İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.10.2022  09:14 

Şagirdləri ilə çiyin-çiyinə döyüşən baş leytenant…





A+  A-

Lənkəranda Samir Allahverdiyev adlı gənc bir şəhdin ailəsi ilə görüşdə fotolara baxırdıq. Gözüm bir fotoya sataşdı. Fotodakı baş leytenant tanış gəldi və Samirin atası Elçin müəllimə “mən bu fotodakı zabitin şəkilin Lənkəranın hansısa küçəsində - evin qarşısında görmüşəm” dedim. O da cavabında bildirdi ki, bu zabit - baş leytenant Etiram müəllimdir, Samirlə müharibədə bir yerdə döyüşüblər. Samir 19 yaşlı gənc əsgər olub, Etiram müəllim isə 43 yaşlı təcrübəli zabit...

Beləliklə, Etiram Hüseynlinin ailəsini də ziyarət etdik. Evə daxil olanda divanda əyləşən ananın xoş siması söhbətləşəcəyimiz ailə haqqında ilkin təəssürat formalaşdırırdı. Ana məğrur, vüqarlı görünürdü… Bizimlə bölgəyə xas adət-ənənəyə uyğun salamlaşdı, “xoş gəldin” – deyib qarşısındakı televiziya kanallarından hansısa birini seyr etməyə davam etdi. Ta ki, mən söhbətə başlamayınca ana səssizliyini qoruyub saxladı…



Etiram Hüseynlini tanıyaq

Etiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub.

1984-1994-cü illərdə Lənkəran şəhərində S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) İlkin Hərbi və Fiziki Təlim Fakültəsində ali təhsil alıb.

Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Ehtiram Naxçıvan MR-nın “Böyük Soyuq” adlanan ərazisində 2 il vətənin keşiyində dayanır. 2002-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxır.

Hərbi xidməti bitirib yenidən iş yerinə qayıdır. 23 il Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs deyir.



Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir.

Etiram Hüseynli oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşləri zamanı qəhrəmancasına şəhid olur və Lənkəran şəhərində “Kiçik bazar” qəbiristanlığında dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etiram Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Etiram Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etiram Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildib.

Ailəli idi, Həsən adlı bir oğlu yadigar qalıb.



Şəhid olsam ağlama, başını dik tut

Şəhidin anası Ümbülbanu Hüseynova deyir ki, Etiram qeyrətli övlad olub: “O yaşa dolduqca Vətəni daha çox sevirdi. Ali məktəbi bitirdikdən sonra ona “Hərbi bilet” verdilər. Bir gün mənə dedi ki, ana “Hərbi bilet”imi aparıb qaytarmaq istəyirəm. Soruşdum niyə? Dedi əsgər getməsəm aparıb qaytaracam, elə bilirəm kiminsə “Hərbi bileti”ni mənə veriblər. Və Naxçıvana “Böyük soyuq”da hərbi xidmətə getdi, sağ-salamat da qayıtdı. Ermənilərə qarşı o qədər nifrəti var idi ki, deyirdi ana müharibə başlasa mən gedəcəm. Elə də etdi… Sonradan məlum oldu ki, “Aprel döyüşləri”ndə könüllü yazılıb. Belə oğul idi Etiram. Müharibə başlayan ərəfədə bir gün evə tez gəldi. Dedim nə olub sənə? Dedi heç nə olmayıb, orduya gedirəm. Soruşdum nə zaman, dedi 1 saata aparacaqlar. Ağcəbədiyə apardılar. Orta məktəbdə hərbi müəllim olduğu üçün Ağcəbədidə əsgərlərə təlim keçirdi. Sonra müharibə başladı, deyiblər ki, burda qal, əsgərlərə təlim keç. Deyib yox, ya məni evimə göndərin, ya da müharibəyə aparın. Sonra evə zəng vurdu, danışdıq, dedi müharibəyə gedirəm. Ürəyimə damdı ki, bu da getdi əlimdən… Hər gün danışırdıq. Bir dəfə danışanda dedi ana sən heç mənimlə fəxr edirsən? Dedim, əlbəttə, sən mənim fəxrim, vüqarımsan. Dedi bundan sonra daha çox fəxr edəcəksən, mən şəhid olacam, az qalıb. Xahiş etdi ki, şəhid olsam ağlama, başını dik tut. Bu söhbətimizin üstündən 3 gün keçdi, Etiramdan xəbər gəlmədi. Fikirləşdim ki, yəqin əsir düşüb. Allaha yalvardım ki, balam əsir düşməsin, şəhid olsun”.



Dedim ürəyinə güllə dəyən adam sağ qalar?

Ümbülbanu ana deyir ki, bir gün bacısıgilə qonaq gediblərmiş: “Bir az oturduq, gəlinlər də səməni bişirirdilər. Sonra gördüm hərə bir tərəfə qaçışır, pıçıldaşır, bizə də heç nə demirlər. Bacım oğlu Nizami dedi ki, xala, gəlin sizi evə aparım… Sən demə hamı bilirmiş, hərə bir tərəfdə oğlumun nəşini gözləyirmiş. Nizami bizi evə gətirdi. Evdə Etiramın yoldaşına (Nizaminin bacısıdır) xəbəri verib, gördüm gəlin qışqırdı. Soruşdum gəlinə nə oldu, dedilər bəs, qorxma sadəcə Etiram yaralanıb, onun xəbərini verdik. Dedim güllə harasına dəyib oğlumun, dedilər ürəyinə. Dedim ürəyinə güllə dəyən adam sağ qalar? De ki, balan şəhid olub. Bir saatdan sonra balamın tabutu girdi həyətə... Allah bu dərdi heç bir anaya göstərməsin. Etiram mənim hər şeyim, həmdəmim idi. Gözlərimin yaşı quruyub, ağlaya da bilmirəm. Ağlasam bəlkə yüngülləşərəm. Bu yara hər gün dərinləşir və heç qaysaq da bağlamır”.



Şəhid anası deyir ki, Etiram yeganə övladına – oğluna atasının adını qoyub: “Neçə ildən sonra bu uşaq anadan oldu, adını Həsən qoyduq. Etiram heç övladını da düz-əməlli görmədi. Balasına da, bizə də rəhm etmədi. Bizi tək qoydu. Namaz qılan, oruc tutan idi. Etiram şəhid olandan sonra bu günə düşmüşəm, ayaqlarım tutulub. Deyirəm kaş ölüb gedəydim balamın yanına… Amma onunla da fəxr edirəm. Allah dövlətimizi, millətimizi qorusun. Bu müharibə nə vaxtsa olmalı idi, torpaqlarımızı almalıydıq. Nə zamana kimi erməninin əlində qalacaqdı o torpaqlar?”.

Elə sürpriz etdi ki, ölsəm də unutmaram

Şəhidin həyat yoldaşı Vəfa Hüseynova Etiramla 2010-cu ildə ailə həyatı qurduqlarını bildirib: “Etiram çox ailəcanlı idi. Bizimlə xoş günlər keçirməyi çox sevirdi. Keçirirdi də… Oğlumuzla hər dəfə gəzməyə çıxır, onu sevindirməyə çalışırdı. 2020-ci ilin oktyabrın 28-də evliliyimizin 10 ili tamam olacaqdı. Deyirdi ki, 10 illiyimizə sənə elə sürpiriz edəcəm ki… Etdi də, elə sürpriz etdi ki, ölsəm də unutmaram”.



Vəfa xanım deyir ki, Etiram müharibədə olanda hər gün danışıblar: “Oktyabrın 20-da anamgildə idik, sonuncu dəfə orda danışdıq. Dedi telefonu qardaşına ver, qardaşımla danışdı, bizi ona tapşırdı. Qardaşım da onunla zarafatlaşdı ki, gəl ailənə özün sahib çıx, mənə çox da etibar etmə. Hansısa ərazini işğaldan azad etmişdilər, əhvalı da yaxşı idi. Hətta dedi ki, çimmişik, indi də kabab bişiririk… O qədər rahat oldum ki… Mənimlə danışanda dedi ki, oğlumuza diqqət et, nə istəyir al, ona korluq vermə. Mən də cavabımda bildirdim ki, hər şey qaydasındadır, narahat olma”.

Vəfa xanım bildirib ki, bu söhbətdən bir gün sonra – oktyabrın 21-də Etiram şəhid olub: “Əlbəttə, indi Etiramsız yaşamaq çətindir, amma çalışırıq, oğlumuza - Həsənə görə buna məcburuq. Dövlət Etiramın maaşını bizə kəsib, şəhidə görə də əlavə təqaüd alırıq. Şükür, dolanırıq, ruzini verən Allahdır”.



Gözlərim hər yerdə axtarır səni…

Şəhid baş leytenantın ən yaxın dostu, Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cabir Məmmədov deyir ki, biz dostdan da irəli, qardaş kimi idik: “İlk dəfə Etiramla 2005-ci ildə tanış olduq. Mən onların kollektivinə yeni gəlmişdim, məni çox gözəl qarşıladı, ünsiyyət qurmağıma yardımçı oldu. 2020-ci ilə qədər – düz 15 il az qala hər günümüz bir yerdə keçdi. Ötən bu illərdə bir-birimizə arxa-dayaq, qardaş olmağa çalışdıq. Onun itkisi ailəsi üçün nə qədər çətindirsə, mənim üçün də bir o qədər çətindir. Mən həm iş yoldaşımı, həm dostumu, həm də qardaşımı itirdim”.



Cabir müəllim bildirib ki, Etiram vətənpərvər hərbçi müəllim idi: “Məktəbdə Qarabağ mövzusunda danışanda döyüşə hər zaman hazır olduğunu bildirirdi. O xoşbəxt insandır ki, öz həyatını istədiyi kimi sonlandıra bildi. Etiram da müharibəyə getmək, işğal altında olan torpaqların azadlığına nail olmaq və şəhidlik məqamına ucalmaq istəyirdi. Hər üç istəyi eyni zamanda yerinə yetdi. O deyirdi ki, şəhid olmaq, insanların çiynində təmtəraqla dəfn olunmaq istəyir. Fəxr edirəm ki, mən 15 il belə bir insanla dostluq etmişəm. O sözündə, əməlində doğru insan idi. Xidmətə də onu özüm aparıb yola salmışam. Müharibədə olanda da tez-tez danışardıq”.



C.Məmmədov deyir ki, ədəbiyyatçı olsa da son şerini tələbə vaxtı yazıb: “Bir sözlə ilham gəlmirdi, yaza bilmirdim. Amma Etiram şəhid olduqdan sonra onsuzluğun acıları mənə təkrarən şeir yazdırdı. Və uzun fasilədən sonra yazdığım “Gözlərim hər yerdə axtarır səni” şeirimi ona həsr etdim. Gələcəkdə kitab yazmaq istəsəm və yaxud da yazdıqlarımı hansısa kitabda toplasam adını mütləq “Mən şair olmazdım, sən olmasaydın” qoyardım. Qəlbimin dərinliyində olan duyğuların, hislərin üzə çıxmasında dostumun şəhadəti böyük rol oynadı. Hərdən şəkillərinə baxıb xatirələri yeniləyirəm, inana bilmirəm ki, o artıq həyatda yoxdur”.



Gözəl insan, yaxşı qonşu, ləyaqətli dost itirdik…

Etiramın qonşusu Vüsal İbrahimov şəhid baş leytenantla həm dost, həm də qonşu olduqlarını söyləyib: “O sözün həqiqi mənasında gözəl insan, yaxşı qonşu, ləyaqətli dost, həddindən artıq ürəyi yanan, qayğıkeş idi. Qonşuluqda kimin problemi olardısa birinci Etiram özünü çatdırardı. Mən bu sözləri söz xatirinə demirəm, olanı deyirəm. Düzgün yol göstərərdi. Etiram belə oğul idi. Allah rəhmət eləsin”.



* * *

Nənəsi deyir ki, Etiramın oğlu balaca Həsən böyüyəndə müəllim olmaq istəyir, həm də atası kimi hərbçi - müəllim…

Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.















Xəbər 9684 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +