18.01.2024 16:48
“Vüqar Qurbanov təcili yardımı çökdürüb...“ - Şok ittihamlar
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.
Səbəb isə R.Nağıyevin 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmasıdır. Bakı İnzibati Məhkəməsinə müraciət edən Rauf Nağıyev işə bərpa edilməsini tələb edir.
Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a danışan Rauf Nağıyev sensasion açıqlamalr verib. O bildirib ki, bir neçə dəfə TƏBİB-ə təcili yardımla bağlı problemlərin həll edilməsi üçün təkliflər verib. Həmin təklifləri nəzərə almaq əvəzinə, onun özünü vəzifədən uzaqlaşdırıblar:
"Bakıda əhalinin sayı artıb. Təbii olaraq, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışların da sayı artıb. Poliklinikalar düzgün işləmir, xəstəxanalar bərbad vəziyyətdədir. Bunları gücləndirmək lazımdır ki, bütün güc təcili yardıma düşməsin. Bütün bu çətinliklərə baxmayaraq, mən neçə vaxtdır ki, 140 briqada ilə bu qədər çətin işin öhdəsindən gəlirdim. Hətta pandemiya vaxtı da işimin öhdəsindən məharətlə gəldim. İkinci Qarabağ müharibəsi zamanı 38 briqadanı cəbhəyə göndərdilər. Orada da hər kəs bu briqadanın işindən danışdı. Mənim briqadama əsgərlər əl çalıblar ki, həkimlər gəliblər. Onların cəbhə bölgəsində yaralı əsgərlərə vaxtında tibbi yardımın göstərilməsində müstəsna xidmətləri var. Mən Əməkdar həkim, səhiyyə əlaçısı, Müdafiə Nazirliyinin təşəkkürnaməsini alan, Vətənə layiqincə xidmət edən həkiməm. Bütün bunlara baxmayaraq, bir aydır ki, məni Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı işimdən uzaqlaşdırıblar. Mənim əməyim niyə qiymətləndirilmədi? Bunlar nə edib, nə yaradıblar? Avtobazanı? 103-lə 113-ü birləşdiriblər, çabalıyırlar, hələ də bir iş görə bilməyiblər".
R.Nağıyev qeyd edib ki, o, işdən uzaqlaşdırdığı müddət ərzində təcili yardımın işi çöküb:
"Bir-iki aya əhali bunun nəticəsini görəcək. Tədricən təcili yardımın işi tamam çökəcək. Çünki texniki bazası yoxdur, köhnə bazanın üstündə işləyir. Artıq orada zəncir qırılıb. Hər kəs işə müdaxilə edir. İş qalıb qıraqda, bunlar çək-çevirlə məşğuldurlar. Təsərrüfat işi ilə məşğul olmaq işin təşkili deyil. İşin təşkili briqadaların sayının artırılması və əhaliəyə vaxtında keyfiyyətli xidmətin göstərilməsidir. Dəfələrlə təkliflər yazıb təqdim etmişəm ki, hansı tədbirlər görülməlidir. Ancaq qəbul olunmayıb. Nə deyirdim, cavab bu olurdu ki, olacaq, eləyəcəyik. Axı bununla iş getmir. Bir gün orada hansısa qəza baş versə, necə olacaq, vəziyyətdən necə çıxacaqlar?”
Sabiq baş həkim deyir ki, o, heç bir əsas olmadan vəzifəsindən uzaqlaşdırılıb:
“Mənin 63 yaşım var. 70 yaşına kimi işləyə bilərdim. Amma məni "əmək müqaviləsinin müddəti bitib" bəhanəsi ilə işdən uzaqlaşdırdılar. Ayın 14-ü işimə xitam verib, 15-i ünvanıma göndəriblər, 20-si də məktub mənə çatıb. Bildiriblər ki, gəlib əmək kitabçamı götürüm. Əmək Məcəlləsinə görə, mən hələ fəaliyyətimi davam etdirməliydim. Əgər müqavilənin müddəti bitmişdisə və mən işdən azad olunacaqdımsa, iki ay öncədən mənə məlumat verilməliydi. İkincisi, mənə işdən azad olunmağımın səbəbi deyilməli idi. Əsas göstərilməliydi ki, məni hansı səbəbdən işdən azad ediblər. Əmək müqaviləsinin müddətinin uzadılmamasının səbəbi də deyilməli idi. Mənim kifayət qədər iş stajım var. Hansı əsasla mənə iş stajı müddəti qoyulur? Onların mənə müddət qoymağa heç bir ixtiyarları yoxdur axı. 2015-ci ildən mən bu işdə çalışıram. Nə olsun ki, müəssisənin tabeçiliyi dəyişdirilib. Axı o həmin müəssisədir, mən həmin işdə və həmin işçilərlə çalışıram. Onların etdikləri qanunsuzluqdur, məmur özbaşınalığıdır. Qanunları bilmirlər. Müəssisəni Müşahidə Şurasının qərarı ilə birləşdiriblər. Bütün bunlar Baş nazirin müvafiq əmri, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilməlidir. Belə-belə insanları məhv edirlər. Həkimi işə götürür, müddət qoyrlar, istədiklərinə iş verir, istədiklərini çıxarırlar. Mən hazırda işsizəm”.
Rauf Nağıyevin dediyinə görə, ölkənin pandemiyadan çıxmasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük xidmətləri olub:
“Pandemiya vaxtı qapıları bağlayırdılar, xəstələri götürmürdülər. Amma biz həmin dövürdə əhalini vəziyyətdən çıxarmaq üçün rayonlardan xəstə daşıyırdıq. O dövrdə xəstəxanalardan nələr baş verdi, kimlər tutuldu, hamınız gördük, amma bizim heç bir qüsurumuz olmadı. Saatlara xəstə qalırdı maşında, oksigen balonları daşıyırdım ki, xəstələr boğulmasın. Hələ o zaman min problem yaradırdılar. Azərbaycan dövlətinin qanunları qalıb kənarda, bunlar öz “qanunları” ilə işləyirlər. Əgər TƏBİBin icraçı direktoru Vüqar Qurbanov öz işini qiymətləndirsəydi, mənim işimə toxunmazdı”.
Rauf Nağıyev qeyd edib ki, o, illər öncə 20 Yanvar hadisələri, 1994-cü il martın 19-u və iyulun 3-də Bakı metropolitenində baş verən partlayış, Binəqədi rayonu ərazisində binanın yanması, Birinci və İkinci Qarabağ müharibələri zamanı xidmət göstərib:
“Hətta bir neçə dəfə Prezident öz çıxışlarında təcili yardımın işindən, səmərəli fəaliyyətindən danışıb. Bizim briqada ölkədə təşkil olunan mötəbər yarışlar, olimpiadalar, tədbirlər zamanı səmərəli fəaliyyət göstərib. O vaxt mən Bakı Baş Səhiyyə İdarəsində müavin işləyəndə nazir məni çağırıb dedi ki, ölkədə olimpiada keçiriləcək, təcili yardım pis vəziyyətdədir. Get oranı toparla, biabır olmayaq. Mən cəmi bir aya təcili yardımı qaydasına saldım. Bir aya mən orada az qala hərbi qayda-qanun yaratdım. O boyda işlərin öhdəsindən gəldim. Əgər işim, fəaliyyətim pis idisə, niyə o vaxt TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni təyin olunanda məni işdən çıxarmadı. Üstündən bu qədər müddət keçdikdən sonra çıxardı. Mən bu adamı əvvəldən tanıyırdım. Kiminsə kimdən xoşu gəlmir, dostudur, dostu deyil, şəxsən bəyənmir, müsbət və ya mənfi tərəfə fikirləri var, bu, şəxsi məsələlərdir. Şəxsi məsələləri işə qatmaq düzgün deyil. Şəxsi münasibətlər başqa, iş münasibətləri başqadır. Bunları bir-birinə qatmaq olmaz. Mənim də çox adamla dostluğum var, çox adamla gərginliyim olub. O başqa məsələdir, onun işə dəxli yoxdur. İşdə qanunlar, Əmək Məcəlləsi işləməlidir, şəxsi maraqlar yox. Ancaq bunlar özbaşına işlər görürlər. Ona görə də haqqımı məhkəmə qaydasında müdafiə edəcəyəm”.
Xəbər 4075 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|