29.12.2022 18:12
“Xankəndidə ermənilərin adına hesab açıb pul köçürürük” - Siyasətçi
XəzərNews.az politoloq Zərdüşt Əlizadənin “Yeni Sabah” müsahibəsini təqdim edir:
- Mətbuatda Qarabağda yaşayan ermənilərə 15-20 min manat məbləğində müavinət verilməsiiylə bağlı çağırış etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Müavinətlər yalnız qanunun müəyyənləşdirdiyi qaydada verilməlidir. Onlar bizim vətəndaşlarımızdır. O vaxtı quldur-cani dəstələri gəldilər, dinc camaatı döyə-döyə, söyə-söyə məcbur etdilər ki, onlara tabe olsunlar. Özləri də qeyri-qanuni bir quldur dövləti qurdular və onları heç kim tanımadı. O əhalini də 30 il əsarətdə saxladılar. İndi Azərbaycan Ordusu yadelli qoşunlara qalib gəlib, onları torpaqlarımızdan çıxarıb və ermənilərə deyir ki, qayıdın Azərbaycana, çünki siz bizim vətəndaşlarımızsınız. Əgər onlar Azərbaycan vətəndaşlarıdırsa və vətəndaşlığımıza qayıtmağa razıdırlarsa, demək, onların bu 30 ildəki qəsb olunmuş hüquqları tanınmalıdır. Onların hamısının adı bizim Dövlət Statsika Komitəsi, yaxud DİN-də var. Kim harada, hansı vəzifədə işləyib, maaşı nə qədər olub, harada yaşayıb və s. Bu köhnə məlumatlar durur. İndi ölən ölüb, gedən gedib, amma qalanların haqqı var ki, Azərbaycan Respublikasının təqaüdünü alsınlar və onların payına düşən müavinətlər onlara verilsin. Əgər o erməni vətəndaşı sağdırsa və hazırda təqaüd yaşındadırsa, 30 ildə onun təqaüd pulu olacaq 15-20 min manat. Bunlar da yığılıb ona verilməlidir.
- Necə?
- Çox sadə. Xankəndidə “Kapital Bank” yaxud “Beynəlxalq Bank”ın şöbəsi açırıq, orada onların adına hesab açılır və pul oraya köçürülür. Deyilir ki, Azərbaycan Respublikası vətəndaşının pasportunu alandan sonra adam balası kimi gedir o banka, şəxsiyyət vəsiqəsini göstərir ki, mən Azərbaycan vətəndaşıyam və Azərbaycan dövləti mənim adıma bu bankda filan qədər pul qoyub. Bu, Azərbaycan vətəndaşı kimi mənim haqqımdır. Bank da dinməz-söyləməz bu pulu çıxarıb ona verir. Mənim təklifim bundan ibarətdir: qanunun aliliyi, ədalətin bərpası və kinin, ədavətin aradan qaldırılması. Buna xidmət edir təklifim və mən ilk dəfə bu təklifi 1995-ci ildə yazmışdım, amma qulaq asan olmadı. Üstündən 27 il də keçdi, yenə də həmin təklifi deyirəm: fərz edək ki, Qarabağda indi haradasa bir yaşlı insan yaşayır. Ömründə əlinə silah alıb bizə qarşı vuruşmayıb. Sadəcə o dəliqanlılar, fədailər, xaricdən gələn muzdlular əllərində silah ora-bura qaçanda bu yazıq qorxusundan çəkilib oturub evində. İndi Azərbaycan hakimiyyəti qayıdır. Əgər qayıdırsa, Azərbaycan dövləti onun hüquqlarını tanımalıdır. Fikrim indi də eynidir. Milliyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının eyni və qanunla tanınan hüquqları var. O cümlədən erməni vətəndaşlarımızın da.
- Bəs bundan başqa hansı cəzbedici təklifləri onlara təqdim edə bilərik?
- Ermənilər hər zaman deyirlər ki, Azərbaycan bizim hüquqlarımızı tanımayacaq. Misal olaraq, Naxçıvan. Ora ki, Ermənistan deyildi. Vasif Talıbov 30 ildir orada oturmuşdu və bütün Naxçıvan əhalisinin haqqını əllərindən almışdı. İndi Vasif Talıbovu çıxarıblar, minlərlə naxçıvanlı deyir ki, dövlət mənim hüquqlarımnı versin. İndi də həmin Vasif Talıbov kimi Qarabağda da separatçılar idi ki, əllərində silah, xalqı danışmağa qoymurdular. İndi isə Azərbaycan hakimiyyəti gəlib deyir ki, mən sizin hüquqlarınızın təminatına zəmanət verəcəyəm. Əgər biz istəyiriksə, Qərb dünyası Qarabağ ermənilərinin Azərbaycana qayıtmasına dəstək versin, onda biz ona razı olmalıyıq ki, Qarabağda heç bir qoşundan söhbət gedə bilməz, rus ordusu da çıxmalıdır.
