15.03.2017 18:20
Dəm qazından zəhərlənmənin ilkin ƏLAMƏTLƏRİ
Bu gün Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Ölən qızlardan ikisi Xırdalan şəhərində yerləşən Humanitar Kollecdə oxuyurmuş. Bu hadisə “mavi bəla”nın aktuallığını yenidən gündəmə gətirib.
Havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm hadisələri barədə məlumatları demək olar ki, hər gün eşidirik. Mətbuatda yer alan bu cür xəbərlərə nəzər salsaq görərik ki, dəm qazı qurbanları arasında hər yaş qrupunda insan var. Bu isə onu göstərir ki, dəm qazı evlərdə dolaşan kabusa çevrilib. Deməli, hər birimiz belə hallara hazır olmalı, zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq. Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır?
XəzərNews.az Aile.lent.az-a istinadən bu haqda məlumatları təqdim edir.
Dəm qazı ilə zəhərlənmənin əlamətləri:
- başgicəllənmə
- başağrısı
- ürəkbulanma
- qulaqlarda küy
- qusma
- yuxululuq
- bəzən oyanıqlıq
- müvazinətin itməsi
- sayıqlama
- hallüsinasiyalar
- qıcolma tutmaları
- koma
Toksikoloq Azər Maqsudov deyir ki, dəm qazından zəhərlənmə hallarında ilkin tibbi yardımın köməyi ilə zəhərlənəni həyata qaytarmaq mümkündür: “Hər kəs bilməlidir ki, əgər yanacaq məhsullarının xaric olması üçün yer yoxdursa və ya həmin yer tutulubsa, natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Ona görə də yanacaq yandırarkən çox ehtiyatlı olmalıyıq. Qaz iysiz, rəngsiz olduğundan insan bunu hiss etmir. Oksigendən fərqli olaraq, qazın havada az miqdarda olması belə kifayət edir ki, 5-6 dəqiqəyə insan zəhərlənsin. Dəm qazının oksigenlə birləşməsi nəticəsində karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır. Zəhərlənmə 3 dərəcədə - yüngül, orta, ağır ola bilər. Belə halda ilk növbədə zəhərlənən həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə amonium tərkibli məhlul iylətmək lazımdır”.
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi təcili yardım çağırmaq lazımdır. Əgər ilk tibbi yardım düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq. Odur ki, zəhərlənən şəxsə həkim gələnə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir: “Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o deməkdir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır. Bu məsələdə hər saniyə çox önəmlidir. Vaxt itirilsə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm də nevropatoloqun nəzarətinə olmalıdır”.
Beləliklə, dəm qazından zəhərlənmə zamanı ilk yardım:
1. Zərərçəkmiş şəxsi dərhal təmiz havaya çıxarın
2. Ağciyər ödeminin qarşısını almaq üçün ona yarı oturaq vəziyyətdə saxlayın
3. Dar paltarlarını soyundurun. Əynindəki paltarın yaxasını, kəmərini və s. açın
4. Ətraflarını və bədənini ovuşdurun
5. Başına və sinəsinə soyuq kompress qoyun
6. Əgər huşu özündədirsə, ona isti çay içirin
7. Əgər huşsuzdursa, naşatır spirtində isladılmış pambığı burnuna yaxınlaşdırıb iylədin
8. Əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal ürəyin xarici masajı və süni tənəffüs olunmalıdır
Xəbər 1942 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|