04.12.2023 13:20
İran Azərbaycanla Ermənistan arasında sülh fürsətindən niyə yararlanmadı? - Şərh
İran-Azərbaycan münasibətləri bütün məntiqi qanunauyğunluqlara görə yaxşılaşmalı, irəliləməli idi. İrəliləmək bu iki ölkənin münasibətləri üçün indiki dövrdə günün tələbi idi. Azərbaycan və İran prezidentləri Daşkənddə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görüş keçirdilər.
Görüşdə Azərbaycan Prezidentinin ritorikasının İranın arzuladığı istiqamətə çevrildiyini ehtimal etməyə də əsas yarandı. Azərbaycan Prezidenti “bəzi xarici ölkələrin Azərbaycan-İran münasibətlərinə qarışmasına imkan verilməyib və verilməyəcək də” fikrini işlətdi. Xarici dövlətlərin İran-Azərbaycan münasibətlərinə müdaxiləsini İran şüara çevirib. Hər yerdə bunu axtarır.
Hətta İranda yağış yağıb, möhkəm sel də olanda Tehran bunu Azərbaycanda üçüncü dövlətlərin rolu ilə əlaqələndirib.
Təbii ki, Azərbaycan Prezidenti İran-Azərbaycan münasibətlərinə zərər vuran üçüncü dövlət dedikdə Ermənistanı nəzərdə tutur. Ümumiyyətlə Azərbaycan müstəqil siyasət aparan dövlətdir. Azərbaycanın siyasətinin müstəqillik dərəcəsi İranın siyasətinin müstəqillik dərəcəsindən yüksəkdir. Baxmayaraq ki, İran ərazisi, əhalisinin sayı, hərbi gücü ilə özünü dünyanın ən müstəqil dövlətlərindən biri adlandırır. Sanki ABŞ-a qarşı dayanmaq müstəqilliyin bir nömrəli əlamətidir. İranın anti-Azərbaycançılıqdan asılılığı göstərir ki, İranın siyasəti müstəqil ola bilməz. Dünyanın digər dövlətləri istiqamətində siyasətinə də İran anti-Azərbaycan nifrəti prizmasından yanaşır.
Azərbaycanda İran məsələləri üzrə kurator, hökumətlərarası komissiyanın sədri, Baş nazirin müavini Ş.Mustafayev yaranmış vəziyyətlə əlaqədar İranın Azərbaycandakı səfiri S.A.Musəvini yanına çağırdı, izahat işi apardı.
Azərbaycan XİN çox aktivlik göstərdi. Bunlar da nəticə vermədi. Doğrudan da tarix elə gətirdi ki, Azərbaycan-İran münasibətlərində məhz İranın arzuladığı qaydada irəliləyiş ola bilərdi. Azərbaycanın birbaşa iştirakı ilə regiondankənar dövlətlər Ermənistan-Azərbaycan normallaşmasından uzaqlaşdılar.
Aİ platforması donduruldu, Vaşinqtonda görüşdən imtina olundu. Hətta Aİ və ABŞ İranla münasibətlərinə görə Azərbaycana xəbərdarlıq etdilər. Çünki Azərbaycan qalan ərazisi ilə Naxçıvan arasındakı əlaqəni İran ərazisi vasitəsilə birləşdirmək istəyirdi. Avtomobil yolu ilə bağlı qərar qəbul edildi, pul ayrıldı. İran XİN ABŞ-a xəbərdarlıq etdi: ABŞ İran-Azərbaycan münasibətlərinə müdaxilə edə bilməz. Bu təkzibolunmaz faktdır ki, İranın arzulamadığı qüvvələr artıq Azərbaycan üçün də arzuolunmaz qüvvələrə çevrilib.
Rusiya da Ermənistanın hesabına artıq vasitəçiliklə məşğul ola bilməzdi.
Beləliklə, regionda tarixi şans yarandı: Ermənistan -Azərbaycan normallaşmasında bütün qapılar İran üçün açıldı. İran vasitəçilik irəli sürsün, vasitəçiliyini Ermənistana qəbul etdirsin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın.
İran bundan sonra uzun müddət deyə bilərdi ki, 30-40 il Aİ, ABŞ, Rusiya çalışdılar, amma regionda sülh əldə edə bilmədilər. Aİ ilə ABŞ regiondan uzaqlaşan kimi mən- İran sülh müqaviləsini imzalatdıra bildim. Bu, İran üçün çox böyük tarixi nailiyyət idi, İran bu fürsətdən istifadə etmədi. Çünki İranın qarşısında duran məqsədlər regionda yeni münaqişə ocaqları yaranmasını zəruri edirdi. Mövcud olan münaqişə isə sönməməlidir, əksinə daimi yanar halda qalmalı idi. İnformasiya təbliğatını dəyişdi. Azərbaycanın Qərblə münasibətində baş verən prinsipial dəyişiklikləri qısa müddətdən sonra unutdu. Əksinə, Qərbin Azərbaycana belə münasibətini Ermənistanın xeyrinə yozdu və “Qarabağ ermənilərinin köçməsinə görə yaxınlarda Ermənistanla Azərbaycanın arasında yeni münaqişələrin olacağı” fikrini aşılamağa başladı. “Qarabağ ermənilərinin öz yerlərini tərk etməsi, Ermənistanla Azərbaycan arasında yeni münaqişələrə gətirib çıxaracaq” fikrini informasiyalarının axırında bek kimi istifadə etdi. İranı daimi izləyən adamlardan biri kimi bu bizdə şok vəziyyəti yaratdı. Təəccüblü də qəbul etmədik. Çünki İranda anti-Azərbaycançılıq, xüsusilə Prezident İ.Əliyev hakimiyyətinin dayandırılması hər şeydən üstündür. Ona görə İran yaranmış belə tarixi fürsəti fövtə verdi.
Əvəzində Azərbaycan və Türkiyəyə qarşı yeni hücum kompaniyası başlatdı.Görünür İran İsraildən belə sifariş alıb. Hər halda mətbuatda Çinin vasitəçiliyi ilə Çin ərazisində İran-İsrail görüşü barədə ehtimallar yayılır.
Mübariz Əhmədoğlu
04 dekabr 2023 cü il
Xəbər 1651 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|