13.06.2017 10:39
“Heydər Əliyevə mane olan adamlar sonradan ona yalvarırdılar ki,..”
Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan, hazırda partiyanın İdarə Heyətinin üzvü, İqtisadiyyat komissiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri Eldar İbrahimov 15 iyun Qurtuluş günü ilə bağlı Modern.az saytına müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:
- Eldar müəllim, 15 iyun - Qurtuluş günüdür. Bu bayramı dünya azərbaycanlıları qeyd edir. Bütün hadisələrin şahidi və biləvasitə iştirakçısı olan şəxs kimi sizcə, 15 iyun dünya azərbaycanlıları üçün nə deməkdir?
- 15 iyun - Qurtuluş günü bizim ən əziz bayramlarımızdan biridir. Ona görə ən əziz bayramdır ki, bütün bayramlar məhz 15 iyundan keçir. Yəni 15 iyun olmasaydı, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı, dağılacaqdı. Ölkənin Şimal və Cənubunda separatçı qüvvələr, daxildə hər kəsin qoçu dəstəsi, o biri tərəfdən işğalçı Ermənistan... Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan faktiki dağılırdı və bölünmüşdü. Belə bir vaxtda Azərbaycan xalqı yeganə ümidini Naxçıvana dikmişdi. Azərbaycanı bu bəlalardan qurtara biləcək yeganə şəxsiyyət və siyasətçi Heydər Əliyev idi. Heydər Əliyev də çağırışlara cavab verdi, Bakıya gəldi və 15 iyunda Ali Sovetin sədri seçildi. Sədr seçiləndən sonra daxildə olan separatçı qüvvələrin, qoçu dəstələrinin qarçısı alındı, ölkəmiz parçalanmadan xilas oldu. Bundan sonra Azərbaycan inkişaf etməyə başladı. Sualınızın qısa cavabı budur, ancaq bunu təfsilatı ilə də deyə bilərəm.
- Siz Heydər Əliyevin dövlətçilik bacarığını necə qiymətləndirirsiniz?
- Çağdaş Azərbaycan Heydər Əliyevin dövlətçilik bacarığının bariz nümunəsidir. Bilirsiniz, qismət elə gətirdi ki, 1990-cı ildə Heydər Əliyev Moskvadan məlum səbəblərdən Azərbaycana qayıtdı. Azərbaycanda, öz tikdiyi, yaratdığı Bakıda ona bir ev vermədilər və məcbur olub doğulduğu yerə, Naxçıvana getdi. Naxçıvana qayıdan ilk gündən, yəni 1990-cı il iyunun 22-dən sonra mən gedib ümummilli liderimizlə görüşdüm. Daha sonra qismət elə gətirdi ki, biz sentyabrın 30-da Naxçıvan Ali Sovetinə deputat seçildik. Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən, mən isə Cəhri kəndindən. Bundan sonra münasibətlərimiz daha da isindi və biz daha yaxın olduq. Bizim aramızda çox yaxşı münasibət vardı. Biz təzəcə deputat seçilmişdik, 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyası çağrıldı. Naxçıvan Ali Sovetində yaşda böyük olan deputat iclası aparmalı idi. Heydər Əliyev kimi dahi bir adamın qarşısında kim o sessiyanı apara bilərdi? O sessiyanın Heydər Əliyev aparmalıydı və o da apardı. O zaman Heydər Əliyev cəsarətli bir addım ataraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Bu bayrağı qaldırmaqla Azərbaycanın müstəqilliyinin ikinci dəfə əsası qoyuldu. Bununla bizə yol göstərdi ki, yolumuz müstəqillikdir və biz buna doğru getməliyik. Nə sovet hökumətindəm, nə də Kommunist Partiyasından haray yoxdur. Mən həmin sessiyada iştirak etmişəm və bunlar mənim gözlərimin önündə baş verib. Mən bunu kitabdan, dəftərdən oxumamışam. Heydər Əliyev orada Naxçıvanın adından “Sovet Sosialist” sözlərini çıxartdırdı və Naxçıvan Ali Məclisi etdi. Bunların hamısı qərarda öz əksini tapdı. O iclasda qərara alındı ki, Azərbaycan Ali Soveti də bu qərarı təsdiq etsin. Azərbaycan Ali Soveti də bu qərarı təsdiq etdi. Çox keçmədi ki, 17 martda referendum elan olundu. Heydər Əliyevin Naxçıvanda verdiyi istiqamət ilə biz referenduma getmədik. Naxçıvan Muxtar Respublikası referenduma getmədi. Hətta mən o vaxt yüksək vəzifədə işləyirdim. Naxçıvan Nazirlər Sovetinin sədrinin birinci müavini idim. Mənə orada vəzifəli şəxslərdən bir neçəsi dedi ki, gəlin Bakıya teleqram vuraq, deyək ki, biz referenduma səs veririk. Mən dedim ki, yox. Naxçıvanda əgər referendum keçirilsəydi, mən məcbur olub gedib səs verərdim. Amma bu, Naxçıvanda keçirilmirsə, mənə nə düşür ki, gedim səs verim. Həm də Heydər Əliyevə olan inamım mənə deyirdi ki, o nə edirsə, hansı addım atırsa, ən doğrusudur, millətimiz üçün ən xeyirlisdir. O getmirsə, mən niyə getməliyəm?
