13.10.2023 16:02
“Narkotiki boynuna al, arvadın yanımızdadır” - Şikayət
“Biz deputat Fazil Mustafagillə qonşuyuq. Ona qarşı sui-qəsd hadisəsindən sonra polislər bizim evə gəldilər. Dedilər ki, hadisədən sonra bir gəlin kameraya düşüb, guya mənim gəlinimə oxşayır. Oğlumla gəlinimi apardılar. O aparan, oğlumu narkotiklə şərlədilər”.
Xəzərnews.az Meydan TV-yə istinadla xəbər verir ki, Rəna Quliyeva oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.
O, oğlunun məhkəməsində şahid qismində dindirilib.
Onun oğlu Yunis Quliyev martın 29-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Lakin 33 yaşlı Yunis Quliyev bu ittihamın saxta olduğunu, Sabunçu rayonu, 15-ci polis bölməsində şərləndiyini bildirib. Onun sözlərinə görə, bölmədə ağlasığmaz işgəncələrə məruz qalıb.
Anası da oktyabrın 11-də məhkəmədə dindirilərkən onun dediklərini təsdiqləyib. Onun sözlərinə görə, Yunis Quliyev deputat Fazil Mustafanın güllələnməsiylə əlaqədar polis bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb və son nəticədə narkotiklə şərlənib.
“Biz Fazil Mustafanın qapı qonşusuyuq. Martın 28-də axşam ona qarşı sui-qəsd oldu. Ayın 29-da günorta saatlarında Sabunçu rayon 15-ci polis şöbəsinin əməkdaşları bizim evə gəldilər. Dedilər ki, “hadisədən 10 dəqiqə sonra kameraya bir gəlin düşüb, sizin gəlininizə oxşayır. Mən görüntüyə baxdım, dedim ki, bu, mənim gəlinim deyil”. Getdilər, axşam yenə gəldilər. Dedilər ki, “Yunislə yoldaşı bizimlə getsin, izahat versin, qayıtsın”. Oğlumla gəlinimi apardılar…”, – məhkəmədə ifadəsində danışıb.
Onun sözlərinə görə, martın 29-da və 30-da həm oğlu, həm də gəlini 15-ci polis bölməsində saxlanılıb. Martın 31-də xəbər bilmək üçün bölməyə gedib:
“İçəri girəndə dəhşətə gəldim. Oğlum oturmuş vəziyyətdə, qan içində idi. Mənə dedi ki, “Ramiləni axtar”. Gəlini axtardım, koridorda tapdım. Gəlinim dedi ki, “burada məni təhqir elədilər”. 15-ci bölmənin əməliyyatçısı Ramil Babayev oğlumu buraxmaq üçün məndən 5 min manat pul istədi. Dedim ki, yoxumdur axı. Mənə cavabı bu oldu ki, “onda oğlun getdi”. Necə dedisə, elə də elədi. Oğluma deyiblər ki, “narkotiki boynuna al, arvadın yanımızdadır, bilirsən”. Oğlumun da boynuna götürməkdən başqa çarəsi olmayıb…”.
Anası əlavə edib ki, 15-ci polis bölməsində məruz qaldığı işgəncələr nəticəsində Yunis Quliyevin səhhətində ciddi problemlər yaranıb. Onun sözlərinə görə, oğlunun böyrəklərindən qan gəlir.
Yunis Quliyevin işi üzrə məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
Daxili İşlər Nazirliyi isə polis idarə və şöbələrində işgəncə iddialarını təkzib edir.
Xəbər 1497 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|