Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…


02.09.2024  14:59 

“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?





A+  A-

Azərbaycan ilə İsrail arasındakı münasibətləri İlham Əliyev aysberqə bənzədib. Yəni görünən aysberqin suyun üzündə olan onda bir hissədir. Bu münasibətlərin onda doqquzu isə gizli saxlanılır. Belə şeylərin pünhan qalması dövlətin xeyrinədir. Belə ki, bu münasibətlərə düşmən olanlara əlavə arqument vermir.

Mən Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşməsinin tərəfdarıyam. Bu barədə dəfələrlə yazmışam. Niyə bu münasibətlərin tərəfdarıyam? Ən azı ona görə ki, II Qarabağa Müharibəsi zamanı İsrail bütün imkanları ilə, o cümlədən ABŞ-dakı yəhudi lobbisinin dəstəyi ilə, Azərbaycanın yanında olub. Özü də başdansovdu yox, candərdi yox, canla-başla olub. İran isə Qarabağa savaşı balayandan indiyə kimi həmişə ermənilərin yanında olub, indi də yanındadır.

Bəllidir ki, Azərbaycan-İsrail münasibətlərinə ən çox etiraz edən ölkə İrandır. Rəsmi Tehran bizi sionizmin nökəri kimi təfsir edir. Davamlı şəkildə şiə həmrəyliyi naminə Azərbaycanı İsrail ilə münasibətləri kəsməyə çağırır.

Ancaq ortada bütün gizli sirləri aşkar edən bir tarix var. Düzdür, tarix İranın saqqalı xınalı ayətullahları kimi ağızları köpüklənə-köpüklənə danışmır. Həqiqətləri daha çox pıçıltı ilə deyir. Bu pıçıltıları eşitməkdə isə fayda var...

İran molla rejiminin siyasi ritorikası bəllidir: Dövlət əhəmiyyətli tədbirlərdə az qala hər dəfə “Şeytan Amerikaya ölüm!”, “Sionist İsrailə ölüm” şüarları səsləndirilir. İran istəyir ki, Azərbaycan da tutaq ki, İraq, Livan, Suriya, Yəmən... kimi öz dövlət maraqlarına arxa çevirərək Qumdan gələn təlimatlar əsasında belə sərsəm şüarlarla çıxış etsin. Qərblə münasibətlərini sıfırlasın...və sonda İranın əyalətinə çevrilsin. Təbii ki, biz Turan sevdasını İran mollalarının fars şovinizminə qurban vermək fikrində deyilik...

Xatırladıram: İran-İraq müharibəsi zamanı (1980-1988) İsrail İranı dəstəklədi. İrana hərbi texnikanın əsas təchizatçılarından biri oldu. İranı hərbi təlimatçılarla təmin etdi. Əvəzində İrandan kəşfiyyat materialları aldı və İraqın Osirak nüvə reaktoruna qarşı Opera əməliyyatını həyata keçirdi. Bəllidir ki, sözügedən nüvə reaktoru İraqın nüvə silahı proqramının mərkəzi komponenti idi.

Təbii ki, İsrailin bu dəstəyi olmasaydı İran İraqın qarşısında duruş gətirə bilməzdi. 1979-cu ildə şahın devrilməsi ilə İsrail İranda itirdiyi nüfuzunu bərpa etməyə çalışırdı. Eyni zamanda İsrailin hərbi sənayesinin inkişafı üçün kütləvi silah satışına ehtiyac vardı.

Hələ orası da vardı ki, İsrailin İrana silah satması yerli yəhudi icmasının İrandan İsrailə və ABŞ-a maneəsiz immiqrasiyasını da asanlaşdırdı. Müharibə zamanı İsrailin İrana dəstəyi gizli şəkildə həyata keçirilib və İran dəfələrlə iki ölkə arasında hər hansı əməkdaşlığı inkar edib. Ancaq bu, mövcud reallığı dəyişmir ki...

1979-cu ildə İran İslam İnqilabı baş verdi. Şah Məhəmməd Rza Pəhləvi dövründə İran İsrail silahlarının əsas alıcısı idi. Lakin inqilabdan sonra Ayətullah Xomeyninin yeni hökuməti İsraillə münasibətləri dondurdu və ona qarşı açıq düşmənçilik etməyə başladı.

İranın İraqla münasibətləri də inqilabdan sonra pisləşdi. Xomeyni İraqın İranla həmsərhəd ərazisində yaşayan şiə əhalisini hədəf almışdı. İran İslam inqilabını yaymaqda israrlı görünürdü. İran regional hegemonluğa can atırdı. Qonşu ölkələrdə fəal şəkildə sabitliyi pozmağa çalışırdı. Dünyəvi pan-ərəb millətçiliyini müdafiə edən və sünni olan İraq prezidenti Səddam Hüseyn ilə İran arasında qarşılıqlı ittihamlar getdikcə vüsət alırdı. Ayətullah Xomeyni əhalisinin əksəriyyəti şiə olan İraqı ələ keçirmək istəyirdi. Səddam Hüseyn isə İranın cənub neft yataqlarına və ərəblərin əksəriyyət təşkil etdiyi İranın Xuzistan əyalətini işğal etmək arzusuna düşmüşdü. Müharibə qaçılmaz görünürdü.

Belə bir fonda İranın ilk baş nazir Mehdi Bazarqan ABŞ hökumətinə silah idxalı üçün müraciət etdi. Lakin Karter administrasiyası İranın daxili işlərinə qarışmaq istəmədi. 1979-cu ilin payızında baş nazir Bazarqanın mötədil fraksiyası daxili mübarizədə ekstremist fraksiyaya uduzmağa başladı. 4 noyabr 1979-cu ildə ekstremist fraksiya ünsürləri Birləşmiş Ştatların səfirliyini ələ keçirdilər və Amerika səfirliyinin əməkdaşlarını girov götürdülər. Buna cavab olaraq ABŞ hökuməti İrana embarqo qoydu.

Gizli silah müqaviləsi
Karter administrasiyasından hərbi texnika ala bilməyən iranlılar arxa kanallar vasitəsilə İsrail hökuməti ilə əlaqə saxladılar və iki ölkə arasında ilkin gizli silah sazişi üzrə danışıqlar başladı. 1980-ci ilin əvvəlində İsrailin İrana silah ixracı başladı.
1985-ci ildə İngiltərədən siyasi sığınacaq alan eks-batalyon rəisi Məhəmməd-Rza Əminizadə deyir ki, silah idxalı zamanı əlaqələr o qədər inkişaf etdi ki, silahdan əlavə İsraildən dərman, toyuq, yumurta və ərzaq məhsulları da İrana daşınmağa başladı.

Müharibə
22 sentyabr 1980-ci ildə İraq İrana hücum etdi. İran özünü müdafiə etmək üçün hərbi texnika idxalını artırmağa can atırdı. İrana xüsusən Amerika və İngiltərə istehsalı olan hərbi texnika lazım idi. Çünki İranın hərbi arsenalı şah hakimiyyəti dövründə məhz bu ölkələrin hesabına yaradılmışdı. İran İsraillə əlaqəsini daha da gücləndirmək zorunda qaldı.

İsrail-ABŞ razılaşma
İsrail Amerika istehsalı olan hərbi texnikanı İrana satmaq üçün ABŞ-dan icazə istədi. Yeni seçilmiş Ronald Reyqan administrasiyası 1981-ci ilin əvvəlində bu işə gizli razılıq verdi. Hətta rəsmi olaraq Reyqan administrasiyası İrana hər hansı silah satışına qəti şəkildə qarşı çıxdı. Düzdür, İsrail Amerikanın önəmli yox, ikinci dərəcəli silahlarını İrana satmalı idi. Ancaq İsrail şərti pozaraq İrana dağıdıcı silahlar da çatdırdı.

1982-ci ilin martında “The New York Times” qəzetinə İsrailin İrana gizli silah satışı haqqında məlumat sızdı. Elə bu səbəbdən də İsrail İrana gizli silah idxalını 1983-cü ildə Vaşinqtondan Londona köçürüldü. İran İsrailin əli ilə dəyəri milyard dollarlarla ölçülən Amerika və Britaniya silahları ala bildi.

Reyqan administrasiyası İsrailin İrana xüsusi tələbat olan Amerika silahları satmasından xəbər tutdu. İki ölkə arasında müəyyən narazılıq yarandı. Buna baxmayaraq, rəsmi Vaşinqton İsrailin anbarlarını Amerika istehsalı olan silahlarla doldurmaqda idi. Həmin silahların böyük bir hissəsi isə az sonra İran-İraq cəbhəsində üzə çıxırdı...

ABŞ hökumətinin daxili hesabatları göstərirdi ki, 1980-ci illərin əvvəllərində İsrailin İrana ümumi silah satışı hər il 2 milyard dollara yaxın olub. Onu da deyim ki, o vaxtın 2 milyard dollarının indiki ekvivalenti ən azı 10-15 milyard dollardır. Burada bir önəmli məqam da var. İran neftinin İsrailə çatdırılması hesabına ödəniş həyat keçirilirdi. O vaxt məşhur olan silah alverçisi Ahmad Haidari deyirdi ki, İran-İraq müharibəsi zamanı İranın idxal etdiyi silahın 80 faizi İsrailin payına düşürdü...

Bir şeyi də deyim. Qərb mənbələri yazır ki, müharibənin əvvəlindəcə İranın hava qüvvələri sıradan çıxdı. İraq qələbənin bir addımlığında idi. Bunu nəzərə alan Amerika İsrailə İrana silah satışını artırmağa göstəriş verdi. Çünki İraqın İran üzərində erkən qələbəsi Qərbə lazım deyildi. Qərb həvəslə iki müsəlman ölkəsinin bir-birini necə məhv etməsinə tamaşa etməkdən zövq alırdı.

Onu da deyim ki, İsrailin İrana silah satması az sonra ən yüksək səviyyədə etiraf olundu. Belə ki, İsrailin müdafiə naziri Ariel Şaron (sonra Baş nazir oldu) 1982-ci ilin mayında ABŞ-a səfəri zamanı İsrailin İrana hərbi texnika satdığını açıqlayan ilk şəxs oldu. 28 sentyabr 1983-cü ildə Parisdə keçirdiyi mətbuat konfransında cənab Şaron bildirib ki, İsrail ABŞ-ın razılığı ilə İrana silah satır. Qərb mənbələri onu da bildirir ki, məhz Xomeyninin özü İsraillə silah müqaviləsini təsdiqləyib.

1984-cü ilin yazında Qərbi Almaniya kansleri Helmut Kol İsrailin İrana 500 milyon dollar dəyərində silah satmasından ABŞ hökumətinə şikayət edib. Daha sonra 1984-cü ilin iyulunda Yaakov Nimrodi Sürixdə İran rəsmiləri və Suriya prezidenti Hafiz Əsədin qardaşı Rifat Əsədlə görüşdü. Görüş nəticəsində gündə 40 yük maşını ilə İsraildən Suriya və Türkiyə üzərindən İrana silah göndərilməsi barədə razılıq əldə olunub...

İran – Kontra dövrü (1985–1986)
İran İsrail üzərindən ABŞ-ın xüsusi önəm kəsb edən silahlarını almağa can atırdı. Bu məqsədlə iranlı silah alverçisi Manucher Ghorbanifar və İsrail təmsil edən Yaakov Nimrodi (iş adamı və kəşfiyyat zabiti) arasında görüş keçirilib.

1986-cı ildə Bermud adalarında İsraillə əlaqəsi olan beş nəfər də İrana 2,6 milyard dollar dəyərində silah satmağa cəhd edərkən həbs edilib. Nyu Yorkda da həbslər olub. Məhkəmənin mərkəzində istefada olan İsrail generalı Avraham Bar-Am dayanırdı...

İran–Kontras qalmaqalı və ya İrangeyt 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızğın siyasi qalmaqal yaşandı.

Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olundu...

Sadəcə onu deyim ki, "The New York Times" qəzeti ABŞ İran-Kontras əməliyyatı çərçivəsində İrana satdığı silahların siyahısını çap edib. Siyahı uzun olduğuna görə verə bilmirik. Maraqlananlar İnternetdən həmin məlumatlara nəzər sala bilərlər...

Müharibə zamanı və müharibədən sonra İran rəsmiləri İsraildən yardım aldıqlarını inkar etdilər, çünki İsraili “qeyri-qanuni dövlət” sayırdılar. Müharibə zamanı İranın lideri Ayətullah Ruhullah Xomeyni İsrail silahlarının İrana göndərilməsini qəzəblə təkzib edib.

Özü də dəfələrlə. 1981-ci il avqustun 24-də etdiyi çıxışında o, İranın düşmənlərinin İsrail-İran əməkdaşlığına dair yalan şayiələr yaymaqla İslam İnqilabını sarsıtmağa çalışdıqlarini iddia edib. İsrail 1981-ci ildə İraqın Osirak nüvə obyektlərini bombaladı. Buna baxmayaraq, İran İslam İnqilabının lideri deyirdi ki, Səddam Hüseyn əslində İsrailin müttəfiqidir.

Ayətullah Ruhullah Xomeyninin bəyanatından bir hissəini təqdim edirəm: “Bizi İsraildən silah idxal etməkdə ittiham edirlər. Bu, lap əvvəldən sionizmi pisləyən ölkəyə qarşı deyilir... Biz iyirmi ildən artıqdır ki, çıxışlarda və bəyanatlarda İsraildən və onun zülmündən danışırıq, halbuki bir çox İslam ölkələri hətta bunu belə etmirdilər... Səddam oyuna əl atıb. O, İranına hücum edərək yaratdığı rüsvayçılıqdan özünü xilas etmək üçün İsraili öz nüvə mərkəzini bombalamağa məcbur edib. İsrailin Səddama qarşı çıxdığı təəssüratı yaratmağa çalışıb. Bu, uşaqcasına düşünülmüş cəfəngiyyatıdır”.

Gördüyünüz kimi, vaxtı ilə İran İsrail ilə sıx münasibətdə olub, ondan hər şey, o cümlədən silah alıb, öz neftini də İsrailə satıb. İndi isə bizə deyirlər ki, nə sionist İsraildən silah alın, nə də neftinizi İsrailə satın. Bəlkə İsrail 80-ci illərdə sionist deyildi? Niyə özünüzə rəva gördüyünüzü bizə ittiham şəklində ünvanlayırsız? Kimsə deyə bilər ki, o vaxt İran müharibə aparırdı. Bəli, İran müharibə aparırdı. Ancaq biz də kefdən İsraildən silah almırıq. Təəssüf ki, hələ də Qarabağ müharibəsi bitməyib. Düşmən Ermənistan isə sürətlə silahlanır...

Elbəyi Həsənli, Sürix

P.S Az qala üstündən yarım əsr keçib, hələ də İran əhalisi bilmir ki, İran-İraq müharibəsi zamanı molla rejiminin sionist dediyi İsrail və şeytan dediyi Amerika olmasaydı şiəliyi siyasi ideologiyaya çevirən İran və onun İslam İnqilabı Səddam Hüseynin ərəb millətçiliyinin güdazına gedəcəkdi...


Xəbər 3895 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +