08.12.2022 17:11
Çək, Fərmayıl, çək! - Anar Yusifzadə YAZIR
Dünən sosial şəbəkələrdə, onlayn mediada bir trend yarandı: Çək, Fərmayıl, çək! İllər sonra ilk dəfə hadisə yox, onu çəkən jurnalist gündəmə gəlirdi. Qabıq dəyişən jurnalistika neçə vaxtdı ki, belə hala tamarzıydı. Qan itirən jurnalistikaya can verildi bununla.
Hər fəsildə yada salınan bir ifadə var – xaricdə çıxış edə biləcək, xarici dilli jurnalist yetişdirə bilməmişik. Amma bir dünənki hadisə göstərdi ki, sabahımız üçün təsəllimiz olan gənclər var və bəlkə də az deyil. Onlara şərait yaradılmalıdır. Çünki bu gün sabah dünən olacaq. Dünənimizin şərəfi isə həm də bu gündən keçir.
Xəbərin yox, jurnalistlərin tıxacındayıq bu gün. Hərənin cibində bir vəsiqə, klaviaturasında ən azından bir sayt var. Amma xəbər yaradan jurnalistlərimiz də barmaqla sayılacaq qədərdir.
Zəng edib “bu əməkdaşınız kimdir?” sualını verirlər, hətta feysbukda da belə statuslara rast gəldim. Qəhrəmanlar bir hərəkətləriylə qəhrəman olurlar. Lazım olan şəraitdə lazım olan davranışı göstərmək cəsarəti insanı qəhrəmana çevirir. Qəhrəmanın hər kəsdən fərqliliyi də məhz bununla təsbitlənir. Fikrətin nəzəri bilikləri, mətbuatda qazandığı təcrübə məhz bu dövrdə özünü tam, həm də peşəkar şəkildə ortaya qoydu.
Fikrət xəbər müdiridir, prezidentin xarici ölkələrə səfərini işıqlandırıb. Onda da peşəkar davranırdı. İndi Qarabağdadı və yenə eyni peşəkarlığı nümayiş etdirir.
Bəzən kreslonun çaşdırdığı adamlar olur. Amma kreslo adamı yox, adam kreslonu dəyərə mindirəndə uğurlu olur. Sənin adını hər yerə yaza, fərqləndirə bilərlər. Lakin sənin yerinə heç kim bacarıq nümayiş etdirə bilməz. O ancaq özündən asılıdı. Fikrət dünən xəbər müdiri olmasının halallığını isbat etdi. Fikrət isti kabinetdə oturub “evdən” də işləyə bilərdi. Amma o xəbəri özü izlədi, özü yaratdı.
Rusiya sülhməramlılarının öz səlahiyyətlərini aşaraq, jurnalistlərimizi Azərbaycan Respublikasının suveren ərazilərinə buraxmamalarına Fikrət Doluxanovun etirazı və müqaviməti, istər vətəndaşlıq mövqeyi, istərsə də peşəkarlıq nümunəsi kimi təqdirəlayiqdir. Fikrət emosiyadan uzaq, tutumlu və peşəkar davranışı, eləcə də ətrafında baş verənlərə soyuqqanlı, arqumentli reaksiya verməklə yanaşı işinə konsentrasiya olmaq məharəti ilə müasir Azərbaycan jurnalistinin gizli qalan mahiyyətini, gerçək obrazını nümayiş etdirməyi, yeni bir presedent yaratmağı bacardı.
Onun “bizimkilərə xəbər verin” və “Çək, Fərmayıl, çək” sözləri də məhz peşəkarlıq nümunəsi kimi qiymətləndirilməlidir. “Çək, Fərmayıl, çək”- yəni ətrafımızda nə baş verirsə versin, biz öz işimizi görməliyik, xarakter və əzmkarlıq nümayiş etdirməliyik və təbii ki, BİZİMKİLƏRİ “onlar”ın qanunsuz əməlləri barədə məlumatlandırmalıyıq.
Nəyə ilişirlər? Fikrət rusdilliymiş... Dünənə kimi xarici dildə danışmağı bacaran mətbuat işçilərinin sayının azlığından gileylənirdiniz bəs. Pisiydi bəyəm Fikrətin rus dilində rus sülhməramlısından daha yaxşı, səlis danışıb onu utandırması? Və ya siz kimin "əmisi oğlu"sunuz, cənab birdillilər? Sizə pis bir xəbərim var. Fikrətin rus diliylə yanaşı ingiliscəsi də ana dili səviyyəsindədir. Ən əsası isə odur ki, Fikrət həm vətənini, həm dövlətini, həm də işini heç kimdən az sevmir.
Fikrət dünən hadisə rayonunda işləmək nümunəsini yada saldı və hətta dirçəltdi də.
Sülhməramlıların müşayiəti ilə gəzmədi, onlar üçün ölkəmizin sərhədlərinin rəsmini çəkdi və sayı bilinməyən siyasi şərhçilərin aylarla dediyini bir gündə göstərdi. Bu Fikrətin yox, jurnalistikanın uğurudu.
Fikrət təkcə dil bilgisiylə yox, səbriylə, savadıyla fərqli olduğunu nümayiş etdirdi. Çünki o özünə və gördüyü işin doğruluğuna inanır.
Fikrətin yerində olmaq istəyənlər çox olacaq. Bundan sonra onu təkrarlayanlar da, təqlid edənlər də tapılacaq. Amma Fikrət öz işində olacaq. Dəyişməyəcək, “mən-mən” deməyəcək, öyrənəcək, öyrədəcək və irəli gedəcək.
“Bu əməkdaşınız kimdi” sualından danışmışdım, bu suala ən yaxşı cavabı isə Fikrətin özü verdi: Çək, Fərmayıl, çək!
Anar Yusifzadə
Xəbər 857 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|