02.08.2019 15:48
“3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm“
Göyçay rayonunun bir qrup sakini tərfindən"Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.
XəzərNews.az xəbər verir ki, şikayətçilər yazırlar:
"Son illər Göyçayda baş alıb gedən məmur özbaşınalığı, cəzasızlıq, mənəm- mənənmlik, əhaliyə qarşı soyğunçu hərəkətlər o həddə gəlib çatıb ki, rayon sakinləri cana yığılıblar. Hazırda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə ilə komxoz müdiri Loğman Əliyev arasında gedən intiriqaya görə rayon zibilliyə qərq olub.
Belə ki, ənənəvi olaraq hər həftənin çərşənbə axşamı (2-ci gün) rayon icra hakimiyyəti başçısının vətəndaşlarla qəbul günü keçirilir. Bu qəbula da vətəndaşların şikayətlərini yerində həll etmək məqsədi ilə (o da həll edilsə, quru və boş vədlər verilir) rayonda fəaliyyət göstərən idarə-təşkilat rəhbərləri dəvət olunur. Belə qəbullardan biri də 23 iyun 2019-cu il tarixdə keçirilmiş və kamxozun müdiri Loğman Əliyev qəbula dəvət edilmişdir. Elə qəbuldaca icra başçısı Mehdi Səlimzadə Loğman Əliyevin işdən azda olunması barədə sərəncam imzalamışdır. İcra başçısının sərəncamını saya saymayan Loğman Əliyev idarəni təhvil verməkdən imtina etmiş və rayonun icra başçısı Mehdi Səlimzadəni ondan rüşvət tələb etməkdə kəskin ittiham etmişdir. İcra başçısı Loğman Əliyevdən barama pripiskası məqsədi ilə 30 000 manat pul tələb etmiş, o da öz növbəsində icra başçısı ilə mübahisə etdiyindən başçının qəzəbinə tuş gəlmişdir. Hətta Loğman Əliyev icra başçısı Mehdi Səlimzadəni nalayiq söyüşlərlə söyüb təhqir etmişdi. Demişdi ki, 150 nəfər adı komxoza işə yazılmış naməlum şəxslərin maaş kartlarını sənə vermişəm, bu üç il ərzində sənə iki milyon manat pul vermişəm.
Nəhayət 24 iyul 2019-cu il tarixdə səhər saatlarında Loğman Əliyevdən idarəni təhvil almaq mümkün olmuşdur. Səhər saatlarında icra başçısı polisin gücü ilə Loğman Əliyevi idarədən çıxarıb, möhürü onun əlindən zorla aldırmışdı.
Loğman Əliyevin rayonun icra başçısı ilə bu qədər aqressiv davranmasına səbəb nədir? İlk öncə deməliyik ki, icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin kobud kadır siyasətinin nəticəsidir. Belə ki, hələ Mehdi Səlimzadə Göyçay rayonuna İcra Hakimiyyətinin başçısı təyin edildiyi ilk illərdə Loğman Əliyevə qanunsuz və hüdudsuz səlahiyyətlər vermişdi. Yəni Loğman Əliyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin işinə nəzarət etmək, onların işini istiqamətləndirmək, hətta rəhbər kadrlarla təhqiramiz və kobud rəftar etmək səlahiyyətinə malik idi. Hətta Loğman Əliyev idarə rəhbərlərinin bəzilərini kabinetindəcə gedib döyürdü. Bunlardan biri Göyçay şəhərinin meri Rəşad Şükürovdur ki, Loğman Əliyev onu bir neçə dəfə şillə-yumruqla vurmuşdu.
Məişət tullantılarlnln yığılması, daşınması və zərsizləşdirilməsi haqqında Tarif Şurasının 2011-ci il tarixli qərarı ilə fiziki şəxslərdən hər ay üçün adam başına 30 qəpik tələb olunduğu halda Loğman Əliyev hər evdən aylıq 3 manat pul yığırdı. Bu isə ayda 30 000 manatdan çox pul edir. Buna əhali tərəfindən dəfələrlə etiraz olsa da, "əcəb edirəm” deyib, həmin küçənin və ya binanın zibilini həftələrlə təmizlətdirmirdi. Həmin yığılan pulların çox hissəsi icra başçısının cibinə axırdı.
Ümumiyyətlə Mehdi Səlimzadənin Göyçay rayonuna rəhbər təyin olunduğu vaxtdan keçən 3 ildən artıq bir müddətdə rayonda əhalinin yığılıb qalan taleyüklü problemləri nəinki azalmadı, əksinə daha da artdı. Mehdi Səlimzadə icra başçısı təyin olunduqdan sonra özünün yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməklə kadrların seçilməsi və təyin edilməsində qohumbazlığın əsasını qoymuş oldu. Mehdi Səlimzadənin bu əziz xələf qohumları başçıya külli miqdarda pul atdığına görə, onlar vəzifədən uzaqlaşdırılıb. Rayonun Bərgüşad yolunun 4 kilometr hissəsi 3 ildir ki, qazılıb asfaltı yararsız vəziyyətə salınsa da, bu günədək təmir edilməmiş qalır.
Rayonda yaşı 100-150-ni keçmiş iri gövdəli çinar ağacları sakinlər üçün göydən (quru çinar budaqları) gələn ölüm təhlükəsi olsa da, baxan yoxdur. Rayonda isti yay günlərində sakinlər su deyib dad edir, bir nəfər də olsun rəhbərlikdən bu məsələni həll edən tapılmır. Qanunsuz yazılan qaz, işıq, su cərimələrindən bezən sadə vətəndaşlar öz narazılıq və iradlarını dövlət başçısına ünvanlayırlar. Vəziyyət o həddə çatıb ki, sakinlər ən xırda problemlərinin həlli üçün mərkəzi rəhbərliyə, Prezidentə, Nazirlik və Komitə rəhbərlərinə məktub yazıb problemlərinin həll edilməsini xahiş edirlər. Əgər rayon sakinləri ən sadə problemlərinin həlli üçün dövlətin yuxarı rəhbərliyinə müraciət edərək, ordan kömək umacaqdılarsa, onda yerli icra aparatı nəyə lazımdır və kimə xidmət edir?
Rayonda o qədər problemlər yığılıb qalıb ki, yazmaqla qurtarmaz. Göyçay rayonunun yerə tökülən zibildən öncə belə yaramaz vəzifədə oturan zibillərdən təmizlənməsinə ehtiyac var. Prezident cənab İlham Əliyevdən xahiş edirik, Mehdi Səlimzadənin barəsində ciddi tədbir görüb, onu layiq olduğu vəzifəyə təyin etsin. Bu adam yer süpürməyə belə yaramır, onun "xəstəliyi” pul toplamaqdır.
İmza; Göyçay rayon sakinləri:
Məmmədov Rəsul Böyükağa oğlu
Qasımov Dadaş Baba oğlu
Əliyeva Firuzə Saday qızı
İbrahimova Nərgiz Ələddin qızı
Cəfərov Rafiq Tapdıq oğlu
Orucova Təranə Umud qızı
Paşayev Fərhad Gülağa oğlu”.
Redaksiyadan: Mövzu ilə bağlı yazıda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Xəbər 2300 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|