“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində “Milli azlıqları təmsil edən gənclərin sosial media bacarıqları” mövzusunda təlim xarakterli görüş keçirilib. Görüşdə tat, qrız, buduq, hapıt və saxurları təmsil edən 10 gənc iştirak edib.
Xəzərnews.az xəbər verir ki, İB-in sədri Niyaz Niftiyev sosial medianın həyatımızın böyük bir hissəsini zəbt etdiyini bildirib:
“Çalışmalıyıq ki, sosial platformalardan səmərəli istifadə edək. Xüsusən də milli azlıqlardan olan gənclərimiz, daha çox öz mədəniyyətlərini, adət-ənənələrinin təbliği istiqamətində sosial şəbəkələrdən istifadə etsələr daha yaxşı olar”.
N.Niftiyev əlavə edib ki, hər bir milli azlıq öz mədəniyyətini unutdurmamaq və digər xalqlara təbliğ etmək üçün sosial şəbəkələrdən səmərəli istifadə etməlidir:
“Keçirdiyimiz tədbirlərin fəlsəfəsi də ondan ibarətdir ki, gənclər öz adət-ənənələrini unutmasınlar. Böyük şəhərlərdə yaşayan azlıqları təmsil edən insanlarda dil itib gedir. Tat, qrız, saxur, hapıt və digər azlıqlar öz dillərini bilsələr bu onlar üçün üstünlükdür. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, çox az sayda gənclər öz dillərini bilir və buna maraq göstərirlər. Sosial şəbəkələrdə post paylaşdığınız zaman hər bir fikrin, ənənənin haradan qaynaqlandığını qeyd edin ki, sizi izləyənlər arasında həmin o mədəniyyət nümunəsi ilə bağlı şübhə yaranmasın. Sosial şəbəkələrdə milli münaqişə zəminində, ziddiyyətli, mübahisə doğuran statuslara şərh yazıb, məsələni daha da qızışdırmayın. Bu kimi hallar Azərbaycanda multikultural mühitə və sabit etnomühitə mənfi təsir edən amillərdir”.
Görüşdə çıxış edən sosial media mütəxəssisi Baba Süleymanlı icmaları sosial şəbəkə qruplarında daha aktiv fəaliyyət göstərməyə səsləyib:
“Facebook və digər sosial şəbəkələrdə azlıqların adı ilə bağlı hər hansı məlumat tapa bilmirəm. Bunun səbəbi də, düzgün başlıq və həşteqlərdən istifadə olunmamasıdır. Məsələn, adət-ənənələrinizi təbliğ edəcək musiqili tədbir də keçirə bilərsiniz. Bunu təbliğ etmək üçün də təbii ki, düzgün həşteqlərdən istifadə olunmalıdır”.
B.Süleymanlı gəclərə məsələnin texniki tərəflərini izah edib.
Görüşdə milli azlıqları təmsil edən gənclər çıxış edərək mövzu üzrə öz fikirlərini bildiriblər.