Gültəkin Hacıbəyliyə bəraət verilib
Masallıda məktəb direktoru həbs edildi
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olundu
Türkiyə-Naxçıvan sərhədi açılıb
Saakaşvilinin son görüntüsü... - Hamı şokda
Rayonlara gedən avtobuslarında qiyməti artacaq
Seriallara ayrılan 6 milyonu kim yeyib?
Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Onlara silahlar paylanılmalıdır...- Deputat
“Şikayətlər var, amma heç bir qanunla tənzimlənmir”


24.01.2023  17:36 

Köhnə maşın parkımız necə təzələnəcək? - ARAŞDIRMA





A+  A-

Bir neçə ildir ki, müzakirələr gedir ki, Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran yararsız maşınlar utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara ucuz qiymətə və güzəştli şərlərlə yeni avtomobil almaları üçün şərait yaradılacaq.

Belə ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Bu il artıq bu dövlət proqramının sonuncu ilidir, lakin proses hələ də başlamayıb.

Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəkləridir. İqtisadiyyat Nazirliyi bildirib ki, “Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi” layihəsi çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulub.

Hazırda Azərbaycanda 1,4 milyona yaxın avtomobil var. Avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. 20 faizinin isə yaşı 30 ildən çoxdur. Yollarda xeyli sayda istismar müddətini başa vurmuş, texniki cəhətdən yararsız və təhlükəli maşınları görmək mümkündür. Köhnə maşınların sayının çox olması ekologiyanın korlanmasına da gətirib çıxarır. Belə ki, Azərbaycanda hava çirklənməsində avtomobil sektorunun payı 80 faizdən çoxdur. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidləri və digər zərərli qazların həcmdə buxarılması deməkdir.

Köhnə və xarab maşınların yaratdığı digər təhlükəyə gəldikdə deməliyik ki, yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəticədə hər il yüzlərlə insan bu qəzalarda həlak olur, yüzlərlə insan isə ağır xəsarət alır.

Bir çox ölkələr avtoutilizasiya proqramı həyata keçirərək öz avtomobil parklarını yeniləyib və nəticədə həm yol qəzalarının sayı, həm də ekoloji çirklənmə xeyli azalıb. Məsələn, Rusiyada demək olar ki, 12 ildir köhnə avtomobillərin utilizasiyası proqramı qüvvədədir. Dövlət bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.

Məsələn, təkcə 2020-ci ildə Rusiya istehsalı olan 120 mindən çox avtomobil satılıb, dövlətin utilizasiya proqramının büdcəsi isə 45 milyard rubl (təxminən 1,2 milyard manat) civarında təşkil edir.

Dövlət texniki vəziyyəti bərbad olan maşınları münasib qiymətə alır və vətəndaşa yeni avtomobil almaq üçün güzəştli və uzunmüddətli kredit verir. Yerli avtomobillər belə vətəndaşlara daha ucuz qiymətə təklif olunur. Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid avtomobilləri almağa həvəsləndirir. Nəticədə son 10-12 ildə Rusiyanın avtomobil parkının yarıdan çoxu yenilənib.

Qeyd edək ki, Rusiyanın öz yerli avtomobil zavodları onlarla modeldə müasir avtomobillər istehsal edir və qiymətləri də çox münasibdir. Bu səbəbdən vətəndaşlar çox rahat şəkildə salondan yeni maşın ala bilirlər.

Bəs yerli avtomobil istehsalı olmayan ölkələrdə bu proses necə ola bilər?

Azərbaycanda yerli model avtomobil istehsalı olmasa da, İran və Çin avtomobil modellərinin bəzilərinin yığımı mövcuddur. Lakin bu yerli istehsal sayılmadığından onların qiyməti elə də ucuz deyil. Ən ucuzlarının qiymətləri 17-20 min manat arasındadır. Bu halda vətəndaş özünün hazırda bazar dəyiri 3-5 min manat olan avtomobilini verib 4-5 qat qiymətə yeni maşın ala bilməyəcək, çünki dövlət onun köhnə maşınına uzağı 1-2 min manat ödəyəcək. Qalan fərqi hətta kreditə bölsələr belə vətəndaş uzun illər ayda 300 manatdan az olmayaraq vəsait ödəməlidir ki, bu da böyük əksəriyyət üçün mümkün deyil.

Bu halda yeganə çıxış yolu, dövlətin həmin maşınları real bazar dəyərinə alması, ölkədə yığılan maşınları və xaricdən gətirilən maşınları onlara maya dəyərinə verməsidir. Həm də faizsiz və uzunmüddətli kreditlə. Yalnız bu halda bu proqram effektli və ədalətli ola bilər. Üstəlik, həmin avtomobillərin detallarının güzətşli satışı təşkil olunmalıdır. Çünki yeni model maşınların ehtiyat hissələri çox bahadır, demək, məsələ təkcə maşını almaqla bitmir, onu saxlaya bilmək də var.

Daha bir məqamı nəzərə almaq lazımdır ki, bir sıra vətəndaşlarımız ucuz və köhnə avtomobillə yük daşıyır, xidmət göstərir, öz təsərrüfatı üçün istifadə edir və bununla dolanır. Salondan alınmış təzə maşınla o bunu edə bilməyəcək. Yeni maşının amortizasiya və təmir xərcləri dəfələrlə baha başa gəldiyindən bu maşınla həmin işi görməsi mümkün olmayacaq. Demək belə vətəndaşlara dövlət uzun müddətli kredit verməlidir ki, o ili nisbətən yeni olan və texniki cəhətdən daha yaxşı vəziyyətdə olan başqa bir işlənmiş maşın ala bilsin. Məsələn, 2-3 min manatlıq xarab maşınının əvəzinə 7-8 min manata daha yaxşı vəziyyətdə olan işlənmiş maşın ala bilsin. Bu halda dövlət onun maşınını bazar dəyərinə- 2-3 min manata qəbul etməli, ona 5 min manat krediti azı 5 il müddətinə cüzi faizlə verməlidir. Yalnız bu halda köhnə və yararsız avtomobil sahibləri bunda maraqlı ola bilərlər.

Mövzu ilə bağlı daha bir məsələ var ki, bir çox maşınların istehsal ili çox köhnə olsa da, texniki vəziyyətləri sazdır və ya demək olar ki, ideal vəziyyətdədir. Hətta yaşı 50 ildən çox olan retro avtomobillərin qiyməti çox bahadır. Dünyanın bütün ölkələrində 50-100 arası yaşı olan avtomobillər istifadə olunur, əlbəttə, texniki vəziyyətləri normal halda. Demək avtomobillərə yaşına görə yox, texniki vəziyyətinə görə yanaşılmalıdır. Əgər avtomobil texniki baxışdan keçirsə demək istifadəyə yararlıdır.

Və ya əksinə, elə maşınlar var ki istehsal ili nisbətən yenidir, amma ağır qəza keçirib və ya çox pis istifadə edildiyindən texniki vəziyyəti bərbad haldadır. Yəni, 10 ilin maşını 30 ilin maşınından daha pis vəziyyətdə ola bilər. Lakin bazar dəyəri 10 min manatdan aşağı deyil. Bu halda həmin maşın dövlət necə, hansı qiymətə qəbul edəcək? Sahibi o maşını 1-2 min manata verməyəcək. Bundansa detallarını söküb satsa dəfələrlə çox gəlir əldə edər.

Görünüdüyü kimi, bu proqramla bağlı hələ də aydın olmayan xeyli mürəkkəb məsələ var. Elə bir optimal yol tapılmalı və şərtlər elə ədalətli olmalıdır ki, köhnə avtomobil sahibləri bunda maraqlı olsun.

Bir neçə kəlmə də avtomobil istehsalı, idxalı və satışı haqda. Son dövrlərdə hər il ölkəyə 50 mindən çox avtomobil gətirilir. 2021-ci ildə isə avtomobil sayında 84765 artım qeydə alınıb. Lakin idxal olunan avtomobillərin 70 faizi köhnə maşınlardır. Son 5 ildə hibrid maşınların idxalı 40 dəfə artıb. Təəssüf ki, belə bir böyük bazarda yeri yığımın payı çox azdır.

Əgər vaxtında burada hibrid və elektromobil yığımı təşkil olunsaydı indi yerli zavodlar on minlərlə maşın satmış olardılar. Yenə də gec deyil. Bu maşınlara böyük tələbat var. Xüsusən də, taksi sahəsində.

Yerli avtomobil sənayesinin inkişafı üçün 2 yol var. Birincisi qeyd etdiyimiz dövlət proqramının qəbul olunması, geniş miqyasda və sərfəli şərtlərlə tətbiqi, digəri isə bütün dövlət orqanlarının yalnız yerli yığım avtomobilləri almasının xüsusi qərarla məcburi xarakterə salınması. Naxçıvandakı və Neftçaladakı avtomobil zavodlarından yığılan model sayını artırmaq lazımdır.

Üstəlik, Hacıqabulda və Gəncədə yük avtomobillərinin və kənd təsərrüfatı texnikalarının yığılması bu sənayenin inkişafına təkan verir. Bu işi genişləndirmək və ölkənin tələbatını tam ödəməklə yanaşı, digər ölkələrə ixrac da etmək olar.

Ən əsası, bu proqram optimal və ədalətli şəkildə həyata keçirilsə, ölkənin avtomobil parkı 5-10 il ərzində əsaslı şəkildə təzələnə bilər. Nəticədə həm qəzaların və ölümlərin sayı azalar, həm də ekologiyamız daha az korlanar.

Elçin Bayramlı


Xəbər 245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +