16.02.2023 10:53
Səndən sonra...
Ötən gün ilahiyyat alimi mərhum Qazi Hacı Mirəziz Seyidzadənin doğum günü idi. Mediada və sosial şəbəkələrdə “Sevgililər günü” trend oduğu üçün mərhum dostum haqqında hazırladığım kiçik və incik qeydləri bu gün vermək istədim, “sevginin” içinə kədər qatmaq istəmədim.
Vəfatından ötən müddət ərzində bəndəniz və digər dostumuz Vasif Hüseynov onunla bağlı çox xatirə yazısı yazmışıq. Elmi-ədəbi fəaliyyətini, ictimai təşəbbüskarlığını, ruhani portretini qələmə almağa çalışmışıq. Amma (şəxsən özüm) ondan sonra baş verənləri heç vaxt dilə gətirmək istəməmişəm, nə belə bir niyyətim olub, nə də innən belə heç olası deyil. Ondan sonra nələr olmadı ki?
Böyük zəhmət hesabına ərsəyə gətirdiklərinə (əmanət etdiyi kəslərin) sahib çıxa bilməmələrinin acısı, sadəcə, təəssüf hissi doğurur. Heç inanmaq olmur ki, o böyük şəxsiyyətin adına olanlar bir-bir “çıxdaş” edilməkdə - Qazi Hacı Mirəziz Seyidzadə adı unutdurulmaqdadır. Bəlkə, səhvim var, Ağa?
Böyük sevinc və qürur hissi ilə yaratdığın “Kəlam” jurnalı səndən 2-3 il sonra tarixin oxunmayan səhifəsinə yuvarlan(dırıl)dı. Yəni, sənin on illərinin zəhmətini, əziyyətini cismin kimi “dəfn” etdilər. O, 2-3 ildə də jurnalın bütün saylarını özüm hazırladım...
Təbii ki, sənə, dostluğumuza xatir. Həm də bilirsən, niyə? Çünki o jurnal səni digər ruhani həmkarlarından fərqləndirir, tipik molla təfəkküründən çıxarıb ziyalı libasına bürümüşdü. O libas da sənə hədsiz çox yaraşırdı.
Jurnalın internet versiyasından isə ümumiyyətlə xəbər yoxdur. İllərdir sayta yüklədiyimiz yazıların, şeirlərin, videolarına da sahib çıx bilmədik, daha doğrusu, əmanət etdiklərin sahib çıxmağa imkan yaratmadılar.
Vaxt keçdi, elə mənim həyatımda da çox şeylər dəyişdi. Dost bildiklərimiz, inandıqlarımız etibarsız çıxdı...
Səninlə birlikdə yaratdığımız bir təşkilat var idi: ideyasını mən vermişdim, adını isə sən qoymuşdun. Ölümündən bir il əvvəl də təşkilatla bağlı hər şeyi mənə devr etmişdin. Əslində, o təşkilat nə sənin, nə də mənim idi... Onun üzərində hüquqlarımız bərabər idi, amma sən AĞA idin, bunun söhbətini heç zaman etmirdin, elə mən də AĞA yolu gedirdim.
Ötən müddətdə o təşkilatı cətinliklər hesabına olsa da, yaşatmağa çalışıram. Amma indi... Kaş biləydin, yaxud Axirət dünyasının pəncərəsindən azacıq boylanıb bu acı mənzərəyə özün şahid olaydın və görəydin ki, o təşkilat ətrafında hansı “olaylar” cərəyan edir. Bəlkə də heç təsəvvürünə gətirməzdin ki, məni – bütün varlığıyla sənə etibarlı olan birisini - hətta “oğurluqda” ittiham etməyə mənasız təşəbbüs göstərsinlər. Amma nə yazıqlar ki, bütün bunlar gerçəkliyin özüdür, yuxu deyil.
Gec və ya tez, bir gün bütün həqiqətləri biləcəksən. Və bəlkə də bilirsən və hər şey sənə əyandır, sadəcə fərqli müstəvidə qərar tutduğumuzdandır ki, bir-birimizi nə görə, nə də eşidə bilirik. Amma indi çox, həm də çox istərdim ki, bir gün yuxuma girəsən və gerçəkləri öz dilimdən eşidəsən. Sənə o qədər deyəcəklərim var ki...
Əminəm ki, ruhun buna çoxdan şahiddir, sadəcə qərar tutduğun o uca mənəvi məqamdan maddi dünyamızın bu əcaib-qəraib işlərinə fətfa verə bilmirsən. Amma ümidsiz də deyiləm və bir gün haqqa fətfa verəcəyinə də inanıram...
Ağa can, cəddin peyğəmbərə and olsun ki, ondan yana əsla rahatsız deyiləm.
Rahatsızlığım həm də sənin adınla bağlı olan o təşkilatın o birilər kimi “fənaya qərq edilməsindən” dolayıdır. Bilirəm ki, onu da elə o birilər kimi “yelə” verib külünü göyə sovuracaqlar. Səndən sonra nəyi “yox” etmədilər ki: dostluğu, yoldaşlığı...
Amma sənin biz dostlara qoyub getdiyin əmanət heç vaxt maddi olmayıb, ondan da ağır olub: söhbətlərimiz, sirlərimiz...
Biz onları qoruyuruq, narhat olma, rahat yat... Amma yuxuma girməni və haqqa qərar verməni cani-könüldən istərdim. Tək bircə kəlmən yetərlidir. Hətta, demək istəməsən belə, onsuz da hikmətli baxışlarından biləcəyəm.
Niyaz Niftiyev
Xəbər 1598 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|