25.02.2022 20:40
Ukraynanı qoyub qaça bilmərik... - Diaspor sədri Hikmət Cavadov
Rusiyanın Ukraynaya hücumu bütün dünyanı təşvişə salıb. Amansızcasına aparılan müharibədə artıq xeyli mülki sakin həyatını itirib. Bəs Ukraynadakı azərbaycanlılar necə mühafizə olunur, onların təhlükəsizliyini təmin etmək üçün hansısa addımlar atılıbmı?
XəzərNews.az xəbər verir ki, Bakupost.az -ın bu və digər suallarını Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov cavablandırıb:
- Hikmət müəllim, Ukraynadakı vəziyyət hamımıza bəllidir. Prosesi siz necə şərh edərdiz? Ukraynalıların yaşadıqları əraziləri tərk etmələri, qoru və təşviş içərisində olmaları ilə bağlı tez-tez xəbərlər yayılır. Əslində vəziyyət necədi?
- Rusiya Federasiyası Ukraynanın suverenliyinə qəsd edərək, bütün beynəlxalq hüquq normalarını pozaraq, Beynəlxalq Konvensiyaların tələblərinə qarşı çıxaraq Ukraynanın ərazisinə daxil olub və Ukraynanın işğal etmək üçün hərbi əməliyyatlara başlayıb.
Bütün ölkələrin suverenliyi beynəlxalq hüquq normaları ilə qorunur. Rusiyanın Ukrayna ərazisinə daxil olaraq qeyri-qanuni şəkildə hərbi təcavüzünə bütün beynəlxalq aləm qarşıdır. Azərbaycanın uzun illər torpaqları işğal altında olub. Ona görə də Azərbaycan ərazi bütövlüyünün, ölkənin suverenliyinin nə olduğunu hamıdan gözəl bilir. Sosial şəbəkələrdən də göründüyü kimi Azərbaycan əhalisinin böyük əksəriyyəti Ukrayna bayraqlarına bürünüb. Sevindirici haldır. Mübariz xalqın mübariz millətin sərgilədiyi mövqedir. Diaspor Ukrayna xalqının bir hissəsi sayılır. Diaspor Ukrayna dövlətinin, xalqının yanındadır. Bu mövqeyimiz heç bir halda dəyişə bilməz. Müharibənin getdiyi ölkələrə bu proseslər tanışdır. Çünki biz yenicə müharibədən çıxmışıq. Əlbəttə, müharibə şəraitində ölkədə yaşayan vətəndaşların hər biri öz ailəsinə, yaxınlarına görə qorxu hissləri keçirir. Bilərəkdən Rusiya Federasiyası tərəfindən planlaşdırılmış şəkildə edilən psixoloji, kiber hücumlar məhz buna yönləndirilmişdir ki, əhali arasında qorxu, təşviş yaransın, bununla da özlərinə düşmən seçdikləri Ukrayna xalqını təşviş içində saxlasınlar.
- Ukraynadakı azərbaycanlıların durumu necədi? Onların təhlükəsizliyi ilə bağlı hansı addımlar atılıb. Sosial şəbəkələrdə Ukraynadakı səfirliyimizlə bağlı ciddi narazılıqlar ifadə olunur. Səfirliyin vətəndaşlarımızla maraqlanmadığı yazılır... Əsas irad bundan ibarətdir ki, səfirlik məsələ ilə bağlı xəbərdarlıq etsəydi, heç olmasa Ukraynaya müvəqqəti getmiş şəxslər oranı tərk edərdilər...
- Diasporun oradakı vəziyyəti ilə bağlı onu deyə bilərəm ki, hava məkanı ölkədə hərbi vəziyyət elan olunduğuna görə bağlanıb. Bu, təyyarələrin və sərnişinlərin təhlükəsizliyi üçündür. Aeroportlarda partlayışlar olub. Rusiya tərəfindən bir çox hava liamanları partaladılıb. Ona görə hava məkanı bağlı olduğu üçün ora müvəqqəti təhsil, müalicə ilə bağlı gedənlərin təxliyə olunması sual altındadır . Nəyinki Azərbaycan, ümumiyyətlə heç bir ölkəyə təyyarə uçmur. Hətta şəxsi təyyarələr də uçmur.
O ki, qaldı sərhəddən çıxma məsələsinə gəldikdə isə, biz Diaspor adından məlumat yaydıq ki, evlərində qalsınlar və heç yerə çıxmasınlar. Çünki ölkədən çıxış yollarında və yanacaqdoldurma məntəqələrinin hamısında tıxaclar var. Bu şəraitdə yola çıxmaq evdə oturmaqdan daha təhlükəlidir.
Sevindirici haldır ki, yaşayış binalarına hələ ki heç bir xəsarət vurmayıblar. Ancaq hərbi-strateji obyektlər bombalanıb. Diasporun oradakı nümayəndəliyi Ukrayna xalqının bir hissəsi, tərkibidir. Bu çətin ərəfədə oranı qoyub qaçmağımız da düzgün deyil. Ona görə də Diasporun aparıcı şəxsləri, ümumiyyətlə, üzvlərinin böyük əksəriyyəti bu məsələdə Ukrayna dövlətinin verdiyi tövsiyələr ilə hərəkət edirlər. Bu tövsiyələrə kənardan müdaxilə etmək düzgün deyil. Çünki onlar hansı addımlar atmağın lazım olduğunu dəqiq bilirlər.
Mətbuat vasitəsilə ölkə rəhbərliyi bu məsələ ilə bağlı brifinq keçirib, Ukrayna xalqına müraciət edib. Yəni, Azərbaycan Diasporu Ukrayna xalqının bir hissəsi olaraq atacağı addımlar digərlərindən fərqli olmalı deyil.
Müvəqqəti orada olanlar isə yəqin ki, sərhədlər açılandan sonra oradan təxliyyə olunacaqlar.
- Hərbi əməliyyatların sonu ilə bağlı proqnozunuz nədir?
Düşünürəm ki, Rusiya İmperiyasının sonu sırf elə Ukraynadadır. Rusiya bu məsələlərdən məğlub çıxacaq. Bu müharibəni Ukraynanın timsalında bütün Rusiya İmperiyasının imperialist siyasətindən əziyyət çəkən xalqlar, dövlətlər qazanacaqlar. Özünə, suverenliyinə, Beynəlxalq Hüquq Normalarına, ümumiyyətlə, insanlığa hörmət edən dövlətlər, şəxslər Ukraynanın haqq səsinə dəstək verməli və Ukraynanın yanında olmalıdırlar.
Xəbər 7127 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|