Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


13.02.2019  11:01 

Söyüş meydanında qaydasız “döyüş”





A+  A-

İndi bir çoxları ölkədə nələrin cərəyan etməsinin sanki fərqindədir. Müxalifətin son mitinqindən sonra hamı fərqli cavablar eşitmək istəyi ilə bir-birindən təkrar-təkrar soruşur ki, “nədən belə bir addım atıldı və bunda məqsəd nə idi?” Adamların bir-birinə ünvanladığı bu kimi cavabı bəlli suallar cəmiyyətdə dumanlı fikir və mülahizələri daha da şaxələndirir, hərəni öz tutumuna görə şərh verməyə sövq edir. Dinc mitinq və nümayişlər dünyəvi dəyərlərə söykənən bütün ölkələrdə sivil etiraz forması hesab olunur.
İlk baxışdan, müxalifətin (Milli Şura) yanvarın 19-da “Məhsul” stadionunda keçirdiyi növbəti mitinqi də bu qəbildən sayıla bilər. Amma sonradan mitinqlə bağlı cərəyan edən qeyri-təbii gəlişmələr bunun üzərinə müəyyən qədər kölgə saldı və təqvim üzərində yanvarın 19-nu bir ayrı rəngə boyadı. Ona görə yox ki, son mitinq ötənlərlə müqayisədə həqiqətən də möhtəşəm alınmışdı və ya bloger Mehmam Hüseynovla bərabər, digər siyasi məhbusların azadlığa buraxılması daha gur səslə tələb edilirdi, yaxud mitinq öncəsi əksər təşkilatçıların ənənəvi həbsinə baxmayaraq, iştirakçılarda böyük coşqu var idi, yaxud da mitinqdən sonra hakimiyyət dairələrində müəyyən “yumuşalma” hiss olundu və s. Əsla! Çünki bundan qat-qat möhtəşəm mitinqlər olsa da, amma mitinq sonrası bu qədər “müzakirələr” olmamışdı, olubbsa da belə, hər halda mən xatırlamıram.

Burada yanlış yanaşma qığılcımın öləziyib külə çevrilməsinə hesablanması oldu, yəni mitinq iştirakçılarına polisdən gələn “çağırışların” kütləvi xarakter alması əks effekt verdi, nəticədə cəmiyyətdə vərəllahi mülahizələri daha da gücləndirdi. Mitinq iştirakçılarının, hətta mitinqin keçirildiyi zaman kəsiyində “İnşaatçılar” metrostansiyasının ətrafından keçərkən “radara” düşən vətəndaşların da sonradan polisə çağırılması, onlarla “profilaktik söhbətlərin” aparılması nə dünyəvi dəyərlərlə, nə də sərbəst toplaşmaqla bağlı ölkədə mövcud olan konustitusion hüquqla üst-üstə düşmədi – bu baxımdan, bəraət qazandırıla bilməz, çünki burada razılaşdırılmış mitinqə gedənlərin sərbəst hərəkət və düşüncələrinə müdaxilə aydın görünür. Böyük ehtimal ki, bu, qorxu və xof effektinin yaranmasına hesablansa da, atılan addım əks reaksiyalı oldu – indi müəyyən kəsimdə yarana biləcək, yaxud artıq yaranmış çəkingənliyin sonradan nə ilə əvəzlənəcəyinə heç kim zəmanət də verə bilməz. Hansı baxış bucağından baxırıqsa-baxaq, ideologiya müəlliflərinin bu addımı hər nə qədər hakimiyyətin xeyrinə hesablansa da, yanlış idi və əslində, beynəlxalq aləmdə dövlətin adına, daxildə isə hakimiyyətin ünvanına növbəti mənfi “ionları” yükləyə bildi.

