17.02.2020 13:22
“Seçki saxtakarlığına yol verənlərin işi prokurorluğa göndəriləcək“
Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub.
Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.
Maraqlıdır, nəticəsi ləğv olunan daiələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev saxtakarlığa yol verilən dairələrin işinin prokurorluğa veriləcəyini bildirib:
“Əgər seçki dairələrinin nəticələri saxtakarlığa yol verildiyi üçün ləğv edilirsə, bu məsələlərin araşdırılması prokurorluq orqanlarına verilməlidir. Prokurorluq da konkret olaraq müəyyənləşdirəcək ki, kim hansı əməli törədib. Buna uyğun da məsuliyyətə cəlbetmə məsələsi olacaq. Yəni, əvvəlcədən gərək seçkinin nəticələri təsdiq olunsun, saxtakarlığa yol verilən dairələr dəqiq olaraq müəyyənləşsin ki, məsuliyyətə cəlb olunma prosesi başlansın. Cərimənin məbləği 150 manatdan 7000 manatadək ola bilər”.
Ə.Nuriyev seçki hüququnun pozulması, saxtakarlığa yol verilməsi bağlı azadlıqdan məhrumetmə cəzasının da tətbiq olunacağını deyir:
“Qanun pozuntusu edərək səsvermənin nəticələrini saxtalaşdıran şəxslər 3 ilədək azadlıqdan məhrum oluna bilərlər. Eyni zamanda, səlahiyyətdən sui-istifadəyə görə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hələ ki, dairələrlə bağlı məhkəmə qərarı olmadığı üçün konkret olaraq cəzalardan hansının tətbiq ediləcəyini bilmirik”.
MSK katibi Mikayıl Rəhimov isə saytımıza bildirdi ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək:
“Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.
Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.
Xəbər 1906 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|