Bir neçə gün əvvəl Saatlı rayonunda əkin suyu ilə bağlı yaranan problem hər kəsə bəllidir. Su üçün etiraz edən vətəndaşlar dövlətin (polisin) rezin gülləsinə "qonaq edildilər", onlara qarşı gözyaşardıcı qazdan istifadə olundu. Hamı narahat oldu, axı insanların tələbləri haqlı idi, niyə "gülləbaran" edilirdilər. Bu mövzunun üzərində çox dayanıb qanınızı qaraltmaq istəmirəm. Nədən ki, bu türlü problemlər təkcə Saatlıda deyil, Azərbaycanın bir çox yerində var, amma özünü rezin güllənin qabağına verən yoxdur. Zatən vermələrini də istəmirik, nəyə və kimə lazım...
Torpaq susuz qala bilməz, kəndçi də torpaqsız... Kənddə yaşayırsansa mütləq əkib becərməlisən, bu məşğuliyyət o insanların həyat tərzidir. Baxmayaraq ki, torpaq kəndlini heç vaxt varlandırmayıb. Uzaqbaşı bu ildən o ilə sürünmədən yaşayışını təmin edib, kimlərəsə möhtac qoymayıb, başını qarışdırıb. Əlbəttə ki, söhbət torpaq islahatı zamanı kənddə yaşayanlara verilən 3-5 hektar pay torpaqlarından gedir. Yalnız məmur - oliqarxlar bələdiyyələrdən uzunmüddətli icarəyə götürdükləri yüz hektarlarla torpaqlardan xeyir götürürlər ki, onlar da zatən varlıdırlar, torpaq onlar üçün əlavə məşğuliyyət, monopoliya sərhədlərini genişləndirməkdən başqa bir şey deyil.
***
Bu Novruzda rayonda - kənddə olarkən yolum "beton kanala" (maşın qolu) düşdü. Sovetlərdən bölgəyə və xüsusən də kəndimizə miras qalan bu kanal illərdir min hektarlarla təsərrüfarta “can suyu” verib. Hazırda isə su yoxdur, kanalı cör-çöp basıb.
İndi kənddə kiminlə qarşılaşırsansa sudan danışır. Deyirlər ki, sonuncu dəfə suyu təxminən martın əvvəllərində görüblər. Əkdikləri bir az da susuz qalsa məhv olub gedəcək.
Hazırda əkilən məhsullar erkən inkişaf dövrünü yaşayır. Əgər bu dövrdə torpaqda faydalı su azalıb quraqlıq hiss olunarsa və bitkilərdə solğunlaşma əlamətləri görünərsə, təxminən 15-20 gün aralıqlarla 1-ci və 2-ci suvarılma mütləqdir.
***
Qidalanma mənbəyini Araz çayından götürən və 1960-cı ildə istismara verilən Cənubi Muğan Kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.
Əzizbəyov adına kanal - Bəhrəmtəpə su anbarından başlayır (Bəhrəmtəpə hidroqovşağı Araz çayı üzərində, çayın mənsəbindən 66 km yuxarıda, İmişli rayonu ərazisində tikilib və 1957-ci ildən istismar olunur) Muğan və Lənkəran zonasında (Biləsuvar, Cəlilabad, Masallı) əkinlərin suvarılması üçün nəzərdə tutulub.
Tikintidən sonra hidroqovşaqdan su alan Rəsularx, Baş Muğan, Əzizbəyov magistral kanalları ilə İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonları ərazisində olan 157 min hektar əkin sahəsinə təmizlənmiş suvarma suyunu vermək mümkün olmuşdur. Təmizlənmiş suyu normal şəraitdə kanallara saniyədə 91 kub m, tələbat artarsa, saniyədə 113 kub m sərflə vermək mümkündür. Hətta yay aylarında Araz çayında su az olduqda Bəhrəmtəpə hidroqovşağından bir qədər yuxarı hissədə Yuxarı Qarabağ kanalından Araza saniyədə 40-45 kub m su sərfinin verilməsi də nəzərdə tutulub.
Bəhrəmtəpə su anbarı - Biləsuvar marşrutu ilə Cəlilabad rayonuna daxil olan suyun əsas qolu Təzəkəndlə Üçtəpə (Cəlilabad) kəndlərini bir-birindən ayıran ərazidən keçir. Suyu daşıyan bu kanal "maşın qolu" adlanır. Su Əzizbəyov kanalının “maşın qoluna” Yeni Əzizbəyov kanalından nasoslarla verilir. Biləsuvar rayonu ərazisində tikilmiş nasos stansiyasına su uzunluğu 0,6 km olan beton üzlük çəkilmiş kanalla axıdılır. Nasoslar suyu uzunluğu 3,5 km olan borularla 27 metr yüksəklikdə yerləşmiş kanalın “maşın qoluna” vurur. Beton üzlük çəkilmiş kanalın uzunluğu isə 41,5 km, Biləsuvar və Cəlilabad rayonları ərazisində xidmət göstərdiyi əkin sahəsi isə 32 min hektardır.
Ağlım kəsəndən bu kanal var və yadımdadır ki, müstəqilliyin ilk illərinə qədər heç vaxt susuz qalmazdı, hətta tez-tez daşar, kəndin girişində "dükkel" adlandırılan ötürücü su anbarına (kənd əhəmiyyətli) tökülər, ordan da qonşu kəndlərə keçib gedərdi. Əlbəttə, o zamanlar əkin-biçin də bu qədər çox deyildi. İnsanlar ancaq taxıl, bir az da şəkər çuğunduru əkirdilər. Bunu da hamı bacarmırdı.
İndi isə fərqli situasiya yaranıb. Mənim bildiyimə görə, 4 min ha ərazisi olan Təzəkənd kəndində taxıl, kartof, noxud, üzüm və digər məhsullar əkirlər. Hətta qonşu kəndlərdə meyvə bağı salanlar da var.
***
Yerli məmurlar iddia edir ki, suyu Arazdan İran buraxmır. Belədirsə lap pis. Hökumət bu vaxtacan eyni problemin hər il təkrarlanmasını seyr edincə alternativ yollar düşünməli idi. İrana arxayın olub çayı keçməkmi olar?! Həm də indiki zamanda...
Digər bir məqam isə lap aşağılayıcıdır: Biləsuvar səddindən Cəlilabada verilən su həmişə normadan aşağı olub. Məsələn, Cəlilabada 2 kub əkin suyu nəzərdə tutulubsa, o suyun 1.5 kubu son nöqtəyə gedib çıxmayıb. Çünki ilkin mənbədən çıxan suyun 0.5 - 0.7 kubu və bəlkə də ondan da çoxu Biləsuvarın öz ərazisindəki yerlərə paylanılır. Martın 13-də guya Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunub. Kanala 1.2 kub su buraxıldığı iddia olunurdu. Amma fotolardan da göründüyü kimi o su "Maşın qolu" kanalının Təzəkənddən keçən hissəsinə gəlib çıxmayıb. Hələ Təzəkənddən sonra rayona qədər təxminən 15 km-lik məsafə üzərində yerləşən iki-üç kəndin min hektarlarla təsərrüfatı var. Belə çıxır ki, kim kanalın başındadırsa, suyun axarına da elə o düşür...
Cari ildə Cəlilabad üçün nəzərdə tutulan limit təsdiqlənməsə də hər halda köhnə limitlə problemi həll etmək olardı. Amma kimə deyəsən?
Köhnə suçu Mirhəsən cəddinə arxayın idi, “yağış yağar, canım qurtarar” deyirdi. Yenisi fermer Xanlar isə yəqin ki, ilk növbədə öz təsərrüfatlarının hayına qalacaq. Ədalət naminə qeyd edim ki, indiki halda heç Xanların öz yerinə də su gedib çıxmır.
***
Məlum olduğu kimi, hər il Kənd Təsərrüfatı Nazirliyinə əkinlə bağlı statistika gedir. Yəni Cəlilabad rayonunda bu qədər yer əkilib və bu qədər də suya ehtiyac olacaq. Heç şübhəsiz ki, dövlətin müvafiq qurumları bütün bunları nəzərə alır. Amma necə?
Fermerlər deyir ki, bu problemlər daha çox idarəetmədə yaranır. Belə ki, suyun paylanmasına məsul olan şəxslər ayrı - seçkilik edir: iri təsərrüfatların su təminatları vaxtlı-vaxtında həll edirlər. Yerdə qalan xırda təsərrüfatlar isə Allahın ümidinə qalır. Kiçik ailə təsərrüfatı sahiblərinin gözləri bütün günü telefonda, hava proqnozunda olur ki, nə zaman yağış yağacaq. Bulud da üzünü qaraldaraq onları bir müddət sevindirir, amma ağlamır ki, ağlamır...
Digər bir problem isə su üçün ödənilən pullara heç bir halda qəbz verilməməsidir. Nəticədə rayon üzrə Meliorasiya və Su Təsərrüfatı ASC-yə ödənilməsi nəzərdə tutulan pullar da gecikdirilir. Belə olan təqdirdə isə Cəlilabada su verilmir. Hər halda bu da bir iddiadır.
***
Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat ayrılmışdı.
Cəlilabad rayonunun əhalisi 63410 nəfər olan 6 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 840,0 (səkkiz yüz qırx) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdı.
***
Hazırda Cəlilabadda insanların daha çox sərmayə qoyduğu kartofdur. Kartofun suvarlıması planlaşdırılmış məhsuldarlığın əsas becərmə texnologiyasıdır. Torpağın ən yüksək nəmlik tutumuna görə suya tələbatı isə aşağıdakı kimidir: cücərtilər əmələ gələnə qədər 65-70 %; qönçələmə fazasında 75-85 %; şaxlar soluxan dövrdə 60-65%. Respublikanın suvarılan rayonlarında cücərməyə qədər 1-2 dəfə, kütləvi çiçəkləmə dövründə və bundan sonra 2-3 dəfə suvarılır.
Becərmədə bu "qızıl qaydalara" əməl olunurmu? Əlbəttə ki, yox. Kartofun yarpağı solandan və ya qaralandan sonra ona verilən suyun da heç bir əhəmiyyəti yoxdur.
İnsanlar əlində-ovucunda olan nəyi var, torpağa yatırır, məmur məsuliyyətsizliyi nəticəsində isə peşman olurlar. Fayda verməyən bu "peşmançılıq" isə hər il təkrarlanır.
Nəzarətsiz suvarma, xırda məmurların hegemonluq iddiası kiçik təsərrüfatları sıradan çıxarır. Belə olan halda insanlar torpaqdan əllərini üzüb (ya satır, ya da icarəyə verir) böyük şəhərlərə köç edirlər.
P.S. Növbəti yazımızda hansı məmur-oliqarxların Cəlilabadda 100 hektarlarla münbit əkin sahələrinə necə sahiblənmələrindən yazmağa çalışacağıq. Əlbəttə ki, imkan versələr.
Araşdırmamız davam edir.
Niyaz NİFTİYEV
Xəbər 2060 dəfə oxunub.