03.02.2022 20:23
Harınlamış məmurlar milyardların sahibi olduğu halda...
Xeyli vaxtdır, Türkiyədə böyük şirkətlərin işçiləri maaşlarının artırılması, iş şəraitlərinin yaxşılaşdırılması ilə bağlı aksiyalar keçirir.
Aralarında Azərbycanda da tanınan “Yurtiçi kargo”, “Yemeksepeti” və başqa nəhəng şirkətlərin olduğu onlarla holdinqin, fabrik və zavodun əməkdaşları tətil edir, iş yerlərinin həyətlərində, İstanbulun meydanlarında toplaşaraq, maaşlarına edilən cüzi artımlara etirazlarını bildirirlər. Dinc şəkildə keçirilən aksiyalarda etirzçılar bərabər mahnılar oxuyur, yallı gedirlər.
Günlərlə, həftələrlə davam edən aksiyalar artıq nəticə verməyə başlayıb. İşçiləri tətil edən şirkətlər yavaş-yavaş aksiyalara qarşı dirənməyin nəticəsiz olacağını dərk edir, irəli sürülün tələblərlə razılaşır. Artıq bir neçə şirkət işçilərin tələblərini yerinə yetirəcəyini açıqlayıb, müqavilələr imzalanıb. Müqavilələrdə maaş artımlarının infilyasiyaya uyğun olacağı, aksiyalara qatılan işçilərin işdən çıxarılmayacağı xüsusi vurğulanıb.
Yaxşı, burada bizim üçün maraqlı olan nədir?
Çoxillik dövlətçilik ənənələri olan Türkiyədə bütün sahələrdə işləyənlərin güclü sendikaları (Həmkarlar İttifaqı təşkilatları), dərnəkləri, cəmiyyətləri mövcuddur. Bu, elə bir sistemdir ki, işçinin, fəhlənin hüquqları pozulanda dərhal həmin qurumlara üz tutur. İşçi hüquqlarının bərpası üçün tək başına, fərdi qaydada yox, bağlı olduğu sendika, dərnəklə birlikdə mübarizə aparır. Bəzən işçi bir kənarda durur, sendika, dərnək onun adından aidiyyəti orqanlara müraciət edir, həmin qurumların təyin etdiyi vəkillər işçinin haqlarını müdafiə edirlər.
Çox zaman da fəhlənin, işçinin hüquqları bərpa olunur, işdən haqsız çıxarılıbsa, işinə qaytarılır, maaşı artırılır və s.
Yəni, işlər gəlib yenə də təşkilatlanmada bitir. Təşkilatlanmanın, aktiv siyasətin lağlağı obyekti, təhlükəli bir şey olmadığı bir daha sübuta yetir. Ona görə də təşkilatlanmadan, aktiv siyasətlə məşğul olmaqdan qorxmayaq. Onu anlayaq ki, həyatımızın hər anı siyasətdir. Hüquqlarımızın pozulması, haqqımızın tapdanması, harınlamış, rüşvəti peşə halına gətirmiş məmurlar milyardların sahibi olduğu halda, sıravi vətəndaşların evinə çörək apara bilməməsi, dözülməz iqtisadi-sosial durumlarla bağlı verilişlərin, müzakirə proqramların yerinə evləndirmə, gəlin-qayınana davalarına həsr olunmuş proqramların, səviyyəsiz şouların telekanallarımızı zəbt etməsi də siyasətdir.
Bir sözlə, həyatımız siyasətdir!
Gülşən Hacıyeva
AY Partiya başqanının müavini
Xəbər 5036 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|