- Sonra?
Sonra isə dünyada tanınan 5-6 mötəbər insan hüquqları təşkilatları var ki – “Amnesty International”, “Human Rights Watch” onlar gəlib Bakıda öz filiallarını açırlar. Ondan sonra öz hesablarına Xankəndiyə adam göndərirlər ki, orada filialın bürosunu açsınlar. Əgər Azərbaycan hakimiyyəti Xankəndinin qansız-qadasız qayıtmasını istəyirsə, bunlara imkan verməlidir. Erməni əhalisinə də desin ki, hər hansı bir məmur Azərbaycan qanunlarını pozub sizi incitsə, zəhmət çəkib gəlin beynəlxalq insan hüquqları müdafiə təşkilatlarına müraciət edin. Belə olan halda biz də Azərbaycan hakimiyyətinə şikayətlərinizi deyəcəyik. Bəs yaxşı, Azərbaycan dövləti bundan nəsə qazanacaq? Yox. Axı ermənilərin nəyi var ki, onların hüququ pozulanda kiminsə cibi dolsun? Acından günorta duran əhalidir və onların hüquqlarını tanımaq lazımdır. Biz onlara zəmanət veririk ki, onların hüquqlarının müdafiə məsələsi beynəlxalq insan hüquqları cəmiyyətinin vəzifəsinə dönür.
- Yurisdiksiyanı bölgədə bərpa etmək üçün nə etməliyik?
- Üçüncü təklifim də budur. Bu isə ondan ibarətdir ki, Azərbaycan Konstitusiyası referendumla dəyişsin və orada bələdiyyələrə bir sıra hüquqlar verilsin. ABŞ, Fransa, İngiltərə, Almaniya və digər ölkələrdə bələdiyyələr ən varlı təşkilatlardır. Onlar öz ərazilərində satılan istənilən maldan yerli vergi götürürlər. Verginin bir hissəsi mərkəzi, bir hissəsi də yerli büdcəyə gedir. Bələdiyyələrin pul vəsaiti olmalıdır. Eləcə də bələdiyyələr öz ərazisində çıxan faydalı qazıntılardan onlara müəyyən gəlir payı gəlməlidir. Yeri gəlmişkən, Azərbaycan Konstitusiyasında bu maddə var, amma yerinə yetirilmir. Yəni güclü bələdiyyə institutları yaradılsa və ermənilər görsə ki, Xankəndi və ətraf ərazilərdə pulu olan, güclü, camaatı idarə edən bələdiyyələr yaranır, bu da onlar üçün şirnikləndirici amil olardı.
- Bəs xalqın inteqrasiyası üçün nə etməliyik?
- Dördüncü təklifimin əsasında o durur ki, Milli Mədəniyyət Fondu təsis etmək lazımdır. Beynəlxalq statuslu Milli Mədəniyyət Fondu. Yəni Erməni Mədəniyyət Fondu yaradılmalıdır, erməni mədəniyyəti, dili, dini, musiqisi, rəqsi və muzeyi ilə bağlı olan bütün məsələləri Mədəniyyət və Turizm Nazirliyinin nəzarətdən çıxarılıb xalqın özünün seçib yaratdığı Erməni Mədəniyyəti Fonduna verməliyik. Bu fonda da dünyanın istənilən yerindən pul köçürə bilərlər. Erməni dili, erməni dilində tədris, məktəb, muzey, erməni mədəniyyətinin qorunması olacaq öz vəzifələri. İstər ona İrəvandan, istər Kaliforniyadan, istərsə də Fransadan pul köçürərlər. Dövlət mədəniyyət işlərinə qarışmamalıdır. Dövlət mədəni məsələlərdə kömək əlini uzada bilər, amma özü idarə etməməlidir. Deməməlidir ki, filankəsə Xalq artisi, bəhmənkəsə Əməkdar artist adı verək. Bu, hamısı mədəniyyət fondlarının vəzifəsi olmalıdır və həmin mədəniyyət fondları Azərbaycanda yaşayan bütün milli azlıqlara şamil edilməlidir: talış, ləzgi, avar, kürd, rus, yəhudi mədəniyyət fondu və s. İstəsələr, yarada bilərlər. Beləliklə də, bu xalqlar öz mədəniyyət məsələlərini özləri idarə edəcəklər. Bundan sonra da bir çox ziddiyətli məsələri aradan qaldırılacaq. Biz onların mədəniyyət məsələlərinə qarışmamalıyıq.
Sonuncu, beşinci təklifim isə odur ki, müharibədən sonra, əgər barışıq istəyiriksə, dilimizin altına şəkər qoymalıyıq. Hədə-qorxuyla yox, şirin sözlə barışmaq lazımdır.
Xəbər 4852 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|