AFFA rəhbərliyi, Azərbaycan futboluna rəhbərlik edənlərin elə günü bu gün hər şeyini toplayıb istefa verməsi, ya da qovulması üçün səbəblər bir deyil, iki deyil.
Söhbət təkcə milli komandaların ölkənin adına yazılan biabırçı nəticələrindən getmir. Amma təbii ki, normal idarəçilərin olduğu yerdə təkcə əsas milli komandanın hər seçmə mərhələni rüsvayçı nəticələrlə başa vurması istefa üçün sanballı səbəb olardı.
Baxaq, görək, Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov kimi futbolun başında dayanan şəxslərin istefası, ya da qovulması üçün səbəblər hansılardır.
1. Azərbaycanda futbolun kütləviləşdirilməsinin qarşısının alınması, Premyer Liqanın paytaxt Bakıyla məhdudlaşdırılması
Hər şey ortadadır: Azərbaycanın əsas futbol çempionatı – Premyer Liqa haqda deyilən “Bakı çempionatı” ifadəsi boşuna yaranmayıb. Ev oyunlarını Qəbələdə keçirən “Qəbələ”dən başqa, qalan 7 komanda – “Neftçi”, “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Keşlə” və “Səbail” Bakıda, ya da paytaxtdan 15-20 dəqiqəlik məsafədə yerləşən şəhər və qəsəbələrdə oynayır.
2. İdman prinsiplərinin pozulması, rəqabətsizlik, yaşayan ölüyə çevrilən 1-ci divizion
Birinci diviziondan sonuncu dəfə Premyer Liqaya hansı komanda, nə vaxt yüksəlib? Bu suala cavab tapmaq üçün artıq arxivə baş vurmaq lazımdır. Premyer Liqaya vəsiqə qazanan komandanın öz gücünə, idman və rəqabətlilik prinspi əsasında elitaya yüksəlməsinin hansı dövrə aid olduğunu bilmək üçün isə daha qədim zamanları əks etdirən arxivləri eşələmək lazımdır. AFFA rəhbərliyi Azərbaycan futbolunda idman prinsiplərini, rəqabəti məhv edib, birinci divizion adlanan çempionat isə rəsmən formallığa, yaşayan ölüyə çevrilib.
3. Dağıdılan, mal-qaranın otlağına çevrilən idman qurğuları, komplekslər, stadionlar
Lənkəranda, Masallıda, İmişlidə, Yevlaxda, Şəmkirdə, Qusarda, Mingəçevirdə stadionlar dağılıb, zaman-zaman bu araneların ürək ağrıdan görüntüləri sosial mediada, saytlarda yayımlanır. İmişlidə inşa edilən, açılışında ölkə prezidentinin də iştirak etdiyi stadionda qoyun-quzu otlayır. Nə vaxtsa milyonlarla manat vəsiatin hesabına tikilən bu arenalar məhz hazırkı AFFA rəhbərliyinin dönəmində xarabalığa çevrilib.
4. Uşaq futboluna başdansovdu yanaşma, top və forma paylamaqla baş aldatmaq
Uşaq futbolundakı problemlər Azərbaycan dövlət kimi müstəqillik qazanandan var və həll olunmur. AFFA-nın indiki rəhbərliyinin uşaq futbolu ilə bağlı konkret strategiyası, planı yoxdur. Futbolu inkişaf etmiş hansısa ölkənin modeli nümunə olaraq seçilməyib, uşaq futbolunda çalışan məşqçilərin məvacibləri həddən artıq aşağıdır və onların çoxunun məşqçilik üçün savadının olub-olmadığı da bəlli deyil. Uşaq futbolu ilə bağlı daha bir bəla isə azyaşlıların futbolun sirlərini süni örtüklü meydançalarda öyrənməsidir. Bu, təkcə onların keyfiyyətli futbolçu kimi yetişməyəcəyinin zəmanəti deyil, həm də, sağlamlıqlarının risk altında qoyulmasıdır.
AFFA rəhbərliyinin uşaq futbolu ilə bağlı həyata keçirdiyi sadəcə üç şey var: süni örtüklü meydança vermək, arada top və forma paylamaq. Bununla futbolçu yetişməz, əfəndilər!
