Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


19.03.2022  20:22 

Bir liderin və bir xalqın halal haqqı...





A+  A-

Zelenskiyə Nobel sülh mükafatının verilib-verilməyəcəyi hələ ki, məlum deyil. Ancaq o, bu mükafatı həqiqətən də haqq edir.

Adam öz həyatını, ailə üzvlərinin həyatını, bütün komandasını risk və təhlükə altında qoyub, Rusiya kimi ölçüsüz, qaydasız, qırmızı cizgilərsiz ("bespredel") bir ölkənin hərbi təcavüzünə qarşı qətiyyətlə dirəniş göstərir, ölkəsinin və xalqının başına gətirilən müharibə dəhşətlərinin, fəlakət və müsibətlərin qarşısını almaq üçün var gücüylə mübarizə aparır.

Bəzilərinin "aktyor, artist, kloun, şoumen" deyib aşağılamağa, gözdən salmağa çalışdığı bu gerçək qəhrəman bu gün təkcə öz ölkəsinin ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qorumur. O, həm də bütövlükdə Avropada və dünyada sülhün mövcudluğunu Putin adlı tiranın təhdidlərindən qorumaq üçün mücadilə aparır, səy göstərir.

Bu gün Zelenski baydenlərin, makronların, boris consonların, olaf şoltsların, castin tryudoların, yens stoltenberqlərin, cozef borrellərin, şarl mişellərin, ursula fon der-layenlərin bacarmadıqlarını cəsurca ortaya qoyur. Bu liderciklərin hamısı bu gün Zelenskinin arxasında gizlənir. Onların heç biri Zelenskidən bir addım önə keçib Putinə barmaq silkələyə, Rusiyaya "dur!" deyə bilmir.

Bu müasir Çemberlenlərin heç biri Zelenskinin "Ukraynanın səmasını Rusiya qırıcılarının üzünə bağlayın, bizə qırıcı təyyarələr verin, "S-300"-lər verin, qadınlarımızın və uşaqlarımızın başına Rusiya raketlərinin və bombalarının yağdırılmasının qarşısını alın" xahişini qəbul edib, Ukrayna səmasının NATO tərəfindən "qeyri-uçuş zonası" elan edilməsinə qərar verə bilmirlər. Çünki Rusiyadan qorxurlar, Putinin nüvə təhdidindən yuxularını qaçırırlar. Bir sözlə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp demişkən, bu gün Qərb dünyasında Putinin qarşısına çıxacaq bir lider yoxdur. Və yaxud, bizim loru dildə desək, Putinin qarşısına çıxa bilən bir kişi yoxdur.

Qərb liderlərinin gücü yalnız sanksiyalara çatır. Birdəki altdan-altdan Ukraynaya silah göndərirlər, humanitar yardım təşkil edirlər. Zelenski də öz növbəsində Qərb liderlərinin bivecliyini artıq dərk edib. Ona görə də o, hazırda nə NATO-ya, nədəki ayrı-ayrı siyasi liderlərin vədlərinə artıq əvvəlki qədər güvənmir.

Bu gün Zelenski sadəcə Tanrıya sığınaraq və öz xalqına, öz ordusuna güvənərək Rusiya adlı şər ölkəyə qarşı təkbaşına mübarizə aparır. Lakin Ukraynanın bu dar günündə bu ölkəyə kömək edən, yardım göstərən, atəşkəs üçün vasitəçilik etməyə çalışan ölkələrə, o cümlədən Türkiyə və Azərbaycana təşəkkür etməyi də unutmur.

Müşahidələr onu göstərir ki, Putinin müharibəni dayandırmaq, qoşunlarını geri çəkmək fikri olmadığı kimi, Zelenskinin də təslim olmaq, Kremlin alçaldıcı şərtlərini qəbul edib silahı yerə qoymaq fikri yoxdur. O, sonuna qədər mübarizə aparmaqda qərarlıdır. Elə bu qərarlılığı, bu əzmkarlığı da onu dünyada sülhün qoruyucusuna, xilaskarına çevirməkdədir.

Onun namizədliyinin irəli sürülməsi üçün Nobel mükafat Komitəsinə müraciət edən avropalı siyasətçilər də özləri də bu həqiqəti yaxşı başa düşürlər. Və onlar bir həqiqəti də yaxşı anlayırlar ki, Qərb olaraq, NATO alyansı olaraq Ukrayna şəhərlərinin yerlə-yeksan edilməsinin, mülki əhalinin başına bomba və raket yağdırılmasının qarşısının alınması üçün dəfələrlə müraciət edən, kömək istəyən Zelenskinin müraciətlərinə müsbət cavab verməkdə çox gec qalıblar və bu gecikmələrini heç olmasa az da olsa kompensə etmək üçün Ukrayna liderinə Nobel ödülünün verilməsini özlərinə mənəvi borc bilirlər.

Yeri gəlmişkən, onlar Zelenskiyə və Ukrayna xalqına kömək etmək baxımından gecikməklərini Nobel mükafatı Komitəsinə ünvanladıqları müraciət mətnində də sətiraltı etiraf ediblər.

Sitat:

“Cəsarətli ukraynalı kişilər və qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş Prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir. Namizədlərin təqdim olunması üçün vaxt fevralın 1-ə qədər idi. Lakin Zelenskinin namizədliyində israrlı olduğumuz üçün biz bu müddəti martın 31-dək uzatmağı xahiş etmişik. Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, bu pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırılır. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir”.

Nobel mükafatı Komitəsinin avropalı siyasətçilərin bu müraciətinə və o cümlədən məlum prosedur pozuntusuna necə reaksiya verəcəyini hələlik heç kim bilmir. Bəlkə də istisna hal kimi buna gedəcəklər. Yadaki bürokratiklik və xırdaçılıq, ifrat pedantizm nümayiş etdirib bu müraciəti qəbul etməkdən, Zelenskinin Nobel sülh ödülünə namizədliyini qeydə almaqdan boyun qaçıracaqlar. Əlbəttə, Rusiyanın qarşısına hərbi güc çıxarmağa cəsarəti çatmayan Qərb liderləri yəqin ki, Nobel Komitəsinin sədrlər şurasındakı qoca baronlara da göz ağardıb onların məlum müraciəti qəbul etmələrini əngəlləyə bilərlər.
Lakin bütün hallarda Zelenski artıq bu ödülü mənən qazanmış sayılır. Nobel mükafatı ona ana südü kimi halaldır və bu günkü qorxaq Qərb liderləri bu mükafatın Zelenskiyə verilməsini əngəlləmiş olsalar da belə, illər sonra Nobel Komitəsi öz səhvini düzəldərək bu mükafatı Zelenskiyə mütləq təqdim edəcək. Çünki hər kəs tez ya gec layiq olduğu haqqını alır. Tarix heç kimin haqqının yeyilməsinə imkan vermir.

P.S.

Əlləri keçmiş sovet xalqlarının (azərbaycanlıların, gürcülərin, qazaxların, latışların, litvalıların və estonların) qanına batmış qatil Mixail Qorbaçova utanmadan Nobel Sülh Mükafatı verən 90-cı illərdəki Avropa liderlərinin bü günkü varisləri Zelenski kimi gerçək sülh fədaisinə haqq etdiyi mükafatı verməkdən şərəf duymalıdırlar. Bu mükafat həm onun, həm də bütün Ukrayna xalqının halal haqqıdır.

Bəybala Mirzəyev

Xəbər 2283 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +