Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


28.11.2022  00:18 

Hüseyn Cavid yaradıcılığında folklor nümunələri





A+  A-

Ulu öndər Heydər Əliyev bədii söz təmsilçilərimizin yaradıcılığını Azərbaycan xalqının tükənməz sərvəti hesab edir, onların qorunmasına, tədqiqinə, təbliğinə öz rəhbərlik metodunda geniş yer ayırırıdı. Əfzələddin Xaqani, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Cəfər Cabbarlı, Səməd Vurğun... Aralarında eləsi tapılmaz ki, diqqətindən, sayğısından kənarda qalsın.

Həmin sıradan böyük dramaturq Hüseyn Cavidə xüsusi etina göstərməklə, sanki onun taleyinə vurulan zərbələrin, uzun müddət kitablarına, hətta adının çəkilməsinə belə qoyulan yasağın əvəzini qaytardı. Respublika rəhbəri kimi, 1981-ci ildə 100 illik yubileyinin keçirilməsi barədə qərar qəbul etdi. 1982-ci ilin payızında, şəxsi təşəbbüsü, göstərişi ilə, nəşinin qalıqları Sibirdən gətirilib, doğma vətənində torpağa tapşırıldı. 1982-1984-cü illərdə yüksək tirajlı dördçildliyi buarxıldı. Prezidentliyi dövründə, Naxçıvanda möhtəşəm məqbərəsi ucaldıldı, orada və Bakıda ev muzeyi açıldı. 120 illiyi ərəfəsində külliyatının nəşri plana salındı və 2005-ci ildə əsərləri beş cilddə, latın qrafikasında işıq üzü gördü. Pyesləri yenidən teatrların repertuarını bəzədi, bir çoxu dünyanın aparıcı dillərinə tərcümə olunaraq uzaq-uzaq diyarlarda da tamaşaya qoyuldu.

Ümummilli liderimiz Heydər Əliyev Hüseyn Cavidi fəlsəfi şeirlərinə görə Şekspirdən üstün tutur, Hegelə bənzədirdi. Amma ümumilikdə verdiyi yüksək qiymətin səbəbi təkcə ədibin mütəfəkkirliyi deyildi. Onun yaradıcılıq ruhunda həm də həyata öz baxışını, insanlara öz münasibətini görürdü.

Baş qəhərmanların xarakterində xalqa olan güclü bağlılığı fərqləndirirdi.

Yaşadıqları cəmiyyətin sadə nümayəndələri arasında daha rahat, daha sərbəst davranmalarını nitqlərində, çıxışlarında xüsusi vurğulayırdı. Yeri gəldikcə, folklor elementlərindən də yararlanmaqla, həmin səhnələr üçün münbit psixoloji fon yaratmasını, bununla hadisələrə əlavə dinamiklik gətirməsini müəllifin istedadın geniş imkanları ilə əlaqələndirirdi...

“İblis” pyesinin dördüncü pərdəsində İblisin ağaclar arasından çıxması ərəfəsində baş verən göy gurultusuna bir qızın hər bəndini iki dəfə oxuduğu kanto (şərqi) ilə zəmin hazırlanır:

“Dün bir çoban sevdim pinnə başında,
Bir əksiyi yox gözündə, qaşında.
Fələk ayrı saldı,
Bən köçdüm, o qaldı,
Şimdi bənsiz yaşar,
İrmaq kimi coşar...”


“Şeyx Sənan”ın dürdüncü pərdəsinin effektini dramaturq qızlar və uşaqların, ardınca dəliqanlıların rəqsi və nəğməsi ilə daha da artırır:

“...Qızlar və uşaqlar:
Açmış mənəkcə, sünbül,
Xəndan olur qızılgül;
Öldükcə, sanki bülbül
Rəqs etdirir xəyalı...


Dəliqanlılar:

Hərdəm günəş gülümsər,
Süslər cihanı yeksər;
Məcrub edər sərasər
Ənzari-əhli-hali...”


“Uçurum”da obrazın daxili aləminin yığcam, lakin təsirli ifadəsindən ötrü bayatıdan istifadə edir:

“...Göyərçinəm, göyərçin,
Ağlaram için-için.
Mən bu qara bəxt ilə
Neçin doğuldum, ah, neçin...”


“Xəyyam”da da şifahi xalq ədəbiyyatının həmin janrının çevik dilindən faydalanır:

“...Sevda, bu nədir, Sevda,
Etdin bizi sən rüsva.
Layiqmi adın gəzsin
Nifrətlə dodaqlarda.

Sevda, gedəlim, Sevda,
Durmaq yaramaz burda.
Gəl, gəl ulu xaqanın
Qalmış gözü yollarda...”


“Peyğəmbər” pyesinin “Hicrət” hissəsində verilən uşaqların təranəsi Hüseyn Cavid tərəfindən vətənə öz sevgisini bildirmək üçün edilən orijinal müəllif müdaxiləsidir:

“...Diyor, göydə bağçalar var,
Orda çiçəklər nur saçar.
İnsan mələk kimi uçar...
İstəməm, masaldır onlar,
Mən vuruldum yalnız sana,
Vətən... Ah, sevgili ana!..”


“Azər” poemasında olan nəğmələrdəki fikir sadəliyindən, dil rəvanlığından aydın sezilir ki, şair bu misraları qələmə alarkən folklordan yetərincə bəhrələnib:

“Ey sallana-sallana
Uçan qərib durnalar...”

“...Səfalıdır bizim dağlar, bizim ellər,
Qayğı bilməz bizim bağlar, bizim güllər,
Çağlayan bir yanda çağlar, orman güllər,
Bulutlar bir yanda ağlar, çoban dinlər,
Səfalıdır bizim dağlar, bizim ellər...” –

poemanın “Kömür mədənində” fəslindəki bu bənd dumduru xalq ruhunda yazdığı “Çoban türküsü” şeiri ilə səsləşir:

“...Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoxdur, ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram...”

O isə “Bu da gələr, bu da keçər, ağlama” rədifli məşhur türk şərqisini xatırladır...

Homerdən başlayaraq, üzü bəri bütün sənətkarların əzəli mövzusu Xeyirlə Şərin mübarizəsi olub və Hüseyn Cavidin yaradıcılığında bu meyil daha canlı şəkildədir. Hələ iri həcmli əsərlərindən əvvəl, şeirlərində nəfsə qarşı üsyan qaldırıb, onun törətdiyi fəsadları lənətləyib. Sanki özünü böyük savaşlara, “İblis”ə, “İblisin intiqamı”na hazırlayırdı.

“Hübuti-Adəm” mənzuməsində bəşəriyyətin ulu Ata və Anasının ayrı-ayrı xalqların folklorunda az fərqlə möcud olan cənnətdən qovulma əfsanəsini nəzmə çəkərək, oxucuları şeytanın fitnəsinə uymamağa çağırır. Yazır ki,

Deyirlər bir zaman Adəm və Həvva
Yaşarmış rövzeyi-cənnətdə tənha...


Amma çox keçmədən bir qovun diliminin (xurmanın, yaxud almanın) ucbatından öz şad-xürrəm yaşayışlarını təhlükəyə atırlar:

“...Hücum etmiş də süfli ehtirasat,
Qabarmış adəmiyyət hissi... heyhat!..”

Bu zaman

“...Gözəl bir qız, səmavi bir pərizad
Gəlib Həq sahibindən əldə fərman,
Demiş: Çıq, ey səfalətpərvər insan!
Çıq, ey qafil bəşər! Dəf ol, çəkil, get!
Bu lahutu təfərrücgahi tərk et!..”


Və sonda müəllif insanlara xəbərdarlıq edir:

“...Əmin ol, nerdə nəfs olmuşsa hakim;
Həqiqi eşqi məhv etmiş məzalim.
Kimin ülviysə ruhu, söz onundur,
Əsiri-nəfs olan daim zəbundur.”


Çox təəssüf ki, Hüseyn Cavidin bu qədər xalqa, şifahi xalq ədəbiyyatına bağlılığı sağlığında qəsdən, bilərəkdən kiçildilib, hətta heçə bərabər tutulub. Əksinə, aldığı təhsilin təsirindən ədəbi dilinin İstanbul türkcəsinə yaxınlığı, mövzularının əksəriyyətinin “İrandan, Turandan gəlməsi” ilə qoşalaşdırılaraq, nahaqdan Sibirə sürgün edilməsinə, orada məhrumiyyətlər, əzablar içində dünyasını dəyişməsinə bəhanə olub. Ailə üzvləri incidilib, “Attila”, “Çingiz”, “Telli saz”, “Şəhla” və “İblisin ilhamı” adlı faciələri yoxa çıxıb, cırılıb-yandırılıb. Şərq və Qərb folkloru ilə dərindən tanışlığına, milli və bəşəri duyğuları vəhdət halında qələmə gətirmək məharətinə görə üstün tutulmaq, yüksək dəyərləndirmək əvəzinə, “xalq düşməni” damğası vurularaq işgəncələrə məruz qaldı.

Əslində, böyük dramaturqun məhəlli çərçivəyə sığmamasında qeyri-adi bir şey yox idi. Sadəcə, görkəmli ədəbiyyatşünas Əli Sultanlının təbirincə desək, o, “öz sərbəstliyini kimsəyə satmamışdır.” Firdovsi, Nizami, Şekspir, Höte, İbsen kimi dahilər sivilizasiyalar arasında fərq qoyurdularmı? Yox! Tərəddüd etmədən ayrı-ayrı xalqlara mənsub əsatirləri, əfsanələri əsərlərinə gətirirdilər. Hüseyn Cavid müxtəlif versiyaları diqqətlə tutuşdururdu. Ən optimal səhnələri, mətnləri hadisələr, obrazlar, dialoqlar əlavə etməklə dolğulaşdırır, müasirliklə səsləşən əbədiyaşar əsərlər yaradırdı...

1914-cü ildə qələmə aldığı “Şeyx Sənan” faciəsinə uzun müddət hazırlaşıb. Hüseyn Cavid haqqında xatirələrdən birində qeyd edilir ki, Tbilisi şəhərinin Şeytanbazarı deyilən hissəsində kirayələdiyi evdən Şeyx Sənan dağı aydın görünürdü. Saatlarla ona baxıb xəyala dalırdı. Türbəsi önündə yazdığı qəzəllə də onun ilahi sevgisinin mahiyyətini açmağa çalışıb:

“...Ziyarətgahın gülbusələr Hüseyn Cavid təzyin edər hər an,
Sən əhli-eşq üçin bir Kəbə yapdıran məhəbbətdən.

“Nədir mənası eşqin!?” – söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti – Sənanı, lal olsun xəcalətdən...”


Hüseyn Cavid, şübhəsiz, Üzeyir Hacıbəyovun “Şeyx Sənan” operası ilə Mehdi bəy Hacınskinin “Şeyx Sənan əfsanəsi” adlı risaləti ilə tanış idi... Dastanın müfəssəl məzmununa nə türk, nə də gürcü folklorunda rast gəlinmədiyindən, çox ehtimal ki, pyesin sujetini fars mənbəyi əsasında Şeyx Fəridəddin Əttarın “Məcalisi-üşşaq” və “Məntiq-üt-teyp” əsərlərinin təməlində qurub...

Dastana görə, Şeyx Sənan təxminən 55-60 yaşında idi. Vaxtının çoxunu Məkkədə, Kəbə ətrafında ibadətlə keçirirdi. 400 nəfər müridi vardı. Şillər və korlar onun müqəddəs nəfəsinin təsirindən şəfa tapırdılar... Röyada gördüyü sənəmi-tərsanın sorağı ilə bir gün tərki-vətən olur. Rum vilayətinə gedib, həsrəti ilə yaşadığı qızı axtarır. Onunla rastlaşdıqda, qovuşmaq üçün çox ağır şərtlər qəbul etmək məcburiyyətində qalır. Çaxır içir, dinindən dönüb, Quranı yandırır, bütə səcdə qılır. Hətta kəbin bahası kimi, bir il donuz da otarır... Mürüdləri Şeyxsiz evlərinə yola düşürlər. Amma qarşılaşdıqları dostunun danlağından sonra (Başqa bir versiyada Məhəmməd peyğəmbər onlardan birinin yuxusuna girir) yenidən yanına gəlirlər. Öz təhrikləri ilə günaha batdığını anlayıb, canını fəda edən sevgilisini basdırıb, onlarla birgə Kəbəyə qayıdır...

Hüseyn Cavid bu qəmli əhvalatı yazıçılıq süzgəçindən keçirib, əbədiyyətə boy verən ölməz bir əsər yaradıb. Rum elini Gürcüstanla, Sənəmi-tərsanı Xumarla əvəzləyib, Şeyx Sənanı otuz yaşa qədər “cavanlaşdırıb”, farslıqdan çıxararaq türkləşdirib, sujetə Zəhra, Şeyx Əbuzər, Əzra, Anton, Simon, Papas, Platon...

“Leyli və Məcnun”a, “Əsli və Kərəm”ə, “Romeo və Culyetta”ya bərabər, faciəylə bitən məhəbbət şedevri ərsəyə gətirib:

“...Ruhaşinna röya kibi,
Qeyb oldular, qeyb oldular!
Yüksəldilər, yüksəldilər,
Cənnətdə rahət buldular...”


Dramaturqun “İblis” pyesində hadisələr qeyri-müəyyən bir yerdə - hardasa Şərqdə cərəyan edir. Amma müəllifin əsərin finalında yazdığı kimi, oxşarı hər yerdə var:

“İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!..”


Dünən Adəm oğulları arasına nifaq saldı, qardaşı qardaşa öldürtdü. Ardınca

“...Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər...”


milyonlarla sadə insanı qılıncdan-güllədən keçirtdilər.

Bu gün Ukraynadakı şəhərləri dağıdırlar, Qarabağda abadlıq işlərini rahat görməyimizə imkan vermirlər.

“...Bin hiylə quran tülkü siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyanlar...”


ara qarışdırır, millətləri biri-biri ilə vuruşdururlar. Belə getsə, şeytan bəşəriyyətin yaxasından sabah da əlini çəkməyəcək:

“...Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacıqsın...”


Dünyanın hər nöqtəsində min illər boyu fasiləsiz davam edən bir savaş!

Əbəs yerə deyil ki, bütün millətlərin folklorunda həmin mövzuda əsatirlər mövcuddur və onların əsasında yazılmış əsərlər yetərincədir.

Azərbaycan ədəbiyyatında Hüseyn Cavid bu baxımdan daha məhsuldardır: “İblis”, “İblisin intiqamı”, nəhayət, represiya dövründə əlyazması məhv edilmiş “İblisin ilhamı”...

Xalqımız böyük dramaturqun ideyasını, arzusunu şərəflə həyata keçirdi. Onun, Müşfiqin, haqsızlığın qurbanı olmuş neçə-neçə ziyalının adını, könüllərdə, tarixdə yaşamış hüququnu bərpa elədi. Şərə üstün gəlib, əbədi müstəqillik qazandıq. İblislərin düşmənlərimizə dəstəyi ilə işğal edilmiş torpaqlarımızı, qürur rəmzimiz sayılan Şuşamızı otuz ildən sonra geri qaytardıq. Qələbə çaldıq... bu gün arxa cəbhədə də aramsız mübarizə aparırıq. İnhisarçılığın, rüşvətin, süründürməçiliyin kökünü kəsməyə çalışırıq. Nəfsin qulu olan, şeytanın halal yoldan azdırdığı kəsləri cəzalandırırıq...

Çox çəkməyəcək, Ağdamın, Füzulinin, Kəlbəcərin teatr səhnələrində folklor əsasında qələmə alınmış “İblis”in ikinci pərdəsindəki nəğmə də səslənəcək:

“...Hər şey sənindir, ey qatil insan!
Gülgün şəfəqlər, rəngin çiçəklər.
Hər şey sənindir, ey cahil insan!
Parlaq günəşlər, dilbər mələklər...”


Dördüncü pərdədəki kanto da oxunacaq:

“...bən bir qızım, hər ruhumu yaldızlar
Gündüz çiçəklər, gecələr yıldızlar,
Qarlı dağlar bənim,
Yeşil bağlar bənim,

Bənsiz quşlar uçmaz,
Bənsiz güllər açmaz...”


Hüseyn Cavid “Səyavuş” pyesini Əbülqasim Firdovsinin min illiyi münasibəti ilə yazmış və bu zaman Şərq aləmində geniş yayılmış “Səyavuş” dastanından bəhrələnmişdir. Böyük fars şairinə hörmətini – izzətini bildirməklə yanaşı, həm də onun “Şahnamə”də əcdadlarımıza qarşı bəslədiyi şovinizm hissinə zərbə vurmuşdur. Əsərin baş qəhrəmanı ruhən nə İran şahlıq sarayını qəbul edirdi, nə türk sultanlıq sarayını. O, kənddə boya-başa çatıb, “köylü” bir anadan, elin igid oğlu Zal oğlu Rüstəmdən tərbiyə aldığına görə, sadə insanlar arasında mənəvi rahatlıq tapırdı. Müəllif folklordan yararlanaraq dialoqlarda şeirin qısa ölçülərinə geniş yer verməklə bu mübariz əhval-ruhiyyəni faciənin axırına qədər saxlayır:

Birinci pərdədə:

“Rüstəm:
Xayır, şahım, aldırma,
Yersizdir bu iztirab.
Rüstəm dursun, onlara
Səyavuş verir cavab...”


İkinci pərdədə

“Birinci bənna:
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir...”


...Son pərdədə

“Əfrasiyab:
...Hər tədarük görülmüş,
Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da
Saldıracaq İrandan...”


Dahi dramaturqun bir neçə əsərindən misal gətirdiyimiz, həmçinin “Knyaz”da da, “Xəyyam”da da, “Afət”də də, “Topal Teymur”da da... rast gəlinən belə çalarlar onun milli kökə nə qədər möhkəm bağlı olduğunu göstərir.

Akademik Yaşar Qarayev Hüseyn Cavidi Azərbaycan ədəbiyyatında qanunauyğun, əlamətdar hadisə adlandırır. Məhz bu cür uca mərtəbəyə layiq olduğuna görə, xalqımız tərəfindən sevilir, dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin, onun 130 illik və 140 illik yubileyinin qeyd edilməsi haqqında verdiyi sərəncamlardan irəli gələn vəzifələr həyata keçirilərkən bunun bir daha şahidi olduq.

Növbəti il Heydər Əliyev ili elan edilib. Təbii ki, Ulu öndərin gördüyü işlər sadalanarkən, Hüseyn Cavid irsinə göstərdiyi qayğı da yada salınacaq...

İstifadə olunmuş mənbələr:

1. Azərbaycan şifahi xalq ədəbiyyatı, “Maarif” nəşriyyatı, Bakı – 1992-ci il.

2. Hüseyn Cavidin əsərləri, Birinci cild, “Yazıçı” nəşriyyatı, Bakı – 1982-ci il.

3. Azərbaycan ədəbiyyatı inciləri, Dramlar, “Yazıçı” nəşriyyatı, Bakı – 1986-cı il.

4. Cavidi xatırlarkən, “Gənclik” nəşriyyatı, Bakı – 1982-ci il.

5. Hüseyn Cavidin əsərləri, I, II, III, IV və V cildlər, “Lider” nəşriyyatı, Bakı – 2005-ci il.

Xəyalə Ağayeva – Orucqızı,

Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.






Xəbər 500 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +