II Qarabağ savaşından sonra yalnız Qərbdə və İranda deyil, bir zamanlar dost bildiyimiz Hindistanda da anti-Azərbaycan təbliğat ifrat dərəcədə artıb.
Sosial medianın hind seqmenti antimoğol, antimüsəlman kontentləri ilə doludur. 2022-ci ildə Twitter trendlərini təhlil edən “Getdaystrends” veb-saytı Hindistanda təxminən 1,97 milyon tvitdə müsəlmanları hədəfə alan #HindusUnderAttackIndia həştəqinin olduğunu bildirib. Moğollar üzərindən güclü islamofob və anti-Azərbaycan dezinformasiyanın artımı Hindistanda və xaricdə sağçı əfsanlərdən (narrativdən) qaynaqlanır.
Hindistan KİV-lərində artan antiislam, dolayısı olaraq anti-Azərbaycan təbliğatı “Citizens for Justice and Peace” (Ədalət və Sülh Uğrunda Vətəndaşlar - CJP) təşkilatı tərəfindən xüsusi araşıdırılıb.
Guya islam fanatizmi səbəbindən Azərbaycandakı hindus məbədlərinin dağıdılması haqda iddialara cavab olaraq CJP-nin hazırladığı hesabatda (Moğollar hindus düşməni idimi?) bir neçə mif rədd edilir.
Xatırladaq ki, CJP Hindistan vətəndaşlarının azadlığını və konstitusiya hüquqlarını qorumağı qarşısına məqsəd qoymuş insan hüquqları hərəkatıdır.
Hesabatdakı təkziblərin bəzilərini yeni mif yaratmağa xidmət etdiyini qeyd etmək də lazım gəlir. Məsələn, Hindistandakı Baburi sülaləsinin (Böyük moğolların) sonradan hihduslaşması haqda iddia belələrdindəndir.
Beləliklə, hesabatda deyilir:
İddia №1: Moğollar quldur, qatil və hindus düşməni idilər.
Cavab: Moğol hökmdarları hər hansı digər hökmdarlar kimi idilər, sağçı trolların sübut etdiyi kimi, onların anti-hindus baxışları səbəbindən qəddarlıq etməsinə dair tarixi dəlillər yoxdur.
Moğol İmperiyası 16-cı əsrin əvvəllərindən 19-cu əsrin ortalarına qədər Hindistan yarımadasını idarə edən bir sülalə dövlətidir Moğol sülaləsi burada məskunlaşıb, öz mədəniyyətini özü ilə gətirib, yerli əhalini assimilyasiya edib, sonra özləri yerli xalqa qaynayıb-qarışıblar.
Hindlilərin böyük bir hissəsi Moğol hakimiyyəti ilə əməkdaşlıq edir, öz ilkin inanclarına da sadiq qalırdı.
Xatırladılır ki, Moğol dövlətinin 1600-cü ildəki ümumi daxili məhsulu dünya iqtisadiyyatının təxminən 24,3% -ini təşkil edirdi və bu, o zaman üçün dünyada ikinci ən böyük iqtisadiyyat idi.
Moğol İmperiyası Cənubi Asiyanın demək olar ki, 90 faizini əhatə edəcək qədər genişlənmiş və vahid gömrük və vergi idarəçiliyi sistemini tətbiq etmişdi.
Hind sənətkarlarının, fermerlərinin və fəhlə sinfinin böyük bir hissəsi yalnız Moğol dövründə deyil, həm də müsəlman olmayan digər hökmdarların hakimiyyəti altında yoxsulluq içində yaşayıb, amma ona görə yox ki, hökmdarlar ölkəni texniki və ya başqa şəkildə “çapıb talayıblar”, sadəcə, orta əsrlərdə başqa üsuli-idarə yox idi. Üstəlik, Moğol sülaləsi bölgənin tarixində, mədəniyyətində və memarlığında silinməz iz qoyub.
