“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


05.11.2023  09:00 

Cənub bölgəsinin yazarları: Şair Arif Fərzəli





A+  A-

Arif Fərzəli (Fərzəliyev Arif Xudakərim oğlu) 1956-cı ildə Masallı rayonunun Xırmandalı kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Atası Xudakərim müəllim Məftun imzası ilə şeirlər yazardı. Atasının şairlik istedadından qaynaqlanan Arif Fərzəli gənc yaşlarından şeirlər yazır. Şeirləri Masallıda çıxan “Çağırış” qəzetindən başlayaraq Respublikanın dövrü mətbuatında nəşr olunur.

Çağdaş poeziyamızın sıraları XX əsrin sonlarına doğru xeyli genişlənmişdi. Müstəqilliyimizin bərpa olunmasına, yeni dövlətçilik ideolojisinin meydana gəlməsinə doğru gedən yolda ədəbiyyatımızın sıralarına gələn yeni nəslin təbii əsası vardı. Kökləri o dövrün korifey sənətkarları B. Vahabzadə, M. Araz, C. Novruz, X.R. Ulutürk, F. Qoca və digər şairlərin yaradıcılığından su içən bu nəslin nümayəndələrindən biri də Arif Fərzəlidir. Elə təsadüfi deyil ki, onun şeirləri Fikrət Qocanın diqqətini cəlb eləmiş və “Ulduz” jurnalında onun xeyir-duası ilə şeirləri çap olunmuşdu. F. Qoca yazırdı: “... Arif Fərzəliyev adlı bir nəfərin şeirlərini oxudum. “Əsgər şəkilləri” şeirində deyirdi:

Əsgər şəkillərini

divardan asın.

Divarları

söykəyin əskər kürəyinə

- evlər arxalı olar.


Bu misralarda şair var. Özü də özünü bacardığı qədər yonmuş, rəndələmiş şair”. (“Ulduz” jurnalı, 1986-cı il, 6-cı say).

Keçən əsrin 90-cı illərin sonuna doğru ictimai şüurun yenilənməsilə incəsənətin digər sahələrində olduğu kimi ədəbiyyatımızın inkişafında da ciddi dönüş başlandı.

Ədəbiyyatın istər nəşr, istər poeziya, istər dramaturgiya sahəsində yeni- yeni qələm sahibləri öz sözünü deməyə başladı. XXI əsrin əvvəlini ədəbiyyatımızda bir sıçrayış dövrü kimi xarakterizə etmək olar. Bu illərdə poeziya axınında ədəbiyyatımızın daha çox qazanımları oldu. Məhz bu dövrdə A. Fərzəli ədəbi mühitdə artıq mükəmməl şeirləri ilə tanınırdı.

Torpaqlarımızın azadlığı uğrunda gedən cihadda yalnız zəhmətkeş balalarının qəhrəmanlıqla döyüşmələri, bəzi imkanlı uşaqlarının gizlənərək başlarını girləmələri şairin gözündən yayınmır:

...Ətəyə yığılan daş sənlik deyil,

Kötüyə əyilən baş sənlik deyil.

Nə sənlik deyilsə, Vətənlik deyil,

Bu Vətən sənlikdir, kasıb balası!


Arif Fərzəli vətəndaş şairdir. Hansı mövzudan yazırsa yazsın, şeirin daxilində, ruhunda vətəndaşlıq mövqeyini göstərməyə çalışır. Onun şeirlərinin canında-qanında vətən sevgisi var, bu sevgiyə çağırış var. Vətən darda olanda başını götürüb qaçan bəzi gənclərin hərəkətləri onu qəzəbləndirir, şair acı-acı ağlayır:

İlk dəfə ağlamağım

yadımda deyil.

Amma beş il əvvəl

Xarkovda

bir kəlbəcərli cavanın

məndən Kəlbəcəri soruşmağı olub

son dəfə məni hönkür-hönkür ağladan.


Şair cəmiyyət, insan münasibətləri, gəlimli-gedimli dünyada özünün, yaxınlarının, lap qonşularının üzərində apardığı müşahidələri də sənətkarlıqla qələmə alır. Şairin ilhamı hər bir həyati hadisənin sentimental həyəcanını duymağa və onu hissiyatı ilə verməyə cəhd edir. “Getdim, çata bilmədim” şeiri bu cəhətdən maraqlıdır:

Mərddir çəkən dərdi elə,

Dərd aparır mərdi elə.

Bal yuxular gördüm elə,

Durub bal dada bilmədim...

