04.09.2023 17:24
Bəlkə, doğrudan, həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır?
Çingiz Abdullayev dəyərli ictimai xadimdir. Ona görə "ictimai xadim" yazıram ki, fəaliyyəti ədəbiyyat hüdudlarını çoxdan aşıb. Hələ 33 il əvvəl, gənc yaşında ikən ziyalıların ozamankı ölkə rəhbərini dəstəkləmək məqsədilə keçirilmiş toplantısında təsirli bir çıxışı ilə sırf ədəbiyyat adamı olmadığını göstərmişdi.
"Rusiyada onu oxuyurlar deyə qiymətlidir" demirəm. Vaxt olub ki, Rusiyanın "Buker" mükafatı(deyəsən, daha ləğv edilib) dalbadal azərbaycanlı və yarımazərbaycanlı müəliflər alıb -Çingiz Hüseynov, Afanasi Mamedov, Səmədov familiyalı bir digər müəllif. Çoxmu tanıyır və dəyər veririk?
Rusiyaya azsaylı səfərlərim vaxtı kitab mağazalarının bütöv rəflərində Elçin Səfərlinin detektivlərinin, ya Stalik Xankişiyevin mətbəxə aid kitablarının düzüldüyünü də görmüşəm. Çoxmu dəyərləndiririk? Ümumən xaricdə, məhz Rusiyada yaxşı tanınmaları vecimizədir bəyəm?
Zaman olub Sabir Azərinin "Dalanda "romanının tərcüməsi də Rusiyada böyük tirajla satılıb, amma yeni nəsil bu adda müəllifi çoxdan unudub. Yalnız yeni nəsilmi? Yəni nə Biləcərinin anrısında, nə bərisində oxunmaq bizim üçün dəyərləndirmə ülgüsü deyil. Olmalıdır, amma deyil, özümüzü aldatmayaq.
Staliki dəyərli edən məhz Şərq və Azərbaycan mətbəxini təbliğ etməsi, "erməniləşdirilən" təamlarımızın adını bizə-azərbaycanlılara, özbəklərə, şimali qafqazlılara qaytarmasıdır. Bir mətbəx turançısı da deyə bilərsiz.
Çingiz Hüseynovu dəyərli edən I Qarabağ müharibəsi ərəfəsi bizə torpaq iddialarını əsaslandırmaq üçün yaradılan vəhşi müsəlman obrazını dağıtmaq naminə yazdıqlarıdır. Halbuki bəziləri o təbliğata Azərbaycanda da uymuşdu, daş kimi yatıb yuxularında erməni kilsəsi görürdü, bəziləri "ziyalılıq gözləyib" müsəlman kimliyini basdırmaq üçün bəhanə gəzirdi o zaman.
Çingiz Abdullayevi dəyərli edən ictimai fəaliyyətidir, ictimai mövqeydir. İctimai mövqe deyəndə hakimiyyətdə olan istənilən şəxslə yola getmə bacarığını nəzərdə tutmuram, hərçənd bu da mənfi hal deyil. “Ziyalı mütləq müxalif olmalıdır” kimi yanlış stereotipdən qurtulmaq lazımdır.
Rusiya -Azərbaycan Humanitar Forumunda onun etdiyi çıxışı, Qarabağ dərdini necə yanğıyla ifadə etməsini canlı izləmişəm. Ondan sonra çıxış etməli olan Mixail Şvıdkoyun (gərək ki, o zaman Rusiyanın mədəniyyət naziri idi) bir müddət səhnədə özünü itirməsi, çıxışında tez tez Çingiz Abdullayevə istinad edib gərginliyi azaltmaq istədiyini izləməkdən zövq almışam. II Qarabağ savaşı günləri isə rus telekanallarında əks tərəflə informasiya müharibəsində nə qədər peşəkar olduğunu hamımız izlədik.
Kiməsə konyunkturaya oynamaq kimə görünə bilər. Amma ölkəsinin maraqları naminə konyunktura niyə pis sayılsın ki?
