03.07.2020 12:26
Azərbaycanda bu yay quraqlıq gözlənilir? - Açıqlama
Su çatışmazlığı problemi ilə bağlı aparılan diskussiyalara mütəxəssis rəylərinin verilməsi və mövcud durumun real təhlili günün aktual mövzusuna çevrilib.
XəzərNews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da bununla bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Kənd təsərrüfatı istehsalının artması quraqlığa səbəb ola bilərmi?
- Quraqlıq təbii proses olduğuna görə, əksinə, quraqlıq kənd təsərrüfatına təsir göstərə bilər. Təbii ki, suya təlabat ilbəil artsa da, bu amil bu il yaranmış su çatışmazlığının səbəbi deyil.
Əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır. Belə proseslər çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Və bunu nəzərə alaraq, bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaq olmalıdır.
Bu istiqamətdə bütün səylər birləşməlidir. Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir.
Bu ilin may ayında düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla 2 dəfə az olubsa, iyun ayında 4 dəfəyədək az olub, aran rayonlarında normanın cəmi 11-28 faizini, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında normanın 19 faizini, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib. Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir.
- Quraqlıq proqnozlaşdırılıbmı?
- Hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən həmin dövr üçün Kür çayından daxil olan suyun (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək az olacağı, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib. Faktiki olaraq isə sululuq normadan 33-53 faiz arasında az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi.
Bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və çaylarda aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb. Hazırda müşahidə olunan vəziyyət, gözlənilən az sululuğun nəticəsidir.
Keçmişdə də ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq qeydə alınıb. Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq da çayların sululuğuna mənfi təsirini göstərmişdi.
Qeyd edək ki, iqlim dəyişmələri son zamanlar özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son 8 ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.
Onu da qeyd etmək lazımdır ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıq olsa da, təbii səbəblərlə yanaşı antopogen təsirlərin də olduğunu müşahidə edirik.
Xəbər 1726 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|