13.12.2023 13:00
Vasif Talıbovun “krışalığ” etdiyi deputat həbs olundu
"Şəkildə gördüyünüz bu adam Naxçıvan Ali Məclisinin sabiq deputatı Cəfərov İbrahim Mustafa oğludur. Əslən Kəngərli rayonunun Xok kəndindən olan bu şəxs 2002-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 17 ağır maddəsi ilə rəsmən axtarışda olub. O, Bakı şəhərində törədilən bəzi cinayət əməllərinin təşkilatçısı kimi təqsirləndirilib".
Xəzərnews.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Məhəmmədəli Qəribli bildirib.
O qeyd edib ki, çox imkanlı adam olan İbrahim Cəfərov el arasında "Hacı İbrahim" ləqəbi ilə tanınıb:
"Naxçıvan şəhərindəki Tütün Fermentasiya Zavodu, bir neçə otel və bəzi ticarət obyektləri ona məxsus olub. Özünün və yaxınlarının dediyinə görə, onun ağır maddələrlə axtarışda olmasına baxmayaraq, 22 il azadlıqda qalması prosesinə birbaşa “krışalığı” Vasif Talıbov edib.
Bunun üçün İbrahim Cəfərov əlində olan əsas “obyekt”lərini talıbovlara pay verməli olub. İndi isə məhkəmə yolu ilə həmin “obyekt”ləri Vasif Talıbovdan geri tələb edir. Təsəvvür edin ki, bütün bu müddəti İbrahim Cəfərov Naxçıvanda keçirib, azad şəkildə gəzib-dolaşıb və ona “gözün üstə qaşın var” belə deyən olmayıb. Elə bilirmiş ki, Vasif Talıbov səltənəti əbədi olacaq və bu da ömrünün sonuna kimi azadlıqda qalacaq".
Jurnalist qeyd edib ki, media üzərindən etdikləri çağrışlardan sonra Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları onu Naxçıvanda saxlayaraq Bakıya gətiriblər:
"Hazırda onun istintaqı Xətai Polisi tərəfindən aparılır. Ən qəribəsi budur ki, Xətai Rayon Məhkəməsi istintaqın getdiyi dönəmdə bu adam barəsində həbs qətimkan deyil, ev dustlaqlığı cəza növünü seçib. Güya onun xəstə olduğu əsas gətirilib.
Mən İbrahim Cəfərovu şəxsən gördüm, o, hətta əvvəlkindən də gumrahdır, heç bir xəstəlikdən söhbət gedə bilməz. Belə olan təqdirdə, bu cür təhlükəli adamı niyə və nəyin müqabilində azadlıqda saxlayırlar? İbrahim Cəfərov həm də yaxınlarından və qohumlarından ibarət yaratdığı cinayətkar dəstənin bəzi üzvlərinin azadlıqda qalmasına, onların yerinə günahsız adamların həbsinə də nail olub".
M.Qəribli qeyd edib ki, cinayəti törətmiş əsl adamların adları məlum olsa da, onlar hələ də azadlıqda gəzirlər:
"Bu barədə istintaqa ətraflı məlumat verilib. İndi də İbrahim Cəfərov özü və yaxın qohumları vasitəsilə ona qarşı ifadə verə biləcək adamlara konkret olaraq şirnikləşdirici təkliflər edir, bu da alınmayanda onlara qarşı açıq şantaj yolunu seçirlər. Bütün bunları sübut edən möhtəbər dəlillər mənim əlimdədir. Belə təsir gücünə malik bir adamın bu dönəmdə azadlıqda qalması istintaqın obyektiv aparılmasına, əsl cinayətkarların məsuliyyətə cəlb olunmasına mane olur.
Ümid edirik ki, ölkənin hüquq-mühafizə orqanları və məhkəmə qurumlarının rəhbərləri bu şəxslə bağlı aparılan istintaqı şəxsi nəzarətlərinə götürəcəklər.
Qeyd edim ki, istintaqın gedişinə mane olan, əsas şahidlərə rüşvət təklif edən şəxslərdən biri Cəfərov İsrafil Cəlal oğlu adlı şəxsdir. Onun sabiq polis zabiti və İbrahim Cəfərovla əmioğlu olduğu bildirilir".
Xəbər 1854 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|