Bu baxımdan Naxçıvanda referendum keçirilmədi. Zaman bir daha göstərdi ki, Heydər Əliyev uzaqgörən bir addım atıb. Üzərindən bir az keçəndən sonra, 19 avqustda SSRİ-də dövlət çevrilişi baş verdi. Bununla da sovet hökuməti getdi. Kommunist Partiyası buraxıldı. İndi baxın, SSRİ dağıldıqdan sonra istəyirdilər ki, Azərbaycanda Kommunist Partiyası saxlanılsın. İndiki kimi yadımdadır, 30 avqustda Ali Sovetin Pleniumuna salınmışdı ki, guya, o məsələni həll etsin. O vaxt Heydər Əliyev bir də gəldi Bakıya. Bilirsiniz, 1991-ci ilin 5-6 martında Ali Sovetdə keçirilən həmin iclaslarda Heydər Əliyevə qarşı öyrədilmiş adamlar təpiklərin yerə döyürdülər, imkan vermirilər ki, ulu öndər danışsın. Bunların hamısı mənim gözümün qarşısındadır. Heydər Əliyev o hərəkətlərdən sonra çox incimişdi və Bakıya gəlmirdi. Biz Naxçıvana qaytıdıq. Naxçıvanda Ali Məclisin iclası hazırlandı. Orada “Demblok” və “Komblok” vardı. Yəni kommunistlər və demokratlar. Kommunistlər və demokratlar istəyirdilər ki, öz nümayəndələri olsun. Ancaq orada ağıllı insanlar yığışdıq. Mən də oarada Azərbaycan Ali Sovetinin deputatı kimi çıxış etdim. Sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sessiyasında dedim ki, Heydər Əliyevin bu gün Naxçıvanda alternativi yoxdur. Heydər Əliyev hakimiyyətə gəlməsə, Naxçıvanın işğalı qaçılmaz olacaq. Ermənistan Naxçıvanı işğal etməyi çətin bir problem kimi görmürdü. Bunu Naxçıvanın coğrafiyasını bilən adamlar daha yaxşı hiss edir. Heydər Əliyevin uzaqgörüənliyi nəticəsində Naxçıvanda təhlükəsizlik bərqərar oldu.
O, işə başlayan kimi ilk olaraq Naxçıvanı qorumaq üçün Naxçıvanda Müdafiə Komitəsi yaratdı. O zaman Ermənistan nəinki Naxçıvanı, hətta Azərbaycanı da blokadaya götürmüşdü. Azərbaycanın o vaxtki Kommunist Partiyası rəhbərliyi, həm də Xalq Cəbhəsi rəhbərliyi Naxçıvana düşmən kimi baxırdılar. Heydər Əliyev bir həftə içərisində İranla danışdı və Rəfsəncani öz təyyarəsini Naxçıvana göndərdi, Heydər Əliyev İrana getdi. Daha sonra Türkiyəyə səfər etdi. Orada müqavilələr bağladı və Naxçıvana yardım aldı.
Biz gözləyirdik ki, İrandan nə vaxt çörək gələcək və biz Naxçıvan əhalisini çörəklə təmin edəcəyik. Heç nə yox idi. Aclıq, susuzduq idi. Bunların hamısı mənim yaxşı yadımdadır. Deyərdim ki, Heydər Əliyev 1991-1993-cü illərdə 350 minlik Naxçıvan əhalisini saxladı. Çörək, işıq məsələsini həll etdi. O vaxt Naxçıvanda qaz yox idi. Təbii ki, Naxçıvan əhalisi də Heydər Əliyevi öz övladları kimi qarşıladı. Onun arxasında dayandı. Ona görə də Xalq Cəhbəsi Heydər Əliyeva qarşı heç nə edə bilmirdi.
Bilirsiziniz, 1992-ci ilə qədər bütövlükdə Azərbaycanda, eləcə də Naxçıvanda çox gərgin siyasi proseslər, oyunlar gedirdi. Düzdür, 1992-ci il mayın 18-nə qədər Kommunist Partiyası rəhbərlikdəydi. Amma faktiki olaraq Xalq Cəbhəsi hər şeyi diqtə edirdi. O vaxt Xalq Cəbhəsindən olan insanlar Ali Sovetin iclaslarında iştirak edirdilər. İnsanlar görürdülər ki, onlar iclas zalında siqaret çəkir, söndürmək üçün stola basırdılar. Təkcə bu deyildi. Onlar orada küçə söyüşləri ilə danışırdılar. Xalq Cəbhəsindən seçilən deputatlar mənim gözümün qarşısındaydılar. Mən görürdüm ki, onlar küçədən gələn adamlardı. Onlardan xalqa rəhbərlik edən çıxmazdı. Ona görə də Heydər Əliyevin namizədliyini Bakıda irəli sürdüm. Naxçıvana qayıdanda Heydər Əliyevə dedim ki, sizin namizədliyinizi verdim. O da dedi ki, “Eldar, mən istəmirəm. Xalq da hazırda Xalq Cəbhəsinə inanır. Bizim istəyimiz qüdrətli, güclü Azərbaycandır”.
Ulu öndər o zaman deyirdi ki, Xalq Cəbhəsi üzvləri imkan verməz o, Azərbaycan dövləti üçün çalışsın. Sonra gördüm ki, Heydər Əliyev çox haqlı danışır. Ona görə də mən təklif etdim ki, biz partiya yaratmalıyıq. Heydər Əliyev dedi ki, nə partiya? Mən bircə Kommunist Partiyasının üzvü olmuşam, amma o quruma nifrət etdim.
Heydər Əliyevə dedim yox, siz burada qalmayacaqsınız. Onsuz da naxçıvanlıların hamısı sizin partiyanın üzvüdür. Mən ona dedim ki, siz Bakıya getməlisiniz. Çünki Cəbhə hakimiyyəti hamısı səriştəsiz adamlardan təşkil olunmuşdu. Açıq görünürdü ki, onların hakimiyyətdə olmağı da çox uzun çəkməz. Çox olsa bir il çəkər, ya yox. Sonra da rəhmətlik Murtuz Ələsgərov, Fərəməz Maqsudov və başqa adamlar Naxçıvana gəldilər. Onlar deyirdim ki, nə edirsiz edək, Heydər Əliyevin ətrafında partiya yaradaq. Heydər Əiliyevin Azərbaycanda hakimiyyətə gəlməsi üçün hökmən partiya lazımıydı. Heydər Əliyevi Azərbaycanda artıq hamı sevirdi.
Xalq Cəbhəsi qısa müddətli hakimiyyəti dövründə iç üzünü göstərdi. İnsanlar gördü ki, bu qüvvəyə rəğbət bəsləməklə səhv ediblər. Amma o insanlar qorxudan dinib-danışa bilmirdilər. Bax ona görə də partiya lazımıydı. Biz yığışdıq və Heydər Əliyevi razı saldıq. Azərbaycanda 91 ziyalı - həmin insanlar qəhrəmandırlar. Allah onların içərisindən ölənlərə rəhmət etsin, qalanlara isə can sağlığı versin - “Səs” qəzeti vasitəsilə heydər Əliyevə müraciət etdik. Mən Heydər Əliyevin yanında olan bir şəxs kimi deyə bilərəm ki, 4 oktyabra həmin o Xalq Cəbhəsi Naxçıvanda dövlət çevrilişi etdi. Düzdür, Daxili İşlər Nazirliyini, televizyanı tutdular. Belə bir zamanda Naxçıvan əhalisi yığışdı və həmin o cəbhəçiləri Daxili İşlər Nazirliyindən və televiziyadan qovdu.
Biz gecəni səhərə kimi yatmadıq. Heydər Əliyev Naxçıvan əhalisinə müraciət etdi. Beləliklə, bu məsələ sovuşdu. Sonrakı proseslərdə isə Cəbhə hakimiyyəti Gəncədə ilişdi. Gəncədə Surət Hüseynovu məhv etmək istəyirdilər, amma özləri ilişdilər. Bununla da Gəncə qiyamı baş verdi. Gəncə qiyamı baş verdikdən sonra isə özləri də gördülər ki, hakimiyyəti saxlaya bilmirlər. Ondan sonra Xalq Cəbhəsinin sədri, prezident Əbülfəz Elçibəy Heydər Əliyevin arxasınca təyyarə göndərdi. Xahiş etdi ki, Bakıya gəlsin.
Heydər Əliyevi məhv etmək istəyən adamlar indi ona yalvarırdılar ki, Bakıya gəlsin və ölkəni bu bəladan xilas etsin. Düzünü deyim ki, Heydər Əliyev çox fikirləşdi və Bakıya getmək də istəmirdi. Çünki o təyyarə ki, Heydər Əliyevin arxasınca göndərilmişdi, onu Bakıya sağ-salamat çatdıracağı bəlli deyildi.
Heydər Əliyev deyirdi ki, “Eldar mənim ən yaxın silahdaşlarımdan biridir”. Çünki mən ömrüm boyu onu sevən bir insanıydım. O da məni qiymətləndirirdi. Bizim çox güclü dostluq münasibətlərimiz vardı.
Mən 1993-cü il iyunun 7-də gecə saat təxminən 2-3-ün yarısı olardı, Naxçıvanda Heydər Əliyevə zəng vurdum. Dedim ki, sabah Bakıya getmək istəyirəm. Cavab verdi ki, get, bildirdi ki, səhər müavini Rəşid Həsənovu göndərəcək ki, məni yola salsın. Səhəri Rəşid gəlib məni yola saldı. Söhbət yola salmaqdan getmir. Amma o bildi ki, mən nə deyirəm. Mən də gəldim Bakıda müəyyən dairələrlə görüşlər keçirdim. Gördüm ki, doğrudan da Azərbaycan Heydər Əliyevsiz ötüşə bilmir, o olmasa Azərbaycan dağılacaq. Mən iyunun 8-də zəng vurdum dedim ki, hər şey yaxşıdır. İnanıram ki, Bakıya gəlmək olar. Dedi hə? Dedim hə! Dedi ki, yaxşı. Mən bir səhv etdim. Soruşdum ki, nə vaxt gələcəksiniz? Dedi ki, gələndə görəcəksən. Telefonla danışıqları tuturdular axı. Demək olmaz nə vaxt gəlir. Çünki təyyarəni göydə vura bilərdilər. Biz buna çox narahat idik.
Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və Ali Məclisdə çıxış etdi. Daha sonra Gəncəyə getdi. Mən rəhmətlik Cəlal müəllimgildə onunla bir yerdə oldum. Dedim ki, çox xahiş edirəm mən də gəlim. Dedi ki, yox. Sanki məni qoruyurdu, mənə yazığı gəlirdi ki, gedərəm, başıma bir iş gələr. Çünki mən Heydər Əliyev üçün çox sınaqlardan keçmişdim.
Heydər Əliyev getdi Gəncəyə və oradakı oyunları görüb, geri döndü. 34 nəfərin səsi ilə Ali Məclisə sədr seçildi. Ondan sonra Azərbaycanda quruculuq işlərinə başlandı.
Öncə ölkədə siyasi sabitləşmə olması üçün atəşkəs lazımıydı. Ona görə də 1994-cü ilin mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi bağlandı. Daha sonra isə ölkədəki qoçu dəstələri, “Talış-Muğan Rrespublikası”nı ortaya atanları yerində oturtdu. Bizə düşmənçilik edən ölkələrlə münasibətlər yaratmağa başladı.
Siz görün, Heydər Əliyev necə müdrik, uzaqgörən adam olub ki, hakimiyyətə gəlmnəsinin cəmi 1 ili olmasına baxmayaraq, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalatdı. O zaman Azərbaycan tanınmırdı və ona inanan da yox idi. Amma həmin o transmilli şirkətlər Heydər Əliyevin nüfuzuna görə Bakıya gəldi və müqavilələr bağlandı. Bakı-Tiblisi-Ceyhan kimi nəhəng layihənin əsası qoyuldu. O vaxtı İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidentiydi. Elə bu layihənin ilhamvericisi, həyata keçirəni də İlham Əliyev oldu.
İndi də biz öz böyük layihələrimizlə dünyaya səs salmışıq.
Mən Qurtuluşa gətirən ağır, uzun və çətin, amma Azərbaycanı dünya səviyyəsinə çıxaran yolların hansı çətinliklərdən keçdiyini qısaca danışdım. Bəli, bu Qurtuluşu həyata keçirən yeganə insan Heydər Əliyev idi. Burada həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) da çox böyük rolu oldu. Biz YAP-ı bir çox rayonlarda yaratdıq. Yaradandan sonra partiya üzvləri insanları səfərbər etdi. Həmin səfərbərlik nəticəsində insanlar qalxdı və Heydər Əliyevi tələb etdilər. Bu iş elə-belə deyil. Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldi. Azərbaycanda torpaq islahatı keçirildi. SSRİ ölkələrindən bu islahatı keçirən olmayıb. Özəlləşdirilmə keçirildi.
1996-cı ildə büdcə kasad idi. Cəmi 596 min dollar vəsait vardı. İndi isə bizim büdcəmiz milyardlarla ölçülür. Heydər Əliyev neft amilindən istifadə edərək, büdcəni inkişaf etdirməyə başladı.
1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Çinə gedən nümayəndə heyyətinin tərkibində oldum. Çində Heydər Əliyev çox çalışdı ki, ölkəmizə sərmayələr cəlb olunsun. Əlində bir çubuq tutub işğal olunmuş əraziləri göstərirdi. Çünki Çin də bizdən incimişdi. O zamankı Xalq Cəbhəsi rəhbəliyi bir tərəfdən Çinə, digər tərəfdən isə Təbrizə bayraq taxırdı. Belə fikirlərlə hamını Azərbaycandan incik salmışdılar. Onlar da Azərbaycana çox pis baxırdılar və ölkəmizin dağılmasını istəyirdilər. Mən deyərdim ki, Heydər Əliyev anadan olanda onun alnına yazılmışdı ki, dövlət qursun. Çünki yüksək səviyyədə dövlət quruculuğunu bilən adam idi.
Heydər Əliyev fenomen yaddaşa maliki insan idi. Naxçıvanda bir yerdə gedirdik və birdən hansısa cavan onun qabağına çıxanda soruşurdu ki, sən filankəslərdənsən? O qədər güclü yaddaşı və intuiziyası vardı ki...
Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu. Bu gün də ölkə Prezidenti cənab İlham Əliyev onun siyasətini layiqli şəkildə davam etdirir. Azərbaycan beynəlxalq yarışlara artıq evsahibliyi edir. I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları ölkəmizdə keçirildi. Bu oyunların çox böyük siyasi əhəmiyyəti var. Mən bunu həmişə deyirəm. Baxın, 54 islam dövləti var. Amma bunların hamısını Bakıya yığmaq bizim Prezidentin uzaqgörənliyidir ki, mesaj verir ki, ay müsəlmanlar, gəlin, burada həmrəy olun! Burada əsas istiqamət bu idi. Belə tədbirlər keçirilən zaman hər bir ölkədən Azərbaycana turistlər gəlir. Bunun sayəsində də Azərbaycanda turizm sahəsi çox inkişaf edib.
Möhtərəm Prezident kənd təsərrüfatının inkişafına çox böyük diqqət göstərir. Bizim gələcək üçün böyük perspektivimiz var. Çünki ölkə başçısı çox düzgün məsələ qoydu ki, neftsiz ölkələr necə yaşayır... Biz də sanki hesab edək ki, neftimiz yoxdur. Düzdür, ölkəmizdə neft var və ondan qazanc gəlir. Getdikcə də artacaq. Neftin baha vaxtında ondan gələn vəsaitlə 1 milyon məcburi köçkün üçün şərait yaradıldı. Hazırda Cocuk Mərcanlıda böyük bir qəsəbə salınır. Cənab Prezident də bu pulların xərclənməsini düzgün müəyyənləşdirdi. Artıq biz dünyada öz çəkisi, nüfuzu ilə fərqlənən bir ölkə olmuşuq.
Mən şərəf duyuram ki, belə bir müstəqil dövlətin, həmçinin Heydər Əliyevin ikinci dəfə müstəqillik qazandırdığı ölkənin vətəndaşıyam. Mən də bu müstəqilliyə 1991-ci il oktybrın 18-də səs vermişəm. Sevincimdən kövrəlmişəm ki, nəhayət biz də müstəqil bir dövlət olduq.
20 ATƏT Parlament Assembleyasının üzvü olmuşam. Orada olan əcnəbi yoldaşlar mənə deyirdi ki, “Eldar, sizdə bir tədbir yoxdu ki, bizi də dəvət edəsiniz gedək və Azərbaycanın gözəlliyini görək”. Bunların olmasında ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Bildiyimiz ki, Mehriban Əliyeva I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunlarının təşkilat komitəsinin sədri olub. Onun gərgin əməyi nəticəsində ölkəmizdə belə bir gözəl yarışların təşkili çox yüksək şəkildə həyata keçirildi.
Bu şəxslərin Azərbaycan üçün xidmətləri misilsizdir. Ona görə də insanlarımız bu şəxslərin əziyyətini çox böyük qiymətləndirir. Biz artıq cənab Prezidentin dediyi kimi, “sabitlik adası”nın sakinləriyik.
- Eldar müəllim 1993-cü ilin iyun hadisələrini yada salanda qəbul edirik ki, Azərbaycan xalqı məhv olmaqdan xilas oldu. Bildiyimiz qədər, o zaman Heydər Əliyevin hakimiyyətə gəlməsini xarici qüvvələr istəmirmiş.
- Çox düzgün qeyd etdiniz. Heydər Əliyev Ali Sovetə sədr seçiləndə hər gün müxtəlif ölkələrin, xüsusilə Rusiyanın, Türkiyənin səfirlərini qəbul edirdi. Onlarla söhbət edirdi. Heydər Əliyev həm də natiq idi. Onda insanları özünə cəlb etmək, inandırmaq qabiliyyəti vardı. Ona görə də Heydər Əliyev onların hamısı ilə söhbət edirdi. Onları yola gətirirdi. Heydər Əliyev Süleyman Dəmirəllə dostluq əlaqələri qurdu. Baxmayaraq ki, o zamanki baş nazir bizim əleyhimizə işləyən bir adamıydı. Bir çox ölkələr bizi istəmirdi. Üzümüzə gülüb,arxada başqa işlə məşğul idilər. Amma Heydər Əliyev siyasəti bütün bunların öhtəindən məharətlə gəldi.
- Elçibəyin özü də Heydər Əliyevin gəlməsini istəmişdi. Bizim üçün maraqlı bir məsələ var. Elçibəy Əliyevi dəvət etməsəydi vəziyyət necə olacaqdı?
- Azərbaycan dağılacaqdı və bu adda məmləkət olmayacaqdı. Azərbaycan adında xalq olmayacaqdı. Heydər Əliyev 1995-ci il noyabrın 12-də Konsititutsiyanı qəbul etməklə Azərbaycan xalqının adını saxladı. O vaxt bizim bəzi alimlərimiz deyirdi ki, bizim dilimiz türk dilidir. Biz türkdilli xalqıq. Biz türklüyümüzü danmırıq. Amma bizim adımız var - Azərbaycan. Qazaxın, özbəyin də öz adı var. Bizim də Azərbaycan adımız var. Biz 100-200 ildir gözümüzü açıb Azərbaycanı görmüşük. Və əsası da odur ki, bu Azərbaycanı dünyaya Heydər Əliyev tanıtdı. Cənab Prezidentimiz İlham Əliyev isə Azərbaycanı dünya ölkələri sırasına qatdı. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev o qədər yaşayacaq. Artıq Azərbaycan etibarlı əllərdədir.
Xəbər 3238 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|