Baxın, polis idarələrində (şöbə və bölmələrində) sualın qoyuluşu, yəni “niyə mitinqdə iştirak etmisən”lə vətəndaşların ümumiləşdirilmiş yekun fikrini özündə ehtiva edən “razılaşdırılmış mitinqdə iştirak edənlər nə üçün polisə çağırımalıdır” sualı qarşı-qarşıya dayananda birinci ikincinin önündə məntiqsiz görünür və ortaya növbəti və həm də tutarlı sual çıxır: razılıq verildiyi halda insidentsiz keçən dinc mitinqdən sonra iştirakçıların “sorğu-sual” edilməsində məqsəd nədir?

Məhz, bundan sonra hərə öz tutumuna görə, olaylara yozum verməklə cavablandırmağa, yəni “qalib” və “məğlub” tərəfi müəyyənləşdirməyə çalışdı.
Polisə çağırılmanı bir ayrı müstəvidən bəlkə də təqdir etmək olardı, əgər, iştirakçı nəzakətlə qarşılanaraq ona şərti olaraq bu səpkidə, yəni - sizin mitinqə getmənizin səbəb(lər)i nədir və dövlət üzləşdiyiniz problemlərin həllində necə yardımçı ola bilər – qoyulsaydı, daha effektiv olardı. Təbii ki, vətəndaş (uzun illərin “təcrübəsinə” rəğmən) ilk öncə bunun səmimi bir yanaşma olduğuna inanmayacaqdı , həm də məqsədli xarakter daşıdığını düşünəcəkdi. Sonradan buna yaxşı mənada səmimiyyət donunu biçmək daha asan olardı. Polis dəvət olunanların problemlərini sistemli qaydada toplayıb aidiyyəti üzrə icra qurumlarına ünvanlayar, həmin qurumlar vətəndaşların istəklərini qanunla uzlaşdıraraq həllinə çalışardı (insanları haqsız olaraq dövlətdən narazı salanlar məsuliyyətə cəlb edilərdi və s.) və beləliklə, ortada səmimi ünsiyyət yaranardı. Bu, həm də yaxşı mənada bir ilk olardı.

Şərti bir sualı indi özümüzə ünvanlayaq və cavablandıraq: insanlar hansı halda (qanunvericilikdə nəzərdə tutulan) etiraz aksiyalarından istifadə etməyə çalışırlar? O halda ki, artıq bezirlər: süründürməçilikdən, haqlı olduqları halda bir sıra dövlət idarə və müəssisələrində səslərinin eşidilməməsindən, qısası, qanunların hər zaman və hər yerdə Qanun olaraq işləməməsindən, demək, narazı kütləni misqalla deyil, xalvarla formalaşdıraraq “pası” müxalif düşərgəyə ötürən elə əksər dövlət qurumlarının özüdür. Amma sonradan iştirakçıları bir-bir çağıraraq “mitinqdə niyə iştirak etmisən” sualı isə anlaşılan deyil və məntiqin əksidir. İlkin olaraq, özün şərait yaradırsan, yəni həm rəvac vermisən, həm də keçirilməsinə razılıq, sonra da deyirsən ki, “oralarda nə işin var idi”. Bunun anlaşılmaz olduğunu anlamaq üçün elmi-ləduna (gizli elmə) vaqif olmaq gərək deyil, iki vurulsun iki kimi bir şeydir.
İndi mitinqdə iştirak etməyən iki paytaxt sakininin üzləşdiyi problemə diqqət çəkək; görəcəyik ki, bu problemi yaradan qurumlar dövlətlə vətəndaş arasında necə bağları qırır, onlarda ümidsizlik yaradır, mövcud hakimiyyətdən narazı salır və s. Baxın, şəhərin mərkəzində - 28 may küçəsi bina 13, mənz. 13 ünvanında yaşayan paytaxt sakini Anar Hüseyn illərdir ki, təbii qazdan istifadə edə bilmir. Çünki mənzilində sayğac yoxdur, vaxtı ilə olan sayğacı “Azəriqaz” ondan xəbərsiz bir ayrısına “bağışlayıb”. İndi bu qurum özünü görməzdən gəlir, onun çoxsaylı müraciətlərinə “baxarıq” deyir, gündən-günə Çətinləşən “ASAN” Xidmət (“ASAN” Kommunal) isə “get, ay batandan sonra gəl” deyirsə, bu halda vətəndaş sizcə, necə addım atmalıdır? Hələ bu azmış kimi, binanın kiçik və darısqal həyəti kənar şəxslərin avtodayanacağına çevrildiyindən sakinlər mənzilinə belə rahatlıqla daxil ola bilmir. Şəhərin mərkəzində bu cür qaranlıq mənzərələrin şahidi oluruqsa, o halda “işıq” düşməyən ətraf yerlərdə vəziyyətin necə acınacaqlı olduğunu özünüz təsəvvür edin. Bəlkə də Mənzil İstismar Sahəsinin (MİS) rəhbərliyi səviyyəsində həll oluna biləcək kiçik bir iş, görün, necə böyüyür və müşkül məsələyə çevrilir. İndi zorən narazı elektoratın sıralarına sürüklənən bu vətəndaşın özü həmin dövlət qurumlarından haqlı olaraq sual etməlidir ki, “məni dövlətdən, onu yönləndirən hakimiyyətdən narazı salmaqda məqsədiniz nədir, hansı səbəbdən ən adi rahat yaşamaq hüququmu da əlimdən alırsınız və hansı haqla?” Bu qəbildən olanların sayı isə artan xətt üzrə getməkdədir.