5. Əcnəbilərə Azərbaycan pasportu verib, ucdantutma milliləşdirmə
AFFA-nın rəsmi saytında Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət futbol üzrə milli komandalarına hazırda cəlb edilən əcnəbilərin sayı ümumilikdə 23 nəfərdir. Təbii ki, bu da tam say deyil. Çünki elə milliləşdirilmiş futbolçular var ki, hazırda milli komandaya dəvət almadığı üçün AFFA-nın rəsmi saytında adı göstərilmir. Məsələn, braziliyalı Riçard Almeyda kimi.
AFFA-ya rəhbərlik edənlərin əksər məsələlərdə oluduğu kimi, milliləşdirilən futbolçularla da bağlı strategiyası, planı yoxdur. Azərbaycan milli komandalarına Ukrayna, Rusiya, İran, Türkiyə kimi ölkələrin vətəndaşları da calaq edilib, Nigeriya, Braziliya, Xorvatiya kimi ölkələrdən futbolçular da. Keyfiyyət? Yekə bir 0!
6. Biabırçı nəticələr, uğursuzluqlar
Bütün cinsdən və yaş qruplarından ibarət milli komandaların beynəlxalq yarışlardakı nəticələrinə baxmaq kifayət edir. Azərbaycanın elə bir milli komandası yoxdur ki, dünya və Avropa çempionatının seçmə mərhələsində qrup birincisi, ya da ikincisi olsun, biz hər yarışda sonuncular, autsayderlər arasındayıq. Əsas milli komanda sonuncudan əvvəlki seçmə mərhələni də 1 xalla başa vurmuşdu, hazırda iştirak etdiyi DÇ-2022-nin seçmə mərhələsində də 1 xalla sonuncu sıradadır. U-21elə, U-17 elə, hətta qadınlardan ibarət milli komandalar da. 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 3 oyuna çıxıb və hamısında uduzub. Norveçə 0:7, İtaliyaya 0:9, Polşaya 0:2 hesabıyla uduzan Azərbaycan millisi 0 xalla mərhələni qrup sonuncusu kimi başa vurub. Milli komanda keçirdiyi üç oyunda ümumilikdə 18 qol buraxıb.
Qadın futbolçulardan ibarət əsas milli komanda isə dünya çempionatının seçmə mərhələsində 4 oyun keçirib, hamısında uduzub. Yığma yer aldığı qrupda 0 xalla sonuncudur. Komanda 4 oyunda 14 qol buraxıb, sadəcə 1-ni vurub.
7. Azarkeşlərin kəskin etirazları, istefa tələbləri
AFFA rəhbərliyinin illərdir davam edən yarıtmaz idarəçiliyi, milli komandaların uğursuz nəticələri ölkənin futbol azarkeşlərinin səbr kasasını çoxdan daşırıb. Milli komandaların hər uğursuz oyunundan sonra sosial şəbəkədə AFFA rəhbərliyinin ünvanına ağır tənqidlər, təhqirlər olur, istefaları tələb edilir. Ola bilsin ki, AFFA-ya rəhbərlik edənlər ölkəyə rəhbərlik edənləri futbola dəxli olmayan işləri, keyfiyyətləri ilə məmnun edirlər, ancaq sadə azarkeşlər məmnun deyil, bu, dəqiqdir. Onlara stadionlarda rəhbərliyə yönələn “istefa” şüarları səsləndirmək qadağan edilsə də, sosial şəbəkə azarkeş-AFFA rəhbərliyi münasibətində güzgüdür.
AFFA rəhbərliyinin öz xoşu ilə istefa verməsi, ya da qovulması (onları kimsə rəhbərliyə gətiribsə, kimsə də qovmalıdır) üçün 7 yox, 77 səbəb yazmaq olar. Amma bu 7 səbəb göz önündə olan, ən ciddi problemlər, məsələlərdir. Əslində, normal idarəçilik düşüncəsi, istefa mədəniyyəti olanlara bu 7 səbəbdən biri də kifayət edər getmək üçün. /Meydan TV/
Xəbər 1435 dəfə oxunub.