Əziz Alpoud, yaxud əsl adı ilə desək, Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov. 93 illik ömrünü Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr edən Əziz Alpoudun həyatı bir insanın keçə biləcəyi əzabların və təkamülün nümunəsidir. Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsindən cəmi üç il öncə - 1988-ci ildə Ankarada gözlərini əbədi yummuş Əziz Alpoudun keşməkeşli həyatında ziddiyyətli və enişli-çıxışlı xətlər çoxdur, lakin hədəfi – Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsi heç vaxt dəyişməyib.
1895-ci ilin 27 iyulunda İrəvanın Dilican mahalında dünyaya göz açan Mir Əbdüləzizin atası əslən Şirvandan olan Mir Seyfəddin ağa ziyalı şəxs kimi tanınırdı. Rus, ərəb və fars dillərini bilən Mir Seyfəddin ağa ədliyyə tərcüməçisi kimi fəaliyyət göstərib. Anası Şəhribanu xanımın əsli isə Qazax mahalından idi. 1905-ci ildə Tiflis Birinci Klassik Liseyində təhsil almağa başlayan 10 yaşlı Əzizin atasının vəfatı çətinliklər yaratsa da, o təhsilini yarımçıq qoymur. Həmin dövrdə gərgin siyasi vəziyyət Tiflis liseyində tədris prosesinə çətinliklər yaratdığı üçün Əziz təhsilini Stavropolda davam etdirməli olur. O, təhsili dövründə latın, alman, rus, fransız dillərinə yiyələnir. Orta təhsili bitirdikdən sonra Estoniyanın Tartu Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin bu ölkənin iqlim şəraiti, xüsusilə sərt qışı onun səhhətinə mənfi təsir göstərdiyi üçün qardaşı Əlinin təkidi ilə ixtisasını Hüquq fakültəsinə dəyişdirir, çünki bu fakültənin dərslərində iştirak etməmək imkanı vardı.
1917-ci ildə Çar II Nikolaya qarşı başlanan fevral inqilabı Əzizin də həyatında ciddi dönüş yaratdı. Təhsil aldığı Estoniyada üsyanlara qoşulan Əziz inqilabi fəaliyyətini Bakıda Qafqaz Türk-Müsəlman Tələbə Birliyinin sədri kimi davam etdirir. Bu fəaliyyəti ona Tartu Universitetindəki dərslərində davamiyyət problemi yaratdığı üçün ali təhsilini Xarkov Universitetində davam etdirməyə başlayır. Daha sonra o, İranda Mirzə Kiçik xanın dəstəsi ilə birlikdə ingilislərə qarşı mübarizəyə qoşulur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulub Bakı azad ediləndə Əziz Alpoud Dövlət Dəmiryolları İstintaq hakimi vəzifəsinə təyin olunur və Bakı-Dəvəçi-Ələt stansiyalarına nəzarət edir. Ə.Alpoud həm də siyasi fəaliyyətlə məşğul idi. Onun əsas siyasi fəaliyyəti və ideoloji mövqeyi Əhrar Partiyası ilə bağlı olub.
1918-ci ilin payızında Bakıda yaradılan Əhrar Partiyasının qurucuları arasında Aslan bəy Qardaşbəyov, Abdulla Əfəndizadə, Mustafa Əfəndizadə, Əşrəf bəy Tağıyevin adı keçir və açıq mənbələrdə Əziz Alpoudun adına az rast gəlinir. Lakin o, “Həyatımın hekayətləri” sənədli romanında Əhrardakı fəaliyyətindən də bəhs edir, özünün “Əhrar Partiyasının ikinci sədri” olduğunu qeyd edir.
Azərbaycandakı Əhrar Firqəsi Osmanlı Əhrar Firqəsinin ideologiyasına əsaslanırdı. Bu firqə 1908-ci ildə Osmanlıda sultana qarşı çıxan və idarəetmədə islahatlar tələb edən İttihad və Tərəqqi Firqəsi ilə şahzadə Məhməd Səbahəddinin qurduğu “Teşebbüs-i Şahsi ve Adem-i Merkeziyet Cemiyeti”nin birləşməsindən yaranmışdı. Əsas ideologiyası liberalizm, mərkəzçilik və konstitusiyalı üsuli -idarə idi. Daha sonra şahzadə Səbahəddinlə İttihad və Tərəqqi Firqəsi arasında anlaşılmazlıq Əhrar Firqəsinin dağılması ilə nəticələndi.
Azərbaycandakı “Əhrar”ın ideologiyası da Osmanlıda qurulmuş İttihad və Tərəqqi Firqəsinin türkçülük xəttinə daha yaxın idi. Lakin partiyada müəyyən qədər liberalizm mövqeyi də mövcud idi və bunun İttihad və Tərəqqi Firqəsi ilə birləşmiş “Teşebbüs-i Şahsi ve Adem-i Merkeziyet Cemiyeti”nin ideoloji xəttindən qaynaqlandığı görünür. Beləliklə, Əhrar Partiyasının ideologiyasının liberal millətçiliyə yaxın olduğunu demək mümkündür. Partiyanın AXC hökumətindən aqrar islahatlar aparmaq tələbləri də idarəetmədə liberalizmi dəstəkləməsindən irəli gəlirdi.
Maraqlıdır, Osmanlı Əhrar Firqəsinin ideologiyası Xalq Cümhuriyyəti dövründə Azərbaycanda necə təşəkkül tapıb? Bu sualın tarixi ədəbiyyatda birmənalı cavabını tapmaq çətindir.
Birincisi, bu məsələdə Əhməd Bədi Triniçin adını çəkmək olar. Osmanlı ordusunun zabiti olan Əhməd Triniç 1916-cı ildə Çar Rusiya ilə döyüşlərdə əsir düşür, əvvəl Tiflisə, daha sonra Kostroma quberniyasına göndərilir. Oktyabr inqilabından sonra Türkiyəyə gedə bilmək ümidi ilə Bakıya gəlir, lakin istəyinə nail ola bilmir. 1918-ci ildə Bakıda “İttihad” qəzetində çalışan Triniç İttihad Partiyasının II Qurultayında Türkiyədəki İttihad və Tərəqqi firqəsinin milliyətçilik fikirlərinin mənimsənilməsi fikri ilə çıxış edir. Onun mövqeyi etirazla qarşılandığı üçün qurultayı tərk edir. Daha sonra Triniç Əhrar Partiyasının Mərkəzi Komitəsinin üzvü olur. Osmanlı Əhrar Firqəsinin siyasi ideologiyasının Əhrar Partiyasına gətirilməsində Triniçin rolunun olduğu görünür.
İkincisi, Əhrarın yaradıcıları arasında Osmanlıya yaxınlığı ilə seçilən şəxslər yer alırdı və görünür, bu, Osmanlı Əhrar Firqəsinin ideologiyasının Azərbaycanda davam etdirilməsində təsirsiz ötüşməyib.
Türkiyəli araşdırıcılar Mehmet Bilginin “Teşkilât-ı Mahsusa’nın Kafkasya Mısyonu ve Operasyonları” (https://www.otuken.com.tr/u/otuken/docs/t/e/teskilati-mahsusa-1484918176.pdf) əsərində , Gönül Güneşin “Teşkilat-ı mahsusa ve birinci dünya savaşı yıllarındaki faaliyetleri” ( https://atamdergi.gov.tr/tam-metin-pdf/74/tur), Serdar Kılıcın “Kafkasya’ya Dair (1916-1917) Osmanlı İstihbaratının Yayımladığı Bir Rapor” məqaləsində Cənubi Azərbaycan və Qafqazda osmanlı gizli xidmət servisinin (Təşkilati Məxsusə) siyasi təşkilatlanmada oynadığı rol haqda geniş məlumatlar verilir.
O zaman bizdə yaranmış bəzi qurumların adlarının və ideologiyasının Osmanlı dövlətindəki analoji qurumların adının və ideoloji xətlərinin kopyalanma ilə təkrar etmələri, bir çox hallarda açıq ilhaqçı xətt yürütmələri hər halda təsadüf deyildi. Yeri gəlmişkən, Əziz Alpoud qeyd etdiyimiz əsərində atası Mirseyfəddin Ağa Şirvanlının Osmanlı dövləti tərəfindən gizli şəkildə “Məcidiyyə” ordeni ilə təltif edildiyini yazır. Bir xarici vətəndaşa belə orden təsadüfən verilmirdi. Ordendə qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadakat" kəlmələri yazılırdı.
Əhrar Partiyası Xalq Cümhuriyyətində parlamentdə təmsil olunmaqla yanaşı, Nəsib bəy Yusifbəyli hökumətində də yer alıb. Ə.Alpoud isə Cümhuriyyət qurulandan süqut edənə qədər Dövlət Dəmiryolları İstintaq hakimi olaraq çalışıb. Əhrarçılar Müsavata əks mövqeləri ilə seçilirdilər. Ə.Alpoud xatirlərində Məmməd Əmin Rəsulzadə də daxil olmaqla müsavatçıları sərt tənqid edir, təmsil etdiyi partiyanın Müsavatdan daha üstün olduğunu vurğulayırdı. Hətta Rəsulzadəni bolşeviklərlə əlaqədə olmaqda da ittiham edirdi. Misal üçün, sənədli romanında yazır: “Onları bizim kimi zirzəmiyə salmayıblar, həm də yaxşı yeməklər verirlər”.
- “Müsavat” hökumətində iştirak etməyi qəbul etməyən bizim “Əhrar” Partiyasının ikinci sədri kimi mən və bir çox yoldaşlarım, əllərində heç bir dəlil olmadan soyuq zirzəmidə, yerin altında ac-susuz saxlanılır”.
- “Müsavatın keçmişdən Qırmızılarla yaxınlığı vardı… Çünki bunu hadisələr də təsdiq etmişdi”.
Yaxud latın əlifbası ilə bağlı layihədən söhbət açarkən, Rəsulzadəni istehza ilə “islahatçı” adlandırır və yazır:
“Lakin qarşımıza köhnə sosialist “Hümmət” partiyasının qurucularından, sonradan isə “Müsavat” Partiyasının lideri Rəsulzadə çıxdı. Bu adam “islahatçı” idi. Yəni ərəb hərflərinin qorunub saxlanılması və nəhayət, öyrənilməsini asanlaşdıracaq bəzi dəyişikliklərin edilməsini təklif edirdi. Bir neçə din adamı da onu dəstəkləyirdi. Bu adamın dinlə əlaqəsi yox idi. Keçmişdən bu yana sosialist partiyalarında çalışmış və bu yolda sonralar məşhur kommunist diktatoru olan Stalin (Cuqaşvili) ilə uzun illər dostluq etmişdi”.
Kitabda latın əlifbasını fonetik əlifba kimi qəbul edilməsi ideyasının müəllifi, Azərbaycanda fonetika üzrə yeganə mütəxəssis, Beynəlxalq Fonetika Assosiyasının üzvü Məhəmmədağa Şaxtaxtinski də sərt tənqid olunur. Göründüyü qədər, Ə.Alpoudun fikirləri ziddiyyətlidir, bir tərəfədən Osmanlı ilhaqçılığına bağlı idi (azərbaycançı müsavatçılarla buna görə toqquşur), digər tərəfdən panosmanistlərin çılğın müdafiə etdiyi ərəb əlifbasına qarşıdır. Bunun da səbəbini özü göstərir - o əski əlifba ilə yazıb oxumaqda çətinlik çəkirmiş.
Xüsusilə Rəsulzadəni bolşeviklərlə əlaqədə ittiham etsə də, təmsil olunduğu partiyanın 1920-ci ildə sosialistlərlə eyni mövqe sərgiləməsi, daha sonra hakimiyyətin bolşeviklərə təhvil verilməsini dəstəkləməsi bu ziddiyyəti daha da artırır.
Ə.Alpoudun xatirələrinin əlyazmasını tapıb tərtib edən Zakir Sadatlı onun müsavatçılarla barışmayan mövqeyini belə şərh edir: “Əziz Alpoudun siyasi mülahizələri, bir sıra hərəkat iştirakçıları və xüsusən liderləri haqqında təzadlı fikirləri və bəzən də “qəzəbli qamçısı” cəmiyyətimizin fərqli təbəqələrində mübahisələr doğura bilər. Bütün hallarda o fikirlərlə barışıb-barışmamaq olub-keçənlərin simasında heç nəyi dəyişməyəcək. Bircə onu bilmək lazımdır ki, tarixin rahat yorğan-döşəyində uyumaq istəməyən nəhənglərin eyni məqsədə doğru gedən yolda “çək-çeviri” bəzən qaçılmaz olur”.
Lakin bütün ziddiyyətli fikirlərinə və mövqeyinə baxmayaraq, onun Azərbaycan uğrunda mübarizə aparması, Xalq Cümhuriyyəti süquta uğrayanda yenidən azadlıq əldə etmək naminə gizli üsyan hazırlığında iştirakı faktdır.
Boşevik işğalından sonra da o, Dövlət Dəmiryollarındakı vəzifəsində işləməyə davam edir, digər tərəfdən isə bir neçə dostu ilə “Qurtuluş” adlı təşkilat yaradır, antiboşlevik üsyan hazırlayır. Üsyan planına görə, rus idarəçilərini ələ keçirərək, boşlevikləri ölkədən qovacaqdılar. Bu planı hazırlayan Əziz Alpoud həm də vəzifəsinin verdiyi imkanlardan istifadə edərək, təhlükə altında olan cümhuriyyətçilərin ölkədən çıxışını da təşkil edirdi. Nağı bəy Şeyxzamanlının qaçırılmasından sonra Ə.Alpoud üsyanın başlayacağı 1921-ci ilin 31 oktyabr tarixindən bir gün əvvəl həbs edilir. Qurulan planlar baş tutmur, o, Sibirə sürgün edilir.
Ə.Alpoud Rostov, Tambov, Arxangelsk həbsxanalarında məşəqqətli sürgün həyatı yaşayır. 4 il sonra qardaşı Əlinin köməkliyi ilə sürgündən xilas olaraq, Bakıya gəlir. Burada ailə həyatı qursa da, bolşeviklərin təqibindən xilas olmaq üçün İrana gedir. İranda maddi sıxıntılarla üzləşən Əziz ailəsini geriyə - Bakıya göndərməyə məcbur olur. Daha sonra müəyyən məbləğdə pul toplayıb 1925-ci ildə “Erennabor” markalı alman velosipedi alaraq, Türkiyəyə qədər olan 2 min kilometr məsafəni velisopedlə qət edir. Türkiyədə bolşeviklərdən qaçışına kömək etdiyi Nağı Şeyxzamanlı ilə görüşür. Türkiyə Cümhuriyyətində yaşama izni aldıqdan sonra Almaniyaya gedib Freiberq Dəriçilik İnstitutuna qəbul olur. Orada yenidən ailə həyatı qurur. Türkiyəyə qayıdıb müxtəlif fabrik və şirkətlərdə çalışır. Bu sahədə bilgiləri əsasında sənaye üsulu ilə dəri emalına dair Türkiyədə ilk vəsait olan “Tətbiqi dəriçilik” adlı kitab da yazır.
Eyni zamanda, siyasi fəaliyyətini də davam etdirir. Siyasi mühacirlərdən olan İsmayıl Saryalla birlikdə Azərbaycan Yardımlaşma Dərnəyini qurur, lakin dərnəyin ömrü uzun olmur. Bir müddət Türkiyədə qaldıqdan sonra yenidən Almaniyaya qayıdır, Berlin-Charlottenburqda Ali Texniki Məktəbin Kimya Mühəndisliyi fakültəsinə qəbul olur, eyni zamanda Berlində kimya mühəndisi kimi də fəaliyyət göstərir. Almanların sovetlərə qarşı yaratdıqları “Kaukassesche Veitvauqsstelle” siyasi təşkilatında da iştirak edir. Kimya elmi sahəsində apardığı tədqiqatlarla fəlsəfə doktoru elmi dərəcəsinə qədər yüksəlir, paralel olaraq, tərcüməçilik və rəssamlıqla da məşğul olur.
2011-ci ilə – “Həyatımın hekayətləri” sənədli romanı Zakir Sadatlı tərəfindən aşkar edilənə və Azərbaycan dilində yayımlalana qədər Azərbaycan ictimaiyyətinə Əziz Alpoud adı çox şey ifadə etmirdi.“Həyatımın hekayətləri”ndə Əziz Alpoudun Türkiyə Cümhuriyyətinin qurucusu Atatürklə görüşü, Almaniyada təhsil alarkən Hitlerə məktub yazması və onun yavəri ilə görüşü haqda maraqlı məlumatlar da yer alır.
Əziz Alpoudun Türkiyədə həyatı və fəaliyyəti yalnız Azərbaycanın siyasi mühacirət tarixinin deyil, Türkiyədə siyasi-ideoloji həyatında, müasir Türkiyədəki sənayeləşmədə azərbaycanlıların oynadığı rolu anlamaq baxımdan mühümdür. Mühacirət həyatında Ə.Alpoud azərbaycanlı millətçilərin bir araya gəldiyi “Türk izi”, “Mücahit” kimi jurnallarda yazılar yazır. Eyni zamanda, Nejdet Sançarın sədri olduğu “Türk Milliyyetciler Dərnəyininə də üzv olur(Türkçüler Derneyi, Turan Can, Ekim 2020, https://www.altayli.net/turkculer-dernegi-turkcu-teskilatlar.html).Bununla yanaşı, Azərbaycan Mədəniyyət Evinin (Kültür Dərnəyinin) ilk sədri Həmid Atamanın müavini vəzifəsində çalışır.
Ə. Alpoud 1969-cu ildə qurulan Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) da üzvü olub. MHP-nin ilk lideri Alparslan Türkeşlə yaxın dost olan Ə. Alpoud Türkiyədə milliyyətçi ideologiyasının formalaşmasında və hərəkatın qurulmasında əsas iştirakçılardan idi. A.Türkeş ona böyük inam bəsləyib. Türkiyəli professor Necməeddin Sefercioğlunun Əziz Alpoudla bağlı xatirələri də onun Türkiyədə milliyyətçi hərəkatın formalaşmasındakı roluna diqqət çəkir.
“Əziz Alpoudu 1950-ci illərdən tanıdığımı xatırlayıram. Görüşlərimiz millətçi qurumların toplantılarında olurdu. Bir MHP qurultayı ərəfəsindəki görüşümüzdə şirin-şirin gülərək partiyanın sədrliyinə namizədliyini verdiyini söyləmişdi. Məni çox təəccübləndirən bu davranışını belə açıqlamışdı: “Alparslan bəyin seçkilərə təkbaşına gedərək demokratik olmayan bir mənzərə yaratmasına qıymazdım!”. Mən onun seçkilərdə özünə deyil, A.Türkeş bəyə səs verdiyinə əminəm”, - türkiyəli professor qeyd edir.
Türkiyədə milliyyətçi ideologiyanın formalaşmasında Ə.Alpoudun əməyi olsa da, onun seçkili orqanlarda təmsil oluna bilməməsi suallar yaradır. Halbukı o, Türkiyədə yaşayır və ciddi siyasi fəaliyyətlə məşğul olurdu, hətta Alparslan Türkeşlə yaxın dostluq əlaqəsi vardı. Buna rəğmən, Ə.Alpoud həyatının sonuna qədər Türkiyədə mühacir olaraq fəaliyyət göstərdi. Burada süni əngəllərin və yersiz bürokratiyanın olması istisna deyil.
Azərbaycan əsilli siyasətçilərə 20-70-ci illər Türkiyəsində süni əngəllərin yaradılması səbəbləri ilə bağlı layihə çərçivəsində Səməndər İB-nin Türkiyədə həmin siyasətçilərin varislər ilə keçirdiyi görüşlərdə də aydınlıq gətirməyə çalışdıq. Adətən cavabdan yayınır, ya sonunda “biz azəriyik, yabançı sayılırdıq”, və ya “o illər Türkiyəsində hələ xilafət zehniyyəti vardı, biz cəfəri olduğumuzdan mühüm siyasi postlar bizə etibar edilmirdi” deyə ümumi cavablarla kifayətlənirdilər.
Əsas məqamlardan biri Ə.Alpoudla Türkiyədə mühacirət həyatı yaşayan cümhuriyyətçilər arasında ixtilafların olması, bir çox hallarda onları sərt tənqid etməsidir. Onun siyasi karyerasında yüksələ bilməməsinin bu ixtilaflardan da qaynaqlanması mümkündür. Yuxarıda qeyd etdiyimiz xatirələrinə də bu sözlərlə başlayırdı:
“Heç şübhə etmirəm ki, üçrəngli bayrağımız Milli Məclisin binası üstündə yenə də dalğalanacaq və Xəzərdən əsən küləklər onu salamlayıb oxşayacaq. Ölməyib o günü görsəm, necə də xoşbəxt olaram”.
Bir zaman siyasi karyerasına ilhaqçı kimi başlamış şəxsin gəldiyi bu qənaəti onun siyasi təkamülü də hesab etmək olar.
İstifadə olunan ədəbiyyat:
1. Alpoud Əziz. Həyatımın hekayətləri. Bakı, Qanun, 2011.
2. “Həyatımın hekayətləri” kitabının tərtibçisi və ön sözün müəllifi Zakir Sadatlının “Azadlıq radiosun” müsahibəsi. https://www.azadliq.org/a/24539797.html, 06 aprel. 2012 )
3. “Həyatımın hekayətləri” Azərbaycan milli hərəkatının gerçəkləri kontekstində”: Aynurə Paşayeva - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi doktorantı. https://bizimyazi.az/%C9%99ziz-alpoudun-h%C9%99yatimin-hekay%C9%99tl%C9%99ri-az%C9%99rbaycan-milli-h%C9%99r%C9%99katinin-gerc%C9%99kl%C9%99ri-kontekstind%C9%99/
4. Dilqəm Əhməd: “Mühacirlərin dönüşü” kitabı (Bakı, Teas Press, 2022)
5. TARİHTEN GÜNÜMÜZE TÜRKİYE’DE YAŞAYAN AZERBAYCAN TÜRKLERİ, Prof. Dr. Aygün ATTAR / Doç. Dr. Sebahattin ŞİMŞİR(https://anl.az/el/kitab2022/04/cd/Sh-22140.pdf)
A.Nərimanlı
P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihə çərçivəsində dərc olunub.
P.P. S. Yazı müəllif məlumatlandırılmaq şərtilə layihə tələblərinə uyğun yenilənmişdir.
Xəbər 4147 dəfə oxunub.