İntəhası, Azərbaycan dili və Ədəbiyyatı Forumunda çıxışçı olacaq şəxs deyildi. Bunu ona kimsə deməli idi, tədbirin təşkilatçıları azərbaycandillilərin son vaxtlar dilə aşırı həssaslığını nəzərə almalı idilər. Nəhayət, özünə bəraət(ki, buna ümumən hacət yoxdur) naminə dolayısı ilə bakılı-rayonlu söhbətinə apelyasiya etmək lazım deyildi.
"Bəlkə, doğrudan, həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır? Bura mənim ölkəmdir, mənim şəhərimdir. Amma məni bu şəhərin ləhçəsində danışdığım üçün qınayırlar"-, deyir Çingiz müəllim.
Sizi Bakı dialektində danışdığınız üçün qınamırlar, əziz Çingiz müəllim. Bizim evdə Bakı ləhcəsi danışan iki nəfər var, onlar heç vaxt "ölmürsüz utanmıxdan" demirlər. Sizi Azərbaycan dilində rus aksenti, rus sintaksisi ilə danışmağa görə qınayırlar. Haqsız deyillər. Yəqin hər birimizin tanıdığımız xeyli şəxs var ki, İsrailə köçəndən 2 il sonra ibrani (ivrit) dilində əsl tələvivli, hayfalı, qüdslü kimi danışmağı öyrənib. O dildə ki, 1920-ci illərə qədər ölü dil idi, canlı ünsiyyət vasitəsi deyildi. Bizim müstəqilliyimizin 32- ci ilində ölkənin siması olan ziyalılardan ana dilimizdə rus aksenti, rus sintaksisi ilə deyil, bizim –şəkili, şirvanlı, lənkəranlı, naxçıvanlı, gəncəli, bakılı kimi danışmalarını ummağa haqqımız var. İntəhası, bu umacağı dilə gətirənlər bəzən ifrata varırlar, həm də çox ifrata varırlar.
Açığı, dil həssaslığı olan dildaşlarımın hədəfinin heç Çingiz Abdullayev olacağını gözləmirdim də. Çünki hələ də azərbaycanca rus aksenti ilə danışmağın aktual saxlanma səbəbi o, deyil. “Azərbaycan dili olmasın, ortaq dil olsun” deyən o, deyil. “Çağdaş Azərbaycan ədəbi dilində yox, Kitabi-Dədə Qorqud dilində yazaq” deyən o, deyil. “Təhsil, kitab çapı Azərbaycan dilində yox, Türkiyə türkcəsində ya rusca olsun” deyən o, deyil. “Azərbaycanca dil yox, ləhcədir”deyən o , deyil. “Dövlət dilinin konstitusion adından imtina edək” deyən o, deyil. Azərbaycan dilinin inkişafı üçün ayrılan vəsaiti mənimsəyib sonra mərhum Tofiq Hacıyevi hədəfə gətirmək istəyən o, deyil. Dil sahəsində dövlət siyasətini 5 ildən bir orfoqrafiya qaydalarını dəyişməklə yola verən, əvvəl apostrofu, indi də qoşa "y" samitini sünnət etmək üçün kampaniya aparan da Çingiz Abdullayev deyil.
Amma nə edək ki, dildaşlarımın ana dili həssaslığı da kimlərinsə əlində başqalarını ləkələmək üçün bir vasitəyə, gücə çevrilib. O kimlərəsə bəhanə verməyin, qaş düzəltdiyiniz yerdə göz çıxarıb 1930-cu illərin "Kəndlilər" və "Baklılılar" filmləri ilə daşlamış bakılı -rayonlu söhbətlərini qızıdırmaq istəyənlərə süni gündəm şansı tanımayın. Sizin miqyasınız bu xırdalıqlardan çox böyükdür, Çingiz müəllim...
Cəmaləddin Quliyev
Xəbər 1230 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|