“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


11.10.2022  09:26 

19 yaşlı cəsur döyüşçü… - Şəhid Samir Allahverdiyev





A+  A-

19 yaş nədir ki?! O hələ yaşayacaq, arzularının arxasıyca dayanmadan qaçacaqdı. Amma qismət olmadı. Taleyi onu ancaq kitablarda oxuduğu yerlərə apardı, həm də sevə-sevə getdi o yerlərə qəhrəmanımız. Hərbi xidmətdən tərxis olunmağa 3 ay qalmış qanı ilə suladı o torpaqları. Ona görə də o torpaqlar bizim üçün əzizdir, müqəddəsdir. Qarabağ savaşı göstərdi ki, Azərbaycanda canını Vətən yolunda qurban verməyə, onun uğrunda ölümə belə getməyə hazır olan igid oğullarımız var. Bu mərd və mübariz övladlarımız doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də Vətəni dərin məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli bir iz qoymuşlar. O qəhrəmanlardan biri də Samir Elçin oğlu Allahverdiyevdir.



Samir Allahverdiyevi tanıyaq

Samir Allahverdiyev 2001-ci il iyunun 7-də Lənkəran şəhərində anadan olub.

2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb.

Samir Allahverdiyev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.



Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Samir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Samir Allahverdiyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Lənkəran şəhərində torpağa tapşırılıb. Subay idi.



Dövlət təltifləri…

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.



Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Qarabağ məsələsini həll etməyə gedirəm

Atası Elçin Allahverdiyev deyir ki, Samir onun ad gününə üç gün qalmış anadan olub: “Samir iyunun 7-də mən isə 10-da anadan olmuşam. O mənim doğum günümdən 3 gün əvvəl dünyaya gəldi. Düşünürdüm ki, o doğum günümə Allahın hədiyyəsi, lütfüdür. Samir ağıllı və tərbiyəli övlad idi. Amma etiraf edim ki, sakit, bir yerdə qalan deyildi, dəcəl idi. Orta məktəbi də pis oxumurdu, futbol oynamağı çox sevirdi, “Xəzər Lənkəran”ın bütün oyunlarını mənimlə bərabər izləyirdi. Hələ 5 yaşında Cənub bölgəsindən “Mançestr Yunaytet”in yay məktəbinə seçilən 4 uşaqdan biri də Samir idi”.



E.Allahverdiyev əlavə edib ki, Mübariz İbrahimov şəhid olanda Samirin 6-7 yaşı var idi: “Həmin günlərdə gəldi məndən pul istədi. Gecə yatanda üstü açıq qalmışdı, üstünü örtəndə gördüm ki, M.İbrahimovun fotosunu sinəsinə qoyub yatıb. Səhər soruşdum şəkili niyə sinənə qoymusan, dedi o qəhrəmandı… Pulu da məndən Mübarizin şəkilini almaq üçün götürübmüş. Samirin orta məktəb videoları var ki, bütün tədbirlərdə bayraq əlində. Evdə iki bayrağı var idi, hər ikisini də eyvandan asırdı”.



Şəhidin atası bildirib ki, Samir 18 yaşa çatan kimi hərbi xidmətə gedib: “Əsgər gedəndə dedi ki, gedirəm Qarabağ məsələsini həll etməyə, mən də onun bu sözünə gülmüşdüm. 1 il 3 ay idi xidmət edirdi, tərxis olunmağına 3 ay qalmışdı. Ağcəbədidə “N” saylı hərbi hissədə xidmət edirdi, manqa komandiri idi. Gənc əsgərlərə təlim keçirdilər. Müharibə başlayanda Samir də Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Hərbi xidmətdə olanda tez-tez danışırdıq, müharibə başlayanda isə danışmaq imkanımız elə də çox olmurdu. Ancaq deyirdi ki, narahat olmayın, yaxşıyam. Oktyabrın 14-də danışanda yaxşı əhval-ruhiyyədə idi, hansısa yüksəkliyi götürmüşdülər. Dedi ata yadına gəlir, əsgər gedəndə sənə demişdim ki, Qarabağ məsələsini həll etməyə gedirəm, sən də gülmüşdün, bax yavaş-yavaş həll edirik. Oktyabrın 21-dən 22-nə keçən gecə şəhid oldu”.



İgid ölər, adı qalar…

Şəhidin anası Könül Allahverdiyeva
Samirin ərköyün və dəcəl böyüdüyünü bildirib: “Evimizin sevimlisi idi. Bu evdə onun bir sözünü iki edə bilməzdik, hamımız onu çox istəyirdik. Uşaq vaxtı onun oyuncaqları ancaq silahlardan ibarət olardı. Babası deyinərdi ki, belə şeylər almayın, sınıb dağılır. Atası da ən böyük hədiyyəsini ad günündə alardı. Məktəbdə futbol üzrə birinci yerdə olardılar. Komandanın kapitanı da Samir olardı. Bir dəfə məktəbdə müəllimi inşa yazdırmışdı, o bir səhifəni ancaq “İgid ölər, adı qalar” Atalar sözü ilə doldurmuşdu. Başqa heç nə yazmamışdı. Müəllimləri onunla fəxrlə danışırdılar. Samir həm də səxavətli idi, qazandığı pulu dostları ilə oturub tez xərcləyib bitirərdi. 19 yaşı var idi, hər şeyi bu yaşa sığışdırmağa çalışırdı. Nə iş gəldi görürdü…”.



Ana deyir ki, Samir yardımsevər və vətənpərvər olub: “Hərbi xidmətə tələsirdi, baxmayaraq ki, vaxtına hələ bir neçə gün var idi, amma komissarlığa müraciət edib tez getdi. Telefonla danışırdıq, deyirdi narahat olma, dünya fanidir… Sonuncu dəfə oktyabrın 20-də danışdıq, dedi özünüzü qoruyun, gələcəm. Sanki ürəyinə dammışdı. Planları, arzuları çox idi. Əslində hərbi məktəbə getmək istəyirdi, atası qoymadı, onu qoruyurduq, amma görünür taleyi beləymiş. Şəhid olduğu gün də bizim toy günümüzə təsadüf etdi”.



Sonda şair Cabir Novruzun aşağıdakı şeirinin bir parçasında söylədiyi kimi Samir Vətəni təkcə sözdə sevməyib, onu qorumaq üçün canını belə fəda edib:

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.
Onun adi torpağı,
Ruhdan, candan irəli…
O, anandan qabaqdır,
O, atandan irəli…


Allah rəhmət eləsin! Amin!



Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.




















Xəbər 7753 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +