“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


15.02.2017  13:40 

Azərbaycanda siqaret dumanında gizlənən kimlərdir?





A+  A-


Dünyada maliyyə böhranı başlayandan bəri bir çox mal və məhsullarının qiymətlərində artımlar baş verir.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iqtisadi böhranın, baş verən devalvasiyaların fonunda ölkəmizdə də bir sıra məhsulların qiyməti bahalaşır. Bəzi məhsulların qiymətləri dövlət tərəfindən “qiymətləri tənzimlənən mallar”ın siyahısına daxil edilsə də, yerdə qalanların qiymətini bazar müəyyən edir.

Qiyməti bazar tərəfindən tənzimlənən, ölkədə əksər kişilərin istifadə etdiyi siqaret bazarındakı vəziyyət isə heç də ürəkaçan deyil. İstehlakçılar zaman-zaman qiymətlərin tez-tez qalxıb düşməsindən narazılıqlarını dilə gətirirlər. Eyni zamanda sahibkarlar da topdansatış yerlərində onlara siqaretin verilməməsindən gileylənir və bununla bağlı mətbuata da müraciət edirlər.

Düzdür, 2015- ci ilin dekabrında prezident İlham Əliyev “Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” adlı sənədi təsdiqləyib. Həmin sənədin icrası yerinə yetiriləcəyi halda 2020- ci ilədək ölkədə tütündən istifadənin 10 faiz azala biləcəyi təxmin edilir. Ancaq bütün bunlara baxmayaraq, tütün məhsullarından istifadənin qarşısını tamamilə almaq əlbəttə ki, mümkün deyil.

Bu sahədə isə qeyd etdiyimiz kimi vəziyyət tez-tez dəyişir. Siqaretin gah nağd, gah da nağdsız şəkildə alışı qaydaları tətbiq olunur, qiymətlərdə “oynamalar” baş verir.

Bəs Azərbaycana siqaret necə və hansı yollarla daxil olur? Real və utancverici vəziyyəti göstərən faktlardan biri illərdir davam etməkdədir. Yəqin ki, çoxunuz bir sıra xarici ölkələrə, xüsusilə də Ukraynaya, İrana gedən yaxınlarından özü üçün 3 blok siqaret gətirməsini xahiş edənlərə rast gəlmisiniz. 600 ədəd siqaretin ölkəyə gətirilməsinə qanunla da icazə verilir. Buna görə də, bu üsula dolanışıq vasitəsi kimi baxanlar da az deyil. Xüsusilə İranla, Gürcüstanla sərhəddə yerləşən bölgələrimizin sakinləri bu imkandan asanlıqla yararlana bilirlər.

Qaçaqmal siqaret

Bu proseslə yanaşı, ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olan siqaretlərin taleyi ilə bağlı məsələ də qaranlıqdır. Dövlət Gömrük Komitəsinin ən çox yaydığı məlumatlardan birinin məhz aksiz markasız siqaretlərin müsadirəsi ilə bağlı olduğunu nəzərə alsaq, bu məhsulların sonrakı taleyi haqda heç bir məlumat verilmir. Məlumatalara görə, bu gün bu məhsullar əslində məhv edilmir, qanunsuz şəkildə yenidən bazara çıxarılaraq dövriyyəyə buraxılır. Bu gün şəhərin əksər satış yerlərində, xüsusi dükanlarda İsveçrə istehsalı olan bu cür siqaretlərə rast gələ bilirik və onları istənilən sayda satışdan almaq mümkündür. Yeri gəlmişkən, istehlakçının “təmiz mal” kimi dəyərləndirdiyi bu siqaretlər 5 manatdan ucuz satılmır, yəni bazarda aksizlə təqdim olunadan siqaretlərdən daha baha qiymətə...

Yuxarıda sadalanan məsələlər əslində siqaret bazarının acınacaqlı olduğunu göstərən faktlardır. Belə olan halda ortaya bir çox suallar çıxır. Niyə bu sahədəki vəziyyət həmişə istehlakçıları təhdid etməkdədir? Siqaretin ölkədə yerli istehsalı nə vəziyyətdədir? İdxalı hansı şirkətlər və haradan həyata keçirir? Niyə həmin şirkətlər bu sektoru monopoliya altında saxlayır? İllərdir tütünün tam istehsalı üçün ölkədə şərait olsa da, bu niyə həyata keçirilmir? Qiymət artımları kimlərin marağındadır? Bazar iqtisadiyyatı olduğu halda, niyə ölkəyə daxil olan siqaretlərin qiymətləri həmişə eyni olur? Bu sahədə niyə rəqabət yoxdur?

Suallar həddən artıq çox olsa da, əslində cavablar az-çox ictimaiyyətə məlumdur.

Sayt bu sahədəki vəziyyəti araşdırmağa çalışıb.

