“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


06.10.2022  10:12 

Yolu uzaq olsa da… - Qəlbə yaxın ŞƏHİD Raqim Hadıyev





A+  A-

Alazəpin kəndi Lənkəran rayonunun ən ucqar kəndlərindən biridir. Bu kənd rayon mərkəzindən 35 km məsafədə yerləşir. Alazəpin kəndi həm də Astara və Lerik rayonlarının ucqar kəndləri ilə həmsərhəddir. Kəndin yolu bərbad vəziyyətdədir, o qədər bərbaddır ki, nəyinki yağışlı havada, heç yayın istisində də bu yolda hərəkət etmək mümkün deyil. Avrora, Daşdatük, Biləsər və Seliqavla kəndlərini keçməklə Alazəpinə daxil olursan. Onu da sağ-salamat gəlib çıxsan…

Raqim Hadıyevi tanıyaq

Raqim Teymur oğlu Hadıyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilimi Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb.



Raqim 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Hərbi Komissarlığa müraciət edib.

Raqim Hadıyev Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları, Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.



Gözdən-könüldən uzaqdayıq, balamı ziyarət edən də olmur

Şəhidin anası Nəzakət Hadıyeva Sumqayıtda anadan olsa da tale onu şəhər həyatından uzaq kənd həyatına - Alazəpinə aparır. Şəraitsizlik, yolsuzluq, işsizlik – bir sözlə həyatın, daha doğrusu yaşayışın qara üzü Nəzakət ana üçün belə başlayır: “Bir oğlum, iki qızım var idi. Bu uşaqları min bir əziyyətlə böyüdüb başa çatdırdım, savadlı olmalarını arzu edirdim. Bu məqsədlə Raqimi Sumqayıtda orta məktəbə qoyduq, amma qala bilmədi, cəmi iki il duruş gətirdi. Sonra kəndə - Alazəpinə qayıtdı, orta təhsilini burda başa vurdu. Həqiqi hərbi xidmət vaxtı çatanda əsgər getdi, sağ-salamat geri qayıtdı. Rayonda və kənddə iş olmadığı üçün Sumqayıta getdi və orda fəhlə kimi işləməyə başladı”.



Ana deyir ki, sentyabrın 27-də ölkədə qismən səfərbərlik elan olunanda Raqim də orduya çağırılır və sentyabrın 28-də müharibəyə yollanır: “Tez-tez danışırdıq. Deyrdi özünüzə yaxşı baxın. Oktyabrın 15-də atasının ad günü idi, danışdı, təbrik etdi. Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də şəhid oldu, “neytral”da qaldığı üçün nəşini götürmək olmurdu. Noyabrın 4-də gətirdilər, 5-də dəfn etdik. İndi mən istəyirəm ki, şəhid balamı burdan çıxarıb Lənkəran şəhərində dəfn edəm. Gözdən-könüldən uzaqdayıq, heç kimin yadına düşmürük, şəhid balamı ziyarət edən də olmur. O gün Qubadlıdan bir şəhid anası gəlmişdi, yolun yarısından qayıtdılar. Yolumuzu da gördünüz, yağış düşən kimi rayonla əlaqə kəsilir. Dövlət bizə Lənkərən şəhərində 1 otaqlı ev verib, o da çox kiçikdir. İndi qızlarımdan biri öz ailəsi ilə bizimlə qalır. Dövlətin verdiyi bir otqalı evdə də böyük ailə ilə yaşamaq çətindir. Bu və digər səbəblərdən Lənkərana köçə bilmirəm, qorxuram mən gedərəm şəhid balamı ziyarət edən heç olmaz. Başqa dövlət dəstəyi demək olar ki, yoxdur. İl mərasimini keçirmək üçün 300-400 manat pul verirlər, vəssəlam. İcra başçısının qəbulunda oldum, xahiş etdim ki, heç olmasa yolu düzəldin, şəhidə görə gəlmək istəyirlər, amma yollara görə heç kim gəlib çıxa bilmir. Sağ olsunlar, gəlib bir az qum töküb getdilər. Mən qadınlığımla kəndin kişilərinin qarşısında ağladım, dedim ağır traktorları yola salmayın, amma kimə deyəsən. Heç kim əhəmiyyət vermir. Özüm də ağır xəstəyəm, ruh kimi gəzirəm, taqətim yoxdur, təzyiq məni əldən salıb, gecələr yata bilmirəm”.



Şəhid anası deyir ki, oğlunun arzuları çox olub: “İstəyirdi yaxşı yerdə yaşayaq. İnsan nə qədər zülm çəkər? Allaha acıq getməsin, naşükürlük də etmirəm, amma bizim yaşayışımız bax budur. Mən onu hələ orta məktəbdə oxuyanda bu zülmdən xilas etmək istədim, Sumqayıta göndərdim, amma o qayıdıb gəldi, əsgərlikdən gələndən sonra yenə göndərdim, bu dəfə bura yox, müharibəyə getdi və bir də qayıtmadı. Deyirdi qayıdaram ev alarıq bu baxımsız yerlərdən çıxıb gedərik. O müharibəyə getməmişdən əvvəl mən Sumqayıtda əməliyyat olundum. Məni yola salanda ondan halallıq istədim. Dedi mən iszə nə etmişəm ki? Raqim Allah-Təalaya təvəkkül edən gənc idi, yalanla, əliəyriliklə arası yox idi”.



Vətən sağ olsun, Azərbaycan bütöv olsun

Atası Teymur Hadıyev şəhid oğlu ilə fəxr etdiyini bildirir: “Raqim vətənpərvər oğlan idi, həqiqi hərbi xidmətdən sonra Sumqayıtda yaşayır və işləyirdi. Sentyabrın 28-də Hərbi komissarlıqdan zəng edib çağırıblar. O da tərəddüd etmədən Vətənimizin müdafiəsinə qoşuldu. Şəhid oldu, bizim başımızı uca etdi. Nə deyə bilərəm? Vətən sağ olsun, Azərbaycan bütöv olsun. Kəndin şəraiti ağırdır, yollar bərbad, işsizlik də bir tərəfdən. Anası xəstədir, davamlı həkimə ehtiyac olur, bütün günü yollardadır. İstəyirik ki, şəhidimizin məzarını Lənkərana köçürək, özümüz də orda yaşayaq. Amma dövlət tərəfindən bir otaqlı ev verilib, o da çox kiçikdir. Böyük ailə ilə orda yaşamaq çətindir”.



Bacısı Rahidə Həsənzadə deyir ki, qardaşı onun xatirində hər zaman yaxşı qalacaq: “İki bacının tək qardaşı idi. Biz onu dünyalar qədər istəyirdik, elə indidə… Müharibəyə Sumqayıtdan getdiyi üçün heç üzünü də görə bilmədik, amma hərdən telefonla danışır, səsini eşidirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Raqim də onların içində”.



Şəhidin bacısının yoldaşı Ağasəlim Həsənzadə bildirib ki, Raqimlə müharibəyə gedəndə danışıb: “Dedi ataya-anaya diqqət et, uşaqlara salam söylə. Bizə yaxşlığı çox olub, qohumcanl, istiqanlı idi. Heç kimin xətrinə dəyməzdi, hamı da onu çox istəyirdi. Nə deyim, o qədər xatirələr var ki…”.

Onlar ürəklərdə və tarixlərdə əbədi yaşayırlar…

Şəhdimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Elvin Səmədov
bildirib ki, Raqim məktəbin nümunəvi şagirdlərindən olub: “Həm təlim-tərbiyyədə, həm də dərsə davamiyyətdə heç zaman geri qalmayıb. Raqimin valideynlərinə təşəkkür edirik ki, belə əxlaqlı və cəsur ürəkli övlad böyüdüblər. Onların tərbiyəsinin nəticəsi idi ki, Raqim Vətənin çağrışına tərəddüd etmədən “hə” dedi və cəbhəyə yollandı. O, gözəl əxlaqı ilə daima bizim xatirimizdə qalacaq. Mən də sevinirəm ki, ona dərs demişəm. İndi o təkcə valideynlərinin deyil, bütün elin-obanın, Vətənin oğludur. Allah rəhmət eləsin”.



Şəhidin qonşusu Hidayət Nəbiyev deyir ki, Raqim onun gözlərinin qarşısında böyüyüb: “Ata-anasına, el-obasına bağlı övlad olub. Sözün həqiqi mənasında çox vətənpərvər və mərd idi. Raqimin orta məktəb müəllimləri onun haqqında hər zaman yüksək fikirdə olublar. Raqim 44 günlük Vətən müharibəsinin 23 gününü düşmənlə üz-üzə döyüşüb və 24-cü günü qəhrəmancasına şəhid olub. Şəhidlər ölmür, onlar həm ürəklərdə, hə də tarixlərdə əbədi yaşayırlar. Raqim də ölməz şəhidlərimizdən biridir və daim bizim qəlbimizdə yaşayacaq. Allah ata-anasına səbr versin”.



Allah rəhmət eləsin.

Həqiqətən də şəhid anasının vəziyyəti çox pis idi. Biz onunla Lənkəranda da görüşdük. Anım günü çərçivəsində keçirilən tədbirlərə gəlmişdi. Deyir həftədə ən azı iki dəfə həkimə gəlir. Amma nə fayda?! Baxımsız yollar onu o qədər atıb-tutur ki, təzyiqi kəllə-çarxa qalxır. Gəlməsə də mümkün deyil, deyir ağrılardan dayana bilmirəm.


Allah şəfa versin.

Bəli, yollar həqiqətən də baxımsızdır. Oranın insanları çox şey də istəmirlər axı… Və istəkləri də illərdir yerinə yetməyəndə bir-bir o ğözəl və səfalı yerləri məcburən tərk edirlər. Kimisi Lənkərana, kimisi də Bakıya köçür… Amma nə vaxta kimi? O torpaqda doğulan, böyüyən oğullar məmləkətin bu başında (Qarabağda) elə o yerlərə-yurdlara bənzər torpaqlar uğrunda şəhid olmadılarmı?

Allah insaf versin.



Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.




















Xəbər 5712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +