Türkiyənin Qars şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyə Azərbaycan Assosiasiyaları Federasiyası və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Assosiasiyası tərəfindən təşkil olunan “Qərbi Azərbaycana Qayıdış” Qars Forumu keçirilib. Forumun məruzəçilərindən biri, Qərbi Azərbaycan əsilli tanınmış ziyalı, Milli Məclisin sabiq deputatı Hikmət Babaoğlu ilə müsahibəmizdə Qərbi Azərbaycan əsilli soydaşlarımızın Türkiyədə məskunlaşma, Türkiyəyə inteqrasiya tarixinə, Türkiyə ictimai-siyasi və mədəni həyatında oynadığı rola toxunmağa çalışdıq.
Türkiyədə Qərbi Azərbaycan əsilli şəxslərin məskunlaşma tarixi nə zamandan başlayır?
- Qərbi Azərbaycan ərazisi, yəni hazırkı Ermənistan Respublikasının inzibati-siyasi sərhədləri 1828-ci ilə qədər Səfəvilər, Əfşarlar və nəhayət Qacarlar imperiyasının ucqar sərhəd əraziləri olub. Yəni Osmanlı Türkiyəsi ilə sərhədi müəyyənləşdirən ərazilər hesab edilib. Coğrafi koordinatlara nəzər salsaq, görəcəyik ki, Ərdəhan- Amasiya paralelindən başlamış Qars - Gümrü və nəhayət, İqdır - Naxçıvan paralelinə qədər sərhədlər bu coğrafiyada olub. Ona görə də İrəvan çökəkliyinin başqa bir adı tarixi mənbələrdə Çuxur Sə’dd (Çuxursəəd) kimi qeyd edilir. Səfəvilərin inzibati idarəetmə bölgüsündə Qərbi Azərbaycan Çuxursəəd bəylərbəyliyi adlandırılırdı. Çar Rusiyasının demoqrafik mühəndislik siyasəti 1828-ci ildən başladı və elə həmin dövrdən də qərbi azərbaycanlılar öz tarixi torpaqlarında etnik təmizləmə siyasətinə məruz qaldılar. Ancaq bu proses mərhələli şəkildə həyata keçirilirdi. Birinci mərhələdə 100 minlərlə İrəvanətrafı türklər İran ərazisinə, xüsusilə də Urmiya və Sulduza köçməyə məcbur edildi. Eyni zamanda xeyli sayda insan Türkiyəyə, yaxud İrəvandan kənar bölgələrə üz tutdular. İkinci böyük dalğa I Dünya müharibəsində Osmanlı İmperiyasının dağılması mərhələsində oldu. Həmin dövrdə də 100 minlərlə insan İran, Türkiyə və Azərbaycana köç etdilər. Xüsusi bir mərhələ isə SSRİ və Türkiyə arasında sərhədlər müəyyənləşərkən baş verdi. Həmin dövrdə, yəni 1922-1927-ci illərdə yenə də 10 minlərlə azərbaycanlı Türkiyəyə köç etməyə məcbur oldu. Türkiyədəki Qərbi Azərbaycan əsillilər deyiləndə daha çox 1918 və 1922-27-ci illərdə mühacirət edənlər nəzərdə tutulur, digər köçlərin ağrısı nəsil yaddaşlarından ya itib, ya da çox zəifdir.
Türkiyədə yaşayan Qərbi Azərbaycan əsillilərin sayı nə qədərdir və daha çox Türkiyənin hansı bölgələrində məskunlaşıblar?
- Hazırda Türkiyədə yaşayan qərbi azərbaycanlıların sayı bir milyon, ya da ondan daha çox ola bilər. Ancaq yuxarıda qeyd etdiyim səbəbdən dəqiq rəqəm söyləmək çox çətindir. Həm də Türkiyədə hər kəs özünü türk hesab etdiyi üçün, qərbi azərbaycanlılarla bağlı ayrıca statistika aparılmır. Hərçənd hazırda belə bir statistikanın aparılmasına ciddi ehtiyac var. Çünki Qarsda keçirilən “Qərbi Azərbaycana Qayıdış” Forumunda iştirak edən qərbi azərbaycanlılar öz müraciətlərində əcdadlarına aid olan doğma torpaqlarına qayıtmaq istədiklərini bildirdilər.
Türkiyədə yaşayan qərbi azərbaycanlıların məskunlaşma arealı olduqca genişdir və demək olar ki, qardaş ölkənin bütün ərazisini əhatə edir. Ancaq hələ də kompakt yaşadıqları coğrafiyalar mövcuddur. Bunların başında heç şübhəsiz ki, qardaş ölkənin 3 əsas inzibati – siyasi vahidi gəlir. Bunlar Qars, İqdır və Ərdəhandır. Daha sonra Ərzurum, Kağızman daha sonra isə Ankara, İstanbul, İzmir və Bursa şəhərləri gəlir. Çox təəssüf ki, soydaşlarımızın kompakt yaşadığı ərazilərdə də 80-ci illərdən bəri sanki gizli bir demoqrafik siyasət həyata keçirilir. Ona görə də ənənəvi olaraq qərbi azərbaycanlılara aid hesab edilən bəzi ərazilərdə artıq onlar çoxluq təşkil etmirlər. Bu həm də urbanizasiya prosesinin nəticəsi kimi ortaya çıxır.
Cənubi Qafqaz Türk Cümhuriyyətinin qurucuları
Araz və Cənubi Qafqaz türk cümhuriyyətlərinin elan edildiyi ərazilərdə əsasən indi qərbi azərbaycanlılar dediyimiz icma məskunlaşmışdı. Bu cümhuriyyətlərin, eləcə də Qars və İqdır Milli Şuralarının Türkiyə siyasi tarixində rolu necədir?
- Hər iki cümhuriyyətin yaranması ideyası ya da yaradılması cəhdləri iki böyük imperiyanın - Osmanlı və Səfəvi türk imperiyalarının dağılmasından sonra bölgədə yaranan dövlət nüfuzu boşluğunun aktuallaşdırdığı şərtlərlə bağlı idi. Çar Rusiyası Qərbi Azərbaycanla bərabər Türkiyənin də, Qars bölgəsi başda olmaqla xeyli ərazilərinə nəzarət etmişdi. Azərbaycanda olduğu kimi, həmin ərazilərə də malakanları köçürərək region əhalisinin etnik balansını öz lehinə dəyişmək istəsə də, bu, baş tutmadı. Oktyabr çevrilişi isə Çar Rusiyasının bu məqsədini tamamilə boşa çıxardı. Ancaq regionun milli-etnik və siyasi sosiologiyası bir daha nəyə qadir ola biləcəyini və bu coğrafiyanın kimə aid olduğunu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi bizim xalq dövlətçi, dövlətqurucu etnosdur. Nəticə uğursuz olsa da, hər halda etnosumuzun həmin ərazidə yaşayan kəsimi dövlət qurmaq potensialının olduğunu sübut etdi. Çox təəssüf ki, SSRİ qurulduqdan sonra bütün bunların mənası qalmadı. Çünki regionun hərəkətverici etnosiyasi mərkəzi Ermənistana ötürüldü və 1987-91-ci illərdə Ermənistandan sonuncu azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qaldılar. Milli şuraların, yəni Qars və İqdır Milli Şurası adları isə bir qədər şərtidir. Çünki sözügedən şuraların adlarının altında daha geniş çoğrafiyanın potensialı toplanmışdı. Məsələn, hazırda Gürcüstanın ərazisi olan Axıska (Ak Saka), Axalkalaki (Ak Al Kala), hətta hazırda qardaş ölkənin ərazisi olan Ərdəhan, Kağzıman, Tuzluca kimi coğrafiyalar da bu şuralara maraq göstərirdilər. Çünki həmin ərazilərin əhalisinin böyük bir qismi özlərini sosial və etnik identiklik baxımından daha çox bizə aid hesab edirdilər. Ancaq tarix həm də baş tutmayan ya da nəticə verməyən mübarizələrin tarixidir.
Qərbi Azərbaycan əsilli şəxslərin öz tarixi vətənləri ilə bağlarının itməməsində 50-60-cı illərdə fəaliyyət göstərmiş, qarsılıları birləşdirən cəmiyyətlərin də rolu haqda danışılır. Həm də o cəmiyyətlər Türkiyə ictimai siyasəti həyatına tanınmış şəxslər təqdim edə bilmişdi.
- Hazırkı siyasi gerçəkliklər kontekstində bu mövzuların bir hissəsini sadəcə tarix kimi nəzərdən keçirmək mümkündür və hətta deyərdim ki, lazımdır. Sosiologiya elmi müasir insanın etnik və dini kimliyindən daha çox onun sosial və siyasi kimliyini önə çıxarır. Bu mənada həmin dövrdə milli siyasi kimliyi ilə seçilən çoxsaylı ziyalılarımızın bir qismi milli mübarizəmizin qurbanlarına çevrildilər. Bir qismi isə taleyin hökmü ilə məhkum edildikləri coğrafiyalarda mühüm işlər görə bildilər. Düşünürəm ki, bəhs olunan dövr çox az araşdırılıb və indiki tarixi mərhələdə öyrənilməsi üçün özünün tədqiqatçılarını gözləyir.
Türkiyə siyasət tarixində xüsusi iz buraxmış hansı Qərbi Azərbaycan əsilli şəxslər var?
- Bu suala əzbər cavab vermək çox çətindir. Ən kiçik miqyasdan başlasaq deyə bilərəm ki, mənim dünyaya göz açdığım Amasiya rayonunun cəmisi 80 evlik Göllü kəndindən Türkiyə Böyük Millət Məclisinə soyumdan olan iki millət vəkili seçilib. Zəki Nacitarkan və Atilla Qaya. Qarsa son səfərim zamanı hər ikisi ilə telefonla görüşüb hal-əhval tutdum. Ona görə ki, hazırda heç biri Qarsda yaşamır. İndi bu mikromiqyasdan başlayıb bütöv coğrafiyanı öyrənməyə çalışsaq, görün nə qədər böyük nəticələr əldə etmək olar. Ona görə də mövzunu aktuallaşdırdığınız üçün sizə təşəkkür edirəm. Necə deyərlər özümüzü öyrənməyin, ya da elə yenidən kəşf etməyin vaxtı çoxdan çatıb. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə keçirdiyi tarixi görüşdə bildirdi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. Hamımız əminik ki, bizləri Qərbi Azərbaycana qaytaran da həm də tarixi yaddaşımız olacaq. Yəni bizi özümüzü o torpaqlara mənsub hesab etməyimiz və o torpaqların bizə aid olduğunu bilmək hisslərimiz. Bu isə elə milli yaddaş deməkdir.
Türkiyədə yaşayan, Türkiyə cəmiyyətinə kifayət qədər inteqrə etmiş soydaşlarımız Türkiyə və Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində körpü rolunu da oynayır.
- Bu, təbiidir. Eyni zamanda Qərbi Azərbaycan coğrafiyası, yəni indiki Ermənistan ərazisi vahid türk etnosiyasi çoğrafiyasının tərkib hissəsidir. Qərbi azərbaycanlılar sülh yolu ilə öz tarixi torpaqlarına qayıdarlarsa, bu həm Ermənistan və Azərbaycan arasında etibarlı və davamlı sülhün əldə edilməsinə böyük töhfə verə bilər, həm də qardaş Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinə gətirib çıxarar. Hazırda qlobal imperializm Çar Rusiyasının 200 il əvvəl türk dünyasını parçalamaq üçün etdiklərini başqa bir formada edir. Çar Rusiyası Qərbi Azərbaycan torpaqlarında süni Erməni vilayəti yaratdı, sonra isə Sovet Rusiyası həmin torpaqlarda Ermənistan dövləti yaradaraq regionun etnik tərkibini dəyişdi. İndi isə qlobal imperializm düşünülmüş şəkildə bizə aid olan etnomədəni çoğrafiyaya başqa xalqları yerləşdirərək türk xalqlarının etnik və siyasi bütövlüyünü pozmağa çalışır. Bu, olduqca təhlükəli demoqrafik mühəndislikdir və çox təəssüf ki, qlobal imperializm bu istiqamətdə xeyli ciddi uğurlar əldə edə bilib. Ona görə də ən qısa zamanda qərbi azərbaycanlılar öz torpaqlarına qaytarılmalı, Ermənistan Respublikasının tam hüquqlu vətəndaşları kimi öz tarixi torpaqlarında yaşamalı və əcdadlarının min illər boyu yaratdıqları mədəniyyət üzərində öz milli irsini davam etdirməlidilər.
C.Quliyev
P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.
Xəbər 8359 dəfə oxunub.