Artıq 2021-ci ili başa vurmaqdayıq. Ölkə əhalisi Yeni ili, onunla birlikdə gələcək bayram tətilini qeyd etməyə hazırlaşır. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan hökuməti əhalini şoka salan bir sıra mühüm qərarları məhz yeni ilin ilk həftəsində qəbul edir.
Bu qərarlar arasındasa Tarif Şurasının dövlət tərəfindən tənzimlənən qiymətlərlə bağlı qərarları xüsusi yer tutur. Uzağa getməyək, elə bu il yanvarın 4-də Tarif Şurası Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətini artırmışdı. Ayın sonuncu günündə isə suyun qiymətində də kəskin artıma gedildi. 2021-ci ili Azərbaycan iqtisadiyyatı postpandemiya dövrünün bərpa prosesi ilə başa vurmaqdadır.
Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri-neft-qaz sektorunda isə 5,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7148 manata bərabər olub.
2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 568,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalıb.
Rəsmi statistika deyir ki, 2021-ci ilin oktyabr ayında inflyasiya sentyabr ayı ilə müqayisədə 1,6 faiz, 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz artıb. Lakin əhalinin öz büdcəsinə əsasən qiymətləndirmələrinə görə, real inflyasiya rəsmi açıqlanandan xeyli çoxdur - bütün dünyada ikirəqəmli inflyasiyanın qeydə alındığı bir məqamda istehlak bazarının 80 faizə yaxını idxal məhsulundan ibarət olan ölkədə başqa cür mümkün də deyil...
Hələlik Azərbaycan əhalisinin yeni ilin ilk ayında hökumətin atacağı bəzi addımlar barədə məlumatı var. Bura ilk növbədə minimum əmək haqqı, pensiya, müavinət və sair ödənişlərdə gözlənilən artımlar aiddir. Hökumətin artıq açıqlamış olduğu məlumatlardan aydın olur ki, yeni ildən icrasına başlanacaq sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 2 milyona yaxın insanı əhatə edəcək.
Maraqlıdır ki, elə bu addımın özü əhalidə hökumətin yanvarda başqa sürprizlərinin də olacağı gözləntilərini yaradır. Bu zaman diqqətlər daha çox tənzimlənən qiymətlərə yönəlir: təbii qazdan tutmuş suya, sərnişindaşımadakı gediş haqqına qədər...
İqtisadçı-alim Elşad Məmmədovun dediyinə görə, bu dəfə yanvarda əhali üçün gözlənilməyən mənfi qərarların qəbulunu gözləmir: “Ən azından, ümid edirəm ki, belə qərarlar olmayacaq. Hesab etmirəm ki, Azərbaycandakı iqtisadi idarəetmə nöqteyi-nəzərindən tariflərin artırılması optimal çıxış yolu kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan iqtisadiyyatının potensialı var, Azərbaycan iqtisadiyyatının investisiya artımı üçün böyük imkanları var. Düşünürəm ki, hökumətin iqtisadi bloku, nəhayət ki, tarif artımı deyil, investisiya artımı hesabına iqtisadi fəallığın stimullaşdırılmasına təkan verə biləcək qərarların qəbulunda operativlik göstərəcək. Ölkə iqtisadiyyatının canlandırılması, ölkədə biznes mühitinin inkişaf etdirilməsi üçün elmi cəhətdən əsaslandırılmış şəkildə hazırlanmış qərarların şahidi olacağıq. Dövlət başçısının da vurğuladığı kimi, ölkədə mövcud olan kredit, investisiya siyasətinə inkişafın stimulu kimi yanaşmalıyıq. Bu gün Azərbaycan iqtisadiyyatı kəskin pul çatışmazlığı yaşayır. İnvestisiya artımına yüksək ehtiyacın olduğu bir zamanda pul çatışmazlığının olması iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir”.
E.Məmmədovun fikrincə, ölkədə idxaldan asılılığın qalması hökumətin başlıca qayğısı olmalıdır: “Hökumət dövlət başçısının verdiyi təkanları düzgün qiymətləndirməklə yerli istehsalı canlandıracaq stimullar hazırlayıb onları açıqlamalıdır. Ölkə rəhbəri bu sahədə üzərinə düşən hər şeyi artıqlaması ilə edir: xarici siyasəti uğurla həyata keçirir, daxildə sabitlik təmin olunur. Azərbaycan bütün ölkələrlə qarşılıqlı əməkdaşlığı gücləndirir. Bu şəraitdə hökumətin iqtisadi blokunun da öz üzərinə düşən vəzifələri düzgün qiymətləndirməsi və dövlət başçısının atdığı addımları tamamlayan siyasət yürütməsi son dərəcə vacibdir”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, yeni ildən Azərbaycanda tənzimlənən bəzi tariflərin artırılması mümkündür: “Bu baxımdan, ən çox gözləntilər sərnişindaşımada gediş haqqının artırılması ilə bağlıdır. Bildiyiniz kimi, axırıncı dəfə bu istiqamətdə artımlar dörd il əvvəl - 2018-ci ildə olub. Buna görə də düşünürəm ki, yeni ildən həm avtobuslarda, həm də metroda gediş haqqının artırılmasına gedilə bilər. Qaz, elektrik enerjisi, su, benzin və sair məhsulların qiyməti bu il ərzində qaldırılıb artıq. Bu baxımdan, onlara yenidəm baxılmasını gözləmirəm. Amma bura Azərbaycandır və qaz tariflərinə cari il ərzində iki dəfə baxılmasının şahidi olmuşuq. Yəni heç nəyi istisna etmək mümkün deyil”.
DÜNYA,
“Yeni Müsavat”
Xəbər 1499 dəfə oxunub.