Amma bu günlər moğollara inadla “barbar”, “qəddar”, xüsusilə "antihindus" yarlıqları yapışdırılır. 2015-ci ilin noyabrında verdiyi müsahibədə tanınmış tarixçi D.N. Jha iddia edir ki, Moğol hökmdarları, o dövrdə dünyanın digər hökmdarları kimi, məbədləri dağıtsalar da, bu addım çağımızda şahidi olduğumuz dini təəssübdən deyildi.
D.Jha qeyd edir ki, məşhur Somnath məbədinə basqın sırf dini deyil, məbədin topladığı külli miqdarda sərvət naminə olub.
Harbans Mukhiya adlı alim isə “The Wire of Mughal Samrat Akbar Aur Sanskrit (2012)” (müəllif- Pratik Kumar Mişra) kitabı üçün yazdığı resenziyada tarixin "Hinduizm- İslam çəkişməsi" kimi görünə bilməyəcəyinə işarə etdiyinə diqqət çəkir.
Mişranın kitabında həmçinin deyilir ki, Moğol hökmdarı Əkbər bir çox panditə (hindus din xadimi-C.Q) sanskrit dilini öyrənmək üçün qrantlar verib. Şahcahan kimi Moğol padşahları isə sənəti himayə etməklə tanınırdılar.
Yəni Moğol İmperiyasının bütün hökmdarlarının hindusları məhv edən çılğın barbarlar olduğu haqda iddia sadəcə ağ yalandır.
İddia №2: Hindutva (hindus millətçiliyi) tərəfdarı “Kreately Media”-nın videosunda iddia olunur ki, moğollar Azərbaycanda Atəşgah adlı mühüm bir od məbədini dağıdıblar, bu zaman məbəddəki çoxəsrlik Qaneş heykəlini də uçurublar. Bu iddia digər millətçi-dinçi resurslarda da təkrarlanır.
Moğol padşahları Azərbaycanda?
Bu iddia bizə xüsusən əyləncəli gəldi. Çünki həm Hindistandakı anti-Azərbaycan kampaniyasının mahiyyətini anlamağa kömək edir, həm də orta əsrlər Azərbaycanı haqda bəzi mətləblərə aydınlıq gətirilməsinə vəsilə olacaq.
Əvvələn, hesabatda deyildiyi kimi, Azərbaycanı moğollar yox, monqollar (Elxanilər nəzərdə tutulur-red) idarə edib.
Eyni sülalədən və türk olmalarına baxmayaraq, monqollar və moğollar fərqli idilər. İkincisi, sözügedən məbədin qalıqlarını moğollar deyil, 19-cu əsrdə qaz və neft axtaran sənayeçilər dağıdıblar (əslində tarixçilər Suraxanıda neftin sənaye üsulu ilə hasilatından sonra səmt qazının çıxması ilə Suraxanı məbədinin təbii təchizatdan məhrum olmasını da səbəb kimi göstərirlər-C.Q). “The Hindu” qəzeti də məbədin dağılmasını 19-cu əsrdə neft-qaz sənayesinin gur inkişafı ilə bağlı olduğunu təsdiqləyib.
”Deməli, buradan belə başa düşmək olar ki, sağçı trollar yanlış olaraq dini obyektlərin dağıdılmasını müsəlmanlara və ya indiki düşməni hesab etdikləri hər kəsə aid edirlər.” –deyə hesabatda vurğulanır.
Üçüncüsü, Atəşgah hindus yox, zərdüşti məbədidir, üzərində yunan və fars dillərində yazılar olub, Hindistanla əlaqələrinə dair qeydlər isə sanksrit və pəncabi dillərindədir.16-17-c əsrlərdə hind (daha dəqiqi yerli əhalinin “moltanı” dediyi pəncablı və qucaratlı) zəvvarlar da buranı ziyarət edib.
Dördüncüsü, Azərbaycanı idarə etmiş Hülaki xan (Elxanilər) dini dözümlülüyü ilə seçilirdi və müəyyən mənbələrə görə, müsəlman yox, buddist idi. Elxanilər dövründə Azərbaycanda zərdüşti məbədləri ilə yanaşı, xristian, xüsusən nestorian məbədləri bərpa edilir, yeniləri də inşa olunurdu.
Qarabağ ərazisindəki bəzi xristian məbədlərinin də Elxanilər hakimiyyəti zamanı inşa edildiyi bəllidir.
Bununla belə, sağçı hinduslar arasında məbədin dağıdılması ittihamları yayğın olaraq qalır. Moğolları məbədləri məhv edənlər kimi qələmə vermək üçün tez-tez adı çəkilən bariz tarixi şəxsiyyət var - Övrəngzib (Aurangzeb).
Onun Varanasidəki Kaşi Vişvanat məbədini dağıtması ilə bağlı çox danışılan hadisə şübhə doğurmur; yeganə qarışıqlıq odur ki, o, ekspansionist hərbi yürüşləri zamanı Gülkənd qalasındakı məscidi də dağıdıb.
Yada salaq ki, Sultan Əbul Müzəffər Mühyiəddin Övrəngzib (Aləmgir) Mirzə Fətəli Axundzadənin Kəmalüddövlə məktublarının da personajıdır. Həmən əsərdə Axundzadə şahzadə Kəmalüddövlənin atası kimi verilən Övrəngzibi tənqid edirdi ki, vəhşi hindusları niyə İslama keçməyə təşviq etməyib.
Digər tarixi rəvayətlər Övrəngzibin irrasional hökmdar kimi təqdimatının yanlış olduğuna dair dəlillər təqdim edir. Şübhəsiz ki, Övrəngzib İslamın qızğın məzhəbçi davamçısı idi (o, qeyri-müsəlman əhalinin müəyyən hissəsindən cizyə vergisi alırdı), lakin o, hindus məbədlərə ianə verməklə də məşğul olurdu.
“Scroll”un dərc etdiyi “Övrəngzib -insan və əfsanə” kitabında qeyd edilir ki, onun hakimiyyəti zamanı hindus məbədləri dövlətdən yardım alırdı.
Müsəlman əsilli hindistanlı tarixçi İrfan Həbib sağ radikal hindusların yaratdığı miflərə aid bir nümunə verir - biz 2000 ildir müsəlmanların zülmü altındayıq. Halbuki İslamın bütün tarixi 1400 ildir, üstəlik 300 illik ingilis hakimiyyəti də nədənsə unudulub.
İddia edilir ki, Böyük Moğollar hindus məbədlərini dağıdıb qızılları müsəlman ölkələrinə göndəriblər.
CPJ qeyd edir ki, hindutva rəvayətləri keçmişə icmalararası ədavət tarixi kimi baxmağa davam edir.
Qeyd edək ki, BJP (indiki baş nazir-hindus faşizminin çılğın tərəfdarı Narendra Damodardas Modinin partiyası) hakimiyyətə gəldikdən sonra NCERT (Milli Tədqiqat və Təlim Şurası) şagirdlər üçün tarix dərsliklərindən Moğollarla bağlı fəsillər çıxarılıb. NCERT dərsliklərdən 2002-ci ildə Qucarat qətliamından bəhs edən hissələri, eləcə də Mahatma Qandinin hindus radikallar tərəfindən öldürülməsi ilə bağlı hissələri silib.
Xatırladaq ki, 2002-ci ildə indiki baş nazirin vətəni olan Qucaratda müsəlmanlara hücum zamanı 69 nəfər doğranaraq yandırılmış, ümumən 1000 nəfərdən çox müsəlman qətl edilmişdi.
CPJ vurğulayır ki, Moğol İmperiyası haqqında miflər hədsiz çoxdur.
Bəs bu miflər niyə bizi narahat etməlidir? Çünki onlar nəinki tarixi təhrif edir, həm də Hindistandakı təxminən 200 milyonluq müsəlman icmasına qarşı nifrət və qərəzi körükləyir. Hindistanda müsəlman mədəniyyətində azərbaycanəsilli sülalələrin idarə etdiyi Gülkənd xanlığı və Heydərabad nizamlığının da böyük töhfəsi olub. Bu təbliğatın ardınca son illər onlarla müsəlman tarixi abidəsi dağıdılıb.
Hindus millətçiləri onlara dəxli olmayan Atəşgahın guya orta əsrlərdə müsəlmanlar tərəfindən dağıdılmasına görə qisas tələb edirsə, Hindistanda bizə dəxli olan abidələri dağıdılmasına laqeyd qalmağımız çox da anlaşılmır. Hindistanın müsəlman hakimləri olmuş Moğollara nifrət aşılanır, onların məbədləri dağıdılır, dağıdılmış müsəlman məbədinin yerində inşa edilən hindus məbədinin açılışını baş nazir şəxsən özü edir.
Daha sonra Moğollar azərbaycanlı elan edilir (hərçənd ki moğollar-baburilər orta asiyalı cağatay (özbək) sülaləsi idi –C.Q), bütün anitiislam isteriyası və “müsəlman işğalçılara qarşı” nifrət kampaniyası avtomatik Azərbaycan yönəldilir.
Bununla digər müsəlman dövlətlərinin, xüsusən Qəzzaya görə bütün dünyanı, o cümlədən Azərbaycanı ittiham edən İranın susqunluğuna da bəhanə təmin edilir.
Üstəlik, bu təbliğat Hindistanın Ermənistana yaradımına ideoloji bəraət kimi istifadə edilir. Məsələn Arunanş B. Qosvami adlı “tarixçi, hüquqşünas və yazıçı” “Hindistan və Ermənistan arasında geosiyasi sinergiya“ adlı məqaləsində yazır: “Hindistan və Ermənistanın ortaq cəhətləri nədir? Əvvəla, bunlar minlərlə illik tarixə malik sivilizasiya dövlətləridir. İkincisi, xristianlıq bu ölkələrə çox erkən, Qərbi Avropaya çatmamışdan bir neçə il əvvəl çatıb: Müqəddəs Tomas (Foma) İncili Hindistanda, Müqəddəslər Bartolomey və Tadey isə Ermənistanda təbliğ edirdi.
Üçüncüsü, əsrlər boyu miqrasiya sayəsində bu ölkələrdən gələn böyük diasporlar dünyanın bir sıra yerlərində, xüsusən də ABŞ-da möhkəmlənib. Amerika arzusunu həyata keçirməklə hindistanlı amerikalılar və erməni amerikalılar ABŞ iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər.
Dördüncüsü, türk zalımlarına qarşı vuruşan Andranik Uzunyan və Chhatrapati Shivaji Maharaj kimi “cəsur azadlıq döyüşçüləri”nin hekayəsi bizi birləşdirir”.
Müəllif iddia edir ki, Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində 100 mindən çox erməninin Dağlıq Qarabağdan qovulması Kəşmir Panditlərinin deportasiyasını və soyqırımını xatırladır”. Yəni erməni təbliğatının Qərb ictimai rəyi üçün uydurduğu narrativ (ilk xristian dövləti, qədim sivilizasiya və s.) avtomatik olaraq hind ictimai rəyi üçün zənginləşdirilərək istifadə olunur.
Müəllif sonda daha ciddi anti-Azərbaycan çağırışlar edir: “Hindistan hökuməti geosiyasi dəvəquşu olmamalı, Azərbaycan-Pakistan əlaqələrinin yaratdığı açıq-aşkar strateji təhlükələrə məhəl qoymalıdır.
Ermənistan Cənubi Qafqazda minlərlə hindistanlı tələbənin təhsil almağa getdiyi dost ölkədir. Cənubi Qafqazda sabitlik qorunmalıdır, çünki orda ərzaq və ərzaq çatdırılması biznesində çoxsaylı hindli işçilər işləyir və Ermənistan Hindistanın Gürcüstan və Rusiya vasitəsilə Avropaya açılan qapısı ola bilər”.
Yəni açıq şəkildə Şimal-Cənub dəhlizi üçün məhz Ermənistan marşrutu seçilməsi tövsiyə olunur.
Cəmaləddin Quliyev, siyasi ekspert
Xəbər 3612 dəfə oxunub.