08.03.2017 16:39
Azərbaycanda qadınların 20 faizi evdə oturmaq istəyir - Sorğu
Qadınların evdə oturmasını istəyənlərin sayı onların işləməsini istəyənlərdən 2 dəfə azdır.
XəzərNews.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (ILO) və “Gallup” sorğu mərkəzinin apardığı araşdırma üzə çıxarıb ki, qadınların 70%-i, kişilərinsə 66%-i qadınların ödənişli işlə məşğul olmasının tərəfdarıdır. Qadınların cəmi 27%-i evdə oturmaq istəyir. 41%-i həm işləmək, həm də ailəsinin qayğısına qalmaq arzusundadır, 29%-i ödənişli işləməyə üstünlük verir.
Sorğu dünyanın 142 ölkəsində 150 minə yaxın adamın arasında aparılıb.
Bəlli olub ki, işləmək tərəfdarı olanlar əsasən işləyə bilməyənlər, o cümlədən qadın əməyindən istifadə edilməyən ölkələrdə, məsələn, ərəb ölkələrində yaşayan qadınlardır.
Maraqlıdır ki, sorğular bu məsələdə qadınlarla kişilərin fikirlərinin, demək olar ki, üst-üstə düşdüyünü göstərib.
Kişilərin 29%-i qadının evdə oturmalı olduğunu deyib, 28%-i həyat yoldaşının işləməyinin, 38%-i həm ödənişli, həm də ev işləriylə məşğul olmasının tərəfdarıdır.
Azərbaycanda
Azərbaycanda sorğuya qatılan qadınların 83, kişilərinsə 63%-i xanımların ödənişli əməklə məşğul olmasına etiraz etmədiyini söyləyib.
Qadınların 14, kişilərinsə 31%-i qadının kənarda işləməsinə razı olmadığını deyib.
Respondentlərin 47-48%-i təhsilli qadınlarla kişilərin Azərbaycanda eyni iş imkanları olduğunu, 31%-i iş tapmağın qadınlardan ötrü kişilərə nisbətən çətin olduğunu vurğulayıb.
Azərbaycanlı qadınların cəmi 20%-i evdə oturmaq istədiyini, 22%-i həm evlə, həm kənar işlərlə məşğul olmaq, 56%-i vaxtını ödənişli əməyə sərf etmək arzusunu bildirib.
Evlə iş arasında tarazlıq
İşləyən qadınların əsas çətinliyi ev işləriylə ödənişli işi tarazlamaqdır və bu, bütün dünyada belədir. Hesabatda belə deyilir. Digər problemlər işdə ədalətsiz davranış, kişilərin qısnaması, əməkhaqqının kişilərinkinə nisbətən aşağı olmasıdır.
Bununla belə, ailə büdcəsində kişilərlə qadınların payı arasında fərq azalmaqdadır. Sorğu zamanı qadınların 30%-i büdcəyə böyük töhfə verdiyini, 26%-i isə ailə büdcəsinin əsas xərclərini ödədiyini deyib. Kişilərin isə 48%-i ailənin büdcəsinin, əsasən, onun əməkhaqqına söykəndiyini bildirib.
“Dünya gender bərabərliyinə, qadınların əmək qabiliyyətinin gücləndirilməsinə çalışmalıdır. Bu, təkcə qadınlardan ötrü deyil, bütün insanlıqdan ötrü önəmlidir”, - “Gallup”ın rəhbəri Cim Klifton belə deyib.
Beynəlxalq Əmək Təşkilatı (ILO) bu hesabatın təşkilatın gələcək planlarına – qadınlarla kişilərin bərabərliyi məqsədiylə aparılan işlərə töhfə verəcəyini bildirib.
Xəbər 2610 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|