28.02.2017 13:48
“Bu tökülən qanlar heysiyyətimizə toxunmadı?!“
Allah sənə rəhmət eləsin, Məmməd Araz!
Ruhuna rəhmət, Sabir kişi!
Bizi nətər görmüşdünüzsə elə eləcəyik. Nə qeyrətimizdə dəyişiklik var, nə arımızda. Xocalı soyqırımının 25 illik yubileyini qeyd elədik, şərəfə qaldırdığımız qədəhlərdə beş oğulun qanı vardı. Bu dəfə də içdik. Sağlıq da dedik, “gələn ildönümlərini Xocalıda qeyd eləyək”, “Şuşada “sarı gəlin” oxudaq” filan. Bir sözlə, əhvalımız yüksəkdi. Heç qaşımız da çatılmayıb. Əlbət öhdəsindən gələcəyik, ölməmişik, qırıılmamışıq ha.
Televiziyalarmız, saytlarımız, erməninin yaydığı məlumatları tirajlayan xəbər agentliklərimiz var. Əsas odur zurnamız susmayıb, çalıb-oynayırıq, bə nə, düşmən eşidib çatlasın!
Hə e hə! Çatladı düşmənlər! Səsi də qulağımıza gəldi. Meyitlərimizi yağış yudu, gün qurutdu, on gün əvvəl birtəhər aldığımız oğulu torpağa qoyduq, bunları da basdıracağıq inşallah, ATƏT-in canı sağ olsun. Nə günə yarayır?!
Sosial şəbəkələri dünən qucağı balasının qanına bələnmiş ata şəkilləri bəzədi, bu gün də çərşənbə xonçaları bəzəyir.
Oğuluq özüm ölüm, gönümüz qalındır. Allah o Mark gədənin canını sağ eləsin, qazımızı onun hesabına alırıq, orda nəyi var “güllələrimizi” atırıq, o əclaf düşmən də “dərsini alır”.
Deməm odu ki, biz əslində belə döyülük. Mərdik! Qeyrətimizi bir çəkən min belə naxələfə dəyər! Amma...
El bizimdir axı...
Viran qalan bu yurd bizimdi! O Xocalı yürüşündə öndə gedən rərhbərlik də, əl-ələ tutub ölümə gedən oğullar da bizimdi!
Vətəndaş olaraq bir az anlayış nümayiş etdirsək, bir az diqqətli olsaq?! Nə vaxtdan bəri belə hissizləşdik, nə vaxt dəyişdik bu qədər? O qədərmi arsız olduq ki, bu tökülən qanlar heysiyyətimizə toxunmadı?!
Dünən alınan meyidlərə toymu eləyirsiniz bu gün? Nə vur çatlasındır? Nə çərşənbəsi, nə Novruzu?!
Əsgərinə, şəhidinə hörmət qoymayan bir millətin QƏLƏBƏ günü olmaz, bayram günü olmaz!
Ay anam, ay bacım, bu ölkədə məzar yeri belə pulla satılırsa gəlin ellik olaq gedək torpağımızı alaq ermənidən. Namusumuzu alaq, şərəfimizi alaq, qan tökək! Ölək lap, meyidimiz qala oralarda... Dədələrimizin, babalarımızın yatdığı torpaqdan keçdim, özümüzə gün ağlayaq. Hara basdırılacaqsınız?! Məzarlarımızadamı qaçqın statusu veriləcək?! Torpaq götürəcəkmi bizi?!
Bu ölkədə torpaq satılır. Əkin yeri, ev yeri, nə bilim, nəyə lazımdısa. Bir də şəhid ailələri torpaq satır! Hə, hə səhv oxumadığınız, sizin gözünüzdən uzaqda, kənddə kəsəkdə yaşayan o ailələr uğrunda balaları qurban gedən torpağı satır. Dədə-babadan qalan bir ovuc sahəni, yaşamaq üçün vaxtilə müharibədən gizlənib varlanan həmvətəninə satır. Həm də su qiymətinə!
Geridə qalanları yaşatmaq üçün, bu Vətənə yenidən oğullar böyütmək üçün, ya da o şəhidlərdən əmanət qalan sağ-sökəl ata-ananın bir az daha ömrünü uzatmaq üçün. İndi deyəcəksiniz ki, hə, nolsun, sözünün canı nədir? Nədir bilirsinizmi?! O bəyənmədiyiniz kəndlərdə birinin ölüsü düşəndə bütün kənd bir il ərzində televizorlarını açmazdı, bayram eləməzdi, toyu olan gəlib yas yiyəsindən izn istəyərdi. Nə həşirdəsiniz? Niyə tumanınızı başınıza keçirib Azərbaycan kanallarını bəzəyirsiniz?
Ya da ay sıravi vətəndaş, gəlin bir il yox bircə həftəlik yas eləyib açmayaq o lənət qutunu! Olmazmı? Azca Dilqəmi düşünək çərşənbə süfrələrimizdə, Həsəni yad eləyək, Çingizi ağlayaq. Balalarımıza onlardan danışaq axşamları. Ataq Koroğlunu, Qaçaq Kərəmi bir tərəfə, Ramildən, Mübarizdən deyək, ya da adını bilmədiyimiz o oğullara qazan asaq. Olmazmı?!
Di, çərşənbəniz mübarək olsun! Sadəcə unutmayın süfrənizin başında daha yenicə dünyasını dəyişən o beş oğulun da yeri var. Neçə belə bayramlara!!!
Haşiyə: 27 fevral öz işim üçün yüksək vəzifədə olan bir xanıma xatırlatma elədim, “Xocalı faciəsinin anım günündə dilinə gətirdiyinə görə işin çox vacibdir hər halda” - deyə ağzımın payını verdi.
O sözü deyən dilinə qurban olmaq keçdi içimdən. Keçdi də...
Nigar Nisfəndiyarqızı
Xəbər 6125 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|