... Dünya dolanan dünyaymış,

Ağzı sulanan dünyaymış,

Elə aldanan dünyaymış,

Tək mən aldada bilmədim!



Və yaxud, “Göynən gedən adam” şeirində xudbin, insanlara biganı adamların bir gün cəzasız qalmayacaqları qənaətindədir:

...İçimizdən doğulub

göynən gedən adam.

Allah dəvəyə qanad verəcəksə,

neynirik tikib bu damı?!

Özü xoşluqla enməz, atam,

Çəkib zorla endirərlər

Göynən gedən adamı!

Arif Fərzəli! Muğanın ən ucqar kəndində, heç kimdən, heç nədən umacağı olmayan sadə kənd həyatını yaşayır. Öz şeir dünyasında tək deyil, ilhamı, şeirə-sənətə bağlı ürəyi ilə birgə yaşayır... və bir də ömrünə məlhəm ailəsi, şirin-şəkər nəvələri yaşadır onu!

Həyat və sənət yolunda şairə uğurlar arzulayırıq!

Arif Fərzəli Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirmişdir. 4 şeirlər və 2 publisistik kitabın müəllifidir. AYB-nin üzvüdür.

QARTAL OYLAĞI

Yayıldı dünyanın hər tərəfinə,

Bir müjdə: işğaldan qurtardı Şuşa!

Adını, odunu, şan-şöhrətini –

Özünü özünə qaytardı Şuşa!


Nərlər-ərənlərtək qalxıb yerindən,

Qayası dikəldi, daşı dikəldi!

Qurtuldu yadların sərkilərindən,

Şəhərlər yanında başı dikəldi!


Bu yerlər yenə də qartal oylağı,

Bir də sinəsinə dağlar çəkilməz!

Daha bu yerlərdə hər bahar çağı

Bitən bənövşənin boynu bükülməz!


“Bir saat havada qanad saxlayın,

Nizam ilə gedən qoşa durnalar!”

Gəlib səmasıyla ülfət bağlayın,

Sizi haraylasın Şuşa, durnalar!


QURŞAQATDI


Papaqatdı?

Papaqatdı nədir, bala?

Ora-bura ata-ata,

bir ovucluq qoza görə

qapılara ata-ata,

bir də gördün,

sən piyada, papaq atlı.

Ürəyindən atmaq keçir,

get sapand at,

get fişəng at,

get tüfəng at...

Papaqdı ha,

şalvar deyil,

pencək deyil,

dönə-dönə qayçı dəysin:

özün geydin,

bir az kiçilt,

oğlun geysin,

köhnələndə kəsib doğra,

döşəmə sil,

əksi elə, uşaq bələ...

Papaqdı ha,

namusunu nişan verir,

vuqarına ortaq olur.

Rəngi solub itsə belə,

şiltələnib getsə belə,

axıracan papaq olur.

"Papaqatdı"nədir, bala?

Min illərlik bir adəti

lağa qoyma bilə-bilə.

"Qurşaqatdı"!

"Dəsmalatdı"!

Hə, bu başqa məsələ...


GÜLMƏ,YETİMƏ GÜLMƏ


Eşidən-bilən qınar,

Gülmə,yetimə gülmə.

Bir sınıb, bir də sınar,

Gülmə yetimə,gülmə.


Qapısı yox, bağlasın,

Dərdini sirr saxlasın.

Yeyib doymadı,barı

Qoy doyunca ağlasın,

Gülmə yetimə, gülmə.


İlk atamız, de, kimdir?

İlk atasız bəs kimdir?

O da, bu da Adəmsə,

Demək, hamı yetimdir...

Gülmə yetimə, gülmə!..


QARA KİŞİ İLƏ XANIM QARININ DASTANI


Yaddaşımın o başından

arabir gülümsünür

bir gödəkboy qara kişi,

əsl adını bilməzdik,

eləcə səsləyərdik: Qara kişi!..

Yaddaşımın o başından

arabir üstümə çımxırır

Xanım qarı,

söyüş idi ağzının açarı.

Nə boy-buxunu yadımdadır,

nə qaş-gözü,

təkcə boz üzü...

Qara kişi

yataqxana qapısından

vaxtlı-vaxtsız

içəri buraxardı bizi,

bizə ürəyi yanardı,

buna görə də hey danlanardı...

Xanım qarı isə

elə bil

qisas alırdı bizdən,

zövq alırdı

həyətdə

boynumuzu büküb,

tir-tir əsməyimizdən...

