Son günlər jurnalistlərin mənzillə təminatı məsələsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə irəli sürülən bəzi iddialar geniş müzakirələrə səbəb olub. İddia edirlər ki, mətbuat işçilərinin mənzil təminatında məqsəd hakimiyyətin mətbuatı tamamilə öz tərəfinə çəkməsindən ibarət imiş. Üstəlik, şəxsi evi olan, mətbuata xidməti olmayanların ev alacağı haqda iddialar səsləndirilir. Bu məsələ ətrafında vəziyyət çox gərgin və mürəkkəb xarakter alıb. Bəziləri, hətta müəyyən siyahılar da hazırlayıblar ki, bu da həm siyahıda adı olanların, həm də olmayanların narazılığına səbəb olub. Mən də bu məsələlərlə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Beləliklə, lap başdan başlayaq.
Dövlət niyə evsiz jurnalistlərə ev vermək qərarına gəldi?
Məlumunuz olduğu kimi, jurnalistlərin sosial problemləri ilə bağlı hələ 90-cı illərdən başlayaraq məsələ qaldırılıb və müxtəlif yollar axtarılıb. Sonralar bu müzakirələr aparılarkən biz dövlətin mətbuat işçilərinə pulsuz ev verməsi barədə heç düşünməmişik də, sadəcə bir neçə variant üzərində müzakirələr aparılırdı. Misal üçün, jurnalistlərin öz hesabına kooperativ bina tikilməsi üçün torpaq sahəsi ayrılması (tikintini aparacaq şirkətə bu binaya görə vergilərdə güzəşt edilməsi), ipoteka ilə mənzil alınması üçün uzunmüddətli güzəştli kredit verilməsi və s.
Mətbuat Şurası, Parlament Jurnalistləri Birliyi və digər jurnalist təşkilatları da bu məsələ ilə bağlı yollar axtarırdı və bəzi təkliflər irəli sürürdü, lakin bu məsələdə mütəşəkkilik və tam həmrəylik əldə olunmurdu. 2009-cu ildə aralarında mənim də olduğum bir qrup jurnalistin gənclər və idman naziri ilə görüşündə bu məsələlər müzakirə olunmuşdu. Biz, yuxarıda qeyd etdiyimiz variantlardan biri üzrə kömək edilməsini xahiş etdik. Nazir söz verdi ki, bu məsələ ilə bağlı əlindən gələni etməyə çalışacaq.
Lakin məsələ biz gözlədiyimizdən də tez və inanılmaz dərəcədə fərqli vəziyyətdə həll olundu. 2010-cu ildə - Milli Mətbuatın 135 illik yubileyi zamanı Prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncam imzaladı və mətbuatın inkişafında xidmətləri olan, mənzili olmayan jurnalistlər üçün çoxmənzilli yaşayış binasının tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırdı.
2013-cü ildə 156 mənzillik binanın sahiblərinə təhvil verilməsi mərasimində 255 mənzillik növbəti binanın əsası qoyuldu və 20 gündən sonra bu mənzillər də sahiblərinə təslim ediləcək. Beləliklə, ümumilikdə 411 jurnalist ailəsi evə sahib olur. Mətbuat günündə 3-cü binanın da təməlinin qoyulması ilə daha 200-250 jurnalist ailəsi evlə təmin olunacaq və bu da ümumilikdə 600-700 arası ailənin, başqa sözlə, təxminən 3 min nəfər insanımızın mənzillə təmin olunması deməkdir.
Bu jurnalistlərimiz normal həyat şəraitində yaşaya biləcək və bu təbii ki, özünü onların daha məhsuldar və effektli işləməsinə səbəb olacaq. Son nəticədə bu, mətbuatımızın inkişafında öz sözünü deyəcək. Heç kim bunda mənfi nə isə göstərə və əsaslandıra bilməz.
Dövlət jurnalistlərə niyə ev verməlidir ki?
Evsiz jurnalistlərin mənzillə təmin olunması, deyildiyi kimi, hazırkı dünyada analoqu olmayan bir işdir. Bu prosesin əleyhinə olanların əsas arqumenti də budur - başqa ölkələrdə belə təcrübə yoxdur, guya bu halda jurnalistlər hakimiyyətdən asılı vəziyyətə düşürlər. Bu fikirlərə qarşı əks arqumentlər daha tutarlı və təkzibedilməzdir.
Əvvəla, filan ölkələrdə hansısa təcrübə yoxdursa, bu o demək deyil ki, bizdə də olmamalıdır. Əgər bir şey müsbətdirsə, cəmiyyətə, vətəndaşlara xeyir verirsə, niyə də olmasın? Azərbaycan sosial dövlətdir. Dövlət ölkənin ümumi gəlirlərindən əhalinin sosial vəziyyəti ağır olan təbəqələrinə yardımlar edir.
Dövlət təkcə jurnalistlərəmi ev verir? Xeyr. Alimlərə, yazıçılara, mədəniyyət xadimlərinə, hərbçilərə, neftçilərə, şəhid ailələrinə, əlillərə, qaçqınlara, məcburi köçkünlərə, müharibə veteranlarına, bir çox dövlət orqanlarının işçilərinə... Bunun nəticəsində yüz minlərlə zəif sosial təminatlı ailə mənzillə təmin olunub və həyat şəraiti xeyli yaxşılaşıb. İndi mən konkret sual verirəm - bu hal yaxşıdır, yoxsa pisdir? Cavab birmənalıdır- yaxşıdır. Bəs onda bunlar nəyin davasını döyürlər?
Digər bir iddia. Jurnalistin hakimiyyətdən asılı vəziyyətə düşəcəyi iddiası absurddur. Sanki, təriflədikləri ölkələrdə jurnalistlər öz dövlətlərinin, öz xalqlarının deyil, başqa dövlət və xalqların maraq və mənafeyindən çıxış edirlərmiş.
Əvvəla, dövlətlə hakimiyyəti, hökuməti fərqləndirə bilməyənlər bu mövzuya qarışmasalar yaxşıdır. İkincisi də, keçən binadan mənzil alan bircə nəfərin də öz mövqeyini dəyişməsinin heç kim şahidi olmadı. Aralarında müxalif mətbuatda işləyənlər də var idi. Kim tənqidi mövqedə idisə, indi də o mövqedədir, eləcə də əksinə.
Üstəlik də, mənzillər özəl əmlak kimi verildiyindən, dövlətin onu geri alması imkanı yoxdur, demək jurnalistin heç bir asılılığından söhbət gedə bilməz.
Göründüyü kimi, bu iddia da tam əsassızdır. Bu məsələ, konkret olaraq Azərbaycan dövlətinin mətbuat işçilərinə verdiyi dəyərin, göstərdiyi qayğının əyani nümayişidir.
Jurnalist öz əməkhaqqısı ilə ev ala bilərmi?
Əlbəttə, sual ritorikdir. Çünki cavab birmənalıdır - ala bilməz. Niyə? Ölkədə azad mətbuat mühiti var, amma bazar yoxdur. Bazar niyə yoxdur? Çünki internet və əyləncə əsrində qəzet - jurnal oxuyan azalıb. Kiçik bir ölkədə 5 min KİV var, heç 500 min oxucu yoxdur. Məhdud oxucu auditoriyası yüzlərlə mətbu orqanın arasında bölünüb. Bu halda mətbuat orqanları necə böyük oxucu kütləsi, geniş maliyyə imkanı əldə edə bilər?
Bu halda mətbuat orqanı işçilərinə necə yüksək maaş verəcək ki, o, öz maaşı ilə ev alsın? Hazırda jurnalistlərin maaşı ortalama 200-500 manat civarındadır. Bunun da yarısı kirayəyə gedir, deyirsiniz digər yarısını da ev almaq üçün yığıb özü acından ölsün?
Bəziləri, hətta deyirlər ki, başqa sahələrdə işləyənlər evlə təmin edilmir, jurnalistlər edilir. Bu sualın çox sadə cavabı var - jurnalistlər sosial müdafiəsi ən aşağı olan zümrədir. Əmək haqqından başqa əlavə gəlir imkanı yoxdur. Halbuki, bir çox peşə sahiblərinin maaşdan əlavə pul qazanmaq imkanları var.
Bu gün müqayisəli hesablama aparılsa, aydın görünəcək ki, faiz etibarilə hansı sahədə işləyənlərin daha çoxu kirayədə yaşayır.
Dövlət bütün əhalini evlə təmin edəcək qədər ağır yükü qaldıra bilməz. Təki dövlətimizin iqtisadi imkanları o qədər artsın ki, bütün evi olmayan aztəminatlı ailələri evlə təmin edə bilsin.
Bir jurnalist ailəsinin numünəsində real vəziyyət
Başqa həmkarlarımın ailə vəziyyətini, gəlirlərini tam dəqiq bilmədiyim üçün təvazökarlıqdan kənar olsa da, elə öz nümunəmizdə vəziyyəti izah edim. 20 ildir aramsız televiziya və mətbuatda çalışıram. Ölkənin nüfuzlu qəzet və agentliklərində sosial-iqtisadi, ictimai-siyasi mövzularda araşdırmalar və analitik məqalələr yazmışam, televiziyada verilişlər, süjetlər, filmlər hazırlamışam. Onların içində sərt tənqidi materiallar da çox olub. Hələ mənə deyən olmayib ki, elə yazma, belə yaz.
Maaşım iş yerindən asılı olaraq 200-500 manat arasında dəyişib. Həmişə də bu maaşın azı yarısı kirayəyə ödənilib. Yerdə qalan kiçik vəsaitlə kommunal xidmətləri ödəmək, 5 nəfərlik ailəni dolandırmaq, xəstəliyi olan ailə üzvünü davamlı müalicə etdirmək... Çox çətindir. Daha doğrusu, mümkün deyil.
20 il KİV-də çalışan, 40 il kirayədə yaşayan, hər iki üzvü jurnalist olan bir ailəyə dövlət ev verəcəksə, burda pis nə var? Mövqeyimizi dəyişəcəyik? Xeyr. 20 ildir ağa ağ deyirik, qaraya qara, bundan sonra da elə olacaq - mənzil alıb-almamızdan asılı olmayaraq.
Həyat yoldaşım da 16 ildir TV-də və peşəkar mətbuatda çalışır. 13 ildir ailə qurmuşuq, amma hələ də “evlənməmişik”. İndi olmayan evimizi də öz dövlətimizdən, öz xalqımızdan istəyirik. Versələr də sağ olsunlar, verməsələr də - bu, bizim vətəndaş mövqeyimizi, fəaliyyət prinsiplərimizi dəyişə bilməz.
Ağır sosial vəziyyətdə olan vətəndaşa öz dövlətindən başqa kim kömək edə bilər ki? Neyləyək? Bəlkə bəziləri kimi xarici dövlətlərdən, onların xüsusi xidmət orqanlarından pul istəyək? Ola bilsin, bəzilərinə pafoslu görünəcək, amma nəinki bir mənzil, dünyanın heç bir sərvəti Vətənini, Xalqını, Dövlətini satmağa dəyməz. Digər həmkarlarımın da bu prinsiplərə malik olduğu qənaətindəyəm. Və bu həmkarlarım heç bir halda öz mövqelərini, peşə prinsiplərini dəyişəsi xarakterə malik deyillər.
Əsas sual: Mənzillər ədalətlə bölünəcəkmi?
Hələ birinci binada mənzillər paylanmamışdan əvvəl- Jurnalistlərin VI Qurultayında çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əsas prinsipləri bəyan etdi: “Ən çox ehtiyacı, haqqı, xidməti olan jurnalistlər növbəlilik əsasında evlə təmin olunacaqlar”, “Ev verdiyimiz heç bir jurnalistdən tələb etməyəcəyik ki, ancaq İlham Əliyevi tərifləyin, müxalifəti pisləyin”.
Təbii ki, hər hansı bir prosesdə narazı qalanlar da olur və olacaq. Hesab edirəm ki, ümumən proses ədalətli keçir. Baxmayaraq ki, keçən dəfə bizim jurnalist ailəmiz də kriteriyalara cavab verdiyi, hətta ilkin siyahıya salındığımız halda mənzil ala bilmədik. Biz də bunu çox normal qarşıladıq.
Bu dəfə müraciət sayı həddən artıq çoxdur və onların arasında kriteriyalara cavab verməyən, müxtəlif yollarla saxtakarlığa cəhd edənlər də az deyil. Lakin həm xüsusi komissiyada, həm də PA-nın müvafiq şöbəsində hamını yaxşı tanıyırlar, kimin ən azı son 10 ildə davamlı olaraq KİV-də işləyib-işləmədiyini, evi olub-olmadığını yaxşı bilirlər. Dövləti aldatmaq mümkün deyil.
Jurnalistlərə mənzil bölgüsündə ədalət prinsipi həddən artıq ictimai-siyasi yükə malikdir. Burda DÖVLƏTIN ƏDALƏTI söz mövzusudur. Qərar verəcək şəxslər beş-on nəfər dələduza görə dövlətin ədalətinə, nüfuzuna kölgə düşməsinə imkan verməzlər. Düzdür, onların işi çox ağır olacaq, çünki elə kriteriyalara cavab verən, layiqli həmkarlarımızın sayı mənzil sayından xeyli çoxdur. Lakin, ədalətli seçimlə onların da arasından ən layiqlilərinin, haqqı, xidməti, ehtiyacı olanların seçiləcəyinə şübhə yoxdur.
Bütün evsiz ailələrə ev sahibi olmaları arzu ilə…
Elçin Bayramlı
Xəbər 2095 dəfə oxunub.