DANX 134 Saylı marşurut xəttini nə zaman rahat buraxacaq?
Dünən içi sərnişinlə dolu olan 134 saylı marşurut xəttinin 10-TF-411 dövlət nömrə nişanlı avtobusunun qarşısı DANX-ın qoçuları tərəfindən kəsilib.
XəzərNews.az-a verilən məlumata görə, bu hadisə həmin vaxt avtobusu idarə edən sürücü Mirzəyev Əliağanın başına gəlib.
Onun sözlərinə görə, DANX-ın 90-PB-516 dövlət qeydiyyat nişanlı xidməti maşını onun qarşısını xırdalan dairəsində zorla kəsib. Avtobusa minən “qoçu”lar Bakı Beynəlxalq Avtovağzalında bütün sərnişinləri məcburi formada, ünvan başına çatmamış düşürüblər. Daha sonra sürücüyə zor tətbiq ediblər. Üstəlik onun ünvanına nəlayiq ifadələr işlədiblər və avtobusu xətdən kənarlaşdırıblar. Sürücü faktla bağlı dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib. Hadisə yerinə polis gələn zaman isə DANX-ın qoçuları ərazidən qaçıblar. Daha sonra sürücünün 40-polis bölməsində izzahatı alınıb.
Sürücü həmçinin faktla bağlı təfərrüatlı şəkildə avtobusların məxsus olduğu Monella MMC-nin direktoru Qurbanəli İsmayılova da ərizə ilə müraciət edib. Hadisə zaman zərər çəkən sürücü onun hüquqlarının tapdanıldığını, ailəsi təhqir edildiyini bildirir. Onun tək istəyi aidiyyatı qurumların məsələ ilə bağlı obyektiv araşdırma aparmalarıdır.
Xatırladaq ki, 134 saylı marşurut xətti Monella MMC-nin istismarındadır. Bu xətt sözügedən daşıyıcı şirkətə sərnişinlərə xidmət edilməsi üçün BNA tərəfindən sərəncamla verilib. Ancaq bir müddətdir ki, DANX-ın “qoçu”ları avtobusların fəaliyyətinə ciddi maneə yaradır. Bir neçə dəfə sərnişinlər yolda düşürdülüb, avtobuslar isə xətdən kənarlaşdırılıb. Sözsüz ki, sərnişinlərin və sahibkarın bu formada incidilməsi yol verilməzdir. Ölkə prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Bildirib ki, sahibkarlar incidilməməlidir, əksinə onların fəaliyyətinə şərait yaradılmalıdər.
Ancaq DANX-ın daşıyıcı şirkətə qarşı etdiyi bu son əməlləri birbaşa ölkə başçısının göstərişləri ilə zidlik təşkil edir. İnanırıq ki, aidiyyatı qurumlar da bu məsələyə biganə yanaşmayacaqlar.
Qeyd edək ki, bütün bu iddialarla bağlı DANX-dan münasibət öyrənmək istəsək də, qurum konkret cavab verməkdən yayınır. Məsələnin araşdırılacağı bildirilir. Ancaq hələlik heç bir nəticə yoxdur.
Xəbər 3946 dəfə oxunub.