“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.10.2022  11:31 

Vətənə SƏDAQƏT andı... – Şəhid Sədaqət Ələmov





A+  A-

Bu dəfə qapısını döydüyümüz şəhid ailəsi Birinci Qarabağ savaşının qəhrəmanını yetişdirib. O qəhrəmanını ki, 9 ay hərbi xidmətdə olduğu müddətin yarıdan çoxunu döyüşlərdə keçirib. Arıq, çəlimsiz 18 yaşı bu gənc peşəkar tankçı kimi döyüşdən-döyüşə atılıb. Yaralanıb, müalicə alıb və dərhal da cəbhəyə qayıdıb. Haqqında danışdığımız qəhrəmanımız şəhid Sədaqət Məhərrəməli oğlu Ələmovdur. Sədaqət orduya gedəndə subay olub, indi onun böyüyüb boya-başa çatdığı balaca evdə yaşlı anası və qardaşı öz ailəsi ilə birgə yaşayır. Amma bu evdə həm də bir Sədaqət yaşayır, canlı olmasa da fotoları ilə bəzəyir o evin divarlarını...

Sədaqət Ələmovu tanıyaq

Ələmov Sədaqət Məhərrəməlin oğlu 1973-cü il noyabr ayının 4-də Lənkəran şəhərində fəhlə ailəsində anadan olub. 1980-ci ildə Lənkəran şəhər 9 №li orta məktəbin I sinfinə qəbul olunub və 1991-ci ildə həmin məktəbin XI sinfini nümunəvi davranış və əla qiymətlərlə bitirib.



1993-cü ilin qışında Lənkəran Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Sədaqət Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək üçün əsgərlik xidmətinə yola düşüb.

1988-ci ildən başlamış “Dağlıq Qarabağ problemi ”hər bir azərbaycanlı kimi Sədaqəti də narahat edirdi. O, Qarabağda gedən döyüşlərində iştirak edib. Sədaqətin “cəbhə gündəliyindən” aydın oldu ki, o, Goranboydan Kasapet dağına qədər döyüş yolu keçərək Maqavuz, Maxirtak, Medşen, Manaşed, Umudlu və Sərəngöl kimi yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə igidliklə vuruşub.

1993-cu il martın 30-da Sədaqət Ələməv qəhrəmancasına şəhid olub.



Ona verilmiş məzuniyyətdən yorulan Vətən oğlu...

Şəhidin anası Mənsurə Ələmova deyir ki, Sədaqət ilk övladı olub: “Qayğıkeş, mərhəmətli, vətənpərvər oğul idi. Arxam, dayağım idi... Onun Vətənə sevgisini lap uşaqlıqdan, sözlərindən, əməllərindən duyurdum... Ana Vətən sevgisi onun canına, qanına hopmuşdu. Elə bu sevgi ona əbədilik qazandırdı. Hərbi xidmətə gedəndən sonra 1 ay elə Lənkəranda xidmət çəkdi, sonra Astaraya apardılar, orada tankçı kimi hazırladılar. Təxminən 3 ay da orda qaldı, sonra Qarabağa apardılar. Bizim çox sonralar xəbərimiz oldu. O zaman indiki kimi mobil əlaqə vasitələri yox idi. Lənkərana o zaman şəhid, yaralı gətirəndə xəbərimiz oldu ki, Qarabağda döyüşür, pis günlər, ağır zamanlar idi. Hətta öz tankı ilə gəlmişdi. Bir müddətdən sonra yenə Qarabağa apardılar. Sonra şəhid oldu və nəşini gətirdilər. O zaman bayırda səs eşitdim, çıxıb gördüm ki, Təcili Yardım maşını qapıda dayanıb. Gördüm xeyli əsgər dayanıb, soruşdum nə olub? Dedilər oğlunuz yaralanıb, onu gətirmişik. Maşının içinə daxil oldum, Sədaqəti səslədim, qışqırdım, səsimə hay vermədi... Sonra özümdən getmişəm, daha nə baş verib, xəbərim olmayıb”.



Mənsurə ana deyir ki, ikinci Qarabağ Müharibəsi başlayanda narahat olub: “Mən müharibənin ağrısını illərdir çəkirəm, onun nə olduğunu bilirəm. Amma ordumuzun qələbəsi, hər gün irəliləməsi bir ana günü məni çox sevindirdi. Çəhidlərimiz olsa da balalarımızın qisası alındı. İndi sanki bir az rahatlaşmışam”.

Şəhid anası bildirir ki, indi ondan yadigar yalnız şəkilləri qaldı: “Onunla keçirdiyim o xoş günlər bu şəkil qədər yaxın, amma yuxu kimi əlçatmazdır. Sədaqətsiz illər çox ağırdır. Lakin hər an, hər dəqiqə qəlbimdədir. Məğrur Sədaqətim, hələ sağkən şəhidlik zirvəsinə ucaldığını hiss etmişdi. Döyüşə gedərkən sanki elə əhvali-ruhiyyədə idi ki, sanki toya, şadlığa gedirdi. Torpaq sevgisi onu evdən uzaqlaşdırmışdı”.



Ana deyir ki, səhhəti ilə bağlı ona məzuniyyət verilmişdi: “Bütün bədəni şişmişdi. Qospitalda yatdı, müalicə olundu. Bizimlə keçirdiyi o vaxtları belə özünə çox bilirdi. “Məzuniyyətim bitsəydi gedərdim” ifadəsi onun hər cümləsində var idi. Əzmlə döyüşdüyü yerləri belə kiçik not dəftərində qürurla qeyd etmişdi. Atası Ələmov Məhərrəməli də Sədaqəti itirdikdən sonra çox sarsıldı, xəstəliyə düçar oldu, onun yoxluğunu qəlbində daşıya bilmədi və dünyasını dəyişdi. Amma Sədaqət kimi qeyrətli, namuslu bir oğulun yetişdirilməsində onun rolu çox böyük idi. Balam mənə daim başucalığı gətirdi...!!!”



Onun adını yaşatmağı, onu tanıtmağı özümə borc bilirəm

Şəhidin bacısı Nərminə Hüseynovanın qardaşı Sədaqəti itirəndə 13 yaşı olub: “Həmin günü indidə xatırlayıram, bizim üçün çox dəhşətli, ağır gün idi. Ailəmdən, canımdan, qanımdan olan birini - qardaşımı itirmişdim. Yadımdadır, xəstə idi, dərisi zəhərlənmişdi, qospitalda yatırdı. Evdən təkid etdik ki, getmə, tam sağal, sonra yenə gedərsən. O isə qalmadı, deyirdi ki, döyüş yoldaşlarımı tək qoya bilmərəm, tam sağalmamış cəbhəyə qayıtdı. Qardaşım çox vətənpərvər idi, bunu sözlə ifadə etmək çətindir. Bir dəfə komandiri bizə gəldi, valideynlərimə çox təşəkkür etdi ki, belə bir övlad böyütmüsünüz. Döyüş yoldaşları da onun haqqında xoş təəssüratlarla danışırdılar”.



Nərminə xanım deyir ki, Sədaqət onun qürur yeridir: “Onun ürəyi Vətənə, torpağa çox bağlı idi. “Vətən qeyrətimiz, namusumuzdur. Biz qorumasaq, kim qoruyacaq”, - deyirdi. Qardaşım I Qarabağ savaşında şəhid olan zaman ürəyimizdə bir nisgil qalmışdı. Lakin II Qarabağ savaşında Ali Baş Komandanımızın başçılığı ilə Sədaqətim başda olmaqla bütün şəhidlərin qisası alındı. Bu bizim təsəllimizdir. Mən onun oxuduğu məktəbdə çalışıram. Onun adına məktəbdə guşə yaradılıb, uşaq təşkilatı onun adı ilə fəaliyyət göstərir. Bir bacı kimi, vətənpərvər müəllimə kimi daim onun adını yaşatmağı, onu tanıtmağı özümə borc bilirəm. Fəxr edirəm ki, Vətən harayına səs verən, özünü Vətən üçün sipər edən Sədaqətin bacısıyam. Söz verirəm ki, Sədaqətin qəlbində bəslədiyi Vətən sevgisini sədaqətlə şagirdlərimə aşılayacağam!”



Kiçk qardaş kimi bütün bunlar mənə qürur verirdi

Şəhidin qardaşı Vüqar Ələmov şəhid qardaşının ondan iki il böyük olduğunu söyləyib: “Çox mehriban, diqqətli, ailədə hamımızın sevimlisi idi. Hətta oxuduğu məktəbdə də həm pedoqoji kollektivin, həm də bütün şagirdlərin nümunə gətirdiyi şagird idi. Kiçk qardaş kimi bütün bunlar mənə qürur verirdi”.

V.Ələmov əlavə edib ki, müəllimlər onun tərbiyəsindən, vətənpərvərliyindən, nümunəvi davranışından həmişə söz açırdı: “Sədaqətlə aramızda o qədər güclü mənəvi bağ var idi ki... Onu itirmək mənim üçün çox ağır oldu. Sədaqəti yaşatmaq üçün böyük oğluma onun adını qoymuşam. Çalışıram ki, oğlum mətin, dəyanətli qardaşım Sədaqətin adına layiqli övlad kimi yetişsin!”



Şəhidin qardaşı oğlu Samir Ələmov əmisini həyatda görməsə də onun haqqında eşitdikləri və fotolarından aldığı informasiyalarla xatırladığını söyləyir: “Düzdür, əmim şəhid olanda mən heç həyatda olmamışam. Amma ailəmizdə və ətrafda onun haqqında verilən informasiyalar əmimin necə böyük qəhrəman olduğunu göstərir. O dövür üçün müharibəyə getməyin özü də böyük igidlik olub və mənim əmin o igidlərdən, Vətən sevdalılarından idi. Mən onunla fəxr edirəm, üzünü görməsəm də görmüş kimi anıram. Onun adının hər yerdə hörmətlə çəkildiyini eşidəndə qürur duyuram. Allah rəhmət eləsin”.



Sədaqət həm də nümunəvi şagird olub...

Şəhid Sədaqət Ələmovun müəllimi Həvanisə Yusubova onun haqqında keçmiş zamanda danışmağa çətinlik çəkdiyini söyləyib: “Amma nə etmək olar... Çox təəssüf ki, o bu gün həyatda yoxdur. Kaş mən onun müəllimi kimi onunla həyatda, istehsalatda göstərdiyi qabaqcıl mütəxəssis kimi danışaydım. Heyif, çox heyif...



Sədaqətin Azərbaycan dili və ədəbiyyat müəllimi olduğunu bildirən H.Yusubova ona 5-ci sinifdən 10-cu sinifə qədər dərs dediyini söyləyib: “Uca boylu, arıq, sakit, mədəni, savadlı bir oğlan idi. Həmişə dərslərimə hazırlıqlı gələrdi. Nə tapşırırdımsa, bir nümunəvi şagird kimi onun öhdəsindən gələ bilirdi. Savadlı, çalışqan, sakit bir oğlan kimi sinif yoldaşlarının da hörmətini qazanmışdı”.



Şəhidimizin digər müəllimi Şəfi Cəbiyev isə Sədaqətə dərs dediyi müddətdə bir dəfə də olsun ona irad tutmadığını belə xatırlayır: “İstər davranışında, istər dərslərinə hazırlığında, istərsə də yoldaşlarıyla münasibətində nümunəvi idi. Valideynləri də tez-tez Sədaqətin dərslərinə hazırlaşmağı haqqında, məktəbdə davranışı haqqında biz müəllimlərlə sıx əlaqə saxlayardılar. Sədaqət vətənpərvər bir şagird idi, oğul idi. Hərbi xidmətə sevinə-sevinə getmişdi... Çox təəssüf belə bir şagirdimin bu gün həyatda olmamasına təəssüflənirəm. Sədaqətin Vətəninə olan sevgisi onu şəhidlik zirvəsinə yüksəltdi. Allah rəhmət eləsin!”



Bir məsələni xüsusi qeyd etmək məcburiyyətindəyik ki, Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında informasiyalar çox azdır. Bu informasiyalar ailələrdən kənara çıxa bilmir. Ölkə KİV-ləri onların haqqında demək olar ki, çox az məlumatlar yayır.

Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.

























Xəbər 3231 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +