28.07.2023 12:13
14 ƏSRİN SÖNMƏYƏN İŞIĞI...
Bu gün Kərbəla faciəsinin – Peyğəmbərimizin çox sevdiyi, müsəlmanlara da hörmətini saxlamağı vəsiyyət etdiyi sevimli nəvəsi Həzrəti Hüseynin və doğmalarının amansızlıqla qətlə yetirilməsinin növbəti ildönümüdür.
Düz 14 əsr - 1343 ildir ki, gerçək müsəlmanlar bu faciəni onun ağrısını təkrar yaşaya-yaşaya, ancaq həm də böyük bir qürur və iftixar hissiylə qeyd edirlər.
Üstəlik, ilk vaxtlar çox gizlicə və məhdud sayda insanın iştirakıyla qeyd edilən bu faciənin ildönümünü indi dünyanın hər yerində milyonlar böyük yanğı, coşğu və sevgiylə anırlar. Hər il də bu say arta-arta gedir, coğrafiya genişlənir, heç bir qadağa, təzyiq də bu əzəmətli dalğanın qarşısını ala bilmir.
Bilirsiniz, niyə?
Çünki dünyadakı ədalətsizliklər, qeyri-bərabərliklər və zülm artdıqca, ona paralel şəkildə də Kərbəlada yaşananlar araşdırıldıqca, öyrənildikcə, bu hadisənin təkcə İslam tarixində deyil, ümumiyyətlə, bəşəriyyətin mübarizə tarixində necə böyük və örnək bir nümunə olduğu daha yaxşı dərk edilir, anlaşılır.
Artıq Həzrəti Hüseynin həyatı, əxlaqı, davranışları, zalıma boyun əyməmək və ideyası uğrunda ölümə yürümək örnəyi təkcə zülm və zorakılğın yayılıb artdığı Yaxın və Orta Şərqdə - İslam coğrafiyasında deyil, ədalətsizliyin və haqsızlığın olduğu hər yerdə, o cümlədən xristian Qərb dünyasında, hətta buddistlərin çoxluq təşkil etdiyi Çin və Hindistanda belə, böyük maraq və həvəslə araşdırılır, öyrənilir, tədqiq edilir.
Hər il Kərbəla hadisəsinə, onun qəhrəmanlarına həsr olunmuş, bu hadisəyə müxtəlif baxış və rəyləri əks etdirən nə qədər kitablar, məqalələr yazılır, filmlər çəkilir, musiqilər bəslənir. Və istisnasız olaraq da, bu əsərlərin əksəriyyətində İmam Hüseynin adı əsl lider necə olmalıdır nümunəsini yaratmışların önündə gəlir artıq...
Əlbəttə, hər kəs Kərbəlanı anlaya, hər kəs Hüseynə ağlaya və onu sevə bilməz! Heç bu, hər kəsdən gözlənilmir də! Çünki yalnız soyu-qanı təmiz, ideyasına və prinsiplərinə sadiq, kin, həsəd və paxıllıqdan uzaq, həqiqi ləyaqət və şərafət sahibi olan gerçək dava adamları Hüseyni və tərəfdarlarını daha yaxşı başa düşər, anlayar, onları sevər, hörmətini də hər yerdə saxlayar! Axı yalnız onlar daha yaxşı bilir və qəbul edirlər ki, Kərbəlada yaşananlar təkcə iki ərəbin - Hüseynlə Yezidin hakimiyyət və sərvət savaşı deyildi!
Bu, Əli oğlu Hüseynlə Müaviyə oğlu Yezidin timsalında soylu ilə soysuzun, haqqla nahaqqın, imanla imansızın, dürüstlə nadürüstün, mərdlə namərdin, ləyaqətlə rəzalətin, sədaqətlə xəyanətin, işıqla zülmətin savaşıydı!
Əgər 680-ci ildə Əli oğlu Hüseyn Müaviyə oğlu Yezidin beyət təklifini qəbul etsəydi, babası Peyğəmbərin soyuna, söylədiklərinə, gətirdiyi Kitaba xəyanət və özünün halal haqqından imtina etmiş olardı; nadürüstlər və namərdlər ondan sonra hər yerdə qürrələnib önə, başa keçər, dürüst və mərdləri küsdürər, alçaqların ləyaqətlilər üzərində hökmranlığını əbədi edərdi; daha heç kəs ləyaqətə, sədaqətə və etibara fikir verməz, dünya xəyanət yuvasına çevrilərdi; Allahı anladan və bəşəriyyəti xeyirxahlığa, yaxşılığa, dürüstlüyə və ədalətə çağıran işıqlı kəlmələrsə birdəfəlik sönər, zülmət və zillət hər yeri qaranlığa qərq edərdi!
Nə yaxşı ki, Hüseyn o vaxt beyət etmədi və yenicə közərən o işığı da sönməyə qoymadı!
İmam Hüseynin 680-ci ildə Kərbəlada, Fərat çayının sahilində öz qanıyla yandırdığı o işıq 1343 ildir ki, azadlıq və ədalət istəyən, haqqı uğrunda mübarizə aparan və bunun üçün canını belə çəkinmədən verən insanların yolunu aydınlaşdıran nura, mayaka, əbədi məşələ çevrilib!
Azərbaycan insanı o yolda yürüyənlərin nələrə nail olduğunu 44 günlük Qarabağ savaşında bir daha gördü, anladı...
Bu gün şəhidlər sərvəri İmam Hüseyni və eləcə də Qarabağımızda düşmənə təslim olmayaraq, onun beyət təklifini qəbul etməyərək şərəfimiz, namusumuz, ləyaqətmiz, Vətənimiz üçün öz canından keçən hər bir Şəhidimizi dərin hörmət, sevgi, minnətdarlıq və ehtiram hissiylə anırıq!
Daha başınıza döyməyin, onu yarmayın, əziz həmvətənlər - Şəhidlərimizi başa keçirin, baş tacı edin, onların həyatını dərindən öyrənin və bir də onları heç vaxt unutmayın!
Çünki onda görəcəksiniz ki, Şəhidlər, həqiqətən, həmişə diridirlər və bizimlə birgə yaşayırlar...
Elxan Şükürlü
Xəbər 5253 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|