Bizim qonşuluqda tənha yaşayan (7-ci mik. bina 14, mənz. 44) və yaşı 70-i haqlayan təqaüdçü müəllimə Sultanə Şıxlinskaya da “daha bezmişəm...” deyir. Bu ağbirçək qadını hansı həddə çatdırıblar ki, yaşının bu vədəsində özünü bütün hüquqlardan məhrum olunmuş kimi hiss edir – çünki səsi eşidilmir, müraciət etdiyi bütün dövlət qurumlarının kandarındaca səsini batıraraq bükülü bandrolla özünə qaytarıblar. Bu zavallı qadın nə istəyir ki, sadəcə, qışın şaxtasında soyuqdan donmamaq üçün bir ölkə vətəndaşı olaraq “Azəristiliktəchizat” ASC-dən istilik, vəssəlam. Ayrı bir istəyi yoxdur bu insanın və öz mənzilində sadə həyatını rahat yaşamaq istəyir. Onu da əlindən alırlar. Ətrafında cərəyan edən bir çox qanunsuzluqlara birtəhər dözür, amma soyuğa dözə bilmir. Onu ağrıdan məmurların soyuqdan da betər soyuq münasibətidir. İllərdir mənzilinə istilik verilmədiyi halda (onun kimi istilik almayan bütün abonentlərin) adına “borc” yığılmaqda davam edir. Aidiyyəti qurumlar bunu niyə görməzdən gəlirlər, səsinə səs verib məsələnin həll olunmasına səy göstərə bilməzlərmi? Bu qadının adi məişət məsələsin yoluna qoymaq, həqiqətənmi, bu qədər cətin bir işdir? İstək olsa, istilik məsələsi bir göz qırpımında həllini tapar və vətəndaş da görər ki, dövlət onun qayğısına qalır, səsini eşidir və s. O da qarşılıqlı olaraq dövlətini, onu yönəldənləri qəlbən sevər, bu ölkənin vətəndaşı olmağından qürur duyar.

Hələ ki, bütün bunların əksini görürük. İnsanlarda sanki qəsdən belə bir təəssürat yaradılır ki, artıq, heç kim heç kimin “kitabını” oxumur, yaxud da oxumağa həvəsli deyil. Bu, qorxulu və təhlükəli gələcəyin anonsundan xəbər vermirmi, sizcə?
Görün, vəziyyət hansı həddə çatıb ki, bu gün “döyüş” meydanında söyüş ritorikası özünün pik həddinə yüksəlib. Burada sərhəd məftilləri elə qırılıb ki, onu əvvəlki halında bəpa etmək mümkünsüz görünür - artıq “döyüş” qaydasız gedir.
Yaxşı xatırlayıram, ilk “milli” söyüş 1991-ci ildə AzTv-nin efirindən məmləkət insanlarını müjdələdi. Müxalif yönümlü insanlara ünvanlanan bu söyüşü o zaman cəmiyyət tam olaraq özünə qəbul etdi və böyük ictimai qınağa səbəb oldu. AzTv-nin önündə davamlı piketlər, ziyalı kəsimin indikindən fərqli olaraq sərt təpkisi qısa zamanda müsbət nəticəsini verdi – sonradan heç kəs buna cəsarət etmədi. O zaman bir söz birləşməsindən ibarət olan söyüş indiki kimi heç də “beynəlmiləl” deyildi, “milli” idi, müqayisədə onu bu gün alqışa da bənzətmək olar. Etiraf edim ki, biz o zaman “Xəbərlər”in əməkdaşları olaraq həmkarımız Vüsal Əfəndiyevin “müəllifi” olduğu həmin ifadəyə görə utanırdıq və həm də haqlı olaraq qınanırdıq...

AXC hakimiyyəti dövründə söyüş ritorikası ənənəvi xarakter almasa da, daxili işlər naziri İsgəndər Həmidovun canlı efirə müdaxilə edərək AMİP-çiləri ağır ifadələrlə təhqir etməsi, ardınca partiya sədri Etibar Məmmədovun cangüdənləri ilə birgə telestudiyaya gələrək bunun “razborkasını” aparması tragikomik mənzərə yaradırdı. Müdafiə naziri Rəhim Qazıyevin “Xoş gördük” proqramının əməkdaşı İsaq Əvəzoğlunu nazirliklə bağlı hazırladığı tənqidi süjetə görə AzTv-nin binasında axtarması, onunla “canlı” şəkildə “haqq-hesab” aparmaq istəməsi, tapmayanda isə hamının gözü önündə onun ünvanına ən aşağılayıcı ifadələri işlətməsi tarixdir və həqiqətdir. Amma o da həqiqətdir ki, bütün bunlar sərt şəkildə qınanırdı – həm ictimaiyyət, həm də hakimiyyət tərəfdən. Həmin dövrdə bu ənənə davamlı olmadı, hakimiyyətin ömrü kimi yarımçıq kəsildi...

İllər ötdü, siyasi mübarizə meydanı daraldıqca söyüş davamlı xarakter almağa başladı və miqyası ölçüyəgəlməz oldu. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin birbaşa efirdən, deputat Əhəd Abıyevin AXCP sədri Əli Kərimlini, mərhum akademik Cəlal Əliyevin isə ANS-in əməkdaşları Mirşahin Ağayev və qismən də olsa, Aytən Səfərovanı Milli Məclisin tribunasından (!) söyüşə “qonaq” etmələri birbaşa xalqın özünün təhqir olunması kimi qəbul edilməlidir.

Bu gün söyüş elektron medianı, sosial şəbəkələri necə zəbt edibsə, artıq hamı buna köklənib. Hamı söyür, fərqində olmasalar belə, ünvanlı-ünvansız, yenə də söyürlər – sanki bir mübarizə meydanıdır, birincilik uğrunda yarış gedir.

Birinci kim başlayıb, təkanvericisi kim(lər) olub, fərq etməz, həyatım boyu söyüş söyməyən birisi olaraq, bunu acizlik və aşağılıq əlaməti hesab edirəm. Bu, xalq və dövlət adına bir rəzalətdir. Bu, həm də qorxulu və təhlükəli gələcək vəd edir. Belə davam edərsə, hər kəs özünü qaranlıq tuneldə hərəkət edən və istiqaməti bəlli olmayan qatarın yuxuya qərq olmuş sərnişini kimi hiss edə bilər – səni nələrin gözlədiyindən xəbərsiz kimi.

Görəsən, tərəflər birtərəfli qaydada deyil, qarşılıqlı olaraq “bu rəzaləti durduraq, siyasi mübarizəni söyüş meydanına çevirməyək” deməyə özlərində cəsarət tapa biləcəklərmi? Nə qədər ki, hələ gec deyil...

Vasif Hüseynov




Xəbər 4925 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +