Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


21.02.2022  21:13 

Dubaydakı “soyuq duş”...





A+  A-

Dubaya səfərə hazırlaşdığımı elan eləyən kimi, ətrafımdakıların dodağı qaçdı. Kişi olsan belə, Dubaya getdiyini deyəndə, Bakıda adamlar sanki səni suç üstündə tutubmuş kimi bic bir gülüşlə qarşılayırlar…

Yaxşısı, bu günlərdə həmin şəhərdə olmuş təcrübəli həmkarım və dostum Eynulla Fətullayevdən bilgi almaq olar, - deyib ona zəng edirəm. Eynullanın məsləhəti qısa olur:

- Cibində ən azı 10 min dolların olsun, yoxsa Dubaya getməyin mənası yoxdur...

Bu dəfə gülmək məni tutur. Eynullanın hər şeyə belə bahalı münasibətindən ötrü ölürəm… Daha heç kəsin bir kəlməsinə də ehtiyac duymadan yola düşürəm.

Təyyarədə səfər yoldaşlarımla rastlaşıram. Əksəriyyəti dost-tanış münasibətində olduğum ziyalılar, deputatlardır. Qeyri-rəsmi geyimləri diqqətimi çəkir. Heç olmasa, Allahın bu göyündə uçanda boğazlarından qalstuk asmamaqları xoşuma gəlir.

Yanaşı oturduğum səfər yoldaşım isə görkəmli Xalq yazıçısı, ayrıca bir yazımın mövzusu olacaq Çingiz Abdullayevdir. Onunla bağlı bu yazımda sadəcə, bir cümlə ilə kifayətlənmək istəyirəm. Səfər boyu Çingiz Abdullayevi dinlədikcə, onun ölkənin görkəmli şəxsiyyətləri ilə necə qohumluq bağlarına sahib olmasını, tarixi, əfsanəvi insanlarla görüş-xatirələrini eşitdikcə, adam özünü neandertal kimi hiss edir…

Bizi Dubaya - şəhər içində bir dünyaya dəvət ediblər. Sözün əsl mənasında az qala bütün dünya dövlətlərinin yerləşdirildiyi 438 hektarlıq şəhərlə tanışlığa başlayırıq. Bayrağımızın rənginə boyanan şokolad adamı uzaqdan çağırır. Bakıda əlli dəfə görsəm də, indi fərqinə varıram ki, bunun mənası Azərbaycanın şokolad kimi ölkə olmasına eyham vurmaqdır…

“Dubay Ekspo – 2020” haqqında statistika yazmaq istəmirəm. Zatən uzun illərdir keçirilən və bütün dünyanın ən böyük tədbirlərindən biri hesab olunan ekspolar haqqında kifayət qədər məlumatlar var. Hazırda davam edən “Dubay Ekspo” isə indiyə qədər baş tutan sərgilərin ən böyüyü və həm də ən qeyri-adisidir. Sanki, COVID-19 pandemiyasından diksinən və ayılan dünya özünü ayrı cür təqdim etməyə çalışır. Bunu ölkələrin pavilyonlarını gəzərkən aydın şəkildə hiss etmək olur. Dünyanı növbəti dəfə “soyuq duş” qəbul etmiş saymaq olar…

Bir-bir ölkələrin pavilyonlarını gəzirik. Rusiya, Türkiyə, Çin, İsrail və neçə-neçə yaxın, uzaq ölkələr. Bura sanki, hamı öz kimliyini, sahib olduğu dəyərləri, arzularını, gələcəyə baxış konsepsiyasını, bir sözlə tutduğu yolu, loru dillə ifadə eləsək, qabında olanı götürüb gəlib…

Az qala bütün ölkələrin pavilyonları ilə tanış olduqca bir “smart” mənəm-mənəmliyinin şahidi olursan. Elə bil hərə bir “Sehrli xalça”nın üstündə oturub “Ayravana, ayravana, çandirika…” deyərək istiqamət götürüb kosmosa… “Sənin adam kimi mövcud olmağına ehtiyac yoxdur”u üzünə deyən robotlardan tutmuş, dronlara, təyyarəni sürətdə geri qoyacaq qatarlara kimi hər cür elmi-texniki tərəqqi möhtəşəm olsa da, qəribə bir cansıxıcılıq yaradır… Öz “sehrli xalatın”dan xahiş etmək istəyirsən ki, səni özünə, təbiiliyinə, orijinallığına qaytarsın. Və beləcə gəlib düşürsən Azərbaycan pavilyonuna…

