26.07.2023 10:09
Niyə məhz onlar... - Hədəf nədir?
İyulun 24-də Xələf Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Xələf Xələfov Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Qeyd edək ki, ötən həftə - iyulun 18-də Elçin Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilmişdi. Dövlət başçısının başqa sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad olunub.
Əmirbəyov Azərbaycanın Fransada, İsveçrədə, Vatikanda səfiri postlarında çalışıb. Xələf Xələfov da böyük diplomatik təcrübəyə malik şəxsdir. Uzun illər XİN-də çalışıb.
Niyə məhz onlar? Prezident xarici siyasətdə hansı istiqaməti gücləndirmək qərarı verib?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu təyinatla bağlı təxminlərini “Yeni Müsavat”la bölüşdü: “Belə başa düşürəm ki, bu təcrübəli diplomatları sülh danışıqlarına cəlb edəcəklər. Çünki belə görünür, Vaşinqton trekində daha uzunmüddətli danışıqlar planlaşdırılır. Bu danışıqların da əsas məqsədi sülh sazişinin hazırlanmasıdır. Burada səlahiyyətli şəxslər mətni hazırlayıb bu və ya digər yüksək səviyyəyə çıxarıb qəbul olunmuş şəkildə təqdim etməlidirlər. Danışıqların texnologiyası belədir.
Anladığım qədər Elçin Əmirbəyov daha çox sülh sazişi ilə məşğul olacaq. Xələf Xələfov uzun müddət Xarici İşlər Nazirliyində çalışıb və sərhədlərlə bağlı hüquqi məsələlər onun kurasiyasında idi. Demək olar ki, delimitasiya və demarkasiya məsələləri onun başçılığı altında keçiriləcək. Bu məsələlər komissiya tərkibində olan nümayəndə heyəti tərəfindən həyata keçirilir. Ona da rəhbərliyi Xələf Xələfov edirdi. Xəzər dənizinə aid danışıqlarda da Prezidentin nümayəndəsi idi. Bu baxımdan, onun təcrübəsi var. Hesab edirəm ki, bu məsələləri o yenə də aparacaq. Hər iki yeni vəzifəlinin səviyyəsi kifayət qədər yüksəkdir. Artıq onlar Prezidentin xüsusi nümayəndələridir. Elçin müəllim də uzun müddət danışıqlarda iştirak edib. Demək olar ki, bu, ilk günlərdən belə olub. Minsk Qrupunun ilk tədbirlərində belə iştirak edib. O, ən yüksək səviyyədə peşəkar mütəxəssisdir. Sonralar da müxtəlif yerlərdə çalışıb. BMT-də uzun müddət işləyib. Səfir kimi fəaliyyət göstərib. Xələf Xələfov peşəkar hüquqşünas kimi nazirlikdə idarə rəisi olub, həm də nazir müavini postunu tutub".
Sabiq nazir bəzi düşüncələrlə razı deyil: “Deməzdim ki, ölkə rəhbəri xarici siyasətdə bəzi istiqamətlər onu qane etmədiyi üçün belə təyinatlar etdi. Çünki bu insanlar onsuz da fəal xarici siyasətdə iştirak edirdilər. Diqqət edin, ən azından üç paytaxtda danışıqlar aparılır - Moskva, Brüssel və Vaşinqton. Təbii ki, bu danışıqlarda həmişə Prezident və yaxud nazir səviyyəsində iştirakı təmin etmək mümkün deyil. Eyni zamanda orada kifayət qədər səlahiyyətlərə məxsus olan şəxslər hazırlıq işləri görməlidirlər. Dediyim kimi, bu və ya digər mətnin hazırlıq səviyyəsini ən yüksək həddə çatdırmaq lazım gəlir. Bundan sonra da təbii ki, yekun qərarı ölkə rəhbəri verir. Danışıqların psixologiyası belədir. Burada kiminsə bundan öncə zəif və ya necə işləməsi əsas deyil. Sadəcə, idarəetmə strukturu maksimum səviyyəyə gətirilir.
Bundan öncə də bənzər mövqelər var idi. Uzun müddət Minsk Qrupu tərkibində bu danışıqlar getdi. 1993-cü ildən danışıqlarda Prezidentin xüsusi nümayəndəsi olmuşam. Buna aid məndə xüsusi səbəb mövcud idi. İndi iki istiqamətdə gedən danışıqlar düşünürəm ki, bu iki mütəxəssis tərəfindən həyata keçiriləcək".
Müsahibimiz sonda sülh danışıqlarının uzanmasına da toxundu: “Ermənistan 44 günlük müharibədən əvvəlki kimi yenə də sülh prosesini uzatmağa çalışır. Dediyim kimi, bir çox paytaxtlarda görüşlər baş verir. Bilirsiniz ki, digər bir istiqamət var, hansı ki, bu istiqaməti baş nazirin müavini həyata keçirir, yəni kommunikasiya məsələsinə aid. Görürük ki, təmaslar daima mövcuddur. Lazımdır ki, bununla mütəxəssislər məşğul olsunlar. Biz görürük ki, Xarici İşlər Nazirliyinin səlahiyyətləri yetərincə deyil. Prezident indi bu qərara gəlib ki, xüsusi tapşırıqlar üçün nümayəndələri olmalıdır. Burada təşkilatı məsələləri daha çox görürəm. Hansısa görüş gündəmə gələndə bu məsələyə aid məruzə edən xüsusi təyin olunmuş nümayəndə olmalıdır. Hesab edirəm ki, onlara aid kiçik də olsa bir qurum yaradılacaq. Onların köməkçiləri olmalıdır. Bu baxımdan, normal bir prosesdir”.
Xəbər 898 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|