Hər gün Bakı şəhərində hərəkət iflic vəziyyətindədir. Ölkənin paytaxt şəhəri Bakıda avtomobillə hərəkət etmək işgəncəyə bərabərdir. Bakı küçələrində yaranan tıxacların bir çox səbəbləri var.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu səbəblərdən biri Bakı şəhərində aparılan nizamsız tikintilərdir.
"Bu gün kim harda istəsə yolu kəsib, səkini zəbt edib istədiyi obyekti tikə bilir. Bununla yanaşı, tikilən obyektlərin heç birinə xüsusi tələblər irəli sürülmür. Halbuki, şəhərsalma və arxitektura şərtlərinə görə, hər bir tikilən obyektin işçi sayısına və yaxud sakin sayına görə, parklama yerləri olmalıdır. Bu gün obyektlər üçün parklama yerləri qoyumur" - deyən ekspert, hazırda Bakıdakı xəstəxanaların belə, parklama yerlərinin olmadığını deyir.
Onun sözlərinə görə, xəstəxanalara gələn şəxslər, çox zaman avtomobilini saxlamaq üçün saatlarla yer axtarmalı olur.
Bu şəxslər avtomobilini harda saxlamalıdır?
Xəstəxananın parkalama yeri yoxdursa, vətəndaş avtomobilini yolun ortasında saxlamağa məcburdur. Bu zaman isə, avtomobilin sürücüsü, "dayanma-durma" qadağasına görə dərhal cərimələnir. Bu qərarın ədalətsiz olduğunu hesab edən Eldəniz Cəfərov, "dayanma-durma"-ya görə, yazılan cərimələrin 31-nin qanunsuz olduğunu hesab edir. O, deyir ki, taksi sürücülərinə yazılan bu cərimələrin böyük əksəriyyəti ləğv edilməlidir.
Ekspertin fikrincə, tıxacların səbəblərindən biri də yol infrastrukturudur. Bakıda çəkilən yolların əksəriyyətinin "butulka" effekti ilə çəkildiyini qeyd edən E.Cəfər deyir ki, yolların əksəriyyətində iki zolaqlı yollar 3 zolağa, 3 zolaq yollar bir zolağa çevrilir. Bu zaman isə, hərəkətin intensivliyini təmin etmək çətinləşir.
"Bundan əlavə, şəhərdəki yolların sürəti azaldılır. Eyni zamanda bəzi yollarda yolun bir zolağına xətt çəkib ictimai nəqliyyat üçün ayrırlar. Bu yaxınlarda, Bilgəh qəsəbəsində yolun bir qismini ayırıblar və boyayıb deyiblər ki, bura velosiped yoludur. Belə olmamalıdır. Velosiped yolları ayrı çəkilməlidir" - deyə ekspert bildirir.
Dövlətin balansında 15000 parklama yeri mövcud olsa da, E.Cəfərov təəsüflə qeyd edir ki, bu parklama yerləri vətəndaşlardan gizlədilir. Bu parklama yerlərinin ünvanları, cəmiyyətə açıqlanmır. Bakı şəhərində avtomobillə hərəkət edən sürücülər bilmir ki, avtomobilləri harda saxlamaq olar.
"Bu faciədir. Bu belə olmamalıdır. Parklama yerlərinin ünvanları açıqlanmalıdır. Tıxacların aradan qaldırılması istiqamətində isə heç bir qurum tərəfindən addım atılmır. Bizim təkliflərimizin bəzisi dəyərləndirilsə də, bəzi təkliflərimiz qurumların mətbuat xidmətləri tərəfindən ironiyalı şəkildə cavablandırılır. Bu, dövlət qurumuna yaraşmayan hərəkətdir. Vətəndaşların, ekspertlərin verdiyi təkliflər dəyərləndirilməlidir. Bu şəxslər bilməlidir ki, heç bir dövlət qurumu heç kəsin kommersiya obyekti deyil. Və heç kim dövlət qurumunu öz şəxsi kommersiya qurumu kimi işlədə bilməz. Dövlət büdcəsindən maliyyələşən dövlət qurumları cəmiyyətin fikirlərinə, ekspertlərin fikirlərinə diqqətə yanaşmalıdır. Və biz təklif edirik ki, bu parkalama yerləri cəmiyyətə açıqlansın. Parklama yerləri cəmiyyətə açıqlanmadıqca, Bakı şəhərində tıxacların qarşısını almaq mümkün olmayacaq",- deyə ekspert bildirib.
Parklama yerləri cəmiyyətə niyə açıqlanmır?
Parklama yerlərinin açıqlanmaması istər-istəməz bir fikir yaradır : "Bakı şəhərində olan tıxaclar dövlət qurumu tərəfindən süni yaradılır". Bəli, səhv anlamadınız. Tıxaclar insan psixologiyasına təsir edir, gününü yolda keçirən vətəndaş evə gəldiyi zaman digər problem haqqında düşünməyə zaman tapmır. Bununla yanaşı, vətəndaşlar parklama yerlərini bilmədikləri üçün qadağan edilmiş yerlərdə avtomobilini saxlayır. Bu da onlara cərimələrin yazılması ilə nəticələnir. Yəni, müvafiq dövlət qurumunun ikinci məqsədi cərimələrin daha çox yazılmasıdır.
Dövlət qurumunun mətbuat xidmətinin rəhbərinin ekspertlərə, millət vəkillərinə və yaxud jurnalistlərə ironiyalı cavabına gəldikdə, təəssüflə qeyd edək ki, bəzi dövlət qurumu mətbuat xidməti rəhbərləri özünü qurumun rəhbəri kimi hiss edir. Və hesab edir ki, o bu gün vəzifədədirsə, istənilən şəxsə kobud, ironiyalı, istehzalı cavab verə bilər.
Bu "sözçü"lər unudur ki, dövlət qurumunda çalışır və o, qurumun aynasıdır. Dövlət qurumunun mətbuat xidmətinin cəmiyyətlə davranışı, çalışdığı qurumun insanlara olan münasibətini əks etdirir. Əgər bu gün Bakıda olan tıxaclara və ya yollarla bağlı problemlərə mətbuat xidməti ironiya ilə cavab verirsə, bu o deməkdir ki, bu qurumu da digərləri kimi gəlir-mənfəət əldə etmək, hansısa işlər görürmüşlər kimi göstərmək maraqlandırır.
Bu mövzuya bir daha qayıdacağıq... /Bizimyol.info/
Xəbər 1791 dəfə oxunub.