Tərslikdən,

qapıda Qara kişi qalırdı-

hava xoş olurdu,

növbəyə Xanım qarı çıxırdı -

sazaq əsirdi,

quşbaşı qar yağırdı...

Üstəlik,

qəribə talenən

bizi çaş-baş qoymuşdular -

cavanlıqdan

bir yastığa baş qoymuşdular...

Hərdən yuxuma girir həyat,

hərdən yuxuma girir ölüm,

ölümün qapısında

Qara kişi,

həyatın qapısında

Xanım arvad...


DAĞLAR, BU MƏNƏM, GƏLMİŞƏM


Əyrilməmiş görüşünə

Dedim, bir də gəlim, dağlar.

Şax qamətnən bir də sənə

Baş endirə bilim, dağlar.


Sinəm qat-qat dağ yeridir,

Dərdlərin oylaq yeridir.

Bir köhnə ocaq yeridir

Daha ruhum-könlüm, dağlar.


Ömür yarpaq tökür hələ,

Narın-narın çökür hələ.

Qor tutsam da, şükür, hələ

Soyumayıb külüm, dağlar.


Gəldim, sənə sirr anlatım,

Özüm neçə sirr anladım.

Qayan nə çəkir - anladım,

Lal olunca dilim, dağlar.


Vəsfini gör hara yazdım,

Zirvəndəki qara yazdım,

Ələsgərdən sonra yazdım,

Əsə-əsə əlim, dağlar...

QOŞA YOL


İlmə -ilmə,naxış-naxış

Ömrüm başdan-başa yoldur.

Yaşandıqca səf bağlamış

Günlər yaşdan-yaşa yoldur.


Yol ardınca bir daha yol,

Yaxına yol,uzağa yol...

Köz düşdükcə ocağa-yol,

İz düşdükcə daşa-yoldur.


Harda təbim,orda sevgim,

Məni qoymaz darda sevgim...

Xalqa sevgim, yurda sevgim

Taleyimdə qoşa yoldur.


Arif, dərdə olma yedək,

Üstələyib, sən onu çək...

Şairlik də şəhidlik tək

Tarixə birbaşa yoldur...


YAŞ ARTDIQCA...


Köç səddinə çatan bilər,

Keçər günü-ayı, artmaz.

Çeşməyini tez-tez silər,

Çeşməsinin suyu artmaz.


Yaş artdıqca, yeldən betər

Qalan illər yeyin ötər.

Nəvə gələr, ata gedər-

Doğmaların sayı artmaz.


Arif cızan çevrəyə bax:

İlkdə uşaq, sonda uşaq.

Yaş artdıqca çəkər torpaq,

Torpaq kimi boyu artmaz …


TARİX KİTABI


Sənə-sənə vaxt çevirdi,

çevirdikcə varaqları.

Haqq dikəltdi, taxt devirdi

sağ əlimin barmaqları.


Dondu, yandı hər söz üstdə,

gah buz üstdə, gah köz üstdə,

Araz üstdə,Təbriz üstdə

sağ əlimin barmaqları.

Qılınc böldü param-param,

oxlar dəldi oyma-oyma,

varaqların arasında

xıncım-xıncım, qiymə-qiymə

sağ əlimin barmaqları.


Səhifələr cəng meydanı,

sətirləri səngər kimi,

zülüm-zülüm süründülər

beş yaralı əsgər kimi,

sağ əlimin barmaqları.


Sağ əlimin barmaqları

qurd ağzında körpə quzu.

İnnən belə sağ əlimlə

sığal çəksəm - kül rəngində,

şeir yazsam - qıpqırmızı...


Baxma, ötməyi birdir,

Gün xoş olur, bəd olur.

Azadlıqda ömürdür,

Məhbəsdə müddət olur.


Gün yığıldı - oldu vaxt,

Yaşanmağı baxta-baxt,

Borc versən, altında taxt,

Borc alsan, möhlət olur.


Vaxt durmadan yeriyir,

Nə yatır, nə kiriyir.

Ya heç ölüb əriyir,

Ya əbədiyyət olur...


CAVANLIQ

Anam-atam deyilsən ki,

yoxluğuna

ömrüm boyu yas saxlayım,

nalə çəkib , zarı-zarı ağlayım

sən hər düşəndə yada.

Əlvida,

əlvida gedənim,

sadəcə, əlvida..!

Əlizaman BAXIŞ,
Şair



Xəbər 693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +