölgənin unikal kulinariya mədəniyyətinə töhfə verib. Kələm, qarğıdalı və pazı da daxil olmaqla, bölgədə yetişdirilən məhsullar Qara dəniz mətbəxinin əsas elementləri arasındadır.
Qara dəniz bölgəsi çay və fındıq istehsalı ilə də məşhurdur. Türkiyənin ən dadlı fındıqları Ordu və Giresunda yetişdirilir, Rizə isə Türkiyə çay plantasiyalarının 60%-nə ev sahibliyi edir.
Türkiyədə çay sadə bir içkidən daha çox məna kəsb edir və Türk mədəniyyətinə dərin kök salmış yerli həyat tərzinin ayrılmaz hissəsidir.
Balıq, xüsusən də məşhur Qara dəniz hamsisi əsas yeməklərdən biridir. Bu balıqlardan hamsi quşu (hamsi kuşu), xırdalanmış və qızardılmış hamsi yeməyi və hamsili plov (hamsili pilav) kimi yerli yeməklər üçün istifadə olunur. Pide (müxtəlif inqrediyentlərlə doldurulmuş türk çörəyi) Qara dəniz bölgələrində də çox məşhurdur, lakin Samsunun yerli pideləri bir başqa sevilir. Samsunun hər üç bölgəsində, Bafta, Çarşamba və Termedə özünəməxsus xəmir və qiymə və ya pendir kimi digər inqrediyentləri olan fərqli pidelər var.
Xəbər 7700 dəfə oxunub.