Əvvəla, ondan başlayaq ki, ölkədə demək olar ki, yerli istehsal yoxdur. İki yerli şirkət, “European Tobacco-Baku” və “ Cahan Tobacco” siqaretin istehsalı sahəsində daha çox məşhurlaşıb. Birinci şirkət, 2000- ci ildə yaranıb. Rəhbərliyini həyata keçirən şəxs isə Milli Məclisin deputatı Rüfət Quliyevdir. Şirkətin fəaliyyəti ətrafında bir çox suallara aydınlıq gətirmək üçün deputata müraciət etsək də, onun köməkçisi Əzizbala Mustafayev suallarımıza cavab verə bilməyəciyini qeyd etdi. Sadəcə bildirdi ki, şirkətin idarəçiliyində dəyişiklik baş verir. Ona görə də məlumat verə bilmirlər.

Rüfət Quliyev

Maraqlı cəhət ondan ibarətdir ki, 17 ildir fəaliyyət göstərən şirkətin indiyə kimi rəsmi internet saytı belə yoxdur. Yəni bu illər ərzində şirkətin yerli bazarı neçə faiz tütünlə təmin etməsi, xaricə nə qədər tütün məmulatları ixrac etməsini öyrənmək qeyri-müşküldür.

İkinci adı çəkilən “Cahan Tobacco” şirkətinin rəsmi internet saytında statistik məlumatlar qeyd olunmasa da, hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malayziya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır. Sadəcə olaraq, digər şirkətdə də olduğu kimi burada da siqaretin qablaşdırılması prosesi həyata keçirilir. Ancaq “Cahan Tobacco” nun da bazarı neçə faiz siqaretlə təmin etdiyi, xaricə ixrac məsələləri açıq qalır. Qeyd edək ki, bu siqaretlər əsasən Naxçıvan MR-da satılır.

Cahan Tobacco

Bu sahədə ən qaranlıq məqamlardan biri idxal prosesi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda siqaretin idxalı ilə rəsmi qaydada 3 şirkət məşğul olur. Onlar “İMEKS”, “Krokus LTD”, “AMD Trade” şirkətləridir. Adı çəkilən şirkətlər “B.A.T” tobacco, “İT tobacco”, “CTİ “ tobacco kimi beynəlxalq nümayəndəliklərin Azərbaycanda rəsmi distribyütorlarıdır. Azərbaycan bazarını idarə edən bu üç distribyütordan yalnız “İMEKS” şirkətinin əlaqə nömrəsini internetdən tapmaq mümkündür. Şirkətdən hansı siqaretlərin ölkəyə idxal etdiklərini, qiymətlərdəki dəyişikliklərin səbəbini soruşmağa çalışsaq da, cavab almaq mümkün olmayıb.

Yerdə qalan “ Krokus LTD” və “AMD Trade” haqqında məlumatlar yoxdur. Yalnız adından məlum olduğu kimi, “Krokus LTD”-nin Araz Ağalarova məxsus olması barədə mətbuatda bir neçə dəfə yazılar yazıb. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.

“Krokus ltd” Araz Ağalarova məxsus “Crocus International” (Rusiya) qrupunun törəməsidir. 2014- cü ildə Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumata görə, “Krokus ltd” Bakıda tütün məmulatı istehsal etmək üçün “European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürüb. Hətta o ildən sonra “European Tobacco-Baku” nun idarəçiliyinin “Crocus İnternational”a keçdiyi haqqında məlumatlar da yayılıb.

Cavanşir Feyziyev

Bazara nəzarət edən bu üç ”gizli əl” in rəhbərliyində kimlərin təmsil olunması haqda da rəsmi məlumat yoxdur. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, üç distribyütora nəzarəti deputat Cavanşir Feyziyev həyata keçirir. Maraqlıdır ki, şirkətlərin rəsmi qeydiyyat ünvanları da eynidir.

Göründüyü kimi, şirkətlərlə rəsmi əlaqə saxlamaq mümkün olmadığına görə, onlardan qeyd olunan suallara cavab almaq mümkün olmayıb. 

Ölkədə baş verən məlum devalvasiyalar fonunda isə siqaretlərin qiymətində bir neçə dəyişiklik baş verib. Demək olar ki, 2015- ci ildən bu yana qiymətlərdə 4 dəfə dəyişiklik qeydə alınıb. 2016- cı ilin sonlarına yaxın satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Qiymət artımının qeydə alındığı siqaret markaları bunlardır:

LD (nazik qutu) – 2.60 AZN (əvvəlki satış qiyməti – 2.30 AZN)

– LD (qalın qutu) – 2.30 AZN (2.00 AZN)

– Winston – 3.10 AZN (2.80 AZN)

– Sobranie – 3.70 AZN (3.30 AZN)

– LD (göy qutu) – 1.70 AZN (1.50 AZN)

– LD (ağ qutu) – 1.60 AZN (1.40 AZN)

– Winchester (compact) – 1.50 AZN (1.30 AZN)

– Winchester (qalın qutu) – 1.40 AZN (1.20 AZN)

– More – 1.20 AZN (1.00 AZN)

– Yava – 1.20 AZN (1.00 AZN)

– Viceroy (compact) – 1.50 AZN (1.30 AZN)

– Viceroy (nazik qutu) – 2.30 AZN (2.00 AZN)

– Rothmans (compact) – 2.30 AZN (2.00 AZN)

– Rothmans (nazik qutu) – 2.60 AZN (2.30 AZN)

– West (qalın qutu) – 1.50 AZN (1.30 AZN)

– West (compact) – 1.70 AZN (1.50 AZN)

– Classic (compact) – 1.50 AZN (1.30 AZN)

– Classic (uzun) – 1.60 AZN (1.40 AZN)

– Classic (qalın qutu) – 1.40 AZN (1.20 AZN)

– Prima – 1.20 AZN (1.00 AZN)

– P&S – 2.30 AZN (2.00 AZN)

– West (nazik qutu) – 2.60 AZN (2.30 AZN).

Qeyd edək ki, il başlanandan bəri qiymətlərdə növbəti dəyişiklik qeyd alınıb. Siyahıda adları qeyd olunan markalarının bəzilərinin qiymətində 20-40 qəpik arasında növbəti artım baş verib.

“Cahan Tobacco” istehsal etdiyi “Cahan”, “Visore”, “Nova” markalı siqarətlərin qiyməti 70 qəpik, “Fine” nın qiyməti isə 80 qəpikdir. Bu siqaretləri çəkənlər isə keyfiyyətin heç də yaxşı olmadığını vurğulayırlar.

Elə buna görədir ki, istehlakçılar baha da olsa idxal olunan siqaret məhsullarına daha çox üstünlük verirlər.

Bir məsələ cəmiyyətə aydındır ki, ölkədə yerli tütün istehsalı ilə üçün bütün əlverişli imkanlar mövcuddur. Prezident İlham Əliyev də 2016-cı il oktyabrın 5-də “Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi müəyyən edilib. Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Yaxın tarixə qısa nəzər salsaq görərik ki, dünyada tütün istehsalçıları arasında Azərbaycanın da müəyyən qədər payı olub. Keçmiş SSRİ-də 1970-ci illərdə Azərbaycanda təxminən ildə 25 min ton tütün istehsal olunub. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılıb.

Ancaq son 25 ildə istehsal 50 min ton azalıb, son illərdə isə cəmi 3-4 min ton təşkil edir. Kifayət qədər gəlirli sahə olan tütünün istehsalının ölkədə yenidən canlanması məqsədilə də ölkə başçısı sözügedən sərəncamı imzalayıb. Çıxışlarının birində də ölkə başçısı hazırda istehsal olunan 2500 ton tütünün hökuməti qane etmədiyini vurğulayıb.

2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb. Qiymətlər isə 52,1 faiz bahalaşıb.

2015- ci ilin statistik məlumatlarından aydın olur ki, bu ildə respublikaya 1779,04 ton tütün xammalı, 11522,84 milyon ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Beləliklə, idxala 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. İxrac isə cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. Arada olan 198 milyon dollarlıq fərqi isə ölkə iqtisadiyyatı üçün dəhşətli rəqəm hesab etmək olar.

Ölkəmiz tütün xammalını əsasən Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan alır. İxrac əməliyyatları isə Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılır. İdxal əməliyyatları daha çox Ukrayna ilə Rusiya ilə həyata keçirilir.

Göründüyü kimi, ölkədə tütünün tam istehsalı üçün bütün şərait mövcud olsa da, yerli şirkətlər naməlum səbəblərdən bu işdə maraqlı deyillər. Görünür, onlar idxal prosesindən daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Beləliklə də bazarda monopoliyanı davam etdirmək, rəqabət şəraiti yaratmamaq üçün bütün gizli imkanlardan istifadə edirlər. Ancaq hesab edilir ki, prezidentin məlum sərəncamından sonra ölkədə siqaret bazarında bu dəhşətli vəziyyət aradan qalxacaq. İstehlakçılar ən azı ayda 1-2 dəfə baş verən qiymət bahalaşmasından xilas ola biləcəklər. Azərbaycan iqtisadiyyatı da tütünçülükdən xeyli gəlir əldə edə biləcək. Yaxın gələcəkdə hələ 2015- ci ildə idxala sərf olunan 300 milyon dollara yaxın vəsaitin ən azı ölkədə qalma variantları reallaşa biləcək. İxrac əməliyyatları fonunda isə büdcə külli miqdarda vəsait əldə etmək imkanına sahib olacaq.



Xəbər 1951 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +