13.03.2023 12:42
MEDİA Agentliyinin 145 minlik tenderinin qalibinin adı var, özü yoxdur... - Müəmma
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" Publik Hüquqi Şəxs (MEDİA Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "RG GROUP COMPANY" MMC (VÖEN – 1007663201) olub.
MEDİA Agentliyi media sahəsinin inkişafı prosesində gənclərin fəal iştirakının təmin edilməsi, onların bu sahəyə dair biliklərə yiyələnməsi, həmçinin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi istiqamətində təşkil ediləcək tədbirlər üçün "RG GROUP COMPANY" MMC-yə 142 min 903 manat 90 qəpik ödəyəcək.
Qeyd olunan tədbirlərin təşkili məqsədilə "RG GROUP COMPANY" MMC müxtəlif məhsullar (bloknot, çanta, qələm, rozet, kepka, gödəkçə və s.) hazırlayacaq, həmçinin müxtəlif xidmətlər ( foto-video çəkiliş, çay-qəhvə, icarə və s.) göstərəcək.
Məlumat üçün qeyd edək ki, "RG GROUP COMPANY" MMC tender elanından 6 ay əvvəl – 30.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mirmahmud Kazımovski ev 56, m. 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mehrəliyev Rəşid Əfqan oğludur.
"RG GROUP COMPANY" MMC ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, açıq internet resurslarında bu adda şirkətin avtomobillər üçün motor yağları satdığı qeyd olunub. Məsələn, “Facebook”da “RG Group Company” adlı səhifə var və həmin səhifədə “rggroup.az” saytına keçid qoyulub. Qeyd olunan veb-saytda da şirkətin adı “RG Group” olaraq göstərilib.
Özünü “RG Group” kimi təqdim edən şirkətlə əlaqə saxladıq və məlum oldu ki, bu şirkətin rəsmi adı “ARG Group” MMC-dir (VÖEN – 1406279661). Şirkətdən bildirdilər ki, “Facebook”dakı səhifə və veb-sayt MMC dövlət qeydiyyatına alınmazdan əvvəl açılıb.
Lakin dövlət qeydiyyatına alınan (20.12.2022-ci il) zaman məlum olub ki, “RG Group” adlı MMC artıq mövcuddur. Belə olan halda MMC-nin adını “ARG Group” olaraq dəyişdiriblər. “ARG Group” MMC-nin direktoru bizimlə söhbətdə onu da qeyd etdi ki, yaxın zamanda müvafiq dəyişikliklər ediləcək.
MEDİA Agentliyindən 145 min manatlıq tender müsabiqəsini udan "RG GROUP COMPANY" MMC barəsində isə açıq internet resurslarda heç bir məlumat yoxdur. Belə görünür ki, bu addan başqa bir şirkətin (ARG Group-un) istifadə etməsi də MMC rəhbərliyini narahat etmir.
Rəsmi saytı, sosial şəbəkə hesabları olmadığı üçün tender elanından cəmi 6 ay əvvəl yaranan "RG GROUP COMPANY" MMC-nin daha əvvəl analoji sahədə hansı fəaliyyətinin olduğu barədə də məlumat almaq mümkün deyil.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
145 min manatlıq tenderin qalibi olan "RG GROUP COMPANY" MMC-nin müvafiq sahədə hansı peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının olduğuna aydınlıq gətirmək üçün tərəfimizdən MEDİA Agentliyinə müvafiq sorğu ünvanlanıb. Agentlikdən sorğumuza veriləcək müvafiq cavab yazıya əlavə olunacaq.
Qeyd edək ki, daha əvvəl MEDİA Agentliyinin keçirdiyi başqa bir şübhəli tender müsabiqəsiylə bağlı da saytımızda yazı dərc olunub. Sözügedən şübhəli məqamlarla bağlı quruma ünvanladığımız sorğuya isə Agentlikdən hər hansı bir cavab verilməyib./Yeniavaz.com
Xəbər 936 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|