Burada da müasir dünyanın innovativ yenilikləri səni bayaq qeyd elədiyim o “smart” düymələr şəklində qarşılasa da, hər birinin yanında mütləq tarixin dayandığını, gələcəyə hesablanmış bütün addımların haradan atıldığını aydınca görürsən… Sən eyni ilə Zəngilanın Ağalı kəndini, işğaldan azad olunmuş Qarabağda yüzlərlə smart qurğuların layihə təqdimatlarını görə bilərsən. Ancaq onların hər birinin yanında tarixə söykənmə, öz bünövrəsinə bağlılıq, təbiilik var.

Pavilyonumuzda möhtəşəm sənətkarlarımızın əl işləri olan xalçaları gördükcə yadıma qeyri-ixtiyarı olaraq “Sehrli xalat” filmi düşür. Axı orada da eynilə gələcəyə getmək üçün xalçanın üstünə minmişdilər. Yəni, sən gələcəyə yalnız öz keçmişinin üstündə oturaraq gedə bilərsən… Bu mənada Azərbaycanın konsepsiyası, onu təqdim etməyi öz üzərinə götürmüş Heydər Əliyev Mərkəzinin missiyası əvəzsiz və sözlə ifadə ediləcək deyil. Azərbaycan pavilyonundakı qonaqpərvərliyin, qarşılanmanın özü belə bizim dünyaya təqdim etdiyimiz sərginin tərkib hissəsi sayılmalıdır. Təsadüfü deyil ki, 192 ölkə arasında vətənimizin açdığı sərgi ən çox ziyarət olunan pavilyonlardan biridir. Artıq 2 milyondan çox ziyarətçi “Dubay Ekspo”da Azərbaycanı görüb, ona toxunub, başdan-başa gül-çiçəklə əhatələnmiş yurdumuzun cəmi 2 min kvadratdan ibarət möhtəşəm təqdimatına şahidlik edib. Yurdum dünyanın qarşısında ilk dəfə bütöv dayanmışdı.

İsrail pavilyonunda olarkən diqqətimi bir epizod çəkmişdi. Orada cəmi bir ekran quraşdırılmış və bu ölkə haqqında hər şey həmin monitordan təqdim edilirdi. İnsafən təqdimat forması da çox orijinal seçilmişdi. Qaranlıq zalda nümayiş başa çatanda və işıqlar yananda ziyarətçi yəhudi qadınlardan birinin necə ağladığını gördüm. Hər halda, görünür o qadın xalqının başına gətirilən tarixi müsibətləri düşünür, bütün bu keçmişin fonunda öz ölkəsinin gələcəyini görüb göz yaşları tökürdü… Möhtəşəm mənzərə idi. Özümü bu qadını qucaqlayıb, bir dünya insanı kimi həmrəylik nümayiş etdirməkdən zorla saxlayıram…

Yenidən öz pavilyonumuza qayıdıram. Sanki doğma kəndimizdəyəm. Ekspoda gördüyüm süni intellekt nümayişlərini unutmağa çalışıram... Təkcə içimdə İsrail pavilyonundan gətirdiyim yəhudi qadının göz yaşları var…

Fikirləşirəm ki, artıq dünyanın toyuğa ehtiyac duymadığı, süni yumurta istehsalına başladığı bir dönəmdə, necə olur olsun, bizim kəndin içində sap-sarı ayı gizlədən, az qala günəş qədər enerjili kənd yumurtasını heç nə əvəz edə bilməyəcək… Kənd yumurtasındakı o təbiiliyin yerini bu dünyada heç bir intellektin verə bilməyəcəyini düşünə-düşünə Azərbaycan pavilyonunu dolaşıram. Ruhum dinclik tapır.

Deyəsən, bizim pavilyonun fəlsəfi açmasında da dinclik sözü var idi axı…

Elbrus Ərud



Xəbər 6976 dəfə oxunub.




02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +