17.05.2024 12:21
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Ukrayna və Rusiya arasında 2022-ci ilin fevralın 24-də başlayan amansız müharibə 2 ildən çoxdur ki, davam edir. Bəzi mənbələrə görə, tərəflərin hər gün ən azı 500-1000 nəfər hərbçisini itirdiyi genişmiqyaslı döyüşlər Ukrayna üçün kompensasiya edilməsi olduqca çətin dağıntılar və itkilər hesabına başa gəlir.
Belə ki, hərbi münaqişənin gedişində rəsmi Kiyev ərazilərinin təxminən beşdə birinə nəzarəti tamamilə itirib. Müharibənin ilk günündən bəri qaçqın düşmüş ukraynalıların sayı isə 12 milyondan çoxdur. Onlar əsasən, Qərbi Avropa ölkələri və Polşaya sığınıblar. Lakin faktiki işğalçı statusunda olan Rusiyanın da müharibədəki itikiləri az deyil. Ukrayna və bəzi Qərb mənbələrinə görə, Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 486 940 nəfərə çatıb. Rusiya mənbələri bunu təkzib etsə də, başda ABŞ olmaqla, bir çox qərb ölkələrinin Ukraynaya hərtərəfli yardımı fonunda bu statistikaya inanmaq olar.
Müharibə rəsmi Moskvaya kütləvi hərbi itkilərlə yanaşı, eyni zamanda iqtisadi sanksiyalar hesabına başa gəlir. Ancaq son 1 ay ərzində müharibənin ssenarisi kökündən dəyişib. Ağır artilleriya və dronlardan intensiv istifadə etməyə başlayan rus ordusu cəbhə boyunca Ukraynanın müdafiə xəttlərini yarmağa davam edir. Hətta Qərb mətbuatında belə Kiyevin artıq “son nəfəsini” verdiyi, yaxın aylarda müharibənin Rusiyanın qələbəsi ilə bitəcəyi iddiaları çoxalıb.
Əslində gedişat da bunu göstərir. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda nəzərdə tutulan bütün xarici səfərlərini təxirə salıb. Hazırda ukraynalılar ağır rus texnikalarına qarşı Qərbdən sözün əsl mənasıda silah-sursat dilənir. Lakin görünən odur ki, Avropa ölkələrinin əksəriyyəti Ukrayna üçün pul və silah yardımından təngə gəlib. Artıq avropalılar Kiyevə olan yardımların sadəcə “günü xilas etmək” üçün edildiyinin fərqindədir. Demək olar ki, Ukrayna üçün yolun sonu görünür. Bu gün Ukraynanın nəinki ərazilərinin bir hissəsini itirməsi, hətta suverenliyi belə təhlükə altındadır. Vaxtında intensiv və ciddi yardımlar edilməsə, rusların Kiyevin astanasına çatması heç də uzaqda deyil.
Ukraynanın Rusiya qarşısında məğlub olması eyni zamanda NATO və ABŞ-ın da dünyadakı nüfuzuna ciddi zərbə vuracaq. Bunu nəzərə alan Qərb əlindən gəldiyi qədər Zelenski və Ukraynaya dəstək olmağa çalışır. Amma bu, Ukraynananı Rusiyanın "əlindən almaq" üçün yetərli deyil... //Yenisabah.az
Xəbər 17866 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|