Məktəbəqədər Müəssisə iki kənd məktəbinin uşaqlarına dərs ləvazimatları hədiyyə edib...
Ölkəmizdə özəl təhsilin inkişafına xüsusi töhfə verən Kaspi Təhsil Şirkətinin Məktəbəqədər Müəssisələri Departamenti (Kaspi KİDS) Korporativ Sosial Məsuliyyət (KSM) ənənəsini uğurla davam etdirərək yeni tədris ilində vacib sosial layihəyə imza atıb. Kaspi KİDS bu dəfə ucqar kənd məktəblərinin şagirdlərini sevindirib.
4 oktyabrda Kaspi KİDS-in nümayəndələri Cəlilabadın Təzəkənd kəndində yerləşən iki məktəbə səfər edərək məktəbəqədər yaşlı (5-6 yaş) uşaqları lazımı məktəb ləvazimatları ilə təmin ediblər.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü Əli İsgəndərov kaspi.edu.az-a bildirib ki, Kaspi KİDS-in Korporativ Sosial Məsuliyyət layihəsi ucqar kəndlərdə yaşayan və imkansız uşaqlara maddi dəstək olmaqla yanaşı, onlarda tədrisə ilk addımlarında dəstək olmaq, təhsilin önəmini aşılamaq məqsədi daşıyır.
Səfərdə iştirak edən Kaspi Təhsil Şirkəti Məktəbəqədər və Milli Kurikulumlar üzrə Akademik Menecer Aytəkin Şirinzadənin verdiyi məlumata görə, hədiyyələr sırasına məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri çanta, Kaspi nəşrləri, dəftər, rəngli karandaşlar, rəngləmə albomları və s. dəftərxana ləvazimatları və tədris vəsaitləri daxildir:
“Kaspi KİDS bununla da məktəbə yeni qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb. Uşaqların sevincini təsvir etmək çox çətindir”.
Kaspi Təhsil Şirkəti Bağçalar və beynəlxalq kurikulum üzrə meneceri Nurlana Məmmədova səfərləri zamanı məktəb kollektivi və valideynlər tərəfindən səmimi qarşılandıqlarını bildirir:
“Kaspi Təhsil Şirkətinin maarifçiləri olaraq bu təşəbbüsdə missiyamız ucqar kənddə yaşayan azyaşlılara təhsilin əlçatanlığını dərs vəsaitləri ilə təşkil etmək və təhsilin vacibliyini aşılamaq idi. Müşahidə etdiyim o idi ki, bu kənddə uşaqlar məktəb binasının şəraitsizliyinə və çətin yol şəraitinə baxmayaraq, təhsil almağa maraqlıdırlar. Valideynlər də həmçinin uşaqların təhsilli olması üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirdilər. Uşaqların gözündəki işıq bizi çox sevindirdi”.
Kaspi KİDS nümayəndələrinin baş çəkdiyi məktəblərdən biri şəhid Akif Hacıyev adına 1 nömrəli ümumi orta məktəb olub. Məktəbdə oxuyan 5-6 yaşlı 13 uşağa Kaspi KİDS-in hədiyyələri təqdim olunub.
Məktəbin direktoru Nəcəf Hacıyev Kaspi Təhsil Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirərək “İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz töhfələrini verəcəklər”, - deyə sevincini ifadə edib.
Elxan Fətiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alan 5-6 yaşlı 27 uşaq da eyni sevinc hisslərini yaşayıb. Kaspi KİDS nümayəndələrinin gəlişi uşaqların sevincinə səbəb olub və onlara əsil bayram əhval-ruhiyyəsi yaşadıb.
Məktəbin direktoru Valeh Niftiyev hədiyyələrin şagirdləri daha yaxşı oxumağa sövq edəcəklərini vurğulayıb: “Bizim uşaqlar arasında elə ailələr var ki, bu vəsaitləri almaqda çətinlik çəkirlər. Bu, xüsusən həmin ailələrin uşaqları üçün böyük hədiyyə oldu. Əminik ki, hədiyyə olunan kitablar uşaqlarda oxu vərdişləri yaradacaq. Hədiyyələri uşaqlara göstərilən diqqət və qayğı, həmçinin təhsilə yüksək sevgi kimi dəyərləndirir və Kaspi Təhsil Şirkətinin rəhbərliyinə təşəkkür edirik!”
Hər iki məktəbin uşaqları öz növbələrində dərslərini yaxşı oxuyacaqlarına, gələcəkdə ölkəmizə layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına söz veriblər. Tədbir çərçivəsində həmçinin direktor və müəllim heyətinə də Kaspi nəşrləri təqdim olunub.
Xəbər 7578